Tor Mifologiya - Wikipedia
Tor (ing. Thor, q.skan. Þórr) — German-skandinav mifologiyasında tufan-ildırım tanrısı, Odinin oğlu.
Tor | |
---|---|
q.skan. Þōrr, Þunarr | |
| |
Mifologiya | German-skandinav mifologiyası |
Yer | Tufan tanrısı |
Cinsi | kişi[d] |
Atası | Odin |
Anası | Fyörgin |
Qardaşı | Baldr |
Əlaqəli hadisələr | Raqnarök |
Digər mədəniyyətlərdə | Perun, Zevs, Yupiter |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəQədim skandinav dilində Þórr, Qədim ingilis dilində ðunor, Qədim alman dilində Donar, Qədim sakson dilində thunar, Qədim friz dilində thuner kimi tanınır, hamısı proto-alman þunraz 'tufan' sözündən götürülmüşdür. Həftənin 4-cü günü (ing. Thursday, alm. Donnerstag) Torun şərəfinə adlandırılıb.[1]
Xarakteristika
redaktəTor Asqardda yaşayan aslardan biri idi. Onun başlıca vəzifəsi Midqardda yaşayan insanları nəhəng pəhləvanlardan və bədheybətlərdən qorumaq idi. Tor iri cüssəli, sarışın, kürən saqqallı və kifayət qədər mülayim xasiyyətli tanrı idi. O, çalışırdı ki, hamı ilə dil tapsın. Mifologiyaya görə, Torun yaxşı iştahası var idi. O, bir oturuma bir öküzü yeyə bilirdi.
Ailə
redaktəBöyük və Kiçik Eddaya görə Torun anası yer ilahəsi Yord (ona Xlodon və yaxud Fyörgin də deyirlər) idi. Tor qızılsaçlı Sif ilahəsi ilə evlənmişdi. Sifdən onun Trud adında bir qızı var idi. Sahibəsi, nəhəng Yarnsakdan (qədim skandinav mifologiyasında Járnsaxa) isə Torun iki oğlu var idi, Maqni və Modi. Kiçik Eddanın müqəddiməsində qeyd edilir ki, Torun Sifdən Luridi (qədim skandinav mifologiyasında Lóriði). adında bir oğlu da olur. Ull isə Torun Sifdən olan ögey oğludur. Torun ögey anasının adı isə Xlora (qədim skandinav mifologiyasında Hlóra) idi. Məşhur İsland nasiri Snorri Sturluson yazılarında ona Lora və Qlora deyə müraciət etmişdi.
Bilşirnir
redaktəTor ailəsi ilə birlikdə Trudhaym krallığındakı Bilşirnir zalında yaşayırdı. Böyük Eddada yazılmış mifik Qrimnismal poemasına görə, Bilşirnir Asqardda yerləşən sarayın ən böyük zalı idi. Həmin sarayın 540 otağı var idi və onların hər birində bir as yaşayırdı.
Çəkici
redaktəTorun silahı onun sehirli çəkici, Mjolnir idi. Mjolnir sözünün mənası "ildırım", "çox güclü" və "dağıdıcı" deməkdir. Bu çəkici Tor üçün lilliput qardaşlar, sverqlər hazırlamışdılar. Mjolnirin tutacağı dəmirdən idi. Bu tutacaq olmasaydı, qızarana kimi isidilmiş Mjolniri əldə saxlamaq mümkün deyildi. Sindri adındakı cırtdan çəkici döyərdən Loki milçək cildində onu narahat edib çaşdırdığından çəkicin tutacağı qısa qalmışdır[2]. Çəkicin tutacağı qısa olsa da o, həmişə düz hədəfə dəyə bilirdi və bumeranq kimi atıldıqdan sonra geriyə — sahibinə qayıdırdı[3]. Çəkicin sehirli cəhətlərindən biri o idi ki, həm məhsuladarlığa, həm də ölümə təsir edə bilirdi. Belə ki, çəkic ölmüş heyvanları dirildə bilirdi, bağlanan nikahlara xeyir-dua verə bilirdi və sair. O, istənilən neqativ qüvvənin qarşısını ala bilirdi. Ona görə də Yotun adlı velikanlar, pəzəvənglər həmişə çalışırdılar ki, Mjolniri Tordan oğurlasınlar. Və bir dəfə bu mümkün olur.
Torun çəkicinə heç kəs qalib gələ bilmirdi, amma miflərdə deyilir ki, Tor digər aslar kimi Raqnaryokun, bütün allahların məhv olmasının qarşısını ala bilmədi. Buna baxmayaraq, o, Raqnaryok zamanı Yormurqand adlı nəhəng ilanla vuruşub həyatı bahasına olsa da, ona qalib gələ bildi və Dünyanı xilas etmiş oldu.
Arabası
redaktəTorun tuncdan olan iri arabası var idi. Onu Tanqniostr (qədim skandinav mifologiyasında Tanngnjóstr, "dişlərini qıcırdadan") və Tanqrisnir (qədim skandinav mifologiyasında Tanngrisnir, "dişlərini şaqqıldadan" adlı iki keçi göyə qaldırırdı. Kiçik Eddaya görə, Tor acanda keçilərini yeyirdi. Sonra, yoluna davam etmək üçün çəkicini keçilərin qalıqlarına toxundurub onları yenidən dirildirdi. Amma əsas şərt belə idi ki, keçilərin ətini yesə də, sümüklərinə toxunmaq olmazdı. Bir dəfə Tor kəndli uşaqları olan Tyalfi və onun bacısı Reskvanın yanında qalmalı olur və bu zaman müqəddəs qayda pozurlur. Tyalfi ilə Reskva Tor keçiləri yedikdən sonra onların sümüklərini gəmirirlər. Ona görə sonradan keçilər dirilərkən onlardan biri axsamağa başlayır və bu hadisədən sonra Tyalfi ilə Reskva ömürləri boyu Tora nökərçilik etməklə öz borclarından çıxmış olurlar. Haustlenq (qədim skandinav mifologiyasında Haustlöng) adlanan skald mahnısında deyilir ki, Tor arabası ilə gedəndə hər tərəf yanıb kömürə dönürdü, dağlar isə aralanırdı.
Silahdaşı
redaktəAdətən Toru Skandinav mifologiyasında asların ən hiyləgəri sayılan Loki müşayiət edirdi. Loki çox vaxt Torun kəmərindən yapışardı. Skandinav mifologiyasında Tor və Loki haqda müxtəlif əfsanələr, rəvayətlər mövcuddur. Onların əksəriyyətində Tor məhz Lokinin diribaşlığı və bacarığı sayəsində bədniyabət nəhənglərə qalib gələ bilir. Hərdən onlara Tyalfi ilə bacısı Reskva da qoşulurdu.
Tor haqqında miflər
redaktəTorla bağlı rəvayətlərin, əfsanələrin əksəriyyəti Yotunhaym ölkəsində yaşayan nəhəng yotunlarla mübarizədən bəhs edir. Bu rəvayətlərin birində deyilir ki, bir dəfə Trim adlı nəhəng necə olursa hiylə işlədərək Torun sarayına soxulub onun çəkicini, Mjolniri oğurlaya bilir. Tora xəbər göndərir ki, əgər bacısı Freyanı ona ərə verməsə, çəkici qaytarmayacaq. Freya bu xəbəri eşitcək qəti şəkildə etiraz edir və Yotunhayma, Trimin sarayına getməkdən boyun qaçırır. Çəkici geri qaytarmaq üçün Tor Loki ilə birlikdə Yotunhayma yola düşür. O, bacısının paltarını geyinib nəhəng Trimin huzuruna gedir, əks təqdirdə o, istədiyinə nail ola bilməyəcəyini yaxşı başa düşürdü. Beləliklə, Tor Trimi aldadıb onu öldürür və çəkicini geri alıb Asqarda qayıdır.
Kiçik Eddada (qədim İsland folkloru, mahnıları toplusu) Tor haqda belə bir əfsanəyə rast gəlirik. Orda nəql edilir ki, Geyrrod adlı bir nəhəng Lokini əsir götürür və ondan tələb edir ki, Toru aldadıb onun huzuruna gətirsin, amma bir şərtlə ki, Mjolnir çəkicini və Torun belinə bağladığı güc kəmərini gətirməsin. Elə bu vaxtı Tor çətinliklə də olsa, Vimur çayını keçə bilir. O sonda çaydakı quşarmudu kolundan yapışdığına görə sağ qala bilir və çayı keçib əlindəki sehirli ağacın köməkliyilə çox gözəl bir skamyada gəlib əyləşir. Sonra o, əlindəki ağacla nəhəng Geyrrodun qızını boğur. Rəvayətin sonunda Tor ona atılan qırmızı rəngli isti dəmir parçasını göydə tutur, çünki onun əlində dəmirdən hazırlanmış əlcək olur və o, Geyrrodla döyüşüb ona qalib gəlir.
Böyük Eddada (qədim İsland folkloru, mahnıları toplusu) isə belə bir rəvayət nəql edilir ki, bir dəfə Tor Asqarddakı allahlar üçün şənlik təşkil edir və bunun üçün Hyumir adlı nəhəngin səltənətindən pivə bişirən qazan oğurlayır.
Tor haqda söylənilən ən məşhur rəvayətlərdən biri isə belədir ki, Raqnaryokdan (dünyanın sonu və bütün allahların məhvi günü) bir gün əvvvəl o, dünyanı lərzəyə salan Yormunqand adlı nəhəng ilanla vuruşur. Əfsanəyə görə bu ilanı Loki yaratmışdı. Tor ilanın başını kəsib onu əlinə götürür və doqquz addım geri çəkilir. Bu zaman ilanın ağzından çıxan zəhərin içinə düşüb ölür. Torun çəkicini isə onun oğlu Maqni yerdən qaldırır və atasının mübarizəsini davam etdirir.
İstinadlar
redaktə- ↑ Vladimir Orel (2003). A Handbook of Germanic Etymology. Brill. ISBN 90-04-12875-1
- ↑ https://ozhanozturk.com - Thor (İskandinav Mitolojisi). İstifadə tarixi: 28.05.2023 Arxivləşdirilib 2023-05-27 at the Wayback Machine.
- ↑ "https://hoghheim.com - YILDIRIM TANRISI THOR KİMDİR? NE TANRISI? ÖZELLİKLERİ NELER? İstifadə tarixi:28.05.2023". 2023-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-27.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |