Tataristan Tarixi - Wikipedia
Tatarıstan tarixi — Tatarıstanın keçmişi.
Ən qədim tarix
redaktəVolqa Bulqarıstanı
redaktəƏvvəllər qrup halında yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən bulqarlar bir dövlət ətrafında birləşməyə başladılar. Bu qruplar bunlardır : Bulqar, Suvar, Barzula, İskil.
Bulqar dövləti 965-ci ilədək Xəzər xaqanlığından asılı vəziyyətə idi və vergi verirdi. Xəzər xaqanlığının devrilməsindən sonra müstəqilləşən bulqarlar 985-ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin ruslar tezliklə ərazini tərk edirlər. 1006-cı ildə bulqarlarla ruslar arasında ticarət müqaviləsi imzalanır.
Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə Suzdal knyazlığında aclıq baş verərkən bulqarlar ruslara yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, bulqarlar bərəkətli torpaqlarda məskunlaşdıqlarından oturaq həyat tərzi sürürdülər, əkinçilik (ağ darı, buğda və arpa əkirdilər), heyvandarlıq, zərgərlik, dəriçilik və kürkçülüklə məşğul olurdular. Xəzər və Aral dənizləri ətrafı, Xarəzm, İran, Misir, Türküstan və hətta Şimal Buzlu okean əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, silahlar, bal və fındıq təşkil edirdi. "Bulqari" adlanan dəri və çəkmələr daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən XI–XIII əsrlərdə ruslarla savaşlar aparılır.
İdil-Bulqar şəhərləri bunlardır: Suvar, Osal, Tetiş, Cuke-tav, Züye, Kaşan, Kermencük, Kazan. Paytaxt Bulqar şəhəri IX–XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzlərindən idi. Bu mərkəz indiki Kazan şəhərindən 115 km cənubda yerləşirdi. Şəhərin ən məşhur sarayları "Ağ saray" və "Qara saray" adlanan tikililərdir. İdil-bulqarları qərbdə burtaslarla və ruslarla, şərqdə başqurdlarla həmsərhəd olublar. İdil çayının adının Hun xaqanı Attilanın ismindən götürüldüyü qeyd olunur. Bulqarların nəsli hesab edilən çuvaşlar "Adıl" adlandırırlar. Digər türk xalqları tərəfindən Atil, Etil, İtil və İdil kimi tələffüz olunur. Valday yaylasından başlayan İdil çayı Şupaşkar, Qorki, Kazan, Kuybişev, Volqoqrad və Astarxandan keçərək Xəzər dənizinə tökülür.
Volqa bulqarları haqqında əsas məlumatları İbn Fədlan "Səfərnamə" əsərində veribdir. "Səfərnamə"də qeyd edilir ki, Bulqar xanı Şelkey oğlu Almış islami bilgilər əldə etmək üçün xəzər türklərindən Baştonun rəhbərliyi ilə xəlifə əl-Müqtədirə elçi göndərir.(920) 922-ci ilin mayın 12-də İbn Fədlanın başçılığı ilə Xilafətdən islam alimlər və inşaatçılar Bulqar şəhərinə ayaq basırlar. Saraydakı görüşdə Almış xan xəlifənin şərəfinə 3 dəfə bal şərabı içir. Fədlan Almış xanın islama səmimiyyətlə inandığını və onun "Allahım, bulqar xanı Yaltavarı islah et" duasını etdiyini qeyd edir. İslamdan əvvəlki bir sıra adətlər saxlanılsa da, yeni dinin ritualları ciddi şəkildə yerinə yetirilirdi. Hətta sübh namazını vaxtında qılmaq üçün gecələr oyaq qalınırdı. İbn Fədlan bu səyahəti əsnasına bulqarlarla yanaşı oğuzlar, xəzərlər, başqurdlar, slavlar haqqında dəyərli məlumatlar verir. Özünə Cəfər adını götürən Almış 944-də oğlu Əhmədi həccə göndərir və eyni zamanda xəlifəyə dəyərli hədiyyələr və bayraq ərmağan edir.
İdil-Bulqar dövləti islamı dövlət dini edən ilk türk dövləti olur. Almış xan isə İslamı qəbul edən ilk türk hökmdarlarından biri kimi tarixə keçir.
Xanlıqda eltəbər, buyruq, tudun kimi vəzifələr mövcud olubdur.
Çuçi ulusu
redaktəTatar-Moğolların birgə qurduğu Böyük Türk Moğol İmperatorluğunun qurucusu, əslən monqol olan Çingiz xanın 1227-ci ildə ölümündən sonra dövlət onun dörd oğlu tərəfindən idarə olunmuşdur. İmperatorluğun güclü dövrlərində Çingiz oğulları mərkəzi hakimiyyətə sədaqətlə bağlı olmuş, hakim olduqları ölkələri bir vali kimi idarə etmiş, lakin mərkəzi hakimiyyət zəiflədikdən sonra imperatorluq dörd böyük hissəyə ayrılmışdır.[1]
Çin və Monqolustan Çingizin kiçik oğlu Toluydan olan nəvəsi Kubilay, Azərbaycan, Persistan və ətrafları yenə də Toluydan olan nəvəsi Hülakü, Türküstan ortancıl oğlu Cağatay oğulları, Şərqi Avropa və Quzey Türküstan isə bundan öncəki yazımızda da qeyd etdiyimiz kimi, böyük oğlu Cuci oğullarından Batı xan tərəfindən idarə olunmuşdu.[2]
Cuci atası Çingiz xandan altı ay əvvəl öldüyündən, Çingiz xan onun yerinə Cucinin ikinci oğlu, ən çox sevdiyi və ümüd bəslədiyi Batı xanı təyin etmişdi.[3] Batı xan babası Çingiz xanın bu ümüdünü şərəflə doğrultmuşdur. Belə ki, Batı xan babasına verdiyi sözə əməl edərək Quzey Qara dəniz bölgələrini və Şərqi Avropanı işğal edərək Xəzər dənizi və Aral gölünün ətraflarını da öz Qızıl Orda dövlətinə qataraq rus knyazlıqlarının siyasi varlıqlarını ortadan qaldırmaqla Böyük Türk Moğol İmperatorluğu içərisində yeni bir imperatorluq qurmuşdu. Ümumiyyətlə, Qızıl Orda da daxil Böyük Türk Moğol İmperatorluğunun bəşər tarixinə ən böyük xidməti qitələrarası münasibətlər (Avro-Asiya) yaratmasıdırsa, türk dünyasına ən böyük xidməti türk boylarını bir araya gətirərək türk dünyasını bir mərkəz ətrafında birləşdirməsi, türk qövmlərinin bir-biri ilə qaynayıb-qarışmasını təmin etməsidir. Daha dəqiq desək, bu nəhəng imperatorluq sayəsində imperatorluğa daxil olan ərazilərə yeni bir türk ruhu, türk nəfəsi gətirmişdir. Çox təəssüflər olsun ki, Azərbaycan və hətta son dövrlərə qədər Türkiyə tarixşünaslığı tarixi türk düşmənlərinin əsrlər boyu türklərin əleyhinə yazdıqları tarixi cızma-qaraların təsirinə düşərək türklüyə əvəzsiz xidmət etmiş bu müəzzəm imperatorluğu və onun qurucu və yaradıcılarını aşağılamağa çalışmışlar. Biz əminik ki, gec-tez haqq öz yerini tapacaq, türk dünyası öz tarixi keçmişinə yenidən qayıdacaq, onu yenidən tədqiq edəcək. Və araşdırdıqca da öz böyüklüyünü bir daha dərk edəcək, həqiqətləri ortaya çıxaracaq, öz keçmişinə sahib çıxacaq. Bundan öncəki yazımızda da qeyd etdiyimiz kimi, Qızıl Orda Türk Moğol İmperatorluğunda baş verən bir sıra amillər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı.[4]
Bu xanlıqlardan biri də Qazan Xanlığıdır. Qədim Türk-Bulqar xaqanlığının torpaqları üzərində qurulan Qazan xanlığının yaradıcısı Cəlaləddin bin Toxtamışın oğlu Qızıl Orda hökmdarlarından olan Uluğ Məhəmməd Xandır. Uluğ Məhəmməd Xan Suzdal knyazlığını məğlub edərək, Moskva knyazlığını da özünə tabe etdi və Oka çayı sahilindəki Xankirman şəhərini mərkəz edərək oğlu Qasımın idarəçiliyində bir bəylik qurdu. Sonradan bu bəylik "Qasım Xanlığı" (1445–1681) adı ilə 1681-ci ilə qədər öz mövcudluğunu qoruyub saxladı. Lakin Uluğ Məhəmmədin 1445-ci ildə qəflətən ölməsi onun Qızıl Ordanın digər bölgələrini birləşdirmək planının həyata keçməsinə mane oldu. Uluğ Məhəmməddən sonra oğlu Mahmud, ondan sonra Mahmudun oğlu Xəlil, Xəlildən sonra qardaşı İbrahim taxta çıxmışlarsa da elə bir önəmli uğur qazana bilməmişlər. Ümumiyyətlə, 115 illik Qazan Xanlığı tarixində on doqquz dəfə xan dəyişikliyi olmuş, nəticədə dövlət iç mücadilələrin və taxt qovğalarının təsiri ilə zəifləməyə başlamış və bundan istifadə edən Moskva çarı IV İvan 1552-ci ildə Qazan Xanlığına son qoydu. Bəzi məscidləri yerlə yeksan etdi, bəzilərini kilsəyə çevirdi, tatarlara qarşı kütləvi qətliam həyata keçirdi və bölgəyə rusları yerləşdirdi. 1000 illik türk xalqlarının həyat qaynağı olan İtil, indiki Volqa çayı rusların əlinə keçdi. Qazan Xanlığının ruslar tərəfindən işğalı o ərazilərdəki türklərin mərhələ-mərhələ çöküşünə səbəb oldu. Belə ki, Qazan Xanlığının çöküşündən sonra öz dövlətlərinin ərazilərini mərhələ-mərhələ genişləndirən ruslar 1556-cı ildə Həştərxan Xanlığını, 1681-ci ildə Qasım Xanlığını, 1683-cü ildə Sibir Xanlığını, 1878-ci ildə Kırım Xanlığını işğal edərək tarixi türk torpaqları üzərində özlərinin nəhəng bir imperatorluğunu qurdular. Moğollarla ayrı-ayrı türk boylarının qaynayıb-qarışmasından təşəkkül tapan bütün Qızıl Orda xalqına ruslar tərəfindən "tatar" deyilmiş və bu "tatar" adı Sovet dövrünə qədər bütün Çar Rusiyasındakı türklərə verilən ümumi ad olmuşdur. Ruslar imperiya daxilindəki türkləri yer adlarına görə "Qazan tatarları, Kırım tatarları, Həştərxan tatarları, Qafqaz tatarları, Azərbaycan tatarları, Sibir tatarları, Altay tatarları, və hətta Türküstanı işğal etdikdən sonra Daşkənd tatarları, Xivə tatarları, Buxara tatarları, Kaşğar tatarları və s. kimi adlandırmışlar". XIX əsrin sonu, xüsusilə XX əsrin əvvəllərindən başlayaraq rus çarizminin milli ayrı-seçkilik siyasətinə qarşı türk milliyyətçiliyinin geniş vüsət aldığından qorxuya düşən Sovet imperiya ideoloqları imperiya daxilindəki türklərin ümumi adı "türk" adının sinonimi olan "tatar" adı əvəzinə başqırd, qazax, qırğız, özbək, türkmən, uyğur, qaraçay, balkar, azərbaycanlı və s. kimi süni "millətlər" yaradılmasına nail oldular və "tatar" adını yalnız Qazan, İdil-Ural, Qərbi Sibir, Həştərxan və Kırım türkləri üçün işlətdilər və tatarlara kiçik bir ərazidə muxtariyyat verərək tarixi qisaslarını gerçəkləşdirdilər.
Qazan xanlığı
redaktəXIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır.[5]
XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi. Səlnamələrdə yazıldığına görə Kazan şəhəri təxminən 40 ilə yaxın dağılmış bir vəziyyətdə qaldı. Beləliklə, yeni bir inzibati mərkəz yaradıldı. Həmin mərkəz Kazan adlandırıldı.[6] Şəhərin ərazisindən axan çay da Kazan çayı adlanırdı.[7]
Burada kiçik bir haşiyə cıxaraq Kazan şəhərinin adı və mənası haqqında qısaca danışmaq lazım gəlir, çünki Azərbaycan ərazisində Kazançı adlı kənd vardır. İş burasındadır ki, qədim türk bulqarlarının böyük tayfalarından biri Kazan adlanmışdır. Dilimizdə "kazan" sözünün qədim türk forması "kazqan"dır. Ehtimal olunur ki, bulqarların Kazan tayfasına mənsub ailələri Cənubi Qafqaza gəlmiş və Kazan kəndlərini salmış. Deməli, Volqaboyu bulqarların içərisindəki Kazan tayfası məhz indiki Kazan şəhərinin əsasını qoymuşdur. Bu dediklərimiz Azərbaycanda aparılmış toponimik tədqiqatlara əsaslanır.[8] Kazan xanlığının ərazisi indiki Tatarıstan Respublikasının bir hissəsini təşkil edir. Xanlığın ərazisi Volqa çayının sağ sahillərindən Kama çayına qədər olan geniş bir sahəni əhatə edirdi. Bu yerlər ən qədim yaşayış məsgənləri olmuşdur. Buranın ilk sakinləri marilərin, mordvalıların, udlaudların əcdadları olmuşdur. Eramızın III–IV əsrlərindən başlayaraq bu yerlərə türkdilli tayfalar da axışıb gəlmiş burada məskunlaşmışlar. Viyatka çayı sahilində Udmurdlar, geniş meşə ətəklərində çuvaşlar, mordvallar, marilər, başqırdlar yaşayırdılar. Kazan xanlığının şimal və cənub sərhədləri dəqiq müəyyən deyildir.[9] Qərbdə Kazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Şərqdə Kazan xanlığı Viyatka çayına qədər uzanırdı.[10] Cənub bölgələrində Noqaylar yaşayırdılar. VIII–X əsrlərdə Volqa ilə Kama çayı sahillərində məskunlaşan bulqar tayfaları uzun müddət yerli xalqlarla bir yerdə yaşayaraq qaynayıb qarışaraq Volqa-Kama bulqarları yaranmışdır. Mənbələrin verdiyi məlumatlara görə Kazan tayfaları vahid bir xalq kimi XIII əsrdə monqolların hücumlarından sonra formalaşmışdır.[11]
Kazan xanlığının sosial-iqtisadi və siyasi quruluşu
redaktəDövlətin başçısı xan olsa da, əslində onun fəaliyyətinə iri feodallar şurası (divan) istiqamət verirdi. Əsas torpaq sahibliyi forması soyurqal idi. Kazan xanlığının ictimai tərkibi xan, karaçi (4 məşhur nəsildən-Şirin, Barqın, Arqın, Qıpçaq-olan iri feodallar), sultan, əmir, mirzə, ulan, kazak, tacir və sənətkarlardan, azad kəndlilər, asılı kəndlilər, təhkimli hərbi əsirlər və kölələrdən ibarət idi. Xanlıq daruq (dairə) və uluslar (vilayət) bölünürdü.[12] Xanlığın mülkiyyəti ona görə möhkəm idi ki, natural təsərrüfatla məşğul olurdu, yəni tələb olunan hər şey "yalnız evdə hazırlanırdı".[13] Xanlıqda feodal istehsal üsulu mövcud idi: torpaqlar tək-tək feodalların əlində cəm olunmuşdu. Kəndlilər feodallara məxsus icmalarda yaşayırdılar və icarəyə götürdükləri torpaq paylarının əvəzində illik yasaq (vergi) verirdilər. Xan hərbi qulluğa görə tarxanlara torpaq verirdi. Şərq ölkələrində, məsələn, Mərkəzi Asiyada bu "iqta" adlandırılırdı. Müəyyən vaxtdan sonra çox hallarda tarxanlar həmin torpaq sahələrini öz mülklərinə çevirirdilər. Bundan başqa məscidlərə də torpaq sahələri verilmişdi ki, bu, "vəqf" torpağı adlanırdı. Kazan xanlığında əhalinin əsas məşğuliyyəti əkinçilik idi. Əhali qabaqkı əsrlərdən fərqli olaraq köçəri maldarlıqla məşğul olmurdu. İkinci təsərrüfat məşğuliyyəti maldarlıq idi. Tatarlarda əsas qoşqu heyvanı at idi. Ona görə tatarların böyük at ilxıları var idi. Qədim bulqarların ənənəsini davam etdirən sənətkarlar dəri, gön və xəz məlumatı üzrə ixtisaslaşmışdılar, müxtəlif metal növlərindən əşyalar, hazırlayırdılar və onların məhsulları həm daxildə satılır, həm də xaricə aparılırdı.
Kazan şəhərində XV əsrin sonlarından etibarən iki böyük daimi bazar vardı. Bu bazarlarda həm xanlığın kəndlərindən gələnlər həm də Volqaboyundan, Sibirdən və Şərqi Avropadan, o sıradan Krımdan və Rus dövlətindən gələn tacirlər alver edirdilər. 1552-ci ilin məlumatına görə Kazanda 5 min nəfər xarici tacir yaşayırdı. Maraqlı budur ki, mənbələrdə həmin tacirlər icərisində "buxaralı" və "şamaxılı" adları da çəkilir. Bundan başqa hər ilin 24 iyulunda şəhərdə ticarət yarmarkası təşkil edilirdi. Yarmarkada İrandan, Həştərxandan, Krımdan, Mərkəzi Asiyadan və Qafqazdan gəlmiş tacirlər fəal iştirak edirdilər. Şəhərdə iri karvansaraylar, qonaq evləri, məscidlər tikilir, planlı küçələr salınırdı. Şəhərdə çoxlu hamam tikilmişdi. O vaxtdan Volqaboyunda və sonra bütün Rusiyada Kazan yeganə şəhər idi ki, şərq üslubunda daimi fəaliyyətdə olan hamamlar vardı.
Xanlığın ərazisində çoxlu kiçik şəhərlər də vardı: Ələt, Tətəş, Qullar, Şəki, Alabuqu və s. Yuxarıda deyildiyi kimi, xanlıqda əhalinin əsas hissəsini tatar dilində "qara xalıq" (yəni, qara xalq, qara camaat) adlanan kəndlilər – rəiyyət təşkil edirdi. Onlar torpaqdan istifadə etdiklərinə görə öz gəlirlərindən vergi (yasaq) verirdilər. Yasaq məhsulun onda bir hissəsini əhatə edirdi. Kənd yerlərində əhali "qara xalq" "aksakkal" adlanan qocalar tərəfindən idarə edilirdi. Lakin "aksakkal"lar icmalarda yalnız ənənəvi başçı idilər. Vergi işlərinə darğalar baxırdılar. Vergilərin ağırlığı kəndli kütlərini müflisləşdirir və feodallarla kəndlilər arasında sinfi mübarizə kəskinləşirdi. 1496-cı ildə Kazan xanlığında kəndlilərin üsyanı baş vermişdi. Kəndli üsyanları 1524 , 1531 və 1546-cı illərdə də olmuşdu. Kazan xanlığı 115 il yaşamışdır və bu müddət ərzində 14 xan sui-qəsd nəticəsində devrilmişdi.[14];[15]
Kazan xanlığının daxili və xarici siyasəti
redaktəKazan xanlığında ayrı-ayrı ulusların hakim feodal qruplaşmaları arasında həmişə mübarizə gedirdi ona görə sabit mərkəzləşdirilmiş hakimiyyət yox idi.
Kazan xanlığı mənbələrdə ilk dəfə 1445-ci ildən xatırlanır. Xanlığın ilk xanı Ulu Məhəmməd olmuşdur və o, xanlığın əsasını qoymuşdur. Mənşəcə Ulu Məhəmməd Qızıl Orda xanı Toxtamış xanın nəslindən idi. Lakin bəzi mənbələrə görə xanlığın əsası Ulu Məhəmmədin oğlu Mahmutək tərəfindən qoyulmuşdur. Deyilənə görə Qızıl Orda xanı Ulu Məhəmmədin rəqibi Qiyasəddin tərəfindən hakimiyyətdən salınmış, lakin o, Qiyasəddinin oğlu Kiçik Məhəmmədlə hakimiyyət uğrunda mübarizəni davam etdirmiş və onunla sövdələşmə əsasında Krımda hakimiyyəti ələ almışdır. Krım xanlığının hakimləri onu oradan qovmuşdular. Ulu Məhəmməd üç minlik ordu ilə 1439-cu ildə Moskvaya hərbi səfər təşkil edərək rus ordusunu məğlub etmiş, 1444-cü ildə Nijni-Novqorodu tutmuşdu.[3] 1445-ci ildəki döyüşdə isə Moskva knyazı II Vasili yaralandı və əsir alındı. Lakin döyüşdən iki ay sonra xan böyük məbləğdə pul alıb II Vasilini azad etdi. Ulu Məhəmməd ömrünün sonuna kimi Rus knyazlıqları ilə müharibə aparmışdır.1445-ci ildə Ulu Məhəmməd öldü və yerinə oğlu Mahmutək (1445–1466) hakimiyyətə gəldi.[16];[17] Rusiyanın Volqaboyunda işğalçılıq siyasətinə qarşı çıxan Mahmutək 1446–1448-ci illərdə Murom, Vladimir, Ustyuq və başqa əyalətlərə hərbi səfərlər təşkil etmişdir. Rusiya ilə Kazan xanlığı arasında müharibələr 1467-ci ilə qədər davam etmişdir. Bundan sonra bir müddət Rusiya ilə Kazan xanlığı arasında sülh danışıqları başlanmışdı. Lakin xanlığın içərisində knyaz Abdul Mömin başda olmaqla feodal qruplaşması hakimiyyət uğrunda mübarizəyə başlayaraq Rusiyaya meyil edir və onun köməyilə hakimiyyətə gəlməyə çalışırdı.
Mahmutək öldükdən sonra hakimiyyətə oğlu Xəlil gəldi və onda Abdul Möminin qruplaşmasının fəaliyyəti daha da genişləndi. İş elə gətirdi ki, Mahmutəkin ikinci oğlu İbrahim də rus orientasiyasını götürmüş oldu. Bu, Rusiyanın Kazan xanlığını işğal etməsinə əlverişli şərait yaratdı. Xüsusilə, xanlığın yeni xanı Əli xanın (1479–1487) dövründə rus ordusu hücuma keçdi və Əli xanı hakimiyyətdən salıb Kazan şəhərini tutdu. Əli xan əsir alındı və Voloqdayada öldürüldü. Çar xanlığı hələ Rusiyaya birləşdirmək haqqında fərman vermədi yalnız öz protektoratı altına aldı və xanlığın başına ruspərəst Məhəmməd Emin adlı feodalı qoydu. O, rus çarından asılı vəziyyətdə işləyirdi. Buna baxmayaraq rus çarı IV İvan özünü Kazanın hakimi elan etmiş və özünə "Böyük Bulqar knyazı" titulunu götürmüşdü. Rus çarının razılığı olmadan xanlığın başına hakim seçilə bilməzdi. Lakin geniş xalq kütləsi knyaz Kəl Əhmədin başçılığı ilə ruslara qarşı mübarizə aparırdı. Onun ən yaxın köməkçiləri Urak, Sadır və Akiş rus vergi yığınlarına divan tuturdular. Amma Kəl Əhməd sonra ruslara satıldı və onun vasitəsilə xanlıq üzərində əsarət daha da güclənildi.1521-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə Krım xanlığının nümayəndəsi Sahib Girey keçdi. Sahib Girey Kazan xanlığında olan rusları sıxışdırmağa başladı. Bu vaxt Krım xanı Məhəmməd Girey (Sahib Gireyin qardaşı) Krım və Noqay qoşunları ilə rus dövlətinə hərbi səfər təşkil etdi. O, Nijni-Novqorodu alıb Moskvaya yaxınlaşdı, amma onu ala bilmədi.[18]Kazan xanlığı 28 il Krım xanlığının tabeliyində qaldı.[19]
1552-ci ildə Litva ilə müharibəni qurtarmış rus çarı III Vasili qüvvəsini Kazan xanına qarşı yönəltdi. Sahib Girey ruslarla toqquşmadan çəkindi və Türkiyənin vassallığını qəbul etdi. Lakin Rusiya Türkiyə ilə Kazan xanlığının bu razılığına qarşı çıxdı və Sahib Gireyə qarşı müharibəyə başladı. Sahib Girey vəziyyətin çətinliyini görüb Kazanı tərk edərək Krıma getdi yerinə isə qardaşı oğlu Səfa Gireyi qoydu (1524–1549). Səfa Girey də Türkiyə tərəfdarı idi. Ondan sonra Kazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirdi, xanlığa Səfa Gireyin kiçik yaşlı oğlu Uyatmışı təyin etdi. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gireyin arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu. Bu vaxt hakimiyyətə gəlmiş IV İvan Volqaboyunu işğal etmək istəyirdi. O, özü başda olmaqla 1548 və 1550-ci illərdə iki dəfə Kazan xanlığına qarşı hərbi səfər təşkil etdi, lakin hər iki yürüş uğursuz oldu. Kuçakın ordusu rus qoşunlarını qovub cıxartdı.[20] IV İvan 1551-ci ildə Kazan yaxınlığında Sviyajsk qalasını tikdi. Bu qala Kazan xanlığına həlledici hücum üçün hərbi baza oldu.[21] IV İvan 1552-ci ilin avqustunda yeni hərbi səfər təşkil etdi. Rus ordusu 150 min döyüşçü və 150 topdan ibarət idi. Səfər 40 gün çəkdi. Rus ordusu Kazan şəhərini mühasirəyə aldı və 1552-ci il oktyabrn 2-də şəhəri tutdu. Sonuncu Kazan xanı Yadigar xan əsir alındı. Lakin rus qoşunlarına qarşı mübarizə uzun müddət davam etdi. 1552-ci ilin dekabrında iri feodallardan biri olan Hüseyn Seidin başçılığı ilə milli azadlıq hərəkatı baş qaldırdı. Rus mütləqiyyətinin silahlı qüvvələrinin gücü ilə azadlıq hərəkatı amansızcasına yatırıldı və Kazan xanlığının ərazisində "sakitlik" yaradıldı. Kazan xanlığı ləğv edildi. Beləliklə, bu zəngin ölkə Rusiyanın müstəmləkəsinə çevrildi.[22]
Tatarıstan Rusiyanın tərkibində
redaktəXX əsr tarixi
redaktəBunun da əsas səbəbi rus-tatar düşmənçiliyidir. Beləliklə, tatarların bir qismi çar IV İvan dövründən başlayaraq qətlə yetirilmiş, bir qismi mərhələ-mərhələ rus çarlarının sürgün siyasətinə məruz qalmış, bir qismi Rusiyada 1917–1920-ci illərdə baş verən vətəndaş müharibəsi dövründə öz vətənlərini tərk etmiş, bir qismi 1937-ci il Stalin terroru nəticəsində məhv edilmiş, terrordan qurtulanlar isə ölkəni tərk edərək Rusiyanın müxtəlif yerlərinə və Orta Asiyaya qaçmağa məcbur olmuş, öz milliyyətlərini dəyişmiş və nəticədə tatarların 75 faizi dünyanın müxtəlif yerlərinə səpələnmişlər. Bu da azmış kimi, Sovet dönəmində onların öz vətənlərinə qayıtmaları yasaqlanmış, tatarların bir qismini də assimilyasiyaya uğradaraq ruslaşdırmış, tatarların yerinə külli miqdarda rus yerləşdirmişlər. Ona görə də bugünkü Tatarıstan Muxtar Cümhuriyyətində cəmi 25 faiz tatar qalmışdır. Bu gün tatarlar Rusiya Federasiyasından əlavə, Özbəkistanda, Qazaxıstanda, Ukraynada, Tacikistanda, Qırğızıstanda, Türkmənistanda, Azərbaycanda, Belarusda, Litvada, Latviyada, Estoniyada, Moldoviyada və dünyanın digər ölkələrində yaşamaqdadırlar. Ümumiyyətlə, tatarların təqribən 25 faizi Rusiya Federasiyasından kənarda yaşayır. Rusiya Federasiyası və ayrı-ayrı ölkələrin tərkibində olan və ayrı-ayrı ölkələrdə müxtəlif səbəblərdən yaşayan tatarların ümumi sayı haqqında dəqiq məlumatlar yoxdur. Buna ən böyük təsir göstərən amillərdən biri həmin ölkələrdə siyasi baxımdan türklərin və başqa xalqların siyahıya alınmasında saylarının az göstərilməsidir. Rusiya Federasiyasındakı türklərin ümumi sayı dəqiq bəlli olmasa da, bəzi azaldılmış statistik məlumatları topladıqda onların ümumi sayının otuz beş milyona yaxın olduğunu söyləmək olar ki, bunlardan da ən çoxu tatarlardır. Bugünkü Tatarıstan Muxtar Respublikasının ərazisi 64000 km², əhalisi isə təqribən 5 milyon nəfərdir. Əgər Tatarıstan Muxtar Respublikası qurularkən tatarların sıx şəkildə yaşadıqları ərazilər bu yeni muxtariyyatın sərhədləri daxilinə qatılsaydı, bu gün biz başqa bir mənzərənin şahidi olacaqdıq. Belə ki, bugünkü Tatarıstan Muxtar Respublikasından süni şəkildə ruslar tərəfindən siyasi məqsəd üçün kənarlaşdırılan Başqırdıstan, Udmurtiya, Mari, Çuvaş Muxtar Respublikaları, Ulyanovski, Orenburq, Kuybışev və Kirov Vilayətləri, həmçinin tatarların çoxluq təşkil etdikləri bugünkü Başqırdıstanın qonşuluğunda olan Çelyabinski, Sverdlovski və Perm Vilayətləri, Ulyanovskiyə qonşu olan Penza, Kuybışevə qonşu olan Saratov vilayətlərindəki tatarlar, Tatarıstan Muxtar Cümhuriyyətinə qaytarılıb orada yerləşdirilsəydi, tatarların 78 faizi öz respublikalarının sərhədləri daxilində yaşama şansına və bu bölgələrin yeraltı və yerüstü sərvətlərindən istifadə imkanına malik olacaq, Tatar-Başqırd Cümhuriyyəti adı altında bir müstəqil dövlət kimi bu ərazilərin yerli xalqı olan bütün türkləri ortaq bir çatı altında toplamış olacaqdı. Fəqət Bolşevik Rusiyası çox kiçik şivə fərqi olan bu türk xalqlarını bir-birindən ayırmaqla yetinməyib, xüsusilə daha çox perspektivi olan tatarları tərki-vətən etdi, onları ayrı-ayrı kiçik muxtariyyatlar tərkibində saxlayaraq parçalamağa nail oldu, digər kiçik türk xalqlarını isə tamamilə assimilyasiyaya uğratdı. Bu gün bütün Rusiya Federasiyası tərkibində təqribən on beş milyondan çox tatar yaşamaqdadır. Bunlardan yalnız təqribən 3 milyon yarımı Tatarıstan Muxtar Respublikasındadır. Qalanları Başqırdıstan Muxtar Respublikasında (təqribən 1,5 milyon), Rusiya Federasiyasının Orenburq Vilayətində (təqribən 300 min), Sverdlovski Vilayətində (təqribən 300 min), Çelyabinsk Vilayətində (təqribən 450 min), Perm Vilayətində (təqribən 310 min), Ulyanovsk Vilayətində (təqribən 260 min), Kuybışev Vilayətində (təqribən 230 min), Penza Vilayətində (təqribən 150 min), Saratov Vilayətində (təqribən 100 min) və Udmurt Muxtar Respublikasında (təqribən 200 min), Mordva Muxtar Respublikasında (təqribən 100 min), Mari Muxtar Respublikasında (təqribən 85 min), Çuvaş Muxtar Respublikasında (təqribən 80 min), Komi Muxtar Respublikasında (təqribən 35 min), Yakut Muxtar Respublikasında (təqribən 25 min) və Rusiya Federativ Respublikasının digər bölgələrində isə təqribən dörd milyona yaxın assimilyasiyaya uğramış tatar vardır. Üç milyona qədər tatar da Türküstan, Qazaxıstan, Ukrayna, Azərbaycan, Bеlarusiya, Litva, Latviya, Еstoniya və Moldoviya Respublikalarındadır.
Bugünkü Tatarıstan Muxtar Rеspublikası sənaye və kənd təsərrüfatı ölkəsidir. Respublikanın ən böyük təbii sərvəti neft və qazdır. İllik neft istehsalı 70–80 milyon tondur. Təbii qaz istehsalı isə beş milyard kub. metrdir. Muxtar Respublikanın əsas neft və təbii qaz mərkəzləri Elmət, Leninoqorsk, Alabiya və Mendeleyevsk şəhərləridir. Çıxarılan neft "Dostluq xətti" adlanan kəmərlə Polşa, Almaniya, Macarıstan, Çеxiya və Slovakiyaya göndərilir. Təbii qazın bir hissəsi də Türkiyəyə nəql edilir.
Ölkənin əsas sənaye sahəsini neft və neft kimya sənayesi təşkil edir. Ölkənin mühüm sənaye mərkəzləri Qazan və Tüben Kama şəhərləridir. Kimya zavodlarında polietilen, aseton, sintetik kauçuk və s. kimi dörd minə qədər maddə emal edilir. Qazan təyyarə zavodunda təyyarə istehsal edilir. Həmçinin Qazan şəhərində optik cihazlar və komputer istehsal edən zavodlar vardır. Yar Çalli şəhərində KAMAZ istehsal edən maşın zavodu vardır ki, burada ildə təqribən 150 min ağır texnikalı maşın və 250 min dizel matoru istehsal edilir. Ölkənin yüngül sənayesinin əsasını dəri və kürk istehsalı təşkil edir.
Sovet İmperiyasının tarix səhnəsindən silinməsinə baxmayaraq, özünü bu imperiyanın varisi elan edən Rusiya Federasiyası Tatarıstanın müstəqilliyinə qovuşmasına imkan verməmiş, Tatarıstan Muxtar Respublikası Rusiyanın tərkibində yalnız yarımmüstəqillik əldə etmişdir. Bu yarımmüstəqillikdən sonra əvvəllər qorxudan özlərini rus və başqa millət yazdıran tatarlar tatar olaraq öz milliyyətlərini bərpa etmişlər. Tatarıstan Muxtar Respublikasının paytaxtı Qazan şəhəridir.
XXI əsr tarixi
redaktəİstinadlar
redaktə- ↑ Хеллер К. Золотая Орда и торговля с Западом // Источниковедение истории Улуса Джучи (Золотой Орды). От Калки до Астрахани. 1223–1556. Казань, 2001.-С. 111–128.
- ↑ Историческая география Золотой Орды в XIII–XIV вв. Автор: В. Л. Егоров Издательство: Либроком Год: 2009.
- ↑ Султанов Т.И. Чингиз-хан и Чингизиды. Судьба и власть. М.: ACT, 2006.-445 с.
- ↑ Федоров-Давыдов Г.А. Общественный строй Золотой Орды. М.: Наука, 1973.-180 с.
- ↑ Худяков М.Г. Очерки по истории Казанского ханства // На стыке континентов и цивилизаций: Из опыта образования и распада империй X–XVI вв. М.: Инсан, 1996. — С. 527–758.
- ↑ Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 1999.
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 2008.
- ↑ Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 1999.
- ↑ Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004
- ↑ . "Azərbaycan Sovet Ensiklopediyası" (V cild) Bakı, 1981.
- ↑ Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 1999.
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 2008.
- ↑ Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004
- ↑ Ramin Qurbanov "Türk Xalqlarının Tarixi" Bakı, 2011.
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 2008.
- ↑ Ramin Qurbanov "Türk Xalqlarının Tarixi" Bakı, 2011.
- ↑ Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 1999.
- ↑ Ramin Qurbanov "Türk Xalqlarının Tarixi" Bakı, 2011.
- ↑ Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004