Teosofiya - Wikipedia
Teosofiya (yun. θεοσοφία – ilahi müdriklik) – hər şeyin həqiqi mahiyyətinin açılması üçün zəruri olan mistik Tanrı biliciliyi və Tanrının duyulması haqqında təlimdir. Həm də Teosofiya insan ruhunun mütləq qüvvə (tanrı) ilə birləşdiyini və bilavasitə o dünya ilə əlaqə qurmağın mümkünlüyünü iddia edən sinkretik (birləşdirici) dini-mistik təlimdir.
Tarixi
redaktəTədqiqatçıların fikrincə "teosofiya" məfhumu hələ II əsrdən başlayaraq görkəmli Roma filosofu Plotinin müəllimi, məşhur filosof Ammonim Sakkas irəli sürmüşdür. Bütün dinləri vahid universal prinsiplər və əbədi həqiqətlərlə əsaslandıran ümumi əxlaq sistemi altında birləşdirməyə çalışan filosof qurduğu fəlsəfi sistemi belə adlandırmışdır. Lakin teosofiyanın tarixi köklərinin Uzaq Şərqə və xüsusilə də Upanişad, Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxdığını deyənlər də vardır.
XIX əsrin sonlarında bu dini-mistik təlimə zadəgan rus qadını, yazıçısı-filosof Yelena Petrovna Blavatskaya əlavələr etmiş və onu nisbətən fərqli formaya salmışdır.
Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə yiyələnmiş və onlar haqqında əsaslı məlumat əldə etmişdir. Çətin xasiyyətli olmasına baxmayaraq, o, nəzərə çarpan bacarığı ilə 1875-ci ilin 13 sentyabrında özünün iki pərəstişkarı – polkovnik Henri Olkottun və Uilyam Cacın köməkliyilə "Həqiqətdən üstün din yoxdur" şüarı altında Teosof cəmiyyətini yaratmışdır.
Əqidəsi
redaktəOnun təqdim etdiyi teosof təliminin əsasında Brahmanizm, hinduizm və Buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və qnostik elementlərin təsiri müşahidə edilmişdir. Təşkilat rəhbərləri dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənalarında oxşarlıq axtarmaq mövqeyindən çıxış edərək, müxtəlif inancları birləşdirib ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışmışdılar.
Ümumiyyətlə, teosofiya gizli universal doktrina ideyasına əsaslanır və öz mövcudiyyətini onun tədqiqi ilə bağlayırdı. Bu doktrinanın əsası ondan ibarətdir ki, təməl həqiqətlər və dəyərlər kainatda universaldı və bütün dinlər bu universal idrakın müxtəlif təzahürləridir. Teosoflar səmavi dinlərdə olduğu kimi Tanrının varlığına inanmırlar. Panteistlər kimi var olan hər şeyin Tanrı olduğunu bildirirlər. Onlara görə, mövcud olan bütün varlıq birdir. İndividuallıq yoxdur. Ona görə də edilən dualar müəyyən bir obyekt üçün nəzərdə tutulmur. Onlar inanırlar ki, bəşəriyyət təkamülünü ən ibtidai məxluqlardan başlamışdır. Sonda insan simasına döndükdən sonra yenidən təkamülün ən ibtidai və aşağı formasına qayıtmayacaqlar.
İlk vaxtlar cəmiyyətin fəaliyyəti Avropa və Amerikanın bir çox ölkələrində sürətlə yayılmışdı. Onun ətrafında astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insan toplaşmışdı
Blavatskaya və Olkott 1879-cu ildə Hindistana gedərək Adyar şəhərində cəmiyyətin mərkəzi qərargahını açmışdılar. Bu köçü Nyu-Yorkda üzləşilən maliyyə çətinlikləri və Olkottun kolonial iqtisadi sərmayəyə can atması ilə də izah edənlər var.
Seylon adasına gələn Blavatskaya burada üsyan qaldıran buddistləri müdafiə etməklə müstəmləkəçi dairələrlə əlaqələrini çətinləşdirsə də, Teosof cəmiyyətinin fəaliyyəti Seylondakı yerli buddist icmaları tərəfindən dəstəklənmişdir.
Bir müddət sonra təşkilat ətrafında müxtəlif qalmaqallar baş vermiş və Blavatskaya casusluq, saxtakarlıq və şarlatanlıqda ittiham olunmuşdur. 1884-cü ildə növbəti qalmaqal zamanı Teosof cəmiyyətinin mənzil qərargahında çalışan təşkilatın hindistanlı mənsubları Emma və Aleksis Kulomb cütlüyü Blavatskayanın fırıldaqlarını – hərəkət edən divar, tavan və müqəvva "fokuslarının" mexanizmini üzə çıxarmışlar.
1891-ci ilin may ayında Blavatskayanın vəfatından sonra Teosof cəmiyyətinə rəhbərlik uğrunda Olkott və keçmiş köməkçisi U.Cac arasında mübarizə başlanmışdı. Nəticədə Cac Teosof cəmiyyətinin Amerika filialını ayıraraq onu "Amerika teosof cəmiyyəti" adlı müstəqil təşkilata çevirmişdi. Teosof cəmiyyətinin Avropadakı filialında isə qalmaqallar davam edirdi. Bir müddət sonra H.Olkott səhhətinin pisləşdiyini hiss edərək, öz varisi kimi cəmiyyətin prezidenti vəzifəsinə Anna Bezantı təyin etmişdi. Anna Bezant prezident olduqdan sonra Teosof cəmiyyətini dünyanın ən görkəmli dini-sosial cərəyanına çevirəcəyinə söz versə də, təşkilat tədricən elmi-fəlsəfi mahiyyətini itirmiş və çətin ayinləri, geyim və bəzəkləri olan teatr şousunu xatırlatmağa başlamışdı. Bundan başqa daxili ziddiyyətlər və təşkilatın rəhbərləri arasında daimi didişmələr nəticəsində Teosof cəmiyyəti müxtəlif müstəqil təşkilatlara parçalandı.
Nasistlər Teosof cəmiyyətinin Almaniyada və işğal etdikləri digər Avropa ölkələrindəki filiallarını məhv etmişdilər. İkinci dünya müharibəsindən sonra bərpa olunan təşkilatın fəaliyyəti hazırda, əsasən, vaizlik, maarifçilik sahəsini əhatə edir.
Mənbə
redaktə- Müəllif: Əliheydər Zülfüqar – "Cəmiyyət və Din" qəzeti