Tam Reqabet Bazari - Wikipedia
Bu məqalə Təkmil rəqabət ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Təkmil rəqabət (ing. perfect competition) — iqtisadi nəzəriyyədə eynicinsli məhsul istehsal edən və qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik çoxlu sayıda satıcı və alıcının olduğu bazar.[1]
Eynicinsli məhsul
redaktəTəkmil rəqabət bazarındakı məhsullar tam əvəzedicidir. Başqa sözlə satıcıların təklif etdiyi məhsullar və xidmətlər istər keyfiyyət, istərsə xarakter baxımından bir-birindən fəqlənmir. Buna misal kimi 50 satıcı tərəfindən eyni çaydan əldə edilib satılan suyu göstərmək olar.
Qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik
redaktəBu bazarda heç bir satıcı istehsalı artıraraq və ya azaldaraq qiymətlərə təsir etmək imkanına malik deyil. Həmçinin heç bir alıcı da məhsul tədarükünü azaldıb qiymətlərin aşağı enməsinə səbəb ola bilmir. Məsələn, su satışı ilə məşğul olan 50 satıcının hər biri bazarda cəmi 2%-lik paya malikdir. Bu səbəbdən qiymətə təsir gücləri demək olar ki, yoxdur.
Çoxlu sayıda alıcının və satıcının olduğu bazar
redaktəYuxarıdakı xüsusiyyət birbaşa bununla bağlıdır. Belə ki, bazarda bir satıcı və ya alıcı olarsa (inhisar və ya monopsoniya kimi), o rahatlıqla bazar qiymətinə təsir edə bilər. Amma təkmil rəqabət vəziyyətində hər bir satıcı və alıcı bazarda əmələ gələn qiymətlər əsasında fəaliyyət göstərməlidir. Məsələn, su satışını 1 nəfər həyata keçirsə idi, o qiyməti istədiyi kimi müəyyən edə bilərdi. Amma 50 satıcının biri qiyməti qaldırarsa, alıcılar digər satıcıdan su tədarük edəcəklər.
Təkmil rəqabətin xüsusiyyətləri
redaktəTəkmil rəqabətin xüsusiyyətləri yuxarıda göstərilənlərlə (eynicinsli məhsul, kiçik bazar payı, çoxlu sayıda satıcı və alıcı) bitmir. Bunlar aşağıdakılardır[1]:
- Bazara daxil olmaq və çıxmaq üçün heç bir maneə yoxdur – bazara daxil olmaq həddən artıq asanddır və bu zaman yeni iştirakçı üşün nə dövlətin müəyyənləşdirdiyi, nə də köhnə bazar iştirakçıları tərəfindən heç bir maneə yoxdur. Məsələn, bu gün su satışına həyata keçirmək istəyən şəxs öz qabını götürüb çaya yollanar və qabını doldurduqdan sonra su satmağa başlaya bilər.
- Təkmil informasiya – hər bir bazar iştirakçısı qiymətləri, keyfiyyəti və istehsal metodlarını bilir. Məsələn, su satışı bazarında hər bir iştirakçı suyun hansı qiymətə, hansı miqdarda, satıldığını və bu keyfiyyətə malik suyu haradan və necə əldə edəcəyini bilir.
- Sıfır transaksiya xərcləri – alıcılar və satıcılar məhsul və xidmət alış-verişi zamanı heç bir transaksiya xərci (müqavilə xərcləri və s.) çəkmirlər.
Tam rəqabət bazarında firmanın gəlirləri
redaktəÜmumiyyətlə bütün firmalar mənfəətini artırmaq istəyir. Bu tam rəqabət bazarında fəaliyyət göstərən firmalara da aiddir. Bir firmanın mənfəət əldə edə bilməsi üçün onun məcmu gəliri ilə məcmu xərclərinin fərqi müsbət olmalıdır. Əks halda firma zərər əldə edəcək.[2]
Gəlin ilk növbədə gəlirləri tətqiq edək: Təkmil rəqabət bazarında məcmu gəlir (Total Revenue - TR) satış həcmi ilə (Q) qiymətin hasilinə (P) bərabərdir.
TR= P*Q
Orta gəlir (Average Revenue – AR) isə məcmu gəlirin (TR) satış həcminə bölünməsi ilə alınır:
AR=TR/Q= (P*Q)/Q=P
Təkmil rəqabət bazarında marjinal gəlir (Marginal Revenue - MR) isə aşağıdakı kimi hesablanır:
MR=ΔTR/ΔQ
Təkmil rəqabət bazarında hər bir məhsul sabit qiymətə satılır. Çünki istehsaslın həcmindən asılı olmayaraq heç bir bazar iştirakçısı qiymətə təsir edə bilmir. Bu səbəbdən satılacaq yeni bir məhsulun gətirəcəyi gəlir qiymətə (P) bərabər olacaq[2].
ΔTR= ΔQ*P
MR=ΔTR/ΔQ= (ΔQ*P)/ΔQ = P
Deməli tam rəqabət bazarında qiymət (P), orta gəlir (AR) və marjinal gəlir (MR) bərabərdir:
P=AR=MR
Bunu su satışı misalına qayıdaraq izah edək. Bazarda 1 qab suyun qiyməti 7 manatdır. Rəqabətli bazarın xüsusiyyətlərini yada salsaq, firmanın çox kiçik bir bazar payına malik olduğunu görmək olar. Bu səbəbdən satıcının təklif etdiyi hər məhsul bazara təsir edə bilmədiyindən miqdarından asılı olmayaraq onu 7 manata satacaq. Bu zaman hər bir məhsul üçün orta gəlir (Average Revenue - AR) 7 manat təşkil edəcək. Hər yeni məhsulun gətirəcəyi gəlir yəni, marjinal gəlir (Marginal Revenue - MR) də 7 manat olacaq. Bunu Cədvəl 1-də daha aydın başa düşmək olar.
Cədvəldən də göründüyü kimi məcmu gəlir (Total Revenue - TR) satış həcmi ilə (Q) qiymətin hasilinə (P) bərabərdir: P=7
TR= P*Q= 42
AR= TR/Q= 42/6 =7
MR= (TR5-TR4)/(Q5-Q4) =7/1= 7 Nəticədə biz tam rəqabət bazarında qiymətin (P), orta gəlirin (AR) və marjinal gəlirin (MR) bərabər olduğunu bir də təsdiq etdik:
P=AR=MR=7 manat
Mənfəət maksimumu
redaktəTam rəqabətli bazarda maksimum mənfəət marjinal xərclərlə marjinal gəlirin bərabər olduğu zaman əldə edilir. Fərz edək ki, satıcı gün ərzində 8 qab su satışından 31 manat mənfəət əldə edib. Əgər əlavə 1 qab suyun dükana daşınıb satılması xərci 5 manat və bu suyun satışından gələcək gəlir 7 manatdırsa, mənfəət 33 manata yüksələcək və satıcı 10-cu su qabını da gətirməkdə maraqlı olacaq. Növbət 1 qab su üçün çəkilən xərclər 7 manat, yəni satışdan gələcək gəlirə bərabərləşdiyi zaman, satıcının mənfəəti artmayacaq. Yəni mənfəət 9 qab suyun satışında olduğu kimi 10 qab suyun satışında da 33 manat olacaq.
Artıq 11-ci qabı gətirərkən çox yorulmuş satıcı taksidən istifadə edir. Bu ona əlavə xərclər gətirməyə başlayır. Hesablayarkan məlum olur ki, 11-ci qabı satmaq üçün 9 manat xərc çəkib, gəlir (7 manat) isə sabit qalıb. Nəticədə mənfəət 31 manata geriləyir. Hər əlavə qab su üçün gələn gəlir marjinal gəlir, hər əlavə qab su üçün çəkilən xərc isə marjinal xərc adlanır. Misaldanda göründüyü kimi marjinal xərcin marjinal gəlirə bərabər olduğu istehsal həcmində (10) mənfəət maksimum (41 manat) olur. Bu əlaqəni Cədvəl 2 əsasında təsvir edilmiş qrafikdə daha aydın şəkildə görmək olar. (Bax: Şəkil 1)
Uzunmüddətli dövrdə mənfəət
redaktəTəkmil rəqabət bazarında satıcılar uzunmüddətli dövrdə mənfəət əldə edə bilmirlər. Bu təkmil rəqabətin əsas xüsusiyyətlərindən olan “bazara giriş və çıxışın sərbəstliyi” şərti ilə bağlıdır. Belə ki, hər hansı bir sahədə mənfəət olduqda bu digər şəxslərin marağını cəlb edir və onlar da bu biznesə qoşulurlar. Bazara kütləvi satıcı axını təklifi artırır. Qiymətlər (P) isə tələb-təklif qanununa əsasən aşağı enir. Bu AR əyrisinin aşağı sürüşməsinə səbəb olur. Çünki, bu bazarda orta və marjinal gəlir məhsulun qiymətinə bərabərdir. Beləliklə, qiymətlər orta xərclərin marjinal xərclərlə kəsişən nöqtəsinə (yəni ən minimum səviyyəsinə (Bax: İstehsal Xərcləri)) qədər enir. Nəticədə satıcılar əldə etdikləri bütün gəliri xərclərə yönəldirlər və xaricdən bazara girməyə artıq maraq yaranmır(Bax: Şəkil 2 A paneli).[2]
Bazar iştirakçıları zərərdə olduqları zaman uzunmüddətli dövr üçün onlar bazarı tərk etməyə başlayırlar. Azalan təklif qiymətlərin qalxmasına səbəb olur. AR əyrisi yuxarı doğru sürüşməyə başlayır və AC əyrisinin minimum nöqtəsində dayanır. Əgər qiymətlər orta xərcləri üstələrsə, yuxarıda göstərilən hal baş verəcək və biznesə daxil olmalar başlayacaq və qiymətlər enəcək.(Bax: Şəkil 2 B paneli)
Bu effekt nəticəsində uzunmüddətli dövrdə tələbin necə dəyişməsindən asılı olmayaraq bazar qiyməti bir səviyyədə qalır. Bunu Şəkil 3-də əyani şəkildə görə bilərik. Şəkildə tələbin artması nəticəsində ilkin tarazlıq nöqtəsi olan A-nın B-yə sürüşdüyünü görürük. Sonra satıcıların mənfəəti çoxalacaq, bazara maraq yaranacaq, istehsalçılar artacaq və təklif əyrisi sağa doğru sürüşəcək. Beləliklə, B nöqtəsi C nöqtəsinə keçəcək. Nəticədə qiymətlər əvvəlki səviyyəsinə, yəni mənffət olmayan halına qayıdacaq.
Əksinə məhsula olan tələb azaldıqda isə qiymətlər enir, satıcılar zərər edirlər, nəticədə bazardan çıxırlar. Bu isə bazar təklifini azaldır və təklif əyrisini sola sürüşdürür. Nəticədə tarazlıq nöqtəsi yenidən mənfəətin sıfıra bərabər olduğu səviyyəyə qayıdır.
Nəticədə, bazarda tələbin necə dəyişməsindən asılı olmayaraq uzunmüddətli dövrdə satıcılar istehsal etdikləri məhsulu bir qiymətə təklif edirlər. Başqa sözlə, uzunmüddətli dövrdə təkmil rəqabətli bazarın təklif əyrisi üfüqidir(Bax Şəkil 4).
İqtisadi və mühasibat mənfəətinin fərqi
redaktəTəkmil rəqabət bazarında firmalar uzunmüddətli dövr üçün mənfəətsiz çalışırlar. Bəs satıcılar mənfəət olmayan sektorda niyə çalışırlar?
Bu suala cavab vermək üçün aşağıdakı 2 anlayışı izah etmək lazımdır:
• Mühasibat mənfəəti;
• İqtisadi mənfəət. Mühasibat mənfəəti dedikdə məcmu gəlirlə sənədlərdə əks etdirilə bilən aşkar xərclərin fərqi nəzərdə tutulur[2]:
Müh. Mənfəəti = Məcmu gəlir – Aşkar xərclər
Bunlara işçilərə verilən əmək haqqı, xammala çəkilən xərclər, kirayə, istehsal vasitələrinin alıması üçün bankdan götürülən kredit və s. aiddir.
İqtisadi mənfəət dedikdə isə məcmu gəlirdən həm aşkar xərclərin, həm də gizli (alternativ) xərclərin çıxılması nəticəsində yerdə qalan vəsait nəzərdə tutulur.
İqt. Mənfəət = Məcmu gəlir – (Aşkar xərclər + Gizli xərclər)
Fərz edək ki, siz iqtisadi analiz üzrə mütəxəssissiniz və hər hansı bir şirkətdə 2 000 manat maaş alırsınız. Bir az sonra qərar verirsiniz ki, öz şirkətinizi qurmalısınız. Bu zaman siz illik 12 min manatlıq gəlirdən imtina etmiş olursunuz. Bu sizin öz biznesinizi qurmağınızın alternativ və ya gizli xərcidir.
Davam edək: bina kirayə götürməklə, işçilərə əmək haqqı verməklə və kompüterlər, printer və digər inventarlar almaqla siz şirkətinizi açmaq üçün 30 min manat xərc çəkirsiniz. Bu isə sizin aşkar xərcinizdir. İlin sonunda siz iqtisadi təhlilləri və bazar araşdırmalarını satmaqla 45 min manat gəlir əldə edirsiniz.
İndi isə iqtisadi və mühasibat mənfəətlərini hesablayaq.
Müh. Mənfəəti = 40 000 – 30 000 = 10 000 manat
İqt. Mənfəət = 40 000 – (30 000 +12 000) = - 2 000 manat
Nəticə etibarı ilə siz şirkətin rəhbəri kimi 10 min manat qazanmısınız. Amma əvvəlki işinizdə qalsaydınız siz 12 min manat əldə edəcəkdiniz. Demək ki, siz şirkət açmaqla 2 000 manat zərər etmisiniz.
Göründüyü kimi bir işə başlamaq üçün alternativ xərclər mütləq nəzərdən keçirilməlidir.
Bizim təkmil rəqabət bazarı üçün apardığımız təhlillər də elə iqtisadi mənfəətə əsaslanır. Yəni satıcının sıfır mənfəətli şəraitdə hələ də su satmasının səbəbi odur ki, başqa işlə məşğul olsa da, bundan çox qazanmayacaq.
Qısamüddətli dövrdə mənfəət
redaktəUzunmüddətli dövrdə bazara giriş və çıxış sərbəst olduğundan satıcılar həmişə sıfır iqtisadi mənfəət əldə edirlər. Şəkil 3-də əks etdirildiyi kimi uzunmüddətli dövrdə tələbin həcmindən asılı olamayaraq qiymətlər əvvəlki səviyyəsinə qayıdır. Amma bu proses bir anda olmur. Qısamüddətli dövrdə isə istehsalçıların sayı sabit olduğundan bazar tələbdəki dəyişikliyə tez reaksiya verə bilmir. Bu səbəbdən təkmil rəqabət bazarında qisamüddətli dövrdə firmalar mənfəət əldə edə və ya zərərlə üzləşə bilərlər.
Qısamüddətli dövrdə zərərlə üzləşən hər firma fəaliyyətini dayandırmır. Bəs bunun səbəbi nədir? Zərərlə işləyən firma niyə fəaliyyətini davam etdirməlidir?
Bu suala cavab vermək üçün ilk növbədə firmanın müvəqqəti bağlanması ilə bazardan çıxmasını fərqləndirmək lazımdır. Bəzən şirkətlər bazar şərtlərinə uyğun olaraq istehsallarını müvəqqəti dayandırırlar. Bu satışdan gələn vəsaitin (gəlirin) xərcləri qarşılamaması ilə bağlıdır. Şirkətin fəaliyyətini müvəqqəti olaraq dayandırması qısamüddətli dövrdə, bazardan çıxması isə uzunmüddətli dövrdə baş verir. Əlavə olaraq qeyd edək ki, qısamüddətli dövrü uzunmüddətli dövrdən fərqləndirən əsas cəhət xərclərin sabit və dəyişənə bölünməsidir.[2]
Qısamüddətli dövrdə firma sabit xərcləri tənzimləyə bilmir. Yəni istehsalı dayandırsa belə sabit xərcləri ödəməlidir. Fərz edək ki, su satışı ilə məşğul olan satıcı müqavilə ilə icarəyə götürdüyü dükan üçün bir il ərzində hər ay 500 manat ödəməlidir. O satışı dayandırsa da, hər ay bu məbləği (sabit xərci- FC) ödəmək məcburiyyətindədir. Satıcının hər ay su satışı həyata keçirmək üçün çəkdiyi əlavə xərclər isə (dəyişən xərclər - VC) 1 000 manatdır. Bura alternativ xərclərdə daxildir. Nəticə etibarı ilə satıcının su satışı həyata keçirmək üçün aylıq məcmu xərci (TC) 1 500 manata (TC=FC+VC=500 manat +1000 manat =1 500 manat) bərabərdir.
Hesab edək ki, su satışından gələn gəlir 1300 manatdır. İqtisadi mənfəəti hesablayaq:
İqt. Mənfəət = 1 300 – 1 500 = - 200 manat.
Su satışından 200 manat zərər əldə edilib. Bu zaman satıcı su satışını dayandırmalıdırmı? Qısamüddətli dövr üçün cavab “XEYR”-dir. Çünki, fəaliyyətini dayandırdıqda o sabit xərclərdən qaca bilmədiyindən aylıq 500 manat zərər etməli olacaq. Nəticədə fəaliyyətin davam etdirilməsi onu əlavə 300 manatlıq zərərdən xilas edəcək.
Bəs firma nə qədər ziyan etməlidir ki, o fəaliyyətini dayandırsın?
Növbəti ay su satışından gələn gəlirin 900 manata bərabər olduğunu fərz edək. Bu zaman İqtisadi mənfəət (zərər) -600 manat təşkil edəcək. Bu zaman fəaliyyəti dayandırmaq lazımdır. Belə ki, fəaliyyət dayandıqda 500 manat zərər əldə olunacaq ki, bu fəaliyyət zamanı 600 manat zərər etməkdən yaxşıdır və satıcı əlavə 100 manat zərərdən özünü xilas edir.
Buradan belə qənaətə gəlmək olar ki, nə qədər ki, sabit xərclər zərərdən çoxdur, firma fəaliyyətini davam etdirməlidir:
FC>|TR-TC|
Zərər əldə edildiyindən məcmu xərclər məcmu gəlirdən böyük olacaq. Bu səbəbdən biz ifadəmizi aşağıdakı şəkildə yaza bilərik:
FC>TC-TR
İfadəni sadələşdirək:
FC>(FC+VC)-TRP
FC-FC>(FC+VC)-TR-FC
0>VC-TR
VC<TR
Nəticə etibarı ilə nə qədər ki, dəyişən xərclər (VC) məcmu gəlirdən (TR) aşağıdır, qısamüddətli dövrdə firma fəlaiyyətini davam etdirməlidir.
Həmçinin : AVC<AR ; AVC<P halllarında qısamüddətdi dövrdə firma fəaliyyətini davam etdirməlidir.
Uzunmüddətli dövrdə firmanın bazarı tərk etmə qərarı.
redaktəFirmanın uzunmüddətdə bazarı tərk etməsi qərarı onun bağlanmaq qərarına bənzərdir.Əgər firma tərk etmək qərarı verərsə ,satışdan əldə olunan bütün gəlirləri itirsə də , bu halda həm dəyişməz(FC) , həm də dəyişən xərclərə (VC) qənaət olunacaqdır.Beləliklə , əgər məcmu gəlirlər(TR) məcmu xərclərdən(TC) az olarsa , firma bazarı tərk etmək qərarı verir.
Biz yenə də , bir az riyaziyyatın köməyi ilə bu şərti daha faydalı edə bilərik.Əgər TR ilə məcmu gəlirləri və TC ilə məcmu xərcləri ifadə etsək, bazarı tərk etmək şərtini belə ifadə edə bilərik:
Əgər TR<TC olarsa , onda bazarı tərk et
Məcmu gəlirlər məcmu xərclərdən az olarsa firmatərk etmək qərarı verir.Bu bərabərsizliyin hər iki tərəfini Q-yə bölsək :
Əgər və ya olarsa , bazarı tərk et
TR/Q orta gəlirə , orta gəlirin isə qiymətə (P) bərabər olduğunu və TC/Q orta xərclərə (AC və ya ATC) bərabər olduğunu nəzərə alsaq , firmanın bazarı tərk etmə şərti belə olar :
Əgər P<AC(ATC) olarsa , bazarı tərk et
Deməli , əgər əmtəənin qiyməti orta məcmuxərclərdən az olarsa , firma tərk etmək qərarı verir.
Buna paralel təhlil bazara yeni bir firmanın daxil olması qərarı da tətbiq oluna bilər. Daxil olma o zaman mənfəətlidir ki , əmtəənin qiyməti istehsalın orta məcmu xərclərindən çox olsun.Beləliklə ,daxilolmaşərti belə yazıla bilər :
Əgər P>AC(ATC) olarsa , bazara daxil ol
Bu şərt tərk etmə şərtinin tam əksidir.