Volin Qirgini - Wikipedia
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir.
Hadisələrin inkişafı
redaktəTarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Volin qırğınına qədər olan hadisələrin başlanğıcı 1939-cu ildə Polşanın Nasist Almaniyasının hakimiyyəti altına düşməsi ilə başlamışdır. Almanlar Polşada apardıqları etnik təmizləməni Ukrayna ərazisinə daxil olduqdan sonra oradakı millətçi qrupları geniş formada təşkilatlandıraraq daha geniş ərazilərə yaymışdırlar. Stepan Banderanın rəhbərliyi ilə Ukraynada yaradılmış millətçi Ukrayna Üsyan Ordusu həm Sovet hakimiyyətinə, həm də Ukraynadakı bütün etnik qruplara qarşı sistemli qırğın hərəkatına başlamışdır. Polşa hökuməti Volin qırğınının qurbanlarının sayının 36 750 nəfər olduğunu bildirir. Tarixçilər 30-40 min arasında bir rəqəmdən bəhs edirlər. 1944-cü ildə Polşa Silahlı Qüvvələri bu qırğına cavab olaraq 2000-ə yaxın mülki ukraynalını öldürmüşdür.
1992-ci ildə Polşa nümayəndə heyətinin Ukraynada apardığı təhqiqatlar zamanı 600-ə yaxın kütləvi məzarlıq aşkar edilmişdir. 2003-cü ildə hadisələrin 60-cı ildönümündə Ukrayna və Polşa hökumətləri müştərək bəyanat yayaraq bu faciəli hadisələri pisləmişdirlər.
Lakin sonrakı dövrlərdə hər iki ölkənin millətçi hökumətləri hadisələrlə bağlı təxribat xarakterli bəyanatlar vermişdirlər. 2009-cu ildə Polşa hökuməti baş verənlərin soyqırım olduğunu bəyan etmişdir.