Sandiqtepe Yasayis Yeri - Wikipedia
Sandıqtəpə yaşayış yeri - arxeoloji abidə.
Haqqında
redaktəSandıqtəpə yaşayış yeri Quba şəhərinin cənub-şərq kənarında, Ağçayın yüksək sahilində yerləşir. Yaşayış məskəni erkən orta əsrlərdə çox böyük olmuş, bir neçə təpə üzərində yerləş mişdi. İnkişaf etmiş orta əsrlərə aid mədəni təbəqə isə yalnız bir təpədə, erkən orta əsrlərdə narınqalanın yerləşdiyi, sıldırımlı yamacları olan təpədə qeydə alınmışdır. Üstünün sahəsi 1600 kv.m, hündürlüyü şimal-qərbdə 11 m, cənub-şərqdə, çay yatağı tərəfdə 24 m-ə çatan bu təpə üç tərəfdən dərin xəndək, bir tərəfdən isə Ağçayın dərin yatağı ilə hüdudlanır. 1300 kv.m sahədə, yəni təpənin 4/5 hissəsində aparılmış arxeoloji qazıntılar mədəni təbəqə yatımının qalınlığının 2-2,4 m olduğunu, onun 1,5 m-ə çatan üst mədəni təbəqəsinin inkişaf etmiş orta əsrlərə, 0,9-1 m qalınlıqda alt mədəni təbəqəsinin isə erkən orta əsrlərə mənsubluğunu təsdiqləmişdir. Üst mədəni təbəqədə iki inşaat qatı müəyyən olunmuşdur.
Təpənin şimal-qərbində IX-X əsrlərə aid inşaat qatında yaşayış evinin bünövrəsi, təsərrüfat quyuları, məişət ocaqları aşkar edilib təmizlənmişdir, XI-XIII əsrlərə aid inşaat qatında iki-üç otaqlı yaşayış evləri komplekslərinin qalıqları, çoxlu çaydaşı töküntüləri aşkarlanıb tədqiq edilmişdir. Üst mədəni təbəqədə yanğın izlərinin qeydə alınması XI-XIII əsrlər ərzində yaşayış məskənində iki dəfə güclü yanğın baş verdiyini ehtimal etməyə əsas verir. İnkişaf etmiş orta əsrlərə aid təbəqədən xeyli şirli və şirsiz saxsı qablar, şüşə məmulat, silah nümunələri, sümük alətlər tapılmışdır. Arxeoloji qazıntıların nəticələrinə əsasən belə qənaətə gəlmək olar ki, XIII əsrin ikinci yarısının hərbisiyasi hadisələri ilə əlaqədar bu yaşayış yerində həyat kəsilmişdir.
Mənbə
redaktə- Azərbaycan arxeologiyası. Altı cilddə. VI cild. Bakı,2008
- T.M.Dostiyev, Q.Ə.Hacıyev, 2000. Dostiyev T.M., Hacıyev Q.Ə. Şabran və Sandıqtəpənin şüşə məmulatının kimyəvi-texnoloji tədqiqinə dair. // BUX. 2000, №2.
- T.M.Dostiyev, 2001. Dostiyev T.M. Şimal-Şərqi Azərbaycan XI-XV əsrlərdə. Bakı, 2001.
- Т.М.Достиев, 1994. Достиев Т.М. Стеклянные изделия средневекового слоя поселения Сандыгтепе. // Известия А Н Азерб. ССР (серия ИФП). 1994, №1-4
- Т.М.Достиев, 1999. Достиев Т.М. Средневековые археологические памятники Северо-Восточного Азербайджана (IХ-середина XIII века). Баку,1999