Vacar - Wikipedia
Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır.
Vaçar | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Bazarkənd |
Aidiyyatı |
Qafqaz Albaniyası Xaçın knyazlığı |
Vəziyyəti | xarabalıqları qalır |
Tarixi
redaktəVaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür.[1] Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir.[1]
Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir.[1] Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir.[1]
Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir:
Mən, Vaxtanq və Xorişənin oğlu Həsən, Xaçın hakimi, 678-ci ildə (1229) bu müqəddəs kilsəni inşa etdim.[2] |
Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır.[1]
Abidələri
redaktəMamakan xatun kilsəsi
redaktəVaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır.[1] Yaxşı yonulmuş bazalt daşlarından inşa edilmiş kilsənin cənub divarına bitişik kiçik ölçülü, iki mərtəbəli sovməə də bazalt daşlardan inşa edilmişdir.[1]
Planda düzbucaqlı formaya malik olan bu kilsə tağtavanlı damla örtülmüşdür. Vaçar kilsəsi iki inşaat kitabəsinə malikdir: onlardan biri portalın timpanında, digəri isə qərb fasadında yerləşir.[1]
Xaçın knyaginyası Mamakanın sifarişi ilə inşa edilmiş birnefli kilsə planda düzbucaqlı formaya malik olmaqla tağtavanla örtülmüşdür.[1] Bazilika formasına malik olan kilsənin ibadət zalı və altarı eyni hündürlükdədir. Kilsənin yeganə girişi qərb divarında yerləşir.[3]
Müqəddəs Stepanos kilsəsi
redaktəVaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.[3]
Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.[3]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударянц, Макар, Арцах, Баку, 1895