Senaye - Wikipedia
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir.
Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar.
Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər.
Neft sənayesi
redaktəRespublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır. Azərbaycanda aşkar edilmiş və sənaye istismarı üçün yararlı neft ehtiyatları 1,5 milyard ton neft, qaz ehtiyatları isə 2 trilyon kubmetrdir. Başqa kateqoriyaları da nəzərə alsaq, Azərbaycanda ümumi həcmi hesablanmış bir necə milyard ton neft və daha çox miqdarda təbii qaz ehtiyatları vardır. Uzun müddət yanacaq sənayesinin inkişafında böyük təcrübəsi olan və bu fəaliyyətdə çox yeniliklərin təşəbbüskarı kimi tanınan Azərbaycan neft və qaz sənayesinin geniş məkanda təcrübəsi təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.
Rusiyanın əsas neft rayonlarının "Birinci Bakı", Volqaboyu və "İkinci Bakı" adlandırılan, Qərbi Sibirin zəngin neft yataqlarının kəşfində Azərbaycan geoloqlarının və mütəxəssislərinin böyük rolunun olması Azərbaycanın "Neft Akademiyası" adlandırılması bunların bariz numunəsidir.
Azərbaycan dünyanın bir çox rayonlarında neft çıxarılma üsullarının təkmilləşdirilməsi, yeni texnikanın tətbiqi və neftçi mütəxəssislərin hazırlanmasında da görkəmli xidmətlər göstərmişdir. "Əsrin müqaviləsi" layihəsi vəzifələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın yanacaq sənayesi də özünün yeni mərhələsinə qədəm qoydu. 2007-ci ildə respublikada əvvəllər 1941-ci ildə çıxarılan rekord miqdar neftdən 41,5 mln. ton neft hasilatında nail olunmuş səviyyəni ötmüş, 50 milyon tona çatdırılmışdır. Xammalın çıxarılması indi də sürətlə davam edir. Neft hasilatının rayonlarının coğrafiyası genişdir.
Qaz kondensantı daxil olmaqla onun ümumi hasilatında birinci yeri Xəzər dənizi və Abşeron iqtisadi rayonu (41,6 min ton) tutur. İkinci yerdə Şirvan şəhəri (469 min ton), üçüncü yerdə Salyan rayonu (304 min ton) durur. Sonrakı yerləri isə Siyəzən rayonu (49 min ton), Neftçala rayonu (46 min ton) və İmişli rayonu (28 min ton) tutur. Neft hasilatı bu ildə 1995-ci ilə nisbətən 4 dəfə, o cümlədən Xəzər dənizində 3,7 dəfə artmışdır. Hazırda neft hasilatının 95,8 %-dən çoxu dənizdə, (40,8 milyon ton) qalan hissəsi isə (1,8 milyon ton) quruda həyata keçirilir. Azərbaycanda neft və qaz hasilatı iki təşkilat tərəfindən həyata keçirilir.
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ);
- Xarici şirkətləri və ARDNŞ-nin iştirakı ilə yaranmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ABƏŞ-ə daxil olanlardanən böyüyünü İngiltərənin "Britsh petrolum" (PP), Norveçin "Statoyl", Türkiyənin "Tpno", ABŞ Yunokl, Ekzol Mebil, Yaponiyanın "İtoci" və İnplks xarici neft şirkətlərini göstərmək olar. Bu şirkətlər "Əsrin müqaviləsi"nə uyğun olaraq "Çıraq", "Günəşli" və "Azəri" neft yataqlarının istismarı ilə məşğul olur.
Onun hasil etdiyi neft və qaz xammalından əldə etdiyi gəlirin əsas hissəsi respublika dövlətinin sərəncamı ilə verilir. Tamamilə Azərbaycana məxsus olan ikinci şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. ARDNŞ-in hasil etdiyi neft və qaz, habelə onlardan əldə edilən gəlir isə (bütövlükdə) Azərbaycan dövlətinə aidir. ARDNŞ-də təxminən ildə 9 milyon tona qədər hasil edilən neftin az bir hissəsi xammal kimi ixrac edilir, əsas hissəsi (7 milyon ton) emala verilir.
Neft emalı
redaktəAzərbaycanda neft emalının dərinliyi dünyanın bir sıra qabaqcıl ölkələrindən geri qalsa da, burada daha çox və keyfiyyətli emal məhsulları alınır. Onlardan ağ nefti avtomobil benzinini dizel yanacağını və s. göstərmək olar. Neft emalı prosesində müxtəlif karbohidrogen yarımfabrikatları alınır ki, önlarında xeyli hissəsi neft kimya və kimya sənayesinin mühüm xammalını təşkil edirlər.
Qaz sənayesi
redaktəSon zamanlar "Şahdəniz" qaz-kondensat yatağının istismara başlaması ilə əlaqədar olaraq bu yanacaq növünün də respublikada hasilat həcmi xeyli artmaqda davam edir. 2007-ci ildə çıxarılan qazın ümumi həcmi 17 mlyd m³ çox olmuşdur ki, bu da 1995-ci ilə nisbətən 2,5 dəfə çoxdur. Əlamətdar haldır ki, 2007-ci ildə hasil edilən qazın həcmi nail olduğu ən yüksək səviyyəni (1985-ci ildə 14–15 mlyd. m³) xeyli ötüb keçmişdir. İstehsal olunan qazın 16,3 mlyd. m³ və ya 97 %-i Xəzər dənizinin payına düşür. Hasil edilən qazın 57 %-i səmt qazı (yəni neftlə birlikdə çıxarılan) təşkil etdiyindən, məhsulun əsas hissəsi mövcud neft yataqlarından çıxarılır. "Şahdəniz" və "Qaradağ" yataqlarında qazın çıxarılması getdikcə mühüm yer tutmağa başlayıb.
Metallurgiya sənayesi
redaktəMüasir Azərbaycan metallurgiya sənayesi qara və əlvan metalların bir sıra sahələrini- yerli xammal ehtiyatlarının çıxarılması (dəmir filizi, alunit), onların ilkin emalı və müxtəlif hazır məhsullar istehsalını əhatə edir. Metallurgiya sənayesinin Azərbaycanda çox qədim tarixi vardır. Hələ XIX əsrin axırlarında və XX əsrin əvvəllərində neft sənayesinin tələbatı ilə qara metalın əridilməsi və ondan müxtəlif məhsullar (kanat, armatur və s.) alınması həyata keçirilirdi. Azərbaycanda sənaye üsulu ilə metalın alınmasına XX əsrin ortalarında başlanmışdır. Respublikanın 250 mln. tondan çox ehtiyatı olan Daşkəsən yataqlarında aşkar edilmiş dəmir filizi əsasında Daşkəsən şəhərində böyük filiz saflaşdırma zavodu tikilmişdir, lakin saflaşdırılan filiz Sovet dövründə sonrakı emal üçün Gürcüstan Respublikasının Rustavi şəhərinə göndərilirdi və onun əsasında burada nəhəng metallurgiya kombinatı tikilmişdi.
Azərbaycanda isə yerli böyük tələbatı ödəmək üçün Rustavidən idxal olunan çuğun və yerli metal qırıntısı xammalı əsasında Sumqayıt şəhərində boru-prokat zavodu tikilmişdir. Bu zavod Azərbaycanın və Sovet İttifaqının başqa neft rayonlarını təmin etmək üçün polad borular və respublika maşınqayırma sənayesi üçün metal məhsullar hasil edirdi. Sovet İttifaqı dağıldıqdan sonra Sumqayıt boru–prokat zavodunun istehsal həcmi xeyli azaldı və Daşkəsən filiz saflaşdırma zavodunda istehsal tamamilə dayandırıldı.
O zaman iri maşınqayırma zavodlarında yaradılan metal əridən sexlər də əsasən öz fəaliyyətlərini azaltdı. Bakıda başlanan tikinti "bumk" ilə bağlı armatura artan tələbatı ödəmək üçün iri "Bakı Steel Componi" zavodu tikildi. 2006-cı ildə fəaliyyətə başlayan Daşkəsən filiz saflaşdırma kombinatında artıq 17,2 min ton (2007-ci il) dəmir filizi hasil olunur. Onun yaxınlığında, Gəncə şəhərində illik istehsal gücü bir milyon ton olacaq boru-prokat kompleksi zavodu tikilir. Bir sıra başqa metallurgiya müəssisələrinin bərpası da həyata keçirilir. Hazırda ölkədə polad borular istehsalı 28,7 min ton təşkil edir. İkinci metallurgiya sənaye sahəsi olan əlvan metallurgiya da yerli xammal əsasında inkişaf edir.
Bu sahənin də inkişaf tarixi çox qədimdir. Hələ XIX əsrdə Almaniyanın "Simens" şirkəti Gədəbəy rayonunda mis filizi çıxararaq, onu Gədəbəy və Qalakənd zavodlarında emal etmişdir. Hazırda əlvan metallurgiyanın Zəylik alunit xammalı əsasında (alüminium xammalı) respublikada geniş müəssisələr şəbəkəsi yaradılmışdır. Zəylik alunit yatağından çıxarılan alunit və Yeni Gvineyadan idxal olunan boksit (alüminium xammalı) əsasında Gəncə şəhərində Sovet dövründə (Gil torpaq zavodu) tikilmişdir. Xammalın emalı prosesində müxtəlif məhsullar (kükürd turşusu, kalium gübrəsi və s.) da istehsal olunurdu. Hazır yarımfabrikat məhsulu olan metal alyminum və müxtəlif son məhsullar hazırlamaq üçün gil torpaq xammalı Sumqayıt alüminium zavoduna göndərilirdi. Burada zavodun özündə hasil edilən məhsullardan başqa, onun xammalı əsasında Bakıda, Gəncədə, Naxçıvanda müxtəlif hazır məhsullar, o cümlədən məişətdə işlənən müxtəlif qab-qacaq istehsal edilirdi. Sovet dövründə Sumqayıt alüminium zavodunda istehsal edilən məişət soyuducuları üçün buxarlayıcılar ölkənin digər regionlarının tələbatını ödəyirdi.
Bunlardan başqa, Naxçıvanda kəşf edilmiş Parağaçay yatağında molibden metalı, Gümüşlü və Ağdərə yataqlarında sink və qurğuşun çıxarılırdı və emal üçün başqa respublikalara göndərilirdi. Sovet İttifaqının süqutu nəticəsində bu müəssisələrin əksəriyyətində istehsalın həcmi dayandırıldı, ya da xeyli azaldı. Müstəqillik dövründə iqtisadiyyatın sərbəst inkişafına və böyük tələbata uyğun olaraq metallurgiyanın yeni prinsiplər və texnologiya əsasında inkişafı diqqət mərkəzindədir. Zəylik filiz mədənində yeni texnologiyalar əsasında istehsal bərpa olunmuşdur. Xammalın yaxınlığında Gəncə şəhərində ildə 100 min ton məhsul verəcək (əvvəlkindən də çox) kompleks tikilmək üzrədir.
Müstəqilliyin ilk dövrlərində çoxlu başqa sənaye sahələri kimi əlvan metallurgiyanın müəssisələri tənəzzülə uğrasa da, hazırda əsas alüminium müəssisələri bərpa edilərək işləyir. Gəncə alüminium zavodunda xammalın saflaşdırılması üzrə fəaliyyətin yenidən qurulması nəticəsində 2007-ci ildə gil-torpaq istehsalı 384,5 min tona çatmışdır. Bundan başqa, qeyd etdiyimiz kimi, Gəncə şəhərində illik istehsalı xeyli olan müasir alüminium emalı zavodu yenidən qurulur. Ümumiyyətlə, Azərbaycan ərazisi müxtəlif qiymətli əlvan filiz yataqlarının ehtiyatları ilə çox zəngindir. Hazırda Azərbaycanın bütün filiz yataqları içərisində əlvan metal filizləri yataqlarının ehtiyatlarının dəyər ifadəsində xüsusi çəkisi təxminən 44 %-ə bərabərdir, bunun isə 13 %-ni alüminium xammal ehtiyatları təşkil edir. Azərbaycan ərazisinin müxtəlif hissələri qiymətli qızıl yataqları ilə də xeyli zəngindər. İlk olaraq 2008-ci ildə Gədəbəy rayonunun qızıl yataqlarının istismarına başlanmışdır.
Bu faydalı qazıntıların yataqları, həmçinin, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda Piyazbaşı, Şəkər və s. yataqları, Qazax rayonunda Dağkəsəmənli qızıl-mis, Tovuz rayonunda Qoşa Qızıl yataqları aşkar edilmişdir, xeyli miqdar qızıl yataqları Azərbaycanın işğal olunmuş müxtəlif ərazilərində, o cümlədən Kəlbəcər rayonunun Qoşabulaq, Zəngilan rayonunun Vejnəli qızıl yataqlarında bu qiymətli xammalın böyük ehtiyatları müəyyən edilmişdir. Bu zəngin sərvətlər düşmən tapdağından azad edildikdən sonra mənimsənilməyə başlanılacaqdır.
Azərbaycanın çox əhəmiyyətli polimetal (Şəki-Zaqatala iqtisadi rayonunda Filizçay, Kasdağ, Kaxtex və s. yataqlar, Ağdərə rayonunda "Mehmana" yataqları) sərvətləri kükürd xammalının idxalı və daha böyük həcimdə kükürd turşusu istehsalını təşkil etmək, eyni zamanda respublikanın böyük ehtiyacı olan mis və digər metalların çıxarılması və emalı üzrə yeni istehsal sahələrinin tikilməsi üçün böyük imkanları vardır. Bu qiymətli xammal növündən düzgün istifadə edilməsi Azərbaycan həyatının çox sahələrində mühüm əhəmiyyət kəsb edəcəkdir. Məsələ ondadır ki, xammalın hasil edilən rayonlarında saflaşdırılması və emalı ciddi problemlərin yaranmasına səbəb ola bilər.
Hər şeydən əvvəl çıxarılan xammalın elə yerlərdə emalının həyata keçirilməsi ərazinin təbiətinə, ilk növbədə meşələrinə və su mənbələrinə xələl gətirə bilər və ümumiyyətlə bu, ölkədə təbiəti qorumaq işinə ciddi mənfi təsir göstərər. Odur ki, Filizçay polimetal filiz xammalı çıxarıldıqdan sonra düzgün olardı ki, onun emal müəssisəsinin yataq ərazisinə yaxın olan qonşu Şəki rayonu daxilində yerləşən və kənd təsərrüfatına yararlı olmayan, habelə təbiəti qorumaq sahəsində heç bir əhəmiyyət kəsb etməyən, dəmir yolu xəttinə yaxın Mingəçevir güclü enerji mərkəzindən çox da uzaqda olmayan Hacınohur düzündə yerləşdirilməsi daha məqsədəuyğun hesab edilməlidir. Filiz saflaşdırılması və onun əsasında iri kimya-metallurgiya kompleksinin yaradılması Şəki-Zaqatalanın ətraf rayonlarında bol olan işçi qüvvəsindən səmərəli istifadə üçün yararlı ola bilər.