Stenford Universiteti - Wikipedia
Stanford Universiteti (ing. Leland Stanford Junior University - Kiçik Leyland Stanford adına universitet) — Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-nin və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində Stanford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.
Stenford Universiteti | |
---|---|
Stanford University | |
37°25′39″ şm. e. 122°10′12″ q. u.HGYO | |
Əsası qoyulub | 1885[1] |
Tələbə sayı | 17.246[2] |
Ölkə | |
Sayt | stanford.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUniversitetin yaradıcıları dəmiryolu maqnatı Leyland Stanford və onun həyat yoldaşı Ceyndir. Leyland Stanford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L.Stanford Vətəndaş müharibəsi (1861-1865) dövründə prezident A. Linkolnun fəal tərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb. 1884-cü ildə Stanford ailəsinin Avropaya səyahəti zamanı onların azyaşlı oğlu Leyland yatalaq xəstəliyinə yoluxaraq Florensiyada vəfat edir. Dərd-qəm içində olan həyat yoldaşına Ceyn deyir: "Leyland, artıq Kaliforniyanın bütün uşaqları bizim övladlarımız olacaqlar!" Beləcə gənc ailə doğma ştatlarında savadlılığın inkişafına kömək etmək qərarına gəlir. Onlar Amerikanın bir neçə ali təhsil ocaqlarını-Yel, Kornel, Harvard, Massaçusets universitetlərini gəzərək üç layihədən hansını həyata keçirmək haqqında düşünürdülər: Palo-Altoda universitet, San-Fransiskoda təhsil kompleksi və muzey, yoxsa texniki məktəb yaratmaq. Harvard Universitetinin prezidenti çarlz Eliot universitet yaratmağı məsləhət görür. Leyland bu məqsəd üçün nə qədər vəsait lazım olması ilə maraqlananda, Eliot həmin dövr üçün çox böyük bir məbləğ olan 5 milyon dolların gərəkli olduğunu qeyd edir. Leylandın "Bacararıqmı" sualına Ceyn başı ilə "Hə" cavabı verir. Stanfordlar başqa ali təhsil müəssisələrindən fərqli olaraq, birgə təhsil almaq imkanı verən (o vaxtlar universitetlərdə təkcə kişilər oxuyurdular), dünyəvi (başqalarının müxtəlif dini cərəyanlarla bağlılığı vardı) universitet yaratmaq niyyətində idilər. Universitetin məqsədini mədəni və faydalı vətəndaşlar hazırlamaqda görən Stanford 1885-ci ilin noyabrında öz ideyalarını "Təsis yardımı" ("Foundining Grant") adlanan sənədə həkk edir və bununla da universitetin nizamnaməsinin əsasını qoyur. Leyland universitetə belə bir şüar fikirləşir: "Qoy azadlıq yeli əssin!" Hazırlıq işlərinə, tikintiyə və işçi heyətinin toplanmasına 6 il vaxt sərf olunur. Bu işlərdə Stanforda İndiana Universitetinin gənc professoru Devid Cordan fəal kömək edir. Məhz buna görə də Leyland onu 1 oktyabr 1891-ci ildə açılmış Kiçik Leyland Stanford adına universitetə prezident təyin edir. İlk vaxtlarda burada 559 tələbə (qızlı-oğlanlı) və 15 müəllim var idi. Alman modelinə uyğun tikilmiş universitet həm bakalavr, həm də magistr hazırlayır, tədris tədqiqatlarla birləşdirilirdi. 1893-cü ildə senator Stanford vəfat edir. Təşkilat işlərilə bağlı universitetdə araşdırmalar aparılır. İqtisadi böhran ailənin maddi durumuna ziyan vurur.Vəfat etmiş yoldaşının səlahiyyətlərini icra edən Ceyn nəinki universiteti bağlamaqdan imtina edir, hətta şəxsi xərclərini xeyli azaldaraq təhsil ocağına himayəçilik edir. Devid Cordan da bacardığı qədər universitetin inkişafına çalışır. Tanınmış professorlar təzə yaranan əyalət universitetində işləmək istəmirdilər. Cordan cavan, təcrübəsiz, lakin istedadlı və qabaqcıl müəllimləri bu ali təhsil ocağına cəlb edir. Universitetin əsas binasını, kimya laboratoriyasını, möhtəşəm memorial kilsəsini (Memorial Church) tikdirir. Prezident vəsaiti məharətlə paylaşdıraraq demək olar ki, Stanfordların bütün arzularını həyata keçirir. 1903-cü ildə Ceyn Stanford maliyyə hüquqlarını universitetin Qəyyumlar Şurasına təhvil verir. Ceyn Stanford 1905-ci ildə vəfat edir. 18 aprel 1906-cı ildə güclü zəlzələ universitetin binalarının yarısını uçurur və külli miqdarda ziyan vurur. Cordan cidd-cəhdlə bərpa işlərinə başlayır və buna müvəffəq olur. Amerikanın qərbində, eləcə də bütün ölkədə Stanford Universitetinin nüfuzu qalxmışdı, məzunlar öz doğma universitetlərini (alma mater) ABŞ-də yetərincə məşhurlaşdırmışdılar. Bu da dağılmış korpusların bərpasında həm dövlət, həm də qeyri-dövlət yardımlarının alınmasına imkan verirdi. 1913-cü ildə Cordan borcunu yerinə yetirərək təqaüdə çıxır, bu zaman Stanford Universiteti artıq yerində möhkəm qərarlaşmışdı. Rey Uilburun prezidentliyi dövründə universitet sürətlə inkişaf edir. Kafedralar bütöv bir fakültə-məktəblərə çevrilir. II Dünya müharibəsindən öncə burada yeni laboratoriyalar, tədqiqat kompleksləri tikilir. Müharibə illərində isə demək olar ki, universitet öz elmi-texniki tərəqqi dövrünü yaşayır. Stanford alimləri, həmçinin universitetin özü "Manhetten layihəsi"ndə fəal iştirak ediblər. 1934-cü ildə məzunlardan ibarət Stanford Assosiasiyası yaradılır. Onun məqsədi təhsil müəssisəsi və elmi proqramların həyata keçirilməsi üçün vəsait toplamaqdan ibarət olur. Beləcə, Stanford öz gəlir mənbələrini genişləndirir. Stanford Universitetinin çox böyük ərazisi var. Maliyyə böhranı ilə üzləşərkən universitet torpaqlarını sata bilməzdi, çünki Leyland Stanford öz vəsiyyətnaməsində bunu qadağan etmişdi. Torpaqları icarəyə vermək barədə isə vəsiyyətnamədə heç nə yazılmamışdı. Rəhbərlik bundan istifadə edərək torpaqları yüksək texnologiyalara malik şirkətlərə uzunmüddətli icarəyə verir və Silikon vadisi adlanan Stanford sənaye parkı yaradılır. 1951-ci ildə "Varian Associates" şirkəti universitetlə müqavilə imzalayır və 1953-cü ildə parkda ilk binada məskunlaşır. Onun ardınca Eastman Kodak, General Electric, Preformed Line Products, Admiral Corporation, Shockley Transistor Laboratory of Beckman Instruments, Lockheed, Hewlett-Packard və s. şirkətlər də Stanford sənaye parkına köçür. Bu dahiyanə ideya nəticəsində universitet külli miqdarda gəlir əldə edir. 40-60-cı illərdə Volles Sterlinqin prezidentliyi dövründə Stanford ABŞ-nin ən nüfuzlu ali məktəblərindən birinə çevrilir və onu artıq heç kim əyalət universiteti adlandırmır. Soyuq müharibə dövründə ali məktəb əsaslı surətdə hərbi istehsala cəlb edilir, külli miqdarda federal subsidiyalar verilir. Stanfordun elektronika sahəsi üzrə nüfuzu danılmazdır. 1960-cı illərin əvvəllərində universitet "Ford Fondation"dan 100 milyon dəyərində qrant alır, buna qədər hələ heç bir Amerika ali məktəbi belə ambisiyalı layihəyə qol qoymamışdı. 90-cı illərin ortalarında Stanfordda kiçik qruplarda tədrisi, tələbə və müəllimlərin sıx təmasını nəzərdə tutan Stanford Introductory Studies (SIS) -Stanfordun İlkin Tədqiqatları Proqramı qəbul olunub. Həmçinin bakalavr hazırlayan üç məktəb-fakültədə -Yer elmləri, Mühəndislik, Bəşəriyyət və Təbiət elmləri məktəblərində cavan müəllim heyəti üçün xüsusi tədqiqat qrantları sistemi (Research Grants for Junior Fakulty) tətbiq olunub.
Müasir vəziyyəti
redaktəStanford Universitetinin kampusu 3 310 hektarlıq ərazidə, kiçik təpələrin arasında yerləşən düzənlikdə salınıb. Kampusun landşaftını Nyu-York mərkəzi parkının yaradıcısı dizayner Frederik Lo Olmsted tərtib edib. Riçardson neoromantikası və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə kampusun ürəyi hesab olunur. Mavi səma altında yaşıllıqda yerləşən qırmızı tavanlı, qum daşından tikilmiş binalar, güllər, palmalar, hətta o tərəf-bu tərəfə qaçan sincablar burada əsrarəngiz bir mənzərə yaradır. Kampusun ərazisində 7 məktəb: Bəşəriyyət və Elmlər Məktəbi (School of Humanities and Sciences), Mühəndislik Məktəbi (School of Engineering), Yer Elmləri Məktəbi (School of Earth Sciences), Təhsil Məktəbi (School of Education), Biznes Məktəbi (Graduate School of Business), Hüquq Məktəbi (Stanford Law School) və Tibb Məktəbi (Stanford University School of Medicine); Stanford Tədqiqat Parkı (Stanford Research Park), Stanford Tibb Mərkəzi (Stanford University Medical Center) və müxtəlif tibb məntəqələri, Stanford Ticarət Mərkəzi (Stanford Shopping Center); Huver adına Müharibə, İnqilab və Sülh İnstitutu (Hoover Institution on War, Revolution and Peace), Frimen Spoqli adına Beynəlxalq Tədqiqatlar İnstitutu (Freeman Spogli Institute for International Studies), Stanford Center – İntensiv Dil Təlim İnstitutu; 8 milyon cilddən çox kitaba malik olan 20 kitabxana, tələbə yataqxanaları, idman kompleksləri, parklar və s. yerləşir.
Tədris prosesi ABŞ-nin digər ali məktəbləri kimi Stanford Universiteti də yüksək səviyyəli, hərtərəfli hazırlıqlı şəxsiyyətlər yetişdirir. Amerika mütəxəssislərinin fikrincə, bu cür yanaşma seçilmiş sahələrin daha yaxşı mənimsənilməsinə və tələbənin bütün həyatı boyu təhsilini artırmasına, karyeralarında əldə etdikləri bilikləri daha effektli istifadəsinə imkan yaradır.
Hər tələbə öz şəxsi maraq və məqsədinə uyğun fərdi tədris planı hazırlayır. Tələbə, həmçinin universitet və fakültənin də savadlılıq, ingilis dilində lazımi sənədləşmə qaydalarını düzgün şərh etmə, xarici dil bilmə tələblərini nəzərə almalıdır. ümumi tələblər 9 tədris kursundan ibarətdir: mədəniyyət, ideyalar, insani dəyərlər (III kurs); təbii elmlər, tətbiqi elmlər və texnika (III kurs); humanitar və ictimai elmlər (II kurs); dünya mədəniyyəti, Amerika mədəniyyəti (I-III kurs). Hər bir tələbə seçdiyi ixtisas fənlərindən əlavə mütləq bu kursları keçməlidir.
Bu gün Stanford Universiteti sürətlə inkişaf edən beynəlxalq təhsil mərkəzinə çevrilib. Burada 15 000-dən çox tələbə təhsil alır, onların 6 812-ni bakalavrlar, 8328-ni aspirantlar, 51%-ni qadın, 55%-ni əcnəbi tələbələr təşkil edir. Əcnəbilər üçün Stanford, ilk növbədə, prestijli biznes təhsili (MBA) verən ali təhsil ocağıdır. Stanford dünyaya 17 Nobel mükafatçısı bəxş edib. Stanford, sözün əsl mənasında, Silikon Vadisinin tükənməz sərvətidir.
Reytinqi
redaktə2003[5] | 2004[6] | 2005[7] | 2006[8] | 2007[9] | 2008[10] | 2009[11] | 2010[12] | 2011[13] | 2012[14] | 2013[15] | 2014[16] | 2015[17] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2 | 2 | 3 | 3 | 2 | 2 | 2 | 3 | 2 | 2 | 2 | 2 | 2 |
2015/16[18] | 2014/15[19] | 2013/14[20] | 2012/13[21] | 2011/12[22] | 2010/11[23] |
---|---|---|---|---|---|
3 | 7 | 7 | 15 | 11 | 13 |
2015/16[24] | 2014/15[25] | 2013/14[26] | 2012/13[27] | 2011/12[28] | 2010/11[29] |
---|---|---|---|---|---|
3 | 4 | 4 | 3 | 2 | 4 |
Məşhur məzunları
redaktə- Herbert Huver ABŞ-nin 31-ci prezidenti
- Yukio Hatoyama Yaponiyanın sabiq Baş naziri
- Kondoliza Rays ABŞ-nin sabiq dövlət katibi
- Uilyam Şokli Amerika alimi, Nobel mükafatı laureatı
- Con Steynbek Yazıçı, Nobel mükafatı laureatı
- Sergey Brin və Lerri Peyc "Google" saytının yaradıcıları
- Len Bosak və Sendi Lerner "Cisco Systems" şirkətinin yaradıcıları
- Devid Filo və Cerri Yanq Yahoo! saytının yaradıcıları
- Kempbell Duqlas Amerika Botanika Cəmiyyətinin prezidenti, botanik
Mənbə
redaktə- Stanford Universiteti Arxivləşdirilib 2011-08-20 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ A History of Stanford (ing.). / Stanford University
- ↑ https://web.archive.org/web/20220104025838/https://facts.stanford.edu/.
- ↑ 1 2 Global LEI index.
- ↑ "ARWU - Stanford University". Shanghai Ranking Consultancy. 2014. 2021-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)