Tatar Suvari Alayi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tatar süvari alayı — Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının, həmçinin Tiflis quberniyasının Borçalı mahalının tatarlarından (Azərbaycan türklərindən) formalaşan alaydır. Sonradan Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibində olmuşdur.
Tatar süvari alayı | |
---|---|
Ölkə | |
Daxildir | Dikaya diviziya |
Döyüşlər |
Alayın formalaşması
redaktəDaha çox "Vəhşi diviziya" adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağrılmayan könüllü müsəlmanlarından ibarət olub. 1914-cü ilin iyulun 26-da Qafqaz hərbi dairəsinin baş komandanı, süvari generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbiyyə naziri vasitəsi ilə imperator II Nikolaya müraciət edərək, hərbi hissələr qurmaq üçün “döyüşkən Qafqaz xalqlarından” istifadə etmək təklifini irəli sürür.[1] Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 sıraxarici kiçik rütbəlilərdən ibarət idi.
Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya miralay (polkovnik) Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri isə II-ci Nikolayın doğma qardaşı, general-mayor, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu. [2] Tatar alayına gəldikdə isə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə - Bakıda doğulmuş polkovnik-leytenant V.D.Staroselski, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu Virtemberq kralı E.V.Novqorodski draqun alayının polkovnik-leytenant, şahzadə Feyzulla Mirzə Qacar təhkim edilmişdi. 1914-cü ilin avqustunda formalaşdırılan alaylara könüllülərin qəbulu haqda elan verilmişdi. Elisavetpol qubernatorunun sözlərinə əsasən, artıq 27 avqustadək 2 mindən çox müsəlman könüllü qismində Tatar alayına yazılmışdı. 400 nəfərin, o cümlədən Borçalıdan 100 azərbaycanlı, lazım olduğu səbəbindən, qeydiyyat həmən dayandırılmışdı.
1914-cü ilin noyabrında Tiflisdə olarkən, II-ci Nikolay müsəlmanların nümayəndə heyətinə bu sözlərlə müraciət edir:
“Bu ağır günlərdə, bizi tək qoymayan və 6 alay hazırlayaraq qardaşımın rəhbərliyi altında ümumi düşmənə qarşı vuruşmağa yollanan Tiflis və Yelizavetpol quberniyalarının müsəlmanlarına dərin təşəkkürümü bildirirəm” [3].
Artıq sentyabrın əvvəlində Tatar alayının formalaşması bitmişdi. Qısa zamanda alay Qafqaz yerli süvari diviziyasının toplanış məntəqəsi təyin edilmiş Armavirə yola düşür. Armavirdə çarın qardaşı Mixail Aleksandroviç şəxsən alaylarla tanış olur.
Sentyabrın sonunda alaylar Ukraynaya yönəldilir və orada döyüş əməliyyatlarına hazırlaşmağa davam edirlər. Qeyd etmək lazımdır ki, Tatar (türk) süvari alayı Jmerinka yaxınlığında dislokasiya olunmuşdu.
Noyabrın əvvəlində “Vəhşi diviziya” general-leytenant Hüseyn Xan Naxçıvanskinin [4] 2-ci Kavaleriya korpusuna birləşdirilir. Noyabrın 15-dən diviziyanın hissələri Lvova göndərilməyə başlayır. Noyabrın 26-da korpusun komandiri Hüseyn Xan Naxçıvanski Lvovda diviziyaya baxış keçirir. Baxış yerindən diviziyanın alayları Sambor şəhərinin cənub-qərbinə yollanırlar və burada Sana çayının yaxınlığındakı göstərilmiş ərazini tuturular. Diviziya Polyançik, Ribna və Verxovinı-Bıstra tərəflərdə ağır döyüşlər aparır. Daha qanlı və ağır döyüşlər 1914-cü ilin dekabrında Sena çayı sahilində və 1915-ci ilin yanvarında Lomna-Lutoviska tərəfdə baş verib. Burada diviziya rəqibin Peremışl istiqamətində irəliləməsinin qarşısını alırdı.
Döyüşlərdə iştirakı
redaktə1915-ci ilin fevralında diviziya bir sıra uğurlu əməliyyat həyata keçirir. Fevralın 15 Tatar alayı Brin kəndi yaxınlığında ağır döyüşlər aparırdı. Nəticədə, rəqib bir sıra əlbəyaxa döyüşdən sonra yaşayış məntəqəsindən çölə atılmışdı.
Bu döyüşə görə alayın komandiri polkovnik-leytenant Polovtsov 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırılmışdı. Polovtsovun Yelizavetpol (Gəncə) qubernatoruna məktubundan:
“Diviziyada ilk olaraq öz komandirinə Georgi xaçını gətirən məhz Tatar alayı oldu. Bu ali mükafatdan dolayı şərəf duyaraq, bunu azərbaycanlı atlıların hərbçi keyfiyyətlərinə və sonsuz mərdliyinə borclu olduğumu qeyd edirəm. Xahiş edirəm mənim Yelizavetpol quberniyasının müsəlmanlarının möhtəşəm rəşadətindən aldığım dərin təəsüratlarımı qəbul edəsiniz. Polovtsov”. [5]
Bu döyüşdə həmçinin, 4-cü dərəcəli müqəddəs Qalib Georgi ordeni ilə təltif edilmiş polkovnik şahzadə Feyzulla Mirzə Qacar da fərqlənib.
Mükafat təqdimatından çıxarış:
“1915-ci ilin fevralın 15-i öz təşəbbüsü ilə, yalnız bir zabitə malik 400-lük Uman kazak alayına rəhbərlik edərək, güclü tüfəng və pulemyot atəşi altında onu rəşadətli hücuma sövq edir, iki dəfə döyüş meydanından qaçmaq istəyən kazakları geri qaytarır və qəti addımlar sayəsində Brin kəndini tutmağa müvəffəq olur”. [6]
1915-ci ilin fevralın 17-də polkovnik şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar döyüşdə həlak olmuş Çeçen alayının komandiri polkovnik A.Svyatopolk-Mirskinin yerini tutur. 1915-ci ilin fevralın 21-də diviziyanın komandiri Mixail Romanov general-leytenant Hüseyn Xan Naxçıvanskidən düşməni Tlumaç adlı ərazidən qovmaq əmri alır. Bu tapşırığın yerinə yetirilməsi üçün diviziya komandiri önə Tatar, sonra isə Çeçen alayını çıxarır. Sərt döyüşlər nəticəsində Tlumaç düşməndən azad edilir. Fevralın sonuna 2-ci Kavaleriya korpusunun hissələri Cənub-Qərb cəbhəsinin ordularının Karpat əməliyyatı çərçivəsində döyüş tapşırığını yerinə yetirir.
1915-ci ilin iyul-avqust aylarında “Vəhşi diviziya” Dnestrin sol sahilində ağır döyüşlər aparır. Şahzadə Feyzulla Mirzə Qacar burada da fərqlənməyi bacarır.
Qafqaz yerli süvari diviziyasının komandirinin əmrindən:
“Xüsusi olaraq, ən yüksək şücaətini o Vinyatıntsı (12-15 avqust 1915-ci il) ərazisində gedən ağır döyüşlər zamanı sərgiləyir. 250 atlısını itirmiş 2-ci briqadaya rəhbərlik edərkən, avstriyalıların 5 şiddətli hücumunu dəf edir...”
1916-ci ilin əvvəlində diviziyanın komandan heyətində ciddi dəyişikliklər edilir. Diviziyanın komandiri vəzifəsinə general-mayor (1916-cı ilin iyulun 12-dən general-leytenant) D.P.Baqration təyin olunur. 2-ci korpusun qərargah rəisi təyin edilən general-mayor Y.D.Yuzefoviçin yerinə isə diviziyanın qərargah rəisi qismində polkovnik Polovtsov təyin edilir. Tatar (azərbaycanlı) alayının komandiri vəzifəsinə isə Kabardin atlı alayının polkovniki Fyodor Nikolayeviç (Tembot Janxotoviç) Bekoviç-Çerkasski təyin edilir.
1916-cı ilin mayın 31-də polkovnik Bekoviç-Çerkasski, rəqibi Tışkovtsı kəndindən qovmaq əmri alaraq, avstriyalıların ağır güllə yağışı altında şəxsən 300 azərbaycanlı türkü hücuma göndərir. Atlıların hücumu nəticəsində kəndi düşməndən almaq mümkün olur. Gün birinci yarısında avstriyalılar bir neçə dəfə kəndi geri qaytarmağa cəhd edirlər, lakin buna müvəffəq olmurlar. Bir müddətdən sonra Tatar alayının yardımına polkovnik Feyzulla Mirzə Qacarın iki yüz çeçeni, atlı-dağ diviziyonunun 2 silahı və Zaamur piyada alayının batalyonu gəlir.
177 nəfər əsirdən əlavə avstriyalılar 256 nəfər döyüşçüsünü itirir. Bu döyüşə görə alayın komandiri Bekoviç-Çerkasski 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilir. İyunun əvvəli azərbaycanlı alayı diviziyanın 2-ci briqadası daxilində Çernovtsının qərbində döyüşlər aparır. Düşmənin sərt müqavimətini aşaraq iyunun ortalarında briqada, o biri sahilində avstriyalıların bərkidiyi Çernovtsı çayına yaxınlaşırlar. İyunun 15-i tatar və çeçen alayları düşmənin güllə yağışı altında çayı aşır, dərhal Rostok kəndini ələ keçirir və döyüşlərlə Prut çayının yaxınlığında yerləşən Voroxtı şəhəri istiqamətində şimal-qərbə, Bukovin Karpatlarına doğru irəliləməyə başlayırlar.
Mayın 7-si çeçen alayının komandiri, polkovnik şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar döyüşdə fərqləndiyinə görə general-mayor rütbəsi alır, mayın 30-u isə 2-ci briqadanın komandiri təyin edilir.
Mayın 14-ü polkovnik Bekoviç-Çerkasski 1-ci Qvardiya Kirasir alayının komandiri təyin olunur. Azərbaycanlı alayının başına isə Levan Luarsaboviç Maqalov keçir.
Petroqrad hərbi dairəsinin baş komandanı təyin edilmiş P.A.Polovtsovun Tatar süvari alayının yaranmasında mühüm rolu olmuş Mamed Xan Ziyadxanova teleqramından:
“Hərb nazirindən Tatar alayının mündirini saxlamaq icazəsini alaraq, xahiş edirəm Yelizavetpol quberniyasının və Borçalı qəzasının türklərinə, onların şücaətli alayları haqda xatirələri qürurla yadda saxalayacağımı çatdırasınız. Qalisiya və Rumıniya çöllərində saysız şücaət göstərən müsəlmanlar ulu atalarının layiqli davamçıları olduqlarını sübut etdilər” [7].
Cənub-qərb cəbhəsinin ordularının yay irəliləməsi dövründə Azərbaycanlı alayı Stanislavı şəhərinin qərbində hərəkət edirdi.
Mükafatları
redaktə1917-ci ilin iyunun 24-ü “fərdi qəhrəmanlıq və şücaətə” və Tatar alayının Kaluş yaxınlığındakı döyüşünə görə alayın komandiri polkovnik Levan Maqalov, leytenant Cəmşid xan Naxçıvanski, kornetlər Xaitbey Şervaşidze və qraf Nikolay Bobrinski 4-cü dərəcəli Georgi xaçları ilə mükafatlandırılırlar.
Bundan əlavə, alayın döyüşçüləri də çoxlu sayda mükafatlarla təltif ediliblər. Əsasən, döyüşlərdə unter-zabitlər və sıravi atlılar fərqləniblər. Tam Georgi kavaleri adına layiq görülənlər (Georgi xaçının 4 dərəcəsinin hamısını alan) Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Daço Daurov, Aleksandr Kaytukov olublar. 3 Georgi xaçı və 3 Georgi medalına isə Osman Ağa Gülməmmədov yiyələnib. Kəşfiyyatçılar dəstəsində unter-zabit kimi xidmətə başlamış Zeynal bəy Sadıxov 3 Georgi xaçı, 1 Georgi medalı, hərbi fərqlənməyə görə zabit olduqdan sonra isə 4 döyüş ordeni ilə təltif edilib.
Müqəddəs Georgi xristianlığa aid əfsanəvi şəxsiyyət sayıldığından qeyri-xristianlara təltif nişanı verilərkən üzərində Rusiya gerbinin əsas elementi - ikibaşlı qartal olan nişan verilirdi. Maraqlıdır ki, bu müsəlman süvariləri arasında narazılıqla qarşılanırdı. Təsvirin mahiyyətinə varmadan bir çox sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan nişan tələb edirdilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə təsvir olan yeni forması təsis edilmişdi.[8]
Müharibə illəri dövründə Tatar alayında fərqli milliyətlərə aid olmuş 60 zabit xidmət edib. Onlar arasında polkovniklər Aleksandr Albrext və Nuh bəy Sofiyev, rotmistr Sergey Baqretsov, qərargah rotmistrləri Nikolay Kazbeqi, Süleyman bəy Sultanov, Mixail Xoranov, leytenant Səlim bəy Sultanov, kornetlər Andrey Bers, Şarl Testenuar, bayraqdarlar qraf Mixail Muravyov-Amurski, şahzadə İdris Ağa Qacar və digərləri olublar.
1917—1920-ci illərdə
redaktə1917-ci ilin sentyabrın sonları oktyabrın əvvələri Qafqaz yerli Süvarikorpusunun (1917-ci ilin avqustunda Vəhşi diviziya korpusa çevrilmişdi[9]) hissələri və bölmələri, həmçinin Azərbaycanlı alayı Qafqaza göndərilir. Korpusun qərargahı Vladiqafqazda, diviziyanınkı isə Beştauda (Pyatiqorsk) yerləşirdi. Lakin 1918-ci ilin yanvar ayında korpus fəaliyyətini dayandırır.
1917-ci ilin sonunda Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə general-leytenant Əli Ağa Şıxlinskinin[10] rəhbərliyi altında Müsəlman korpusunun (26 iyun tarixindən Əlahiddə Azərbaycan korpusu) yaradılmasına start verilir və «2-ci Tatar süvari alayı» adı ilə[11] Tatar süvari alayı bu korpusa daxil edilir. Korpus 1918-ci ilin aprel-may aylarında tam formalaşır. 1918-ci ilin martında – Müsəlman Korpusu hissələrinin formalaşmaqda olduğu vaxt, yeganə hazır qüvvə Tatar süvari alayı idi[12]. 1918-ci ilin birinci yarımında Şamxor hadisəsilə, Mart soyqırımından qabaq hadisələrlə, Muğan hadisələrilə bağlı alayın adı hallanmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranmasından sonra Süvari diviziyanın tərkibinə «1-ci Tatar alayı» adı ilə keçir[13].
Alay, Qafqaz İslam ordusunun tərkibində Bakı yürüşündə, sonra isə AXC ordusunun tərkibində Qarabağda erməni üsyanının yatırılmasında (Azərbaycan-Ermənistan müharibəsi) iştirak edir.
Alayın buraxılması
redaktəAprel işğalından sonra Azərbaycan ordusunun bütün hissələri, o cümlədən 1-ci Tatar süvari alayı, ilə birlikdə sovet hakimiyyətinin tabeliyinə keçdi; yeganə dəyişiklik Azərbaycan Ordusuna Azərbaycan Qızıl Ordusu adı vermilməsi idi[14]. Azərbaycan Qızıl Ordusu əməliyyat baxımından XI Qızıl Orduya tabe edildi, yenidənqurma işləri nəzərdə tutulmuşdu[14]. Ancaq Azərbaycan ordusunun bəzi hissələrinin sovet rejiminə qarşı üsyana qalxması ilə əlaqədər, Azərbaycan İnqilab Komitəsinin 2 iyun 1920-ci il tarixli qərarı ilə bu ordu, bütün hissələri ilə birlikdə, umümiyyətlə buraxıldı[15]. Azərbaycan ordusunun sovet rejiminə qarşı üsyan qaldırmış hissələrin arasında 1-ci Tatar süvari alayı da var idi. Qarabağ üsyanında bu alayın 250 nəfərlik qüvvəsi iştirak etmişdi[16], alayın komandiri Nuh bəy Sofiyevin isə üsyanın təşkilatçılarından biri idi[17].
Komandirlər
redaktə- 23.08.1914—25.02.1916 — polkovnik, Polovtsov Pyotr Aleksandroviç
- 25.02.1916—14.05.1917 — polkovnik, knyaz Bekoviç – Çerkasski Fyodor Nikolayeviç
- 05.07.1917—хх.хх.1918 — polkovnik, knyaz Maqalov Levan Luarsaboviç
- xx.xx.1918—18.12.1918[18] — polkovnik, İrza bəy Hacıbəylinski
- 18.12.1918[18]—14.06.1919[19] — pokovnik, Fərhad bəy Ağalarov
- 14.06.1919[19]—03.08.1919[20] — polkovnik, Teymur bəy Novruzov
- 03.08.1919[20]—02.06.1920[15] — polkovnik Nuh bəy Sofiyev
Alayda xidmət etmiş məşhur şəxslər
redaktə- Bobrinski Nikolay Alekseyeviç — məşhur rus və sovet zooloqu, Moskva dövlət universitetinin professoru.
- Naxçıvanski Cəmşid Cəfərqulu oğlu — ADR-də II Qarabağ süvari alayının komandiri, sovet hərbçisi, briqada komandiri
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə“Vəhşi Diviziya”nın azərbaycanlıları[ölü keçid]
İstinadlar
redaktə- ↑ Государственный исторический архив Азербайджанской Республики, ф.62, оп.1, д.81, л.2
- ↑ Р. Н. Иванов. Генерал-адъютант Его Величества. Сказание о Гуссейн-Хане Нахичеванском. — М.: Герои Отечества, 2006, с.171
- ↑ "Летопись войны" №17, 13 декабря 1914 г., с.272-273
- ↑ Р. Н. Иванов. Генерал-адъютант Его Величества. Сказание о Гуссейн-Хане Нахичеванском. — М.: Герои Отечества, 2006, с.156-157
- ↑ Государственный исторический архив Азербайджанской Республики, ф.62, оп.1, д.82, л.36
- ↑ "Каспий" 26 февраля 1916 г., №45
- ↑ "Каспий" 26 июля 1917 г., №154
- ↑ İstiqlal Yürüşü 1918 Arxivləşdirilib 2019-08-07 at the Wayback Machine Ağayev Yusif, Əhmədov Səbuhi, Bakı, "Altun Kitab", 2009, səh 77
- ↑ Шкуро А. Г. Гражданская война в России: Записки белого партизана ISBN 5-17-025710-4 ISBN 5-9578-1185-8 Примечания. (201) Arxivləşdirilib 2008-06-15 at the Wayback Machine
- ↑ Али Ага Шихлинский. Мои воспоминания. Баку, 1944, с.186
- ↑ Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. I cild. Bakı: Maarif. 2018. səh. 156. ISBN 978-9952-37-140-6.
- ↑ İstiqlal Yürüşü 1918 Arxivləşdirilib 2019-08-07 at the Wayback Machine səh 81
- ↑ А. Стеклов. Армия мусаватского Азербайджана. Баку, 1928, с.4.
- ↑ 1 2 Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 228—229. ISBN 978-9952-37-140-6.
- ↑ 1 2 Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 239. ISBN 978-9952-37-140-6.
- ↑ Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 112. ISBN 978-9952-37-140-6.
- ↑ Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. 2018. səh. 106. ISBN 978-9952-37-140-6.
- ↑ 1 2 Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. I том. Баку: Маариф. 2018. səh. 52. ISBN 978-9952-445-20-13.
- ↑ 1 2 Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 56. ISBN 978-9952-445-20-13.
- ↑ 1 2 Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 142. ISBN 978-9952-445-20-13.
Mənbə
redaktə- Чингиз Салахлы, статья «Туземная конная дивизия», газета «Биржа Plus» от 3 и 10 декабря 2004 г.
- Казин В. Х. Казачьи войска. Справочная книжка императорской Главной квартиры. Под редакцией В. К. Шенка. — СПб., 1912
- «Дикая дивизия» /Очерк/. — «Летопись войны» 1914-1915-1916 гг., № 76, 30 января 1916 г., с.1216-1220
- Дикая дивизия // Гражданская война в США — Йокота / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976—1980, т. 3).
- Бузун Ю. Г. Бой у села Бринь.
- Э. Э. Исмаилов. Азербайджанские иррегулярные части в составе русской императорской армии. Татарский конный полк.
- Бобринский Н. А. На Первой Мировой войне. Из записок графа Николая Алексеевича Бобринского // «Дворянское собрание», 1995. № 3. — С. 175-190.