Sel - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir.
Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir[1]. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir. Böyük Qafqazın Tikanlıçayı, Tikanbala, Kiçik Qafqazın və Qarabağ yaylasının ətəklərində yerləşən bir sıra kəndlər və qəsəbələr böyük zərər görmüşdür. Sellərə qarşı əsas mübarizə tədbirləri hidrotexniki qurğuların (selötürən, selsaxlayan və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşəmeliorativ işlərin yerinə yetirilməsi və s.-dən ibarətdir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları , zəlzələ və vulkanların hesabına yaranır. Bəzən faza rejimi kimi baş verən daşqınlara sel hadisəsi kimi baxırlar. Bu düzgün deyil. Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas cəhətlərindən biri də odur ki, sel axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük təşkil edir və sellərin 1m³ su kütləsinin təxminən 65–70%-i gətirmə materialları, qalanının su kütləsi təşkil edir. Daşqınlarda isə bu əksinədir. Sel axımları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür:
- Sulu-daşlı sellər
- Sulu-palçıqlı sellər
- Daşlı-palçıqlı sellər
Sellər növlərinə görə 2 yerə ayrılır:
- Turbulentli sellər
- Strukturlu sellər — daşlı-palçıqlı və ya sulu-palçıqlı olmaqla onların 1m³ kütləsində gətirmə materialları daha çox üstünlük təşkil edir. Daşqından fərqli olaraq selin tərkibində sudan çox yığıntı olur.
Ümumi məlumat
redaktəEkocoğrafi problemlər yaradan təbii fəlakətlər içərisində sellərin əmələgəlmə səbəbləri nisbətən uzun quraqlıq dövründən sonra çay höszələrində baş verən güclü leysan yağışlar nəticəsində çay yataqlarında və yamaclarda toplanmış küllü miqdarda müxtəlif həcmli qırıntı materiallarının hərəkətə gəlməsidir. Bu materiallar aşınma məhsulları, zəif dayanıqlığı olan yamac çöküntüləri, sürüşmə və sürüşmə-sel axınları kimi təsnif olunan qravitasiyon mənşəli materiallardan, eləcə də yamacların ətəklərində toplanmış ufantı-qırıntı yığıntılarından ibarətdir. Sel Azərbaycanın demək olar ki, bütün dağlıq və dağətəyi ərazilərində, o cümlədən Böyük və Kiçik Qafqazda, həmçinin Arazyanı silsilələrdəki çay hövzələrində dağıdıcı fəaliyyəti ilə seçilən təbii hadisədir . Sel axınlarında qırıntı materiallarının həcmi ümumi axın kütləsinin 10–15%-dən 60–70%-ə qədərini təşkil edir. Buna görə də sellər qısa müddət ərzində keçməsinə baxmayaraq dağətəyi düzənliklərə, çayların gətirmə konuslarına milyon kub. metrə yaxın və daha çox qırıntı materialları çıxarır və çökdürür. Sel axınında qırıntı məhsulunun bərk fazasının çox olması onun dağıdıcı fəaliyyətinin, dinamiki parametrlərinin və sürətinin artmasına səbəb olur ki, bu da onu adi daşqınlardan kəskin fərqləndirir.
Sellərin gözlənilmədən, ani bir vaxt ərzində keçməsi səbəbindən bu təbii hadisənin əvvəlcədən proqnozlaşdırılması qeyri mümkündür. Onun əmələ gəlməsi, formalaşması və keçməsində çoxsaylı amillərin iştirak etməsi, sellərin hansı çay hövzələrində nə zaman baş verə biləcəyini təyin etməyi çətinləşdirir. Çünki hadisə gözlənilmədən, ani zaman ərzində baş verir. Sellərin qısa müddətdə baş verməsi böyük meyilliyə malik yamaclarda və çay dərələrində toplanmış aşınma məhsullarının artan su kütləsi vasitəsilə eyni vaxtda hərəkətə gəlməsi ilə əlaqədardır.
Sellər və ya qırıntı materiallarının qarışığından ibarət sulu — daşlı-palçıqlı axınlar Azərbaycan Respublikasının bütün dağlıq ərazilərində müşahidə olunan dağıdıcı təbiət hadisələrindəndir. Onlar böyük sürətlə hərəkət edərək xalq təsərrüfatının müxtəlif sahələrinə – körpülərə, avtomobil və dəmir yollarına, yaşayış məntəqələrinə, əkin sahələrinə küllü miqdarda ziyan vurur.[2]
Selin əsas kütləsini iri həcmli, müxtəlif ölçülü süxur qırıntıları, dağ yamaclarında toplanmış çöküntülər, fiziki-mexaniki və kimyəvi aşınmanın məhsulları təşkil edir. Dağ yamaclarında gündəlik, aylıq və illik hava temperaturunun kəskin dəyişmə amplitudu, süxurlarda və torpağın səthində temperaturun dəyişməsinə səbəb olur. Bu fiziki hadisə süxurların aşınmasına, onların xırda qırıntılara parçalanmasına və son nəticədə yüksək meyilli yamaclarda müxtəlif qalınlıqda çöküntü qatının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə dağlıq ərazilərdə baş verən geoloji-tektonik proseslər nəticəsində süxurların blokvari parçalanması da baş verir. Bütün bu proseslərin məcmuu denudasiya adlanıb, məkan və zaman daxilində təbii mühiti təşkil edən bütün amillərin birgə fəaliyyəti nəticəsində inkişaf edir. Aşınma prosesinin intensivliyi yamacların səmtindən, meyilliyindən, onu təşkil edən ana süxurların denudasiyaya davamlılığından, torpaq-bitki örtüyündən və nəhayət dağ yamaclarının dinamikasına təsir edən insanın təsərrüfat fəaliyyətindən asılıdır.[3]
Turbulentli sellər
redaktəGur axan sel növüdür. Bu zaman selin elementləri nizamsız hərəkət edərək axım qatlarının intensiv qarışmasına səbəb olur. Turbulent sellərdə gətirmə materiallarının təxminən 30%-ni bərk maddələr təşkil edir. Dağıdıcı qüvvəsinə görə turbulent sellər, digər sellərdən zəif olur.
Laminar sellər
redaktəLaminar sellər — zamanı axın paralel laylarda hərəkət edir. Laminar və ya struktur sellər daşlı-palçıqlı, çınqıllı-palçıqlı və ya palçıqlı olur. Strukturlu sellər sel kütləsi tərkibində gilin çox olması ilə fərqlənir, adətən duru yoğurulmuş kütlə kimi düz istiqamətdə hərəkət edir və çay yatağına, onun ətrafına böyük miqdarda sel materialları çıxarır. Kiş, Şin və digər çay hövzələrində baş verən güclü dağıntılara səbəb olan sellər laminar sellərdir. Bu növ sellərə qarşı mübarizə böyük miqyaslı kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.
Selli çaylara — Böyük Qafqazda-Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Zeydinçay, Güngütçay, Daşaqılçay, Dəmiraparançay, Bumçay, Tikənliçay, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Dəvəçiçay, Gilgilçay; Kiçik Qafqazda-Tovuzçay, Əsrikçay, Zəyəmçay, Gəncəçay, Tərtərçay, Həkəriçay, Viləşçay, Lənkərançay, Ordubadçay, Arpaçay və s. aiddir.
Sellərin əmələ gəlməsi
redaktəƏrazidə sellərin əmələ gəlməsi və formalaşması yüksəklik landşaft qurşaqları ilə sıx əlaqədardır. Arid iqlim şəraitində, respublika ərazisinin meşə ilə örtülü olmayan intensiv parçalanmış ön və alçaqdağlıq hissələrində, nadir hallarda leysan yağışlarından sonra palçıqlı sel axınları əmələ gəlir. Bu cür sellərə Acınohur öndağlığı və Böyük Qafqazın şimal-şərq yamacında Taxtakörpü, Ataçay, Gilgilçay hövzələrində və Qobustanda rast gəlinir.
Bu sellərin qida mənbəyi, əsasən, paleogen-neogenin qumlu-gilli süxurları üzərində inkişaf etmiş müxtəlif mənşəli sürüşmələr və sürüşmə kütlələri olub, onların məhsulları böyük sürətlə (3–4m/san) düzənliklərə çıxırılır.
Böyük və Kiçik Qafqazın meşə ilə örtülü olan ortadağlıq əraziləri kəskin parçalanmış dik yamaclı relyeflə səciyyələnir. Bu ərazilərdə sel ocaqları, əsasən, meşələrin intensiv qırıldığı yamaclarda formalaşmışdır ki, bu da daha çox ilin may-iyun aylarında düşən leysan yağışlarından sonra selin baş verməsinə səbəb olur. Müasir dövrdə respublikanın dağlıq ərazilərində meşələrin qırılması ilə əlaqədar torpaq örtüyünün yuyulması daha da intensivləşmişdir. Bunun əsas səbəbi dağlıq ərazilərdə qırılmış meşə materiallarının yamac boyu sürüdülməsi nəticəsində yaranmış cığırlarda xətti eroziyanın fəal inkişaf edərək 3–5 il müddətində uzunluğu 300–500 m-ə çatan yarğana çevrilməsidir.
Belə ki, meşəaltı torpaqlarda su keçirmə qabiliyyəti, meşəsiz sahələrə nisbətən 10–15 dəfə yüksək olduğundan meşəsi qırılmış yamaclarda yağış suyunun 70%-i maneyəsiz olaraq torpağın səthi ilə axır, yamacları yuyur, şırımlar yaranır və onların sonrakı inkişafı yarğanları əmələ gətirir.
Bitki örtüyü sellərin dağıdıcı qüvvələrini zəiflətməkdə, subasarların qorunmasında, torpaq eroziyasının qarşısının alınmasında böyük rol oynayır. Meşə və kolluqların intensiv qırılması prosesi bu gün bütün çay hövzələrində müşahidə olunur. Sellər dik yamaclara kəsilmiş yarğan, qobu və dərələr boyu daşlı-palçıqlı, turbulent hərəkətli axınlar əmələ gətirir. Bu axınlarda iri daş-qaya parçalarının həcmi daha çox, sürətləri isə 3–6 m/san-dən böyük olur. Bu sellər əksər hallarda leysan yağışlarından sonra formalaşır və əsas çay yataqlarına küllü miqdarda daşlı-palçıqlı kütlə çıxarır. Çay yataqlarının kənarlarında, əsasən gətirmə konusları əmələ gətirən çökmə süxurlar sonrakı mərhələlərdə əsas yataqdan keçən selləri əlavə qırıntı materiallarla qidalandırır və daha güclü sellərin formalaşmasına səbəb olur. Belə hallara Kişçay, Şinçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Pirsaatçay, Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində nisbətən tez-tez rast gəlinir.
Əsas sel ocaqlarının yarandığı ərazilərə Böyük və Kiçik Qafqazın yüksək dağlıq-qayalıq landşaft sahəsi, eləcə də Zəngəzur silsiləsinin yüksək dağlıq qurşaqları daxildir.
İntensiv parçalanmış relyefi ilə səciyyələnən yüksəkdağlığın subnival qurşağı kəskin meyilli yamaclardan təşkil olunmuşdur. İntensiv aşınma prosesi Böyük və Kiçik Qafqazın yüksək dağlıq qurşağında əsas relyef əmələ gətirici amil olub, yamaclarda və onların ətəklərində küllü miqdarda qırıntı materiallarından təşkil olunmuş ufantı konusları və şleyflərin əmələ gəlməsi ilə səciyyələnir. Dik, pilləli, uçurumlu yamacların ətəklərində və çay yataqlarında toplanmış qırıntılar potensial sel ocaqlarının yaranmasına səbəb olur. Sel ocaqlarında qırıntı materiallarının küllü miqdarda olması, bu zonada, əsasən, asan aşınan yura dövrünün gilli şistlərinin geniş yayılması ilə bağlıdır. Aşınmaya tez məruz qalan bu süxurlar fəal tektonik qırılma və çatların dinamikliyi nəticəsində deformasiyaya uğrayır və kəskin parçalanmış relyefin əmələ gəlməsinə səbəb olur. Əsas çayların və onların qollarının yüksək sutoplayıcı sahələri Böyük Qafqaz və Zəngəzur silsilələrində klassik sel ocaqlarının yaranmasına şərait yaratmışdır. İsti və quraq keçən yay aylarında intensiv leysan yağışları zamanı yamaclarda, onların ətəklərində və çay yataqlarında toplanmış qırıntı materialları sülb axımının artması ilə əlaqədar olaraq daşlı-palçıqlı kütləyə çevrilir . Bu dövrdə hər 3–5 ildən bir güclü sellər baş verir, onların sürəti 5–7 m/san-yə çatır və böyük dağıdıcı fəaliyyətləri ilə səciyyələnir.
Müasir dövrdə yüksək dağlığın alp və subalp çəmən landşaftarı yay otlaqları kimi sistemsiz istifadə olunduğundan, yararsız hala düşmüş və eroziya proseslərinin inkişaf etdiyi ekoloji cəhətdən gərgin bir əraziyə çevrilmişdir.
Bu səbəbdən Böyük və Kiçik Qafqazda, eləcədə də Zəngəzur silsiləsində (cənub – şərq hissə) alp və subalp çəmənlikləri əsl dinamik inkişaf edən sel ocaqlarına çevrilmişdir. Bu çəmənliklər hal-hazırda ayrı-ayrı talalar şəklində bəzi çay hövzələrinin yuxarı axınlarında saxlanılaraq, eroziyaya kəskin məruz qalmış çılpaq sahələrə çevrilmişdir. Bu cür sahələrə Böyük Qafqazın bütün çay hövzələrində, Kiçik Qafqazın Həkəri, Tərtərçay hövzələrində və Zəngəzur silsiləsində Ordubadçay hövzəsində rast gəlmək olur.
Azərbaycan ərazisində Böyük Qafqazın cənub yamacı relyefin böyük meyilliyə malik olması ilə əlaqədar dağ-çəmən landşaftı (alp-subalp zonası) daha intensiv eroziyaya məruz qalmış və ərazinin 140 min hektar dağ otlaqlarının təxminən 90 min hektarı daşlı-qayalı çılpaq yamaclara çevrilmişdir. Bunun əsas səbəbi çəmənliklərin bioloji məhsuldarlığı nəzərə alınmadan ərazinin həddindən artıq yüklənməsidir.
Qayalıq qurşaqda intensiv aşınmanın əmələ gətirdiyi böyük həcmli kollüvial və delyuvial çöküntülər, subalp və alp çəmənliklərində torpaq eroziyasının güclənməsi, meşələrin qırılması nəticəsində səthi və xətti eroziyanın inkişafı bütün yamaclarda, çay yataqlarında küllü miqdarda qırıntı materiallarının toplanmasına səbəb olmuşdur.
Antropogen amillərin sellərin formalaşmasına təsiri
redaktəAzərbaycanda son 20 ildə antropogen amillərin təsiri nəticəsində sel hadisələri daha da intensivləşmişdir. Selli ərazilərdə meşələrin insanlar tərəfindən qırılması və məhv olması, otlaqlarda heyvanların sistemsiz otarılması, çay məcralarının insanlar tərəfindən mənimsənilməsi və s. antropogen təsirin nəticəsi olaraq sellərin intensivləşməsinə, dağıdıcı təsirinin çoxalmasına şərait yaradır.
Böyük Qafqazın cənub yamacında məskunlaşan ərazilərinin uzun illər təbii qazla təmin olunmaması, əhalini odunla təmin etmək üçün meşələr çox intensiv qırılmasına səbəb olur. Sellərin fəallaşmasına meşələrin qırılması ilə yanaşı, həmçinin meşə materiallarının daşınması məqsədilə salınmış yollar, cığırlar da sellərin intensivləşməsinə təsir göstərir. Həmçinin heyvandarlıqla məşğul olan əhalinin köçəri həyat tərzi keçirməsi, iri buynuzlu və xırda buynuzlu mal-qaranın otarılması da bitki və torpaq örtüyünün məhv olmasına və aşınmasına səbəb olur ki, bu da sellərin aktivləşməsi ilə nəticələnir.
Dağlıq və dağətəyi ərazilərdə məskunlaşan əhalinin ətraf mühitə düşünülməmiş müdaxiləsinin nəticəsidir ki, hələ də ölkəmizin dağlıq və dağətəyi ərazilərində dağıdıcı sel hadisələri müşahidə olunur və sellərin təkrarlandığı ərazilərdə iqtisadi zərərlərlə nəticələnir.
Sellərin əmələgəlməsində antropogen amillərin mənfi təsirinin aradan qaldırılması üçün görülən tədbirlərin hələlik müsbət nəticə verməməsinin səbəbi yenə də insanların təbiətə düşünülməmiş müdaxiləsinin ilbəil artması ilə izah edilə bilər.
Böyük Qafqazın cənub yamacının meşə ilə örtülü olan ortadağlıq əraziləri kəskin parçalanmış dik yamaclı relyeflə səciyyələnir. Bu ərazilərdə sel ocaqları, əsasən, meşələrin intensiv qırıldığı yamaclarda formalaşmışdır ki, bu da daha çox ilin may-iyun aylarında düşən leysan yağışlarından sonra selin baş verməsinə səbəb olur . Müasir dövrdə respublikanın dağlıq ərazilərində meşələrin insanlar tərəfindən sürətlə və qeyri-qanuni olaraq qırılması ilə əlaqədar torpaq örtüyünün yuyulması daha da intensivləşmişdir. Bunun əsas səbəbi dağlıq ərazilərdə qırılmış meşə materiallarının yamac boyu sürüdülməsi nəticəsində yaranmış cığırlarda xətti eroziyanın fəal inkişaf edərək 3–5 il müddətində uzunluğu 300–500 m-ə çatan yarğana çevrilməsidir .
İnsanın təbiətə düşünülməmiş təsiri sel proseslərinin yaranmasına, formalaşmasına, inkişafına və ya insanın təbiətə düşünülmüş müsbət, bərpaedici təsiri isə sel proseslərinin zəifləməsinə səbəb olur. Sellərin gözlənilməzliyi çox zaman iqtisadiyyata güclü ziyan vurur, insanların sosial həyat şəraitinə zərbələr yetirir. Ona görə də sellərin zərərsizləşdirilməsi üçün bütün elmi-metodiki və mühəndis-təcrübi üsul və vasitələrdən istifadə olunmalıdır. Sel baş verməsi ehtimal olunduqda əhali qabaqcadan xəbərdar olunmalı, əgər sel dağıdıcı xarakterlidirsə onun keçməsindən sonra əhalinin müvəqqəti olaraq haraya köçürülməsinə dair iş planı hazırlanmalı və vaxtaşırı əhali bu haqda məlumatlandırılmalıdır.[4],[5],[6],[7].
Sellərin ziyanı
redaktəSellərin gözlənilmədən, ani bir vaxt ərzində keçməsi səbəbindən bu təbii hadisənin əvvəlcədən proqnozlaşdırılması qeyri mümkündür. Onun əmələ gəlməsi, formalaşması və keçməsində çoxsaylı amillərin iştirak etməsi, sellərin hansı çay hövzələrində nə zaman baş verə biləcəyini təyin etməyi çətinləşdirir. Çünki hadisə gözlənilmədən, ani zaman ərzində baş verir.
Sellərin qısa müddətdə baş verməsi böyük meyilliyə malik yamaclarda və çay dərələrində toplanmış aşınma məhsullarının artan su kütləsi vasitəsilə eyni vaxtda hərəkətə gəlməsi ilə əlaqədardır.
Ümumiyyətlə, sel cavan dağlıq ölkələrin çay dərələri üçün səciyyəvi olan relyef əmələgətirici kompleks prosesdir. Çünki seli adi daşqınlardan fərqləndirən xüsusiyyətlərdən biri sel materiallarının öz tərkib hissələrinə ayrılmadan çeşidlənməməsi və özünün struktur xüsusiyyətlərini saxlamasıdır.
Sellər və ya qırıntı materiallarının qarışığından ibarət sulu — daşlı-palçıqlı axınlar Azərbaycan Respublikasının bütün dağlıq ərazilərində müşahidə olunan dağıdıcı təbiət hadisələrindəndir. Onlar böyük sürətlə hərəkət edərək xalq təsərrüfatının müxtəlif sahələrinə – körpülərə, avtomobil və dəmir yollarına, yaşayış məntəqələrinə, əkin sahələrinə küllü miqdarda ziyan vurur.
Azərbaycanın dağlıq ərazilərində, xüsusən Böyük Qafqazın cənub yamacında və Arazyanı dağ silsiləsinin cənub-şərq hissəsində xüsusilə Ordubadçay hövzəsində sellərin tez-tez təkrar olunması müxtəlif təbii amillərin qarşılıqlı əlaqəsi nəticəsində baş verir. Bura kəskin meyilli dağlıq relyef, çılpaq qayalıqlar, bitki örtüyünün zəif inkişafı, denudasiyaya qarşı davamsız ana süxurların geniş yayılması, aşınma prosesinin intensivliyi və atmosfer yağıntılarının leysan xarakterli olması aiddir (Budaqov, 1969, 1993, Əlizadə Tarixazər, 2011).
Ekoloji gərginlik
redaktəÜmumi ekoloji gərginlik, eroziya-qravitasiya proseslərinin intensivliyi XX əsrin ikinci yarısından başlayaraq təbii-dağıdıcı hadisələrdən biri olan sellərin tez-tez təkrar olunmasına səbəb olmuşdur. Ekogeomorfoloji şəraitin daha gərgin olduğu Böyük Qafqazın cənub yamacının çaylarında, Zəngəzur silsiləsindən axan çaylarda böyük dağıdıcı qüvvəyə malik sellərin tez — tez təkrarlanması müşahidə olunur. Kişçay, Şinçay, Dəmiraparançay, Balakənçay, Gilançay, Ordubadçay hövzələrində isə katastrofik sellərin 3–5 ildən bir baş verməsi adi hala çevrilmişdir.
Dağ çaylarında sellərin dalğalarla keçməsi nəticəsində, onun dağıdıcı qüvvəsinin artması çay dərələrinin morfoloji xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, çay dərələri uzununa profil üzrə müxtəlif geoloji strukturları, denudasiyaya davamlılığı müxtəlif olan ana süxurlara kəsildiyindən yataqlarında geniş və həmçinin dar kaonyonvari sahələr yaranır. İri qaya, daş, palçıq və kökündən qopmuş ağac gövdələrindən tıxaclar yaradır. Sellərin gücü və gətirmələrin həcmi artdıqca, bu tıxaclarda küllü miqdarda sel materialları toplanır. Müəyyən vaxtdan sonra onlar güclü partlayışla və böyük sürətlə dərənin daha geniş sahəsinə hərəkət edir. Dərələrin eninə profilində dar sahələrinin sayının artması daha çox tıxacların formalaşmasına və onların partlayaraq sürətli hərəkəti sellərin hidrodinamikasında dağıdıcı qüvvənin artmasına səbəb olur.
Böyük və Kiçik Qafqazın, həmçinin Zəngəzur silsiləsinin çay dərələrinin əsas morfoloji xüsusiyyətləri dar və geniş məcralı yataqların biri-biri ilə növbələşməsidir. Çay dərələrinin uzununa profilində nisbi yüksəkliklərin böyük kəmiyyətə malik olması da sellərin böyük sürətlə hərəkət etməsinə və onların dağıdıcı fəaliyyətinin güclənməsinə səbəb olan amillərdəndir.
Sürətin, dağıdıcı qüvvənin artması çay hövzəsində selli qolların sayının çoxalması da sellərin yaranmasının morfoloji amillərindən biridir.
Daha dəhşətli və katastrofik sellərlə səciyyələnən Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay morfoloji xüsusiyyətlərinə görə bu tip hövzələrdəndir.
Qeyd edildiyi kimi yüksək və ortadağlıq qurşaqlar selli çay hövzələrində sellərin formalaşdığı əsas ərazilərdir. Aşınma və denudasiya proseslərinin intensivliyi, fiziki aşınmanın məkan və zaman daxilində dəyişməsi də vacib amillərdəndir.
Qar örtüyünün yaratdığı proseslər
redaktəBu zonalarda sabit qar örtüyü il ərzində 160–180 gündən artıq deyildir. (Ə. C. Əyyubov, 1963). Kəskin parçalanmış qayalıq qurşaqda güclü küləklərin olması, onun müəyyən hissəsini qar örtüyündən məhrum edir. Qar örtüyünün zəif olduğu sahələrdə eroziya-denudasiya prosesləri daha uzun dövrü əhatə edir, qırıntı-qravitasion-delüviyal çöküntülərin əmələ gəlməsi uzun müddət ərzində baş verir. Qar örtüyünün sabit olduğu dağ-çəmən və dağ-meşə qurşağında 40–60 gün qırıntı-delüvial çöküntülər donmuş, hərəkətsiz vəziyyətdə olub, denudasiyanın qısa dövrü ilə səciyyələnir. İlin isti dövrünün başlanması ilə əlaqədar dellyüvial çöküntülərin hərəkəti aktivləşir, yumşaq çöküntülərin yamac boyu aşağıya hərəkəti başlayır.
Deməli, intensiv aşınma-denudasiya dövrü yamaclarda qırıntı materialların toplanma müddəti il ərzində 130–150 günə çatır. Bu vaxt yamaclarda toplanmış qırıntı materiallarının müsbət balansı əmələ gəlir. Bu da gələcəkdə sellərin tez-tez təkrar olunmasına səbəb olan əsas amillərdəndir.
Əsasən, yüksəkdağlıqda formalaşan və böyük sürətlə hərəkət edən sel axını çay dərələrinin tranzit sahəsi sayılan orta axınında subasarların, alçaq və orta səviyyəli terrasları və yan qolların gətirmə konuslarının materiallarının yuyulması hesabına daha da güclənir, ayrı-ayrı dalğalar şəklində dağətəyi düzənliklərə çıxaraq, ekoloji gərginlik yaradan dağıdıcı fəaliyyət törədir.
Sellərə qarşı mübarizə tədbirləri
redaktəSellərə qarşı mübarizə tədbirləri, əsasən, iki istiqamətdə- passiv və aktiv metodlarla aparılır.
Passiv metodlara artıq formalaşmış və baş verən sellərin keçdiyi tranzit sahəsi adlanan çay yataqlarında tikilən mühəndisi qurğular, çayların dağlardan düzənliklərə çıxdığı sahələrdə əmələ gətirdiyi gətirmə konuslarındakı yaşayış məntəqələrinin, təsərrüfat obyektlərinin qorunması üçün sahil bərkidici bəndlər daxildir.
Qeyd edilməlidir ki, Azərbaycan respublikasında bu vaxta qədər selli çay hövzələrində sellərə qarşı mübarizə tədbirləri, əsasən, passiv metodlarla aparılmışdır. Axırıncı yüzillikdə bu dəhşətli və dağıdıcı hadisənin daha da intensivləşməsi aktiv mübarizə metodlarının tədbiq olunmasının zəruriyyətinin bir daha qaçılmaz olduğunu sübuta yetirmişdir.
Sellərə qarşı aktiv mübarizə tədbirləri seləmələgətirici təbii və antropogen amillərə qarşı yönəldilməlidir.
Bu mübarizə tədbirlərinə bütün dünyada olduğu kimi qayalıq, dağ-çəmən və meşə zonalarında fitomeliorativ işlərin aparılmasına üstünlük verilməlidir.
Bu tədbirlər içərisində alçaq və ortadağlığın meşə zonasının qorunması, onların qırılmasının minimum sanitar normalarına uyğun aparılmalı, mal-qaranın meşələrdə otarılmasının tamamilə qadağan olunması xüsusi ilə əhəmiyyətlidir.
Müasir ekoloji şəraitin gərginliyi dövründə, dağ yamaclarında ekoloji dayanıqlığın və təbii müvazinətin pozulduğu şəraitdə, yay otlaqları kimi istifadə olunan alp-subalp çəmənliklərində sistemli otarılma normalarının minimum həddə endirilməsi vacib məsələlərdəndir. Belə ki, əsas sel ocaqları bu zonada formalaşmaqla, çay yataqlarını əlavə qırıntı materialları ilə qidalandırır və qarşısı çətin alınan dağıdıcı təbii fəlakət yaradır.
Dünya təcrübəsində və Azərbaycanda çox az aparılmış aktiv mübarizə tədbirləri təsdiq etmişdir ki, intensiv eroziyaya məruz qalmış yüksəkdağlığın dağ çəmən, orta-alçaqdağlığın meşə-meşə-kol geokomplekslərinin bərpası, xüsusən qoruq-yasaqlıq şəraitində daha böyük effektə malikdir. Bu cür tədbirlər Böyük Qafqaz və Zəngəzur silsilələrində qoruqların yaradılmasında özünü göstərmişdir. Nəticə kimi xüsusi qeyd olunmalıdır ki, sel, sürüşmə və daşqınlara qarşı mübarizə tədbirləri dövlət səviyyəsində və fəal üsullarla aparılmalıdır.
Azərbaycan Respublikasının təsərrüfat sahələrinin sel hadisəsindən mühafizə edilməsinin perspektivləri
redaktəAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004–2008-ci illər)" iqtisadi və sosial məsələlərlə yanaşı, respublikanın selli çay hövzələrində mövcud problemlərin aradan qaldırılması, sellərə qarşı əsaslı mübarizə tədbirlərinin həyata keçirilməsi kimi tədbirlər əks olunur.
Azərbaycan Respublikasının Torpaq qanunvericiliyi toplusuna əsasən həmin illər ərazində böyük həcmli işlər aparılmış, xüsusilə sel təhlükəsi olan ərazilərdə 39250 hektar sahədə meşələr bərpa edilmiş olsa da respublikanın əksər selli ərazilərində belə tədbirlərin görülməsinə hələ də ehtiyac vardır.
Bu məqsədlə 2009–2013-cü illər ərzində qəbul olunmuş Dövlət Proqramında sellərə qarşı görüləcək müdafiə tədbirləri selli çaylar üzrə yox, əsasən inzibati rayonlar üzrə nəzərdə tutularaq, sellərə məruz qalan Gədəbəy, Quba, Qusar, Astara, Naxçıvan Muxtar Respublikası, Tərtər kimi inzibati rayonlar da rast gəlinir. Selin vurduğu zərərin ödənilməsi üçün dövlət mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara məxsus əmlakın icbari (məcburi) qaydada sığortalanması 1992–1999-cu ilərdə həyata keçirilirdi. Sonrakı illərdə məcburi sığorta ilə yanaşı könüllü sığorta forması tətbiq olunmağa başlansa da, hələ də Respublikada təsərrüfat obyektlərinin seldən sığortalanmasına az diqqət yetirilir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına (2009–2013-cü illər) əsasən son beş ildə bu və ya digər təbii fəlakətlər nəticəsində zərər dəymiş müəssisələrin, təsərrüfat obyektlərinin bərpa olunması, yenidən inşa edilməsi məqsədilə 2010-cu il yanvar ayının 1-ə qədər 16 mln. 700 min manatdan artıq vəsait obyektlərin və fondların istifadəsinə verilmişdir ki, bunun da 1165,8 min manatını əhaliyə verilmiş kompensasiyalar təşkil edir.
2010-cu ilin statistikasına əsasən, selli hövzələrdə sahilqoruyucu bəndlərin ümumi uzunluğu olmaqla, onun torpaq, daş beton, beton plitələr təşkil edir. [8], [9], [10], [11], [12]
Azərbaycan Respublikası ərazisində sellərin qida mənbələri
redaktəAzərbaycan Respublikasında müşahidə olunan təbii fəlakətlər içərisində Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinə ən böyük zərər vuranı sellərdir. Sellərin formalaşmasında onların qida mənbələri əsas rol oynayır. S. H. Rüstəmov (1961) sellərin fiziki-coğrafi xüsusiyyətlərinə görə, Azərbaycanda mövcud olan bütün selli çay hövzələrini 3 sinfə bölür:
- Struktur sel axınları ilə səciyyələnən çay hövzələri;
- Struktur və qeyri-struktur sel axınlarının növbələşməsi ilə səciyyələnən çay hövzələri;
- Qeyri-struktur sellərlə səciyyələnən çay hövzələri.
Respublika ərazisində baş verən sellərin 87%-i yağış suları, 8%-i qarışıq sular, 5%-i qar suları hesabına formalaşır. Ə. C. Əyyubovun (1962) və R. N. Mahmudovun (2006; 2008) tədqiqatlarına əsasən sellərin formalaşmasına, qidalanmasına, intensivliyinə təsir göstərən amilləri nəzərə alaraq onları aşağıdakı kimi qruplaşdırmaq olar:
- Uzunmüddətli quraqlıqlardan sonra yağan leysan yağışları nəticəsində yaranan sellərə leysan yağış mənşəli sellər deyilir (Böyük və Kiçik Qafqazın əksər dağ çayları);
- Qış aylarında toplanmış qar örtüyünün erkən intensiv əriməsi nəticəsində əmələ gələn sellər, qar mənşəli sellərdir (Böyük Qafqazın cənub yamacının çayları. məs: Girdimançay, Göyçay, Şinçay, Dəmiraparançay və s.)
- Dağlardakı buzlaqların intensiv əriməsi, nəticəsində yaranan sellər buzlaq mənşəli sellərdir (Girdimançay, Vəndamçay və s.)
- Fəal seysmik ərazilərdə yamaclardan qrunt kütləsinin qopması nəticəsində baş verən sellər isə seysmik-tektonik proses mənşəli sellərdir (Mazımçay, Muxaxçay, Vəndamçay, Girdimançay və s.)[13][14][15][16][17]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Fövqəladə hadisələrin təsnifatı- BAKI 2001
- ↑ Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Bakı-2015.
- ↑ 1. Azərbaycan respublikasının coğrafiyası. I cild "Azərbaycanın fiziki coğrafiyası". Baki, 2015, s.109 (E. K. Əlizadə, S. Ə. Tarixazər, X. K. Tanrıverdiyev, H. A. Xəlilov, A. S. Səfərov, V. A. Guluzadə, T. R. Qurbanov, Z. Ə. Həmidova).
- ↑ Azərbaycan Respublikasının regional coğrafiyası, III cild, Bakı 2016, 399 s.
- ↑ Babaxanov N. A, Paşayev N. Ə. Təbii Fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Bakı: 2004, 189 s.
- ↑ Будагов Б. А., Ализаде Э. К., Тарихазер С. А. Современные тенденции развития стихийно-разрушительных процессов и оценка экогеоморфо-логической опасности (на примере южного склона Большого Кавказа) / Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemlərinə həsr olunmuş elmi-praktik konfransın materialları. Шеки: 2005, с. 25–29
- ↑ Исмаилов Ч. Н. Реализация Государственной Программы социально-экономического развития регионов Азербайджана на 2004–2008 годы: достижения и упущенные возможности // Coğrafiyanın müasir problemlərinə həsr olunmuş konfransın materialları. Баку: 2008, с. 349–352
- ↑ Azərbaycanın statistik göstəriciləri, DSK, Bakı: 1992–2008, 217 s
- ↑ Azərbaycan Respublikasının sosial sığorta qanunvericiliyinin toplusu: Bakı: 2006, 201 s
- ↑ Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər), DSK, Bakı: 2009, yanvar, 678 s.
- ↑ Azərbaycan Respublikasında 2008–2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı. Bakı: 2009, s. 1–3
- ↑ Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. "Respublika" qəz., Bakı: 2009, 16 aprel, s. 3–16
- ↑ Mahmudov R. N. Hidrometeorologiya, iqlim dəyişmələri, təbii fəlakətlər və həyat. Bakı: 2006, 75 s.
- ↑ Mahmudov R. N. Azərbaycanın sel təhlükəli çaylarının kataloqu. Bakı: 2008, 106 s.
- ↑ Эйюбов А. Д. Климатические факторы формирования селей в горах Азербайджана // Труды V Всесоюзн. Конф. по селям и меры борьбы с ними. Баку: 1962, с. 64–69
- ↑ Rüstəmov S. H. Kişçay hövzəsinin hidroloji xüsusiyyəti və sel fəaliyyəti // Kişçay hövzəsində sel fəaliyyəti və onunla mübarizə tədbirləri. Bakı: 1961, s. 6–18
- ↑ Azərbaycan respublikasının coğrafiyası. I cild "Azərbaycanın fiziki coğrafiyası". Baki, 2015, s.109 (E. K. Əlizadə, S. Ə. Tarixazər, X. K. Tanrıverdiyev, H. A. Xəlilov, A. S. Səfərov, V. A. Guluzadə, T. R. Qurbanov, Z. Ə. Həmidova)