Rahib Azeri - Wikipedia
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016).
Rahib Azəri | |
---|---|
Rahib Kamal oğlu Əliyarzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Kamal Əliyarzadə |
Anası | Elza Əliyarzadə |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
İxtisası | energetika |
Təhsili |
Bioqrafiyası
redaktəRahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb. Çalışdığı müddətdə mühəndis vəzifəsindən rəis müavini vəzifəsinə qədər yüksəlib. Daha sonra öz istəyi ilə jurnalist fəaliyyətinə başlayıb və Azərbaycanın bir çox televiziya və radio kanallarında çalışıb. Hal-hazırda İctimai TV-də çalışır.
Ata tərəfdən Azərbaycanın ilk neft mühəndisi və Müsavat partiyasının Bakı şəhər komitəsinin katibi olan Yusif bəy İbrahimlinin, [a][b], ana tərəfdən Mirzə Əbu Turab Axundzadənin kötücəsidir.[c]
Televiziya və radio fəaliyyəti
redaktəTeleviziya
redaktəTeleviziya fəaliyyətinə 1999-cu ildə ANS TV-də Çempionlar Liqası oyunlarının şərhçisi olaraq başlayıb. 2003-cü il mövsümünə qədər Çempionlar Liqasının şərhçisi olub. Bundan başqa 6 ay müddətində 1999-2000-ci illərdə ANS TV-də yayımlanan "Nəzər nöqtəsi" verilişinin aparıcısı olub. Bununla yanaşı həm televiziya həm də radio layihəsi olan və "Hər şəmbə" verilişinin aparıcısı olub.[d] 2005-ci ildə özəl layihə olan "Pul Var" verilişinin aparıcısı olub.
2005-ci ildə İctimai TV-də yayımlanan "Xəmsə" intellektual oyunun ilk aparıcısı olub. 2005-ci ildən 2015-ci ilə qədər hər il Bakıda keçirilən beynəlxalq caz festivallarının hər birinin aparıcısı olub.
2006-2009-ci illərdə Space TV-də çalışıb. Space TV-də çalışdığı müddətdə "Kiçik Qala-84" və "Bizim kino" televerilişlərinin aparıcısı olub.
2009-cu ildə Azad Azərbaycan TV-də yayımlanan və Azercell-in sponsorluğu ilə həyata keçirilən "Yurdumun dəyərləri" verilişinin aparıcısı olub. Bu veriliş Azərbaycanın bölgə və rayonlarında aparılan çəkilişlərdən ibarət olub.
2012-ci ildə Xəzər TV-nin proqram departamenti tərəfindən Rahib Azəriyə yeni layihə təklif olunub və Rahib Azəri bu layihəni xüsusi olaraq təkmilləşdirib və öz dəstixəttinə uyğun bir tərzə salaraq "Sirrdaş" adlandırıb və elə özü də həmin verilişin 2012-ci ildən 2020-ci ilin yanvar ayına qədər aparıcısı olub. Rahib Azəri bu telelayihənin aparıcısı olmaqla yanaşı həm də layihənin bədii rəhbəridir. 2014-cü ildə layihə Bakılı Beynəlxalq Cəmiyyətinin təsis etdiyi Humay mükafatına layiq görülüb və Rahib Azəri layihə rəhbəri kimi bu mükafatın laureatıdır.
2020-ci ilin fevral ayından Rahib Azəri İctimai TV-də çalışır. Bədii rəhbəri olduğu "Sirrdaş" telelayihəsinin adını İctimai TV-yə gəldikdən sonra adını dəyişib və hal-hazırda bu layihə İctimai TV-də "Yaddaş" adı ilə efirə gedir.
Radio
redaktə1994-cü il iyun ayından Cənubi Qafqazda fəaliyyətə başlamış ilk radio kanalı olan ANS ÇM FM radiostansiyasında çalışıb. 1995-ci ilin yanvar ayına qədər həftədə iki dəfə yayımlanan verilişlərin birində aparıcı olub. 1995-ci il yanvarın 9-dan sonra ANS ÇM radiosunun ştat üzrə ikinci aparıcısı olub.[e] 2003-cü ilə qədər ANS ÇM radiosunda çalışıb.
2004-cü ilin yanvar ayından 2008-ci ilə qədər Azərbaycanda yayımlanan Radio Antenn radiostasiyasında çalışıb.
2008-2012-ci illərdə Lider Jazz FM radiostasiyasında çalışıb.
2012-2015-ci illərdə Bürc FM radiostansiyasında çalışıb. Daha sonra bir müddətlik radio fəaliyyətindən uzaqlaşıb.
Fasilədən sonra 2016-cı ildə Xəzər FM radiostansiyasında yenidən radio fəaliyyətinə davam edib. Daha sonra köçürmə yolu ilə yenidən Bürc FM radiostansiyasına qayıdıb və 2020-ci ilin fevral ayına qədər burada radio fəaliyyətini davam etdirib. 2020-ci ilin fevral ayından etibarən İctimai Radioda fəaliyyətini davam etdirir.