Serguzesti Merdi Xesis - Wikipedia
Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara — 1850-ci ildə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun qələmə aldığı komediyadır.
Sərgüzəşti mərdi-xəsis | |
---|---|
Janr | Komediya |
Müəllif | Mirzə Fətəli Axundov |
Orijinal dili | azərbaycan dili |
Yazılma ili | 1850 |
Nəşr ili | 1853 |
Sərgüzəşti mərdi-xəsis Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəAzərbaycan realist dramaturgiyasının və nəsrinin inkişafında Mirzə Fətəli Axundov əhəmiyyətli rol oynamışdır. Onun qələmindən çıxmış "Hekayəti-molla Ibrahim Xəlil kimyagər" (1850), "Hekayəti-müsyö Jordan" (1850), "Sərgüzəşti- vəziri xani-Lənkəran" (1850), "Hekayəti xırsi-quldurbasan" (1851) və digər komediyaları özündən sonrakı ədəbi nəslə böyük təsir göstərmiş, ədəbiyyat xəzinəmizin qızıl fonduna daxil olunmuşdur. M. F. Axundovun geniş şöhrət qazanan əsərlərindən biri də "Sərgüzəşti mərdi-xəsis" və ya "Hacı Qara" (1855) komediyasıdır. Bu komediyanın əsas mövzusu xəsislik və onun törətdiyi bəlalardır. Komediyada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəyin toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı baş vermiş əhvalatlar komediyanın süjet xəttini təşkil edir. Əsər Heydər bəyin monoloqu ilə başlayır. Onun sözlərindən məlum olur ki, Heydər bəy Qarabağın məşhur bəylərindəndir. Onun ata-babaları qaçaqçılıqla məşğul olmuş, "tamam Qarabağı qızıl-gümüşlə doldurmuşlar". Indi isə dövr dəyişmiş, Heydər bəy kasıblamışdır. O pul tapa bilmir ki, toy edib nişanlısını gəlin gətirsin. Keçən günləri xatırladıqca Heydər bəy dərdli-dərdli deyir: "Ah, keçən günlər! Keçən günlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. indi nə karvan çapmaq olur, nə ordu dağıtmaq". Onun monoloqu namuslu əməyə xor baxan müftəxor bəylərin simasını açmaq üçün çox səciyyəvidir. Heydər bəyin sözlərindən məlum olur ki, Rusiya Azərbaycanı işğal etdikdən sonra feodal çəkişmələrinə, özbaşınalığa son qoymaq üçün çar hökuməti müəyyən tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də qaçaq mal alverinə qarşı mübarizədir. Heydər bəy ciddi dramatik planda işlənmiş obrazdır. O, Hacı Qara kimi şiddətli gülüş doğurmur, lakin əməyə xor baxan Heydər bəy digər müflisləşən lovğa bəylər kimi dolanışığını quldurluqla, qarətçiliklə təmin etmək istəyir. Bunu özünə şərəf bilən Heydər bəy deyir: "Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm". Naçalnik onu bəd əməllərindən əl çəkməyə çağırsa da, Heydər bəy bunu özünə rəva bilmir. Onun sözlərinə görə, "Cavanşir nəslindən heç vaxt kotançı və kümçü görünməyib". Müəllif onun monoloqu vasitəsilə bu lovğa bəyi ifşa edir. Dramaturq Heydər bəyi birtərəfli təsvir etməmişdir. O, müftəxor və lovğa olsa da, mərd və cəsurdur. Qorxaqlıq, yalançılıq, yaltaqlıq kimi mənfı keyfıyyətlər ona yaddır. Hökumət məmurları tərəfindən tutulanda o, təqsirini boynuna alır, yalan danışmır. Bu hərəkətlərinə görə Heydər bəy oxucuda və tamaşaçıda rəğbət hissi oyadır. "Hacı Qara" komediyası Azərbaycan ədəbiyyatı tarixində dərin iz buraxmış əsər kimi müasir dövrümüzdə də əhəmiyyətini saxlayır. Gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır.[1][2]
Obrazlar
redaktəƏfradi-əhli-məcalis: Heydər bəy Əsgər bəy Səfər bəy Sona xanım, Heydər bəyin adaxlısı Təyyibə xanım, Sona xanımın anası Hacı Qara, sövdagər Tükəz, onun arvadı Bədəl, onun oğlu Kərəməli, onun nökəri Xudaverdi – müəzzin Ohan, qaraulların yüzbaşısı Sərkis, Qəhrəman, Karapet və başqa altı qaraul Mkrtıç və Tuğ əkinçiləri Arakel , Murov , Naçalnik Xəlil – yüzbaşı, murov yanında Murovun və naçalnikin əmaləsi Yasavul
Filoqrafiya
redaktəHacı Qara filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1929[3]-ci ildə ekranlaşdırılmışdır. Film Azdövlətkinoda istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.[4] Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.[5]
İstinadlar
redaktə- ↑ "Sərgüzəşti mərdi-xəsis (Hacı Qara)" (PDF). 2019-10-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-10.
- ↑ https://www.testbook.az/essay/show/477/insalar-mirze-feteli-axundovun-serguzesti-merdi-xesis-komediyasinda-heyder-bey-obrazi
- ↑ Шәрифзадә // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 514–515
- ↑ Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart
- ↑ Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart