Ronin - Wikipedia
Ronin (浪人?, hərf. "dalğaların insanı") – feodal Yaponiyada ağasız qalmış və ya klanı ilə əlaqələrini kəsmiş samuray növü. Samuray ağasının ölümündən sonra roninə çevrilirdi. Miyamoto Musaşi, Sakamoto Ryoma və Yamada Naqamasa ən məşhur roninlər hesab olunurlar. Müasir dövrdə isə Yaponiyada universitetə daxil olmaq cəhdi hələki uğursuz olan lisey məzununu ronin adlandırırlar.[1]
Etimologiya
redaktə"Ronin" sözü yapon dilindəki dalğa və insan heroqliflərinin birləşməsindən yaranmışdır. Bu söz özünə aid bir yer tapa bilməyən şəxsi bildirir. Erkən Yaponiya tarixində "ronin" sözü öz torpağını başqa yerdə iş tapmaq üçün tərk edən kəndliləri bildirmək üçün işlədilirdi.[2] Muromaçi dövründən etibarən "ronin" termini komandirlərini və maaşlarını itirmiş samurayları bildirmək üçün istifadə olunmağa başlamışdır.[1]
Tarixi
redaktəOdava qəsrinin 1590-cı ildəki süqutundan sonra ölkədə ağasız qalmış samurayların sayının artması Toyotomi Hideyoşinin hakimiyyəti üçün potensial təhlükə yaratmışdır. Bu səbəbdən Hideyoşi tərəfindən ölkədə qılınc ovuna başlanmışdır. 1600-cü ildə baş vermiş Sekiqahara döyüşündən sonra ölkədəki roninlərin sayı daha da artmışdır. Bu dövrdə 400.000-dən çox döyüşçünün başçısız qaldığı təxmin edilir. 100.000-dən çox ronin Toyotomi Hideyorinin qüvvələrinə qatılaraq Osaka qəsrinin mühasirəsində iştirak etmişdir.[1]
Tokuqava İeyasunun Osakadakı qələbəsindən sonra roninlərin hərbi xidmətinə ehtiyac duyulmamışdır. Onların çoxu qəsr-şəhərlərdə özlərinə yeni peşələr tapmışdır. Bəziləri əyləncə sektoruna keçmiş, bəziləri isə müəllim olmuşdurlar. Bəzi roninlər isə qılıncoynatma və oxatma kimi sahələr üzrə hərbi müəllimlik etməyə davam etmişdir.[1]
Edo dövründə roninlərlə bağlı baş verən iki əsas hadisə Keyan üsyanı (1651) və 47 ronin hadisəsidir (1703). Keyan üsyanı vəziyyətlərindən narazı olan roninlərin Tokuqava hökumətinə qarşı başladılmışdı. Üsyan uğursuz olsa da, Tokuqava hökumətinin roninlərlə bağlı bir sıra tədbirlər keçirməsi ilə nəticələnmişdir. 47 ronin hadisəsi isə ağalarının intiqamını almaq istəyən roninlər tərəfindən həyata keçirilmişdir. Roninlər intiqam aldıqdan sonra şoqunluq tərəfindən intihar etməyə məcbur edilmişdirlər. Ağalarına olan sədaqəti onların Yaponiyada qəhrəmanlar kimi qəbul olunmasına səbəb olmuşdur. Onların hekayəsi hələ də Yaponiya populyar qalmaqda davam edir.[1]
Meyci islahatına (1868) gedən dövrdə roninlərin yeni növü ortaya çıxmışdır. Bu roninlər imperatoru dəstəkləmək üçün ağalarını tərk edirdilər və Tençuqumi üsyanı (1863) kimi hadisələrin başçısı olurdular. Bəzi ağalar roninlərə onları tərk etmələri üçün gizlicə icazə verirdilər. Meyci islahatından sonra Yaponiyanın sosial sistemi dəyimiş və ronin sosial kateqoriya kimi yoxa çıxmışdır. Buna baxmayaraq, XIX əsrin sonundan İkinci Dünya müharibəsində qədər Çində və Mancuriyada fəaliyyət göstərən Yaponiya aktivistlərini Şina ronin və Manşu ronin adlandırırdılar.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan. səh. 337
- ↑ Kodansha Encyclopedia of Japan. səh. 336
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 336–337. ISBN 0-87011-626-6. İstifadə tarixi: 1 yanvar 2024.
Xarici keçidlər
redaktə- Vikianbarda Ronin ilə əlaqəli mediafayllar var.