Rays Universiteti - Wikipedia
Rays Universiteti (ing. Rice University) və ya tam adı Vilyam Marş Rays Universiteti (ing. William Marsh Rice University) və ya sadə şəkildə adlanması Rays — ABŞ-nin özəl elmi-tədqiqat universiteti. Texas ştatında, Hyustonda, Hyuston muzeylər rayonu və Texas Tibb Mərkəzi yaxınlığında yerləşir.
Vilyam Marş Rays Universiteti | |
---|---|
William Marsh Rice University | |
29°43′01″ şm. e. 95°24′10″ q. u.HGYO | |
Əsası qoyulub | 1912 |
Tip | Özəl |
Direktor | David Leebron |
Tələbə sayı | 7.643[1], 7.956[2] |
Şəhər | Hyuston |
Ölkə | |
Ünvan | ABŞ, Texas ştatı, Hyuston şəhəri |
Sayt | rice.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUniversitetin tarixi Massaçusets ştatından olan biznesmen Vilyam Marş Raysın adı ilə bağlıdır. Texas ştatında pambıq satışı ilə məşğul olan Rays yüksək məbləğdə vəsait əldə edir. O, 1891-ci ildə Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra Raysın vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan onun vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
1907-ci ildə yeni yaradılacaq ali təhsil müəssisəsinin Qəyyumlar Şurası Prinston Universitetində Riyaziyyat və astronomiya kafedrasının müdiri olan Edqar Odell Lovetti Rays İnstitutuna rəhbər təyin etmək qərarına gəlir. 1908-ci ildə Lovett təklifi qəbul edir və 1912-ci il oktyabrın 12-də rəsmi olaraq Rays İnstitutunun prezidenti təyin olunur. Bu vəzifənin icrasına başlayan E. O. Lovett 1908–1909-cu illər ərzində dünyanın 78 ali təhsil müəssisəsinə baş çəkir və tədqiqatlar aparır. Səfərləri zamanı Pensilvaniya Universitetinin estetik gözəlliyini, Kembric Universitetinin yataqxana kolleclərini bəyənən Lovett gördüklərini rəhbərlik etdiyi ali məktəbdə tətbiq etmək qərarına gəlir. Lovett yüksək səviyyəli, liberal və texniki təhsil verən ali məktəb yaratmaq niyyətində olur. 1911-ci ildə Rays İnstitutunun hazırda "Lovett Holl" kimi tanınan inzibati binası tikilir.
1912-ci il sentyabrın 23-də, Raysın ölümünün ildönümündə universitetin Vilyam Marş Rays adına Ədəbiyyat, Dəqiq və Humanitar Elmlərin İnkişafı İnstitutu fəaliyyətə başlayır. İnstitutda 48 oğlan, 29 qız tələbə təhsil alır və yarandığı gündən institutda qızlarla oğlanların birgə təhsil almalarına icazə verilir. 3 həftə sonra həmin institutda dünyanın diqqətini çəkəcək beynəlxalq akademik festival təşkil olunur. 1916-cı ildə institutun 35 nəfər tələbəsinə bakalavr, 1 nəfərə isə magistr dərəcəsi verilir. Qeyd edək ki, universitetdə ilk doktorluq dərəcəsi 1918-ci ildə verilmişdir.
1930-cu ildə "Lovett Holl"un yaxınlığında Vilyam Marş Raysın əyləşmiş şəkildə böyük tunc heykəli qoyulmuşdur.
İkinci Dünya müharibəsi dövründə Rays İnstitutu "Milli V-12 Donanma Kollec Tədris Proqramı"nda iştirak edən 131 ali məktəbdən biri olur. İnstitutun prezidenti Lovettin təklif etdiyi yataqxana kolleclərinə uyğun olaraq 1958-ci ildə buradakı İst Holl Beyker, Sout Holl Uill Rays, Vest Holl Hanszen, Uiess Holl isə Uiess kolleci adlandırılır.
1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Vilyam Marş Rays Universiteti adlandırılır.
1962-ci ildə ABŞ prezidenti Con Kennedi Rays stadionunda çıxış edərək 1960-cı illərin sonunadək ABŞ-nin Aya kosmik gəmi göndərəcəyini və dünyanın ən nəhəng kosmik dövlətə çevriləcəyini bəyan edir. 1960-cı ildən Rays Universiteti NASA ilə əməkdaşlığa başlayır və bu günədək həmin əlaqələr davam etməkdədir.
1974-cü ildə Rays Universitetində Cess Cons İdarəetmə Ali Məktəbi və Şeferd Musiqi Məktəbi yaradılır. 1979-cu ildə universitetin Rays Sosial Elmlər Məktəbi fəaliyyətə başlayır.
Müasir vəziyyəti
redaktəRays Universitetinin kampusu meşəlikdən ibarətdir və Hyuston şəhərində 1,15 km² (285 akr) ərazini əhatə edir. Kampus 5 küçədən (Qrinbraye, Rays Bulvar, Sanset Bulvar, Universitet Bulvar və Meyn Strit) ibarətdir. Son illər kampus yaxınlığında yeni-yeni binalar tikilsə də, universitetin inzibati və akademik binaları əsas kampusda yerləşir. Magistr və doktorantlar üçün yataqxanalar, Qrinbraye, Uiess binaları universitet şəhərciyindən kənarda yerləşir. Rays Universitetinin kampusu gözoxşayan yaşıllığı ilə diqqəti cəlb edir, şəhərcikdə 4000 ağac və kolluq, eləcə də digər bitki növləri mövcuddur. Universitetin ilk prezidenti Edqar Odell Lovett bu təhsil müəssisəsinin memarlıq üslubuna və estetik gözəlliyinə xüsusi diqqət ayırdığından kampus gözəlliyi ilə seçilir. Şəhərciyin binaları əsasən Bizans üslubunda, qum və çəhrayı kərpicdən inşa edilib. Kampusun ərazisindəki ən möhtəşəm bina "Lovett Holl"dur. Kampusdakı binalar dördbucaq formasında tikilib.
Məktəb və fakültələri
redaktəRays Universitetində aşağıdakı məktəb və fakültələr fəaliyyət göstərir:
- Memarlıq Məktəbində Memarlığın tarixi, Şəhərsalma və regional planlaşdırma, Memarlıq və dizayn, Təsviri incəsənət proqramları təklif olunur. Məktəb 1912-ci ildə yaradılıb.
- Syuzanna Qlasskok Fasiləsiz Təhsil Məktəbi Liberal tədqiqatlar, İngilis dili ikinci dil kimi departamentlərindən ibarətdir.
- Corc Braun Texniki Məktəbində Biomühəndislik, Kimya və biomolekulyar mühəndislik, Vətəndaş və ekologiya mühəndisliyi, Hesablama və tətbiqi riyaziyyat, Kompüter elmləri, Elektrotexnika və hesablama texnikası, Maşınqayırma və materialşünaslıq, Statistika məktəbləri mövcuddur.
- Humanitar Elmlər Məktəbi nəzdində Qədim Aralıq dənizi sivilizasiyası, İncəsənətin tarixi, Xarici dillər, Qadın, gender və cinsi fərqlilik, Klassik tədqiqatlar, İngilis, Fransız, Alman, İspan tədqiqatları, Tarix, Humanitar tədqiqatlar, Kineziologiya, Dilçilik, Fəlsəfə, İlahiyyat, Vizual və dramatik incəsənət departament və mərkəzləri fəaliyyət göstərir.
- Cess Cons Ali Biznes Məktəbi Rays sahibkarlıq, Rays icraedici təhsil, MBA, Rəhbər işçilər üçün MBA, Peşəkarlar üçün MBA, Biznes üzrə PhD proqramları təklif edir.
- Şeferd Musiqi Məktəbi 1974-cü ildə yaradılıb və ölkənin ən böyük musiqi məktəblərindən biridir. Məktəbdə orkestr və opera musiqisinin oyrənilməsinə xüsusi diqqət ayrılır.
- Uiess Təbiət Elmləri Məktəbinə Biokimya və hüceyrə biologiyası, Kimya, Ekologiya və təkamül biologiyası, Yer Elmləri, Riyaziyyat, Fizika və astronomiya departamentləri daxildir.
- Sosial Elmlər Məktəbi Antropologiya, Koqnitiv elmlər, İqtisadiyyat, İdarəetmə tədqiqatları, Siyasət tədqiqatları, Siyasi elmlər, Psixologiya, Şell sabit inkişaf, Sosiologiya departamentlərindən, Kinder Şəhər Tədqiqatları, İctimai Elmlər Elmi-Tədqiqat institutlarından, Hobbi Texasın Öyrənilməsi Mərkəzindən ibarətdir.
Rays Universiteti yuxarıda sadalanan ixtisaslardan əlavə, Hərbi-hava qüvvələri elmləri, Tətbiqi fizika, Koqnitiv elmlər, Hesablama elmi və texnikası, Təhsilin sertifikatlaşması, Ekologiya, Rays Liderlik, Hərbi, Hərbi-dəniz elmləri və s. proqramlar təklif edir.
Yataqxanaları
redaktəRays Universitetində 11 yataqxana fəaliyyət göstərir. Bunlar Beyker, Braun, Dunkan, Hanszen, Cons, Lovett, Martel, MakMartri, Uill Rays, Sid Riçardson, Uiess yataqxana-kollecləridir.
İdman
redaktəABŞ-nin digər universitetlərində olduğu kimi, Rays Universitetində də idmanın bütün növlərinə xüsusi diqqət ayrılır və bu sahədə Rays Universitetinin əsas rəqibi Hyuston Universitetidir.
Kontingent
redaktəUniversitetin prezidenti 2004-cü ildən professor Devid Librondur. Ali məktəbin rektoru isə professor Corc Maklendondur.
Universitetdə 650 akademik, 2152 inzibati işçi çalışır.
Universitetdə ümumilikdə 6100-ə qədər tələbə təhsil alır. Tələbələrin 4000-ə qədəri bakalavr, qalanları isə magistr və doktorantlardır. Tələbələrin 48 faizini qızlar təşkil edir.
Simvolları
redaktəUniversitetin şüarı belədir:
"Yazı, elm, incəsənət" |
Büdcəsi
redaktə2011-ci ildə Rays Universitetinin əməliyyat gəlirləri ümumilikdə 526408000 ABŞ dolları olub. Bu vəsaitin 111339000 ABŞ dollarını federal qrant və sazişlər, 107145000 ABŞ dollarını təhsil haqqı və təhsil sazişləri, 24623000 ABŞ dollarını yardım və hədiyyələr, 39817000 ABŞ dollarını köməkçi müəssisələr, qalanlarını isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib.
Həmin tədris ilində ali məktəbin ümumi xərcləri 525442000 ABŞ dolları olub. Bu vəsaitin əsas hissəsini əməkdaşların əməkhaqqı, amortizasiya xərcləri, tələbələrin təqaüdü və yardımlar, eləcə də digər əməliyyat xərcləri təşkil edib. 2011-ci ildə Rays Universitetinin İanə fondunun gəlirləri təxminən 4500000000 ABŞ dolları olub.
Təhsil haqqı
redaktə2011–2012-ci tədris ilində Rays Universitetində tələbələrin təhsil haqqı 34900 ABŞ dolları təşkil etmişdir.
Rays Universitetində tələbələrə əlavə olaraq yataqxana və qidalanmaq üçün 12270, kitab və digər dərs ləvazimatları üçün 800, şəxsi xərclər üçün isə 1550 ABŞ dolları lazım gəlir.
Xarici əlaqələri
redaktəRays Universiteti beynəlxalq şöhrətə malik olan özəl təhsil ocağıdır. Burada dünyanın 83 ölkəsindən əcnəbi tələbələr təhsil alır. Digər ölkələrdən olan tələbələrin oxumasına üstünlük verən universitet, eyni zamanda və savadlı müəllimlərin cəlb edilməsinə də xüsusi diqqət ayırır.
Reytinqi
redaktəBöyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Rays Universiteti 100 ən yaxşı ali məktəb arasında 100-cü yerdə olmuşdur.
2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Rays Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 47-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 115-ci yerdə qərarlaşmışdır.
2011–2012-ci tədris ilində Rays Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 72-ci yerdə dayanmışdır.
Məşhur məzunları
redaktəRays Universitetinin məzunları arasında 101 Fulbrayt, 20 Marşall, 12 Rodos elmi mükafatçıları, minlərlə alim, iş adamı və digər nüfuzlu şəxslər vardır. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Ceyms Beyker – ABŞ-nin sabiq dövlət katibi;
- Alberto Qonzales – ABŞ-nin sabiq baş prokuroru;
- Ennis Parker – Hyuston şəhərinin sabiq meri;
- Roy Hofhaynz – Hyuston şəhərinin sabiq meri;
- Robert Vudro Vilson – fizika üzrə Nobel mükafatı laureatı, kosmik mikrodalğalı fon şüalanmasının yaradıcısı;
- Riçard Smolli – kimya üzrə Nobel mükafatı laureatı;
- Herman Cozef Meller – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Larri MakMertri – Pulitser və Oskar mükafatları laureatları;
- Peqqi Uitson – NASA-nın astronavtı;
- Con Bull – NASA-nın astronavtı;
- Hovard Hages – ABŞ aviatoru, mühəndis və film prodüseri.
- Məhəmməd Legenhavzen — ABŞ filosofu, epistemoloq və din filosofu.
Mənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Rays Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 17. noyabr 2011, № 45. (az.)
İstinadlar
redaktə- ↑ Integrated Postsecondary Education Data System. 1992.
- ↑ U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ President Kennedy at Rice University Arxivləşdirilib 2015-09-06 at the Wayback Machine. jfklibrary.org (ing.)
Xarici keçidlər
redaktə- rice.edu — Rəsmi saytı