Ukraynada Prezident Seckileri 2014 - Wikipedia
Ukrayna prezident seçkiləri (2014) — Şərqi Avropanın ən böyük dövləti olan Ukraynada keçirilən, qalibi Petro Poroşenko olan növbədənkənar prezident seçkiləri. Seçkilərin keçirilməsinə əsas səbəb 2014-cü ildə Ukraynada baş vermiş iğtışaşlar olmuşdu. Belə ki, Rusiyanın təkidi ilə Ukraynada yaranan dövlət səviyyəli Avromeydan qalmaqalından sonra prezident Viktor Yanukoviç ölkəni tərk etmişdi.
Seçkinin ilk mərhələsi 25 may 2014-cü il tarixində olmuşdur. Səsvermə 12 saat davam edib və Ukrayna vaxtı ilə axşam saat 7-də başa çatmışdır.
Namizədlər
redaktəPrezident seçkilərində 19 namizəd iştirak etmişdi. Seçkilərdə üç əsas favorit həbsdən yeni azad edilən Yuliya Timoşenko və məşhur sahibkarlar Petro Poroşenko ilə Sergiy Tiqipko hesab edilirdi.
Hadisələrin gedişatı
redaktə2014-cü ilin 12 mart tarixində Ukrayna Ali Radasında növbədənkənar prezident seçkilərinin mayın 25-dən dekabrın 7-dək təxirə salınması barədə qanun layihəsi qeydiyyata alınıb. Qanun layihəsini sabiq hakim siyasi qüvvə — Regionlar Partiyasının fraksiyasından Yevgeni Murayev hazırlayıb.[1]
"Donetsk Xalq respublikası"nın liderlərindən biri Denis Puşilin mayın 24-də deyib ki, lazım gələrsə səsvermənin qarşısını almaq üçün güc istifadə edəcəklər.
Baş nazir vəzifəsini icra edən Arseni Yasenyuk bildirir ki, bu seçkilər ölkənin şərqində vəziyyəti sabitləşdirməyə yönələn ilk addım olacaq. O, həmçinin qeyd edib ki, "xaricdən maliyyələşən quldurlar" seçkiləri pozmaqla hədələsələr də səsvermədə məsuliyyəti hazırkı hökumət daşıyır. Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət, AB ilə azad ticarət zonası haqqında müqaviləyə imza atacaq.[2]
25 may tarixində Avropa Şurasının baş katibi Turbyorn Yaqland qeyd edib ki, vətəndaşların verdiyi bu dəqiq mandat Ukraynada siyasi böhranın həllində önəmli mərhələdir: "Mən inanıram ki, yeni prezident ölkədə sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək. O, Ukraynada islahatlara, xüsusən Konstitusiya islahatına dəstək məsələsində Avropa Şurasına arxalana bilər. Demokratiya, insan haqları və qanunun aliliyi Ukrayna xalqının və dövlətinin çiçəklənməsini təmin edəcək yeganə vasitədir".[3]
Seçkilərin nəticəsi rəsmən açıqlanmadan qalibi müəyyən edən qonşu ölkə Polşa prezidenti Bronislav Komorovski telefonla zəng edərək Petro Poroşenkonu təbrik edib. O, ümid etdiyini bildirib ki, seçkidən sonra Ukraynada vəziyyət sabitləşəcək. Komorovski Poroşenkonu Polşada ilk demokratik seçkilərin keçirilməsinin 25-ci ildönümü ilə əlaqədar iyunun 3–4-də keçiriləcək tədbirlərə dəvət edib. Bu tədbirlərə ABŞ prezidenti Barak Obama da qatılacaq.
İsveçin xarici işlər naziri Karl Bildt də Poroşenkonu ilk təbrik edənlərdən olub. O, Twitter səhifəsində qeyd edib ki, seçkidə qazanılan nəticə Ukrayna və Avropa üçün yaxşı nəticədir.
Təhlükəsizlik
redaktəSeçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qorumuşdur. Seçkiləri, ümumilikdə, 3607 müşahidəçi izləmişdir.[4]
Nəticə
redaktəSonda Ali Radanın üzvü, məşhur iş adamı, "Roşen" qənnadı korporasiyasının sahibi Petro Poroşenko qalib gəlib. Ukrayna Mərkəzi Seçki Komissiyası artıq bülletenlərin 33,2%-ni hesablayıb. Poroşenko 54,08%, onun ən ciddi rəqibi, "Batkivşina" (Vətən) Partiyasının lideri Yuliya Timoşenko 13,12%, millətçi Radikal Partiyasının lideri Oleq Lyaşko 8,4%, Yuşşenkonun prezidentliyi dövründə müdafiə naziri vəzifəsini tutmuş Anatoli Qritsenko 5,51%, Regionlar Partiyasının üzvü, namizədliyini özü irəli sürmüş Sergiy Tigipko 5,08%, Regionlar Partiyasının rəsmi namizədi Mixail Dobkin 3,32%, Vadim Rabinoviç 2,2% səs toplayıb. Digər namizədlər 2 faizdən az səs alıb.
MSK ilkin informasiyalar əsasında səsvermədə 60,27% seçicinin iştirak etdiyini açıqlayıb. Silahlı separatçı və terrorçuların aktiv olduğu və əksər məntəqələrin fəaliyyət göstərə bilmədiyi Donetsk və Luqansk vilayətlərində ən aşağı faiz qeydə alınıb. Ölkənin qərbindəki Lvov, Ternopol və İvano-Franskovsk vilayətlərində ən yüksək seçici fəallığı müşahidə olunub.
Exit-poll
redaktə"Exit-poll"un nəticələrinə görə isə P. Poroşenko 55,9% səs alaraq prezident seçilib. Y. Timoşenko 12,9%, O. Lyaşko 8%, A. Qritsenko 6,3%, S. Tigipko 4,7% səs yığıblar.
Namizəd | % | ||||
---|---|---|---|---|---|
Milli exit-poll |
TNS | Savik Şuster Studiyası | |||
Petro Poroşenko | 55,9 | 57,3 | 55,7 | ||
Yuliya Timoşenko | 12,9 | 12,4 | 12,9 | ||
Oleh Lyaşko | 8,0 | 8,7 | 8,8 | ||
Anatoli Qritsenko | 6,3 | 6,0 | 6,0 | ||
Sergiy Tiqipko | 4,7 | 4,4 | 4,6 | ||
Mixaylo Dobkin | 2,1 | 2,3 | 2,7 | ||
Vadim Rabinoviç | 1,9 | 2,0 | 2,1 | ||
Oleq Boqomolets | 1,9 | 1,8 | 2,1 | ||
Oleq Tyaqnibok | 1,3 | 1,5 | 1,3 | ||
Pyotr Simonenko | 1,1 | 1,3 | 1,2 | ||
Dmitri Yaroş | 0,9 | — | 1,1 | ||
Andrey Qrinenko | 0,5 | — | 0,6 | ||
Valeri Konovalyuk | 0,3 | — | 0,3 | ||
Vladimir Saranov | 0,2 | — | — | ||
Yuri Boyko | 0,2 | — | — | ||
Nikolay Malomuj | 0,1 | — | — | ||
Renat Kuzmin | 0,1 | — | — | ||
Vasili Tsuşko | 0,1 | — | — | ||
Vasili Kuybida | 0,0 | — | — |
İstinadlar
redaktə- ↑ "Ukraynada prezident seçkiləri təxirə salına bilər" (az.). musavat.com. 12-03-2014. İstifadə tarixi: 2014-05-25.
- ↑ "Ukraynada prezident seçkiləri keçirilir" (az.). azadliq.org. 25-05-2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
- ↑ "Avropa Şurasının baş katibi: "İnanıram ki, yeni prezident Ukraynada sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək"" (az.). apa.az. 26-05-2014. 2014-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
- ↑ "Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək" (az.). qafqazinfo.az. 25-05-2014. 2014-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
Xarici keçidlər
redaktə- cvk.gov.ua — Rəsmi saytı