Robert Volker Irvin - Wikipedia
Robert Volker İrvin (ing. Robert Walker Irwin; 4 yanvar 1844, Kopenhagen[1] – 5 yanvar 1925, Tokio[1]) – ABŞ biznesmeni və Havay krallığının Yaponiyadakı diplomatik nümayəndəsi. "Yaponların Havay adalarına miqrasiyasının atası" hesab olunur.[3]
Robert Volker İrvin | |
---|---|
Doğum tarixi | 4 yanvar 1844 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 yanvar 1925 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | Vilyam Volles İrvin[d][2] |
Anası | Sofiya Arabella İrvin[d][2] |
Fəaliyyəti | iş adamı, siyasətçi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRobert Volker İrvin 1844-cü ildə Danimarkanın Kopengahen şəhərində pensilvaniyalı ailədə doğulmuşdur.[3][4] "Pacific Mail Steamship Company" şirkətinin üzvü olan qardaşı Riçard onu 1866-cı ildə şirkətin agenti kimi Yaponiyanın Yokohama şəhərinə göndərmişdir.[4] Daha sonra Yokohamada "Walsh, Hall and Co" ticarət şirkətində işləməyə başlamış, burada siyasətçilər Kaoru İnoye və Takaşi Masuda, eləcə də, biznesmen Okada Heyzo ilə tanış olmuşdur.[4] 1876-cı ildə onlarla birlikdə "Mitsui" şirkətini qurmuşdur.[4]
1880-ci ildə ABŞ-nin Yaponiyadakı baş konsulu olan Harlan Lillibricin ABŞ-yə qayıtmasından sonra İrvin Havay adaları əlaqələri ilə məşğul olmağa başlamışdır.[4] Tezliklə Lillibric onu Havay krallığının Yaponiyadakı birinci baş konsulu təyin etmişdir.[3][4] 1884-cü ildə xüsusi nümayəndə statusuna yüksəlmiş və Havay adaları ilə Yaponiya arasında ilk miqrasiya müqaviləsində vasitəçi rolunu oynamışdır.[3] İrvinin vasitəsilə bir çox yapon Havay adalarına səyahət edərək işlə təmin olunmuş və şəkər plantasiyalarında işləməyə başlamışdır.[3] Onun yaratdığı sistematik miqrasiya planı nəticəsində 1885–94-cü illərdə 28.691 yapon Havay adalarına miqrasiya etmişdir.[4]
İrvin 1900-cü ildə Tayvanda "Taiwan Seito" adlı şəkər emalı zavodu qurmuşdur.[3] Daha sonra Yaponiya vətəndaşlığına qəbul edilmiş, Yaponiya hökuməti tərəfindən "Doğan günəş" və "Müqəddəs xəzinə" ordenləri ilə təltif olunmuşdur.[3] 1925-ci ildə Tokioda ölmüşdür.[4] Onun Qunma prefekturasının İkaho şəhərində yerləşən yay evi 1986-cı ildə bərpa edilmişdir.[4]
Ailəsi
redaktəRobertin atası Vilyam Volles İrvin ABŞ siyasətçisi və diplomatı olmuşdur.[4] Anası isə Bencamin Franklinin dördüncü nəsildən birbaşa davamçısı idi.[4] Robertin 4 bacı-qardaşı var idi.[4]
Robertin ən böyük qızı Sofiya İrvin və ya digər adı ilə Bella İrvin 1884-cü ildə Tokioda doğulmuşdur.[3] Kolumbiya Universitetində təhsil aldıqdan sonra 1916-cı ildə Yaponiyaya qayıtmış və 1917-ci ildə Tokioda müəllimlər üçün İrvin məktəbinin əsasını qoymuşdur.[3] 1942-ci ildə Yaponiya vətəndaşlığına qəbul edilmiş, 1947-ci ildə atasından qalan maddi vəsaitlə məktəbi böyütmüşdür.[3]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 336. ISBN 0-87011-623-1. İstifadə tarixi: 19 oktyabr 2022.
- Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 418. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 18 oktyabr 2022.