Urbana Sampeyn Illinoys Universiteti - Wikipedia
Urbana-Şampeyn İllinoys Universiteti (ing. University of Illinois at Urbana–Champaign) — ABŞ-nin İllinoys ştatının iki qardaşlaşmış şəhərində - Urbana və Şampeyn şəhərlərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı, ştatın ikinci ən böyük dövlət ali təhsil ocaqlarından biridir.
Urbana-Şampeyn İllinoys Universiteti | |
---|---|
University of Illinois at Urbana-Champaign | |
40°06′37″ şm. e. 88°13′42″ q. u.HGYO | |
Əsası qoyulub | 1867 |
Tip | Dövlət |
Tələbə sayı | 44,520[1] |
Şəhər | Urbana və Şampeyn şəhərləri |
Ölkə | |
Sayt | illinois.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1862-ci ildə ABŞ prezidenti Avraam Linkoln Morill Qanununu imzalayır. Qəbul edilmiş Morill Qanununa əsasən ABŞ-nin hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları verən dövlət universitetləri yaradılması üçün torpaq sahələri ayrılır. İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir. C.M.Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi. Lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər. Bu məsələ ilə bağlı C.M.Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır. Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.
Universitet fəaliyyətə başladıqdan sonra da Qreqori və ştat rəhbərliyi arasında debatlar davam edir. Nəticədə 1880-ci ildə Qreqori istefaya getmək məcburiyyətində qalır. Hazırda Urbana-Şampeyn İllinoys Universitetinin yaranmasını və əsas fənlərarası ali məktəb kimi formalaşmasını C.M.Qreqorinin adı ilə əlaqələndirirlər. Bu gün də onun məzarı universitetin kampusunda Altgeld Holl və Henri inzibati binasının arasında yerləşir. C.M.Qreqorinin məzarı üzərindəki lövhədə "Əgər siz onun abidəsini axtarırsınızsa, ətrafınıza baxın" sözləri qeyd olunub.
1885-ci ildə universitetin adı dəyişdirilərək İllinoys Universiteti olur və bu hal 100 ilə qədər davam edir. 1982-ci ildən ali məktəb Urbana-Şampeyn İllinoys Universiteti adlandırılır.
Müasir vəziyyəti
redaktəUrbana-Şampeyn İllinoys Universiteti Mərkəzi-Şərqi İllinoysda Urbana və Şampeyn şəhərlərində yerləşir. Universitetin kampusu ümumilikdə 1500 akr ərazini əhatə edir və landşaftı, memarlıq abidələri ilə diqqəti cəlb edir. T.A.Geynsin "Kampus incəsənət əsəri kimi" kitabında Urbana-Şampeyn İllinoys Universitetinin tələbə şəhərciyi 50 kollec və universitet kampusları arasında "incəsənət əsəri" kimi təqdim olunub.
Urbana-Şampeyn İllinoys Universitetinin kampusunun dizaynı bir çox ali məktəblərdə olduğu kimi dördbucaqlıdır. Mühəndislik kampusunun mərkəzi Bekman və Con Bardin dördbucaqlarından ibarətdir. Con Bardin dördbucağının arasından Bonyard Krik su kanalı keçir. Bekman dördbucağında, əsasən, laboratoriya və elmi-tədqiqat müəssisələri mövcuddur. Con Bardin dördbucağının yaxınlığında Əsas və Cənub dördbucaqları yerləşir. Universitetin ən görkəmli yerlərindən Alma-Mater abidəsini, Hellene qapılarını, roman memarlıq üslubunun ən yaxşı nümunələrindən olan Altgeld Holl, İntibah üslubuna aid Mühəndislik binasını, İllini Təşkilatı binasını, Linkoln Holl, Harker Holl, Viktorian-qotik üslubda inşa olunmuş Təbiət tarixi binasını, klassik üsluba aid Smit Holl, 1907-ci ildə tikilmiş və 1984-cü ildə universitetin məzunu Elena Foellincerin şəxsi vəsaiti hesabına təmir edilmiş Foellincer auditoriyasını, Silah anbarını, ACES kitabxanası, İnformasiya və məzun mərkəzini, Alisa Kempbell Məzun Mərkəzini, Halfvey mehmanxanasını, Qreyncer Texniki kitabxanasını, diametri 400, hündürlüyü isə 128 fut olan nəhəng Akt zalını, milli tarixi abidə kimi qorunan Astronomiya rəsədxanasını, Bekman Qabaqcıl Elm və Texnologiya, Genom Biologiya institutları korpuslarını, Krannert bədii muzeyi və Kinked pavilyonunu, Krannert İncəsənət Mərkəzini, Memorial stadionunu, Sperlok muzeyini, Robert Allerton parkı və konfrans mərkəzini, Tomas Siebel Kompüter Mərkəzini, universitet kitabxanasını, Uillard aeroportunu qeyd etmək olar. Urbana-Şampeyn İllinoys Universiteti şəxsi aeroportu olan az sayda universitetlərdən biridir. Universitetin sabiq prezidenti Artur Kats Uillardın şərəfinə adlandırılmış Uillard aeroportu Savoy kəndində yerləşir və 1954-cü ildən fəaliyyət göstərir. Aeroport Amerika hava yollarından uçuşlar həyata keçirməklə yanaşı, universitetin Aviasiya İnstitutunun elmi-tədqiqat layihələri apardığı mərkəzdir.
Urbana-Şampeyn İllinoys Universiteti 150-dən çox proqram təklif edən 17 kollec, məktəb və institutdan ibarətdir.
Kənd Təsərrüfatı, İstehlakçı və Ekologiya Elmləri Kolleci 1867-ci ildən fəaliyyət göstərir. Kollec Kənd təsərrüfatı və bioloji mühəndislik, Kənd təsərrüfatı və istehlak iqtisadiyyatı, Heyvandarlıq elmləri, Qida elmi və insan qidalanması, Bitkiçilik elmləri, İnsan və ictimai inkişaf, Təbii resurslar və ətraf mühitin mühafizəsi fakültələrindən, Qida elmləri bölməsindən ibarətdir. Kollecin dekanı Robert Hauzerdir.
Tətbiqi Sağlamlıq Elmləri Kollecinin yaranması universitetdə 1895-ci ildə Fiziki hazırlıq departamentinin açılmasına təsadüf edir. Kollecə Kineziologiya və cəmiyyətin sağlamlığı, İstirahət, idman və turizm, Nitq və dinləmə elmləri, Sağlamlıq fakültələri, Sağlamlıq, Əlillik resursları və pedaqoji xidmətlər bölmələri, Qocalıq və Əlillik Məsələləri Mərkəzi aiddir. Kollecin dekanı xanım Tanya Qallaxerdir.
Biznes Kolleci 1915-ci ildə yaradılıb və Mühasibatlıq, Biznesin idarəolunması, Maliyyə departamentlərindən, eləcə də Biznes və İctimai Siyasət, İnformasiya Texnologiyaları və Biznes İdarəolunması, Beynəlxalq Təhsil və Tədqiqatlar, Peşəkar Məsuliyyət, Qolder Şəxsi Kapital Tədqiqatları, Beynəlxalq Ticarət, İqtisadi və Biznes Tədqiqatları, Bank Tədqiqatları mərkəzlərindən ibarətdir. Kollecə dekan Larri DeBrok rəhbərlik edir.
Pedaqogika Kollecinə Tədris planı və təlimat, Təhsil siyasəti, təşkilatçılıq və siyasət, Təhsilin psixologiyası, Xüsusi təhsil fakültələri, Kiçik Şəhər Cəmiyyəti Təhsili, İctimai Təhsilin Gələcəyi mərkəzləri, Təhsil İnstitutu daxildir. Kollecin dekanı xanım Meri Kalantzisdir.
Mühəndislik Kolleci 1868-ci ildən fəaliyyət göstərir. Kollecdə Aerokosmik sənaye, Kənd təsərrüfatı və biologiya mühəndisliyi, Biomühəndislik, Kimya texnologiyası və biomolekulyar mühəndislik, Vətəndaş və ekologiya mühəndisliyi, Kompüter elmləri, Elektronika və hesablama texnikası, Sənaye və müəssisə sistemləri mühəndisliyi, Materiallar elmləri və texnika, Nüvə, plazma və radioloji mühəndislik, Fizika departamentləri mövcuddur. Kollecə dekan İlesanmi Adesida rəhbərlik edir.
Təsviri və Tətbiqi İncəsənət Kolleci 1931-ci ildə yaradılıb. Kollec İncəsənət və Dizayn, Memarlıq, Musiqi məktəblərindən, Rəqs, Landşaft arxitekturası, Teatr, Şəhər və regional planlaşdırma departamentlərindən, Şərqi Sent-Lüis Tədqiqat Layihəsi, Krannert Tətbiqi İncəsənət mərkəzlərindən, Krannert Bədii Muzeyindən, Yapon Evindən ibarətdir. Kollecin rəhbəri Robert Qreyvsdir.
Hüquq Kolleci 1897-ci ildə açılıb. Burada konstitusiya hüququ, vergi, müflislik, beynəlxalq hüquq, kommersiya, ailə, əmək, mülkiyyət hüququ və s. üzrə novator tədqiqatlar həyata keçirilir. Kollecə dekan Bryus Smit rəhbərlik edir.
Humanitar və Dəqiq Elmlər Kolleci 1913-cü ildə Ədəbiyyat və İncəsənət, Dəqiq Elmlər kolleclərinin birləşdirilməsi nəticəsində yaradılıb. İnstitutda humanitar və incəsənət elmləri, sosial elmlər və davranış elmləri, dəqiq və kəmiyyət elmləri, fənlərarası proqramlar çərçivəsində onlarca departamentlər fəaliyyət göstərir. İnstitutun dekanı Harri Prebldir.
Media Kollecinin yaranma tarixi 1902-ci ildə universitetdə jurnalistika fakültəsinin açılmasına təsadüf edir. 1927-ci ildə fakültə Jurnalistika Məktəbinə çevrilir, 1948-ci ildən Jurnalistika və Kommunikasiya Kolleci, 2008-ci ildən isə Media Kolleci adlandırılır. Kollec Reklam, Kənd təsərrüfatı əlaqələri, Kommunikasiya və media, Jurnalistika, Media və kino tədqiqatları departamentlərindən, Kommunikasiya Tədqiqatları İnstitutundan ibarətdir. Kollecin dekanı Yan Sleyterdir.
Urbana-Şampeyn Tibb Kolleci 1971-ci ildə yaradılıb. Kollecdə Tibbi elmlər, Fundamental və kliniki elmlər, Kliniki işlər, Fasiləsiz tibbi təhsil, Ali tibbi təhsil, Şəhər səhiyyəsi bölmələri üzrə Biokimya, Hüceyrə və inkişaf biologiyası, Tibbi informatika, Mikrobiologiya, Molekulyar və inteqral fiziologiya, Patologiya, Əczaçılıq, Ailə tibbi, Daxili təbabət, Mamalıq və ginekologiya, Pediatriya, Psixiatriya, Cərrahiyyə, Tibbi humanitar və dəqiq elmlər proqramı və s. departamentlər mövcuddur. Kollecə dekan Bredford Şvarts rəhbərlik edir.
Baytarlıq Kolleci 1945-ci ildə yaradılıb (həmin vaxta qədər universitetdə Heyvandarlıq departamenti fəaliyyət göstərib). Kollecdə Patobiologiya, Müqayisəli bioelmlər, Baytarlıq kliniki tibb, Diaqnostik laboratoriya və s. departamentlər, Mikroskopik Təsvirlər, Zoonozların Tədqiqatı, Çikaqo mərkəzləri, heyvanlar üçün xəstəxana vardır. Burada infeksion xəstəliklər, ekosistem sağlamlığı, ortopedik, reproduksiya biologiyası, ətraf mühit toksikologiyası, tibbi zoologiya, gövdə hüceyrələri, endokrinologiya üzrə tədqiqatlar aparılır. Eyni zamanda bu kollecdə heyvanların və onların sahiblərinin, ümumiyyətlə bütün canlı aləmin sağlamlığının qorunması üzrə yeni proqramlar həyata keçirilir. Kollecin dekanı Herbetr Uaytlidir.
Ali Kollec təhsilin davam etdirilməsi üçün tələbələrə yüzlərlə proqramlar (140 magistr, 97 doktorluq) təklif edir. Kollecin dekanı Kennet Ballomdur.
Əmək və İş Əlaqələri Məktəbi 1946-cı ildən fəaliyyət göstərir. Məktəbdə İnsan resurslarının idarəolunması və təşkilati davranış, İş əlaqələri və əmək tədqiqatları, Əmək iqtisadiyyatı, Əmək hüququ, ictimai siyasət və etika, Beynəlxalq, müqayisəli və kəsişən mədəniyyətlər tədqiqatları, İctimai-texniki sistemlər departamentləri mövcuddur. Məktəbin dekanı Coel Katçer Gernshenfelddir.
İctimai Fəaliyyət Məktəbi ictimai siyasət və fəaliyyət, cəmiyyətdə fəal iştirak, sosial təminat, ədalət və s. məsələlər üzrə tədqiqatlar aparır, insanlar, insan və ekologiya arasında münasibətləri araşdırır, eləcə də dövlət qulluğu, qəyyumluq, xeyriyyə, səhiyyə və digər xidmətlər üçün yüksək səviyyədə ixtisaslaşmış kadrlar hazırlayır. Məktəbin dekanı xanım Vinn Korrdur.
Kitabxana və Məlumat Elmləri Ali Məktəbi 1893-cü ildə yaradılıb və kitabxanaşünaslıq, informasiya elmləri üzrə magistr və doktorantlar, ən müasir texnologiyalara yiyələnmiş yüksək ixtisaslı kitabxanaçılar, arxivçilər, muzey mütəxəssisləri, şəbəkə yaradıcıları, məlumat menecerləri və s. hazırlayır. Məktəbdə İnformasiyanın təşkili və bilik təqdimatı, İnformasiya resurslarından istifadə və istifadəçilər, İnformasiya sistemləri, Tarix, iqtisadiyyat və siyasət, İdarəetmə və qiymətləndirmə, İctimaiyyət, cəmiyyət, təşkilatçılıq və informatika, Gənclik ədəbiyyatı və xidmətlər, eləcə də digər mövzularda proqramlar həyata keçirilir. Məktəbə dekan Con Ansvort rəhbərlik edir.
Aviasiya İnstitutu 1946-cı ildən mövcuddur. Aviasiya İnstitutu aviasiya sahəsi üzrə bakalavr pilləsində mütəxəssislər hazırlayır. İnstitutda aviasiya təhlükəsizliyi, bədbəxt hadisələrin qarşısının alınması, insan psixologiyası faktorlarına xüsusi diqqət yetirilir.
Ümumi tədqiqatlar şöbəsində 200-dən çox əsas və 100-dən çox əlavə tədqiqat proqramı mövcuddur. Burada yuxarıda sadalanan kollec və məktəblərin ixtisasları üzrə tədqiqatlar aparılır və bakalavr, magistr, doktorluq proqramları təklif edilir.
Urbana-Şampeyn İllinoys Universitetinin kitabxana sistemi dünyanın ən böyük dövlət akademik kitabxanalarından biridir. Universitetin əsas və 35-dən çox sahə kitabxanası mövcuddur. Kitabxana sisteminə ümumilikdə 24 milyondan çox material daxildir. Universitetin Mühəndislik Kollecinə məxsus Qreyncer Texniki kitabxanası ölkənin ən böyük kütləvi texniki kitabxanasıdır. Kitabxana sisteminin onlayn kataloqundan gündə 1 milyondan çox insan istifadə edir. Universitetin əsas kitabxanasında 20-yə yaxın fənn yönümlü kitabxanalar mövcuddur. Kənd təsərrüfatı, İstehlakçı və Ekologiya Elmləri Kollecinə İsaak Funk Ailə kitabxanası aiddir və bu sahələrə dair çox zəngin materiallara malikdir. Urbana-Şampeyn İllinoys Universitetinin Yataqxana kitabxanası zənginliyinə və böyüklüyünə görə ABŞ-də üçüncüdür. 1948-ci ildə yaradılmış kitabxanadan təkcə yataqxanalarda yaşayan tələbələr deyil, müəllim və tədqiqatçılar da təhsil, mədəni və digər məlumatlar əldə edə bilərlər.
Urbana-Şampeyn İllinoys Universitetinin prezidenti Maykl Hoqan, rektoru isə Robert İsterdir. Universitetdə 12000-ə yaxın işçi çalışır. Əməkdaşların 2971 nəfərini akademik, 8085 nəfərini inzibati heyət təşkil edir.
Urbana-Şampeyn İllinoys Universitetində ABŞ-nin 50 ştatından və dünyanın 118 ölkəsindən ümumilikdə 41918 nəfər tələbə təhsil alır. Onların 31209 nəfəri bakalavr, 10709 nəfəri isə magistrant və doktorantlardır. Tələbələrin 54%-ni oğlan, 46%-ni isə qızlar təşkil edir.
Bir çox ABŞ universitetlərində olduğu kimi, Urbana-Şampeyn İllinoys Universitetinin birinci kurs tələbələri universitetin istənilən yataqxanasında yerləşə bilərlər. Yuxarı kurs tələbələri qarşısında yataqxanalarla təmin olunmaq üçün bir sıra şərtlər qoyulub. Tələbələr yataqxana ilə təmin olunmaq üçün universitetin Mənzil xidmətinə müraciət etməlidirlər. Yataqxanalarda məskunlaşan tələbələr digər yerlərdə sərbəst qidalana bilərlər, lakin buradan da müəyyən miqdarda qida almaq onların qarşısına qoyulan əsas şərtlərdən biridir.
Universitet yataqxanaları Urbana və Şampeyn şəhərlərində yerləşir. Sağlamlıq imkanları məhdud olan tələbələr üçün universitetdə xüsusi yataqxanalar mövcuddur. Universitetdə tələbələrə bir qədər baha qiymətə özəl yataqxanalar da təklif olunur. Dövlət yataqxanalarındakı şəraitlə razılaşmayan tələbələr özəl yataqxanalara keçirilə bilərlər. Universitet bu barədə lisenziyalaşdırılmış özəl yataqxanalarla razılıq əldə edib.
Tələbələrin əksəriyyəti birinci və ya ikinci kursdan sonra kirayə mənzillərə və ya özəl yataqxanalara köçməyə üstünlük verir. Universitetin İcarə Təşkilatı mənzil seçimində və icarə müqaviləsinin imzalanmasında tələbələrə yardım edir.
Urbana-Şampeyn İllinoys Universitetinin əsas missiyası təhsilin, elmi tədqiqatların və cəmiyyətin inkişafı sahəsində ən qabaqcıl təcrübəyə malik olmaqdır. Universitet bu günədək əldə etdiyi nəticələri, zəngin irsi ilə fəxr edir və missiyasının reallaşması yolunda inamla gələcəyə doğru addımlayır.
Büdcəsi
redaktə2009-2010-cu tədris ilində Urbana-Şampeyn İllinoys Universitetinin İanə fondunun gəlirləri 883142265 ABŞ dolları olub.
Təhsil haqqı
redaktəUrbana-Şampeyn İllinoys Universitetində təhsil haqqı, əsasən, tələbənin oxuduğu kollecdən asılıdır. 2010-2011-ci tədris ilində yerli tələbələrin təhsil haqqı ildə 13658-18386, əcnəbi tələbələrin təhsil haqqı isə ildə 27800-32528 ABŞ dolları olub. Qeydiyyat xərci isə 40 dollardır.
Urbana-Şampeyn İllinoys Universitetində təhsil haqqı daxil olmaqla bir il yaşamaq üçün yerli tələbələrə ümumilikdə 27082-31810, əcnəbi tələbələrə isə 41224-45952 ABŞ dolları lazım gəlir: 1200 dollar - kitab və digər dərs vəsaitləri, 9714 dollar - yataqxana və qidalanma, 2510 dollar - digər xərclər (nəqliyyat, geyim, istirahət və s.).
Urbana-Şampeyn İllinoys Universitetində təqaüdlər tələbələrə yüksək akademik göstəricilərə görə verilir və onların qarşısında bir sıra şərtlər qoyulur. Tələbələr təqaüd almaq üçün Tələbələrə Federal Yardım (FAFSA) xidmətinin ərizəsini doldurmalıdırlar. Başqa universitetlərdə olduğu kimi, Urbana-Şampeyn İllinoys Universitetində də tələbələrə müxtəlif məbləğli təqaüdlər təklif olunur (Metyus təqaüdü-ildə 2000 dollar, Prezidentin Mükafat Proqramı-ildə 4000-12000 dollar, Kampus Xidmətləri təqaüdü-ildə 3000 dollar, Milli Ximətlər təqaüdü-ildə 500 dollar, Lesli Ellis təqaüdü-ildə 1100 dollar, Süzanna və Devid Peterson təqaüdü-ildə 3000 dollar və s.), eləcə də hər kollecin ayrıca təqaüdləri mövcuddur. Universitetdə təhsil alan və yüksək göstəricilərə malik əcnəbi tələbələr ildə 12000 ABŞ dolları dəyərində Universitet Nailiyyəti təqaüdü alırlar. Həmçinin universitetdə tələbələrə kredit və maliyyə yardımı təklif edilir.
Reytinqi
redaktəABŞ-nin "U.S. News and World Report" jurnalının 2011-ci ildə apardığı araşdırmaya əsasən, Urbana-Şampeyn İllinoys Universiteti ABŞ universitetləri arasında 47-ci yerdədir.
2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
45 | 25 | 25 | 25 | 26 | 26 | 25 | 25 | 25 | 25 | 25 | 28 | 29 |
2015/16[16] | 2014/15[17] | 2013/14[18] | 2012/13[19] | 2011/12[20] | 2010/11[21] |
---|---|---|---|---|---|
36 | 29 | 29 | 33 | 31 | 33 |
Məşhur məzunları
redaktəUrbana-Şampeyn İllinoys Universiteti dahi alimlərin, ideyaların, elmi nailiyyətlərin vətənidir. Universitetin tanınmış məzun və müəllimləri arasında 23 Nobel, 20-dən çox Pulitzer mükafatı laureatları, beynəlxalq korporasiya rəhbərləri, astronavtlar, olimpiya çempionları və b. vardır. "Netscape Communications" "AMD", "PayPal", "Playboy", "Siebel Systems", "Mortal Kombat", "CDW", "YouTube", "THX", "Oracle", "Lotus", "Safari", "Firefox", "Delta Air Lines", "BET", "Tesla Motors" kimi şirkət və məhsulların yaradıcıları Urbana-Şampeyn İllinoys Universitetinin məzunlarıdır. Ali məktəbin məzunları inteqral sxemlər, kvant lazeri, tranzistor, plazma ekran, işıqsaçan diodlar, maqnit-rezonans tomoqrafiyası kimi çoxlu sayda kəşflərə imza atıb, Uillis Touer, Con Henkok Mərkəzi binalarını, Burj Dubay göydələnini ucaldıblar.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Fidel Ramos – Filippinin sabiq prezidenti;
- Rafael Korrea – Ekvadorun sabiq prezidenti və maliyyə naziri;
- Ceyms Bredi – Ağ Evin sabiq mətbuat katibi;
- Atif Ebeyd – Misirin sabiq baş naziri;
- Annet Lu – Tayvanın sabiq vitse-prezidenti;
- Edvard Duazi – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Robert Holli – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Edvin Krebs – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Rozalin Yelou – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Vinsent du Vigneaud – kimya üzrə Nobel mükafatı laureatı;
- Filipp Şarp – kimya üzrə Nobel mükafatı laureatı;
- Uendell Stenli – kimya üzrə Nobel mükafatı laureatı;
- Cek Kilbi – fizika üzrə Nobel mükafatı laureatı;
- Polokarp Kuş – fizika üzrə Nobel mükafatı laureatı;
- Con Şriffer – fizika üzrə Nobel mükafatı laureatı;
- Hant Ayrin – tanınmış ABŞ yazıçısı.
Məşhur müəllimləri
redaktə- Jon Bardin – fizika üzrə Nobel mükafatı laureatı;
- Entoni Leccett – fizika üzrə Nobel mükafatı laureatı;
- Elis Ceyms Kori – kimya üzrə Nobel mükafatı laureatı;
- Rudolf Markus – kimya üzrə Nobel mükafatı laureatı;
- Pol Leuterbur – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Salvador Luria – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Franko Modiqliani – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Leonid Harviç – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.
Mənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Urbana-Şampeyn İllinoys Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 04.02.2011, № 05. (az.)
İstinadlar
redaktə- ↑ "illinois.edu". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- ↑ "ARWU - University of Illinois at Urbana-Champaign". Shanghai Ranking Consultancy. 2014. 2019-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- illinois.edu — Rəsmi saytı