Su Techizati - Wikipedia
Su təchizatı- əhali, sənaye müəssisələri, nəqliyyat və s-in lazımi keyfiyyətli su ilə təchiz edilməsi. Su təchizatı məsələlərini həyata keçirən mühəndis qurğuları kompleksinə də su təchizatı (və ya su kəməri) sistemi deyilir. Təsərrüfat içməli, yaxud kommunal (şəhər, qəsəbə, kənd) və texniki su təchizatına bölünür. Bundan əlavə, mərkəzləşdirilmiş (bütün su işlədicilərinin), qrup, yaxud rayon (iri rayonlarda bir neçə yaşayış məntəqəsinin) və yerli (ayrıca bir obyektin) su təchizatına ayrılır. Yaşayış yerlərindəki bütün müasir su təchizatı sistemləri mərkəzləşdirilmişdir.[1]
Tarixi
redaktəSu təchizatının bir neçə minillik tarixi var. Hələ qədim Misirdə Yer altından su çıxarmaq üçün ən sadə suqaldırıcı mexanizmlərlə təchiz olunan çox dərin quyular tikilirdi; burada gil, taxta və hətta metal (mis, qurğuşun) borular işlədilirdi. Qədim Romada iri mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud idi, su kanallarını dərə və yarğandan keçirən akveduklar burada indi də qalmaqdadır. Qazıntılar nəticəsində Novqorodda XI əsrin sonu XII əsrin əvvəlinə aid taxta borulardan hazırlanmış su kəməri xətti olduğu aşkar edilmişdir. Bakıda, Lahıcda və s. də qədim su kəmrələrinin izləri tapılmışdır.[1]
Müasir su kəmərləri, təyinatından asılı olaraq, kommunal və istehsalat (sənaye, yaxud kənd təsərrüfatı) kəmərlərinə bölünür. Ən iri su işlədiciləri metallurgiya, kimya, neft emalı sənayeləri, habelə İES-lərdir. Su təchizatı məqsədləri üçün səthi (çay, su anbarı, göl, dəniz) və yeraltı sulardan (qrunt və artezian suları, bulaq) istifadə edilir. İri şəhər və sənaye obyektlərinin su təchizatında başlıca olaraq səthi (şirin) sular işlədilir.
İstifadə olunan qurğular
redaktəSuyu təbii mənbələrdən götürmək, təmizləmək və aparmaq üçün aşağıdakı qurğular işlədilir:
- Suqəbuledici qurğular (məsələn, çay, göl, dəniz suqəbulediciləri, yeraltı sular üçün su quyusu, kaptaj və s.);
- Suyu təmizləyici qurğulara və işlədicilərə vermək üçün nasos stansiyaları;
- Təmizləyici qurğular;
- Təmiz su ehtiyatını saxlamaq üçün qurğular;
- Suyu işlədicilərə vermək üçün su kəməri sistemi.