Uzunoba Yasayis Yeri - Wikipedia
Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonunun Aşağı Uzunoba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşir.
Uzunoba yaşayış yeri | |
---|---|
Tərkibində | Azərbaycan |
Coğrafi region |
|
Tədqiqatçılar | Vəli Baxşəliyev, Catherine Marro |
Tədqiqi
redaktəYaşayış yeri 2015-ci ildə Vəli Baxşəliyev və Catherine Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən şurf qazıntısı ilə öyrənilmişdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu abidəyə aid mədəni təbəqənin üzəri 2 m qalınlığında torpaq qatı ilə örtülmüşdür. Babək rayonunun Uzun oba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşən bu abidə yalnız kəşfiyyat xarakterli qazıntı ilə öyrənilmişdir. Abidənin şərq yamacında 2 m uzunluğunda açılan kəşfiyyat qazıntısı zamanı alınan stratiqrafik kəsikdə 2, 5 m qalınlığında olan təbəqənin yığılma ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. Qazıntı zamanı e.ə. V minilliyin birinci yarısı ilə tarixlənən boyalı keramika parçalarının aşkar olunması mədəni təbəqənin e. ə. V minilliyin birinci yarısına aid olduğunu göstərir ki, bu da region üçün olduqca nadir haldır.
Digər mədəniyyətlərlə əlaqələri
redaktəBu dövrə aid maddi-mədəniyyət nümunələri 2010-cu ilin qazıntıları zamanı Kültəpə yaşayış yerindən (Culfa, İran) də aşkar olunmuşdur ki, bu da həmin istiqamətin e. ə. V minillikdə, yaxud ondan əvvəl Şimal-Qərbi İranla (Cənubi Azərbaycan) Naxçıvançay vadisi arasında əsas yol olduğunu göstərir. Məlum olduğu kimi, Urmiya hövzəsinin qədim sakinləri başlıca olaraq (95 %) Naxçıvan yaxınlığında yerləşən Sünik obsidianından istifadə etmişlər. Araşdırmalar əsasında tədqiqatçılar qeyd etmişdir ki, Urmiya hövzəsinin qədim sakinləri Naxçıvançay vadisində yerləşən tayfalarla sıx əlaqə saxlamış və Naxçıvan sakinlərinin vasitəsilə Zəngəzur dağlarının xammal mənbələrindən, o cümlədən burada olan obsidian yataqlarından istifadə etmişlər. Uzun oba yaşayış yeri Eneolit dövrünün orta mərhələsinə aid xüsusiyyətləri izləmək baxımından əhəmiyyətlidir.[1]
İstinadlar
redaktə- ↑ Бахшалиев В.Б. Исследование энеолитических памятников Сирабчайской и Нахчыванчайской долин. Problems of the Archaeology of theCaucasus and Near East. Neolithic — Late Bronze Age. Baku: Институт археологии и этнографии. 2017, с. 108–121.