Silent Hill Videooyun - Wikipedia
Silent Hill — Yaponiyanın "Team Silent" oyun istehsalçısı tərəfindən hazırlanmış və "Konami" şirkəti tərəfindən 1999-cu ildə yayımlanmış survival horror janrında olan videooyun. Bu "Silent Hill" seriyasının ilk oyunudur, oyun fevral ayından avqust ayına kimi yalnız PlayStation üçün satışa çıxarılmışdır. Oyunun dizaynerləri duman və qaranlıq effektlərindən istifadə etməklə konsolun yaratdığı avadanlıq məhdudiyyətlərini uğurla aradan qaldırdılar, nəticədə qrafika baxımından daha da yaxşı oyun təcrübəsi əldə edildi. "Silent Hill" üçüncü şəxs baxış bucağına malikdir, yəni oyun kamerası əsas personajın arxasına yerləşdirilir və personajın hərəkətləri və ətrafı bu prizmadan göstərilir. İlk sağ qalma qorxu oyunlarında əsas personajlar tez-tez döyüş bacarıqları olan təlim keçmiş döyüşçülər idi. "Silent Hill"də isə oyunçu personaj "everyman"dır. Bu o deməkdir ki, oyunçu personaj heç bir qeyri-adi bacarığı olmayan adi bir insandır.[7]
Silent Hill | |
---|---|
Hazırlayanlar | Konami |
Yayımlayanlar | Konami |
Seriya | Silent Hill |
Buraxılış tarixləri | 23 fevral 1999[2][3][…], 16 iyul 1999[4][5], 4 mart 1999[6] |
Janr | psixoloji qorxu[d], survival horror |
Bəstəkar | |
Texniki məlumat | |
Platforma | PlayStation[1], Microsoft Windows |
Oyun rejimi | birnəfərli oyun |
Daşıyıcı | CD |
Rəsmi saytı |
"Silent Hill"də oyunçular övladlığa götürdüyü qızının yoxa çıxmasının arxasındakı həqiqəti açmaq üçün vahiməli qəsəbədə axtarışa başlayan Harri Meysonu idarə edirlər. Harri zülmətə bürünmüş bu tərk edilmiş qəsəbədə axtarışa çıxarkən, qüdrətli bir tanrını diriltməyə cəhd edən bir təriqət ilə qarşılaşır. Harri qızının əsl mənşəyi ilə bağlı şok edici həqiqətlər öyrənir, onu təriqətin əlindən xilas etmək üçün bu qəsəbənin qaranlıq yerlərini araşdırır. Oyunda, oyunçuların bitirə biləcəyi cəmi beş mümkün sonluq var, hər biri onların oyun boyu etdikləri seçimlərlə müəyyən edilir. Bu sonluqlar oyunçular üçün fərqli nəticələr və təcrübələr təqdim edərək oyunun təkrar oynana bilinməsini və təxminedilməzliyini artırır.
Oyun buraxıldıqdan sonra tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılandı həm də kommersiya uğuru qazandı. "Silent Hill" bir çox insan tərəfindən indiyə qədər yaradılmış ən yaxşı qorxu oyunlarından biri kimi yadda qalmışdır.
Gameplay
redaktəOyunçuların əsas məqsədi lənətli "Silent Hill" qəsəbəsində itkin düşmüş qızının axtarışına başlayan Harri Meysonu idarə etməkdir. Bu oyunda oyunçular dəhşətli varlıqlarla döyüşməli, qəsəbənin vahiməli yerlərini kəşf etməli və sirli tapmacaları həll etməlidirlər.[9] Oyun üçüncü şəxs perspektivinə malikdir, oyunun əvvəlcədən ssenariləşdirilmiş bəzi hissələrində kamera fərqli bucaqlara keçid edir. Köhnə sağ qalma qorxu oyunlarında kamera bucaqları tez-tez dəyişir və oyunçulara fərqli perspektivlər verirdi. Lakin "Silent Hill"də bu belə deyil. Kamera sabit qalır və ətraf mühitin sabit görünüşünü təmin edir. Bundan əlavə, Silent Hill-də adətən oyunçunun sağlamlığı, döyüş sursatı və ya digər müvafiq detallar kimi məlumatları göstərən başlıq ekranı (HUD) yoxdur. Oyunçular Harrinin sağlamlıq vəziyyətini yoxlamaq üçün oyunu dayandırmalı və menyuya daxil olmalıdırlar.[10] Həmçinin oyun DualShock pultu ilə oynanıldıqda, oyunçular Harrinin sağlamlığının zəif olduğunu bildirən ürək döyüntülərinin vibrasiyasını pultda hiss edə bilərlər.
Harri bir çox bölgələrdə qəribə bədheybətlərlə qarşılaşır. Özünü müdafiə etmək üçün o, iki növ silahdan, yaxın döyüş silahı və odlu silahdan istifadə edir. Yaxın döyüş silahları ona varlıqlara yaxın məsafədən hücum etməyə işə yarayır, odlu silahlar isə ona güvənli şəkildə uzaq məsafədən ovlamağa imkan verir. Adi bir insan olan Harri, düşmənlərinin çoxsaylı hücumlarına tab gətirəcək qədər qüvvəli deyil, bununla yanaşı o, sürətli qaçdığı zaman yorulur və nəfəsi kəsilir. O, odlu silahlardan peşəkar səviyyədə istifadə edə bilmədiyi üçün, çox vaxt hədəfləri düzgün vura bilmir, bu da oyunçular üçün çətin olur.[11] Harrinin oyunun əvvəllərində tapdığı radio cihazı, ona yaxınlıqda bədheybətlər olması barədə xəbərdarlıq verir.
Oyunçu qəsəbənin hər bir ərazisini göstərən xəritələri tapa və toplaya bilər. Xəritələri menyudan asanlıqla açmaq mümkündür, ancaq oyunçular xəritələri yalnız kifayət qədər işıq olduqda aydın görə və oxuya bilərlər. Duman və qaranlığın birləşməsi, xüsusən də zülmətin hökm sürdüyü "O biri dünya" (ing. Otherworld) kimi tanınan aləmdə aydın görməyi əhəmiyyətli dərəcədə azaldır. Oyunçu oyunun başlanğıcında kiçik bir fənər tapır. Ancaq fənərin şüası yalnız bir neçə metrlik qısa məsafəni işıqlandıra bilir. Oyunçular "Silent Hill" qəsəbəsində irəliləmək üçün açarları axtarmalı və tapmacaları həll etməlidirlər.
Məzmun
redaktəHarri Meyson övladlığa götürdüyü qızı Şeril ilə birlikdə "Silent Hill" qəsəbəsinə tətil üçün yola çıxır. Harri qəsəbəyə çatmağına az qalmış yolda birdən peyda olan gənc qızı vurmamaq üçün maşını qəfildən kənara çəkir, bu manevr qəzaya səbəb olur və Harri huşunu itirir. O, özünə gələndə Şerilin yanında olmadığını görür, narahat olan Harri vaxt itirmədən tez bir zamanda hərəkətə keçərək onun axtarışına başlayır. Qəsəbənin dumanla örtülü və tərk edilmiş olması, həm də bu havada qar yağması Harrinin diqqətini çəkir. O, bu qəsəbənin vahiməli küçələrində gəzərkən qəflətən huşunu itirir və oyananda kölgələrdə gizlənən naməlum varlıqlarla qarşılaşır. Harri qəsəbəni müşahidə edərkən, yaxınlıqdakı şəhərdən bura müəmmalı hadisələri araşdırmaq məqsədilə gələn polis məmuru Sibil Bennettlə tanış olur. Daha sonra təriqət üzvü olan Daliya Harriyə yaxınlaşıb ona qəsəbəni əhatə edən zülməti dəf etdiyinə inanılan Flauros-u hədiyyə edir. Harri qəsəbənin xəstəxanasına daxil olanda onu baş həkim Maykl Kaufman qarşılayır. Kaufman şəhərdə baş vermiş bu kəskin dəyişklikdən heyrətə düşdüyünü bildirir. Bu əsnada Harri qorxunc hadisələrdən sarsılaraq otaqların birində gizlənmiş tibb bacısı Liza Qarlendə rast gəlir.[12][13][14][15]
Bunun ardınca Harri Kaufmanı qorxunc bədheybətin pəncəsindən xilas edir. Daha sonra araşdırma apararkən o, Kaufmanın şəhəri bürüyən qeyri-qanuni narkotik ticarətində iştirakının inkaredilməz sübutlarını aşkar edir. Harri həm də təsadüfən onun əşyaları arasında gizlənmiş aqlaofot butulkasını tapır. O, bu sirli mayenin cinləri qovmaq üçün işə yaradığını öyrənir. Harri araşdırdıqca başa düşür ki, hansısa şər qüvvə qəsəbəni kabusa çevirib və sakinlərin yoxa çıxmasına səbəb olub.
Daliya Harridən qəsəbəni bu günə salan qız kimi təzahür edən iblisi dayandırmasını xahiş edir. Əgər o, heç nə etməsə onda Şeril öləcək.[16] Harri davam edən axtarışında şər qüvvə tərəfindən ələ keçirilmiş Sibil ilə qarşılaşır. Oyunçuların Sibili bu vəziyyətdən xilas etmək şansı var.[17] Harri qızla bir daha qarşılaşdıqda, Flauros işə düşür və onun telekinez güclərini əlindən alır. Bunun ardınca Daliya ortaya çıxır və o, Harriyə bu qızın öz qızı Alessiya olduğunu etiraf edir.
Harri daha sonra xəstəxanada oyanır və tibb bacısı Lizanın onun yanında olduğunu görür. Liza ona zirzəmidə olarkən keçirdiyi dejavü hissindən danışır. Liza özünün də "onlar kimi" olduğunu deyir. Əlacsız vəziyyətdə qalan Liza Harridən kömək istəyir. Sonra Harri onu itələyir və onun üzündən qan axmağa başlayır, qorxuya qapılan Harri onu geridə qoyaraq qaçır. Gündəlikdə yazılana görə Liza, xəstəxanada heç kimin xəbəri olmadan Alessanın qayğısına qalırmış. Alessanın heç vaxt yaxşılaşmayan yaralarını görmək onu qorxudurdu. Kaufmanın verdiyi narkotiklər isə Alessanın vəziyyətini daha da ağırlaşdırmışdı.[18] Daliyanı axtaran Harri Alessanın məğlub olmuş ruhu ilə qarşılaşır həm də onun yanmış qalıqlarını tapır. Kədər və qəzəbdən boğulan Harri ondan qızı Şerilin harada olduğunu soruşur. Alessa ona öz anası Daliyanın yeddi il əvvəl təriqət ilə birlikdə etdiyi ritual haqqında danışır. Bu ritualda Alessa onların bədxah tanrılarını dünyaya gətirmək üçün istifadə edilmişdi. Alessa möcüzəvi şəkildə yandırılma cəhdlərindən sağ çıxmağı bacarır. Onun daşıyıcı olması ona ölümsüzlük bəxş etmiş, onu ölümün əlindən qorumuşdu. Ritual zamanı gənc qızın güclü müqaviməti və zehni möhkəmliyi böyük nəticələrə səbəb oldu. Onun ruhu ikiyə bölünür və bu təriqətin tanrısının doğulmasına mane olur. Alessanın ruhunun yarısı sonralar Harri və həyat yoldaşı tərəfindən övladlığa götürülən körpə Şerilə keçdi. Alessa aldığı yanıq xəsarətlərinə görə xəstəxanaya yerləşdirilir, anası Daliya isə Şerilin ruhunu geri qaytarmaq məqsədilə cadu etməyə çalışır. Şerilin qayıdışını hiss edən Alessa bütün qəsəbəyə tanrının doğulmasına mane olmaq üçün simvollar yerləşdirdi, lakin onun planı uğursuzluqla nəticələndi və ruhun iki hissəsi yenidən birləşdi.[19][20][21]
İstinadlar
redaktə- ↑ redump.org (ing.). Europe.
- ↑ https://www.ign.com/games/silent-hill.
- ↑ https://web.archive.org/web/19991001170447/http://www.konami.com/news/press/99/pr-990223.html.
- ↑ Howell M. The next 4 weeks (ing.). Future plc, 1999. Iss. 213. P. 48–49. ISSN 0261-3697
- ↑ Silent Hill (fr.). 1999. burax. 2. P. 47. ISSN 1296-7777
- ↑ https://www.jp.playstation.com/software/title/slpm86192.html.
- ↑ Fahs, Travis. "IGN Presents the History of Survival Horror". IGN. October 30, 2009. səh. 5. June 29, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2010.
- ↑ Fielder, Joe. "Silent Hill Review for PlayStation". GameSpot. CBS Interactive Inc. February 23, 1999. October 17, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2011.
- ↑ Baldric. "Silent Hill Review for the PS". Game Revolution. AtomicOnline, LLC. March 1, 1999. May 9, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 5, 2008.
- ↑ Fatt, Bobba. "Silent Hill Review". GamePro. GamePro Media, Inc. November 24, 2000. December 27, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2008.
- ↑ Reyes, Francesca. "Silent Hill – PlayStation Review". IGN. February 24, 1999. September 29, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2008.
- ↑ Silent Hill Character Commentary // Silent Hill 3 公式完全攻略ガイド/失われた記憶 サイレントヒル・クロニクル [Silent Hill 3 Official Strategy Guide / Lost Memories: Silent Hill Chronicle] (yapon). NTT Publishing Co., Ltd. July 31, 2003. səh. 24. ISBN 4-7571-8145-0.
- ↑ Konami Computer Entertainment Tokyo, Inc. Silent Hill. PlayStation. Konami of America, Inc. January 31, 1999. Səviyyə/ərazi: Cafe 5 to 2.
- ↑ Konami Computer Entertainment Tokyo, Inc. Silent Hill. PlayStation. Konami of America, Inc. January 31, 1999. Səviyyə/ərazi: Beginning/North Bachman Road.
- ↑ Konami Computer Entertainment Tokyo, Inc. Silent Hill. PlayStation. Konami of America, Inc. January 31, 1999. Səviyyə/ərazi: Alchemilla Hospital.
- ↑ Konami Computer Entertainment Tokyo, Inc. Silent Hill. PlayStation. Konami of America, Inc. January 31, 1999. Səviyyə/ərazi: Lake View Pier Boat.
- ↑ Silent Hill Ending Analysis // Silent Hill 3 公式完全攻略ガイド/失われた記憶 サイレントヒル・クロニクル [Silent Hill 3 Official Strategy Guide / Lost Memories: Silent Hill Chronicle] (yapon). NTT Publishing Co., Ltd. July 31, 2003. 28–29. ISBN 4-7571-8145-0.
- ↑ Konami Computer Entertainment Tokyo, Inc. Silent Hill. PlayStation. Konami of America, Inc. January 31, 1999. Səviyyə/ərazi: Alchemilla Hospital (Nowhere).
- ↑ Silent Hill Series – Characters Relation Map // Silent Hill 3 公式完全攻略ガイド/失われた記憶 サイレントヒル・クロニクル [Silent Hill 3 Official Strategy Guide / Lost Memories: Silent Hill Chronicle] (yapon). NTT Publishing Co., Ltd. July 31, 2003. 10–11. ISBN 4-7571-8145-0.
- ↑ Konami Computer Entertainment Tokyo, Inc. Silent Hill. PlayStation. Konami of America, Inc. January 31, 1999. Səviyyə/ərazi: Nowhere.
- ↑ "Silent Hill Official Guidebook Complete Edition". silenthillchronicle.net. 1999. 18 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2023.
Xarici keçidlər
redaktə- Silent Hill — MobyGames saytında