Rsfsr Ile Azerbaycan Ssr Arasinda Muqavile - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə — 30 entyabr 1920-ci ildə RSFSR ilə Azərbaycan SSR arasında dostluq münasibətləri və iqtisadi əlaqələr yaradılması barədə müqavilə.
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə bağlanması zərurətini yaradan amillər
redaktə1920-ci ildə Azərbaycan SSR-nin gərgin daxili və xarici vəziyyəti bütün sovet respublikaları ilə, ilk növbədə RSFSR-lə dostluq münasibətləri və iqtisadi əlaqələr yaradılmasını tələb edirdi. Keçmiş çar Rusiyasının ucqarlarında yaşayan bütün xalqlar kimi, Azərbaycan xalqı da ümid edirdi ki, təzə quruluş şəraitində onların arasında tamamilə yeni münasibətlərin başlanğıcı qoyulacaq, rus xalqı ilə keçmişdə Rusiyanın əsarətində olan xalqlar arasında tam azadlıq və müstəqillik zəminində bərabər hüquqlu münasibətlər yaranacaq. V. İ. Lenin yazırdı: "Rus olmayan millətlərin hamısına biz onların özünə məxsus respublikalar və ya muxtar vilayətlər vermişik".[1] Ancaq bu "qeyri-rus millətlər" əslində "öz respublikalarının" yalnız "sovet" atributlarının sahibi olaraq qaldılar.
1920-ci il mayın 20-də RK(b)P MK-nın qəbul etdiyi qərarda deyilirdi: G. Çiçerinə tapşırılsın ki, qarşılıqlı münasibətləri müəyyənləşdirmək üçün danışıqlara başlamaq təklifi ilə Azərbaycan sovet hökumətinə müraciət etsin. Cavab alındıqdan sonra Krestinski, Çiçerin yoldaşlardan, AXTŞ-nın və hərbi idarənin nümayəndələrindən ibarət komissiya təyin olunsun. Xalq Milli İşlər Komissarlığının nümayəndəsi yoldaş Kaminskiyə komissiyada iştirak etməyə icazə verilsin.
RSFSR hökuməti Xalq Xarici İşlər Komissarı G. V. Çiçerin öz imzası ilə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanova xüsusi nota göndərərək, "ümumi məqsədlərə nail olmaq naminə öz müntəzəm əməkdaşlığı yolunda hər iki Respublikanın birgə fəaliyyətini asanlaşdıran daimi qarşılıqlı münasibət formaları yaratmaq haqqında" danışıqlara başlamağı təklif etdi.[2] Notada danışıqlar aparmaq üçün Moskvaya respublikadan daimi nümayəndə göndərməyin vacibliyi göstərilirdi. Notada deyilirdi: "Rusiyanın sovet hökuməti zənn edir ki, məqsədlərimizin birliyi və fəhlə-kəndli quruluşunun həmrəyliyi, təbii, hər iki qardaş respublikanı — Rusiya və Azərbaycan respublikalarını rəsmiləşdirilmiş sarsılmaz əlaqələr yaradılmasına gətirib çıxara bilər və bu əlaqələr ümumi sovet siyasəti yolunda daimi əməkdaşlığı asanlaşdırar.[3]
İlkin müzakirələr və müqavilənin imzalanması
redaktə1920-ci il iyulun 13-də isə AK(b)P MK bürosu siyasi, hərbi və iqtisadi xarakterli bir sıra məsələləri aydınlaşdırmaq üçün Azərbaycan SSR-in nümayəndəsi kimi Moskvaya — RSFSR Xalq Komissarları Sovetinə gedəcək B. A. Şahtaxtınskinin məruzəsi haqqında məsələni müzakirə etdi. Azərbaycan SSR ilə RSFSR arasında qarşılıqlı münasibətlər və B. A. Şahtaxtınskiyə veriləcək direktivlər barəsində məsələlər iyulun 15-də AK(b)P MK bürosunda yenidən müzakirə olundu və büro xüsusi komissiyaya təklif etdi ki, Azərbaycan SSR-in RSFSR-dəki nümayəndəsi B. A. Şahtaxtınski üçün direktivlərin müddəalarını işləyib hazırlasın.[4]
1920-ci il iyulun 15-də Azərbaycan İnqilab Komitəsi xalq ədliyyə komissarı B. A. Şahtaxtınskini fövqəladə səlahiyyətli nümayəndə təyin etdi və ona "RSFSR hökuməti ilə bütün məsələlər, istər siyasi, istərsə də iqtisadi məsələlər barədə danışıqlar aparmaq və sonradan təsdiq olunmaq şərti ilə, Azərbaycan SSR adından hər cür müqavilə və öhdəliklər imzalamaq üçün" mandat verdi.
1920-ci il iyunun axırında Azərbaycan SSR-in xalq xarici işlər komissarı M. D. Hüseynov da Sovet Rusiyası və Sovet Azərbaycanının qarşılıqlı münasibətləri məsələlərini aydınlaşdırmaq, onların arasında sıx ittifaq yaratmaq, habelə beynəlxalq məsələlər barədə fəaliyyət planını razılaşdırmaq və işləyib hazırlamaq məqsədilə Moskvaya getdi. M. D. Hüseynov bütün bu məsələlər barəsində V. İ. Lenin və G. V. Çiçerinlə ətraflı söhbət etmişdi.[4]
V. İ. Leninin iştirakı ilə 1920-ci il avqustun 5-də RK(b)P MK plenumu Azərbaycan SSR və RSFSR arasında qarşılıqlı münasibətlər haqqında məsələni müzakirə etdi və G. V. Çiçerin başda olmaqla komissiyaya müvafiq layihə hazırlamağı tapşırdı.[5]
Azərbaycan SSR ilə RSFSR arasında qarşılıqlı münasibətlər haqqında məsələ sentyabrın 6-da AK(b)P MK və BK-nın birləşmiş iclasında, məsul işçilərin iştirakı ilə həmkarlar ittifaqlarının rəyasət heyətlərində də müzakirə olundu.[5]
V. İ. Leninin rəhbərliyi və A. A. Andreyevin, F. E. Dzerjinskinin, M. İ. Kalininin, İ. V. Stalinin iştirakı ilə 1920-ci il sentyabrın 20-də RK(b)P MK plenumu Azərbaycan SSR-lə müqavilənin Xalq Xarici İşlər Komissarlığının təqdim etdiyi layihəsini müzakirə etdi. Plenum "Azərbaycan Respublikası ilə müqavilə XKS-yə təqdim edilənə qədər gözdən keçirilmək və Azərbaycan haqqında bizim siyasətimizin xarakterinə dair partiya qərarını həmin müqaviləyə əlavə etmək üçün" komissiya yaratmağı qərara aldı.[6]
Azərbaycan SSR-in fövqəladə və səlahiyyətli nümayəndəsi B. A. Şahtaxtınski müqavilənin hazırlanmasında fəal iştirak edirdi. Müqavilənin layihəsi Azərbaycanda da müzakirə olunmuşdu.
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə haqqında məsələnin həlli prosesi bilavasitə partiya rəhbərliyi altında gedirdi. 1920-ci il sentyabrın 29-da V. İ. Leninin sədrliyi ilə RK(b)P MK plenumu Azərbaycan SSR ilə RSFSR arasında bağlanacaq müqaviləni təsdiq etdi.
Müqavilə 1920-ci il sentyabrın 30-da Moskvada imzalandı.
Ümumən sovet respublikaları arasında qarşılıqlı münasibətlərin yaranması prosesinə, o cümlədən RSFSR ilə Azərbaycan SSR arasında bağlanan müqavilə layihəsinin hazırlanmasına Stalinin, Q. K. Orconikidze və A. İ. Mikoyanın müdaxiləsi nəticəsində əsl beynəlxalq müqavilə deyil, zahirən ona oxşar olan yarımçıq bir müqavilə imzalandı.
Müqavilənin şərtləri
redaktəMüqavilədə göstərilirdi ki, bir tərəfdən, Azərbaycan SSR hökuməti və digər tərəfdən isə RSFSR hökuməti "Azərbaycan və Rusiyanın zəhmətkeş kütlələrinin tam mənafe birliyinin dərk olunmasını əsas tutaraq və ancaq hər iki respublikanın bütün qüvvələrini tam birləşdirməklə ümumi düşmənə — imperialist burjuaziyaya qarşı ağır mübarizədə onların müvəffəqiyyət qazanmaların ın təmin oluna biləcəyini nəzərə alaraq, bu müqaviləni bağlamağı qərara almışlar".
Müqavilənin birinci maddəsində deyilirdi: "Azərbaycan və Rusiya öz aralarında sıx hərbi və maliyyə-iqtisadi ittifaq bağlayırlar".[7]
İkinci maddədə göstərilirdi ki, hər iki respublika hərbi orqanlarını, xalq təsərrüfatı, xarici ticarət, təchizat, dəmiryol və su nəqliyyatı, maliyyə, poçt və teleqraf orqanlarını ən qısa müddətdə birləşdirməlidirlər.
RSFSR və Azərbaycan SSR eyni zamanda, müqaviləyə əlavə olaraq, ərzaq siyasətinin, poçtun, teleqrafın birləşdirilməsinə və maliyyə, xarici ticarət, iqtisadi siyasət məsələlərinə dair sazişlər bağladılar. Azərbaycan SSR-in dəmir yollarının "Azərbaycan dəmir yolları" adı altında RSFSR-in dəmiryol şəbəkəsinə daxil edilməsi haqqında saziş isə hələ 1920-ci ilin avqustunadək imzalanmışdı.
Ərzaq siyasətinin birləşdirilməsinə dair sazişdə göstərilirdi ki, "Azərbaycan SSR-in ərzaq siyasətinin əsasını RSFSR-də həyata keçirilən başlıca prinsiplər təşkil edir. RSFSR Xalq Ərzaq Komissarlığı Azərbaycan SSR əhalisini fasiləsiz surətdə və tam vaxtında təchiz etmək üçün özündən asılı olan bütün tədbirləri görür".[8]
Poçt və teleqrafın idarə olunmasının birləşdirilməsi haqqında saziş RSFSR-də çıxmış müvafıq qanun və qərarların Azərbaycan SSR ərazisində tətbiq edilməsini nəzərdə tuturdu. Sazişdə xalq poçt və teleqraf komissarlıqlarının birbaşa birləşdirilməsi göstərilmir, yalnız bildirilirdi ki, Rusiya Respublikasından gedən əsas rabitələr, Azərbaycan ərazisindəki güclü radiostansiyalar, habelə beynəlxalq poçt-teleqraf rabitəsi bilavasitə RSFSR Xalq Poçt və Teleqraf Komissarlığının tabeliyindədir.[9]
Maliyyə məsələləri haqqında sazişdə deyilirdi ki, RSFSR Xalq Maliyyə Komissarlığı Azərbaycan SSR Xalq Komissarları Soveti yanında özünün həlledici səsə malik səlahiyyətli nümayəndəsini təyin edir. Sazişdə birləşmiş və birləşdirilmiş xalq komissarlıqları üzrə smetaların təsdiqolunma qaydası da müəyyənləşdirilmişdi.
Xarici ticarət məsələlərinə dair sazişə əsasən, Azərbaycan SSR başqa ölkələrlə iqtisadi əlaqələr yaratmağı və onlarla müqavilələr bağlamağı yalnız RSFSR Xalq Xarici İşlər Komissarlığı vasitəsilə həll edə bilərdi. Bu baxımdan aşağıdakı fakt maraq doğurur: 1920-ci il iyulun 15-də AK(b)P MK bürosu mal mübadiləsi barədə müqavilə bağlamaq haqqında Gürcüstanın menşevik hökumətinin təklifıni (neftlə mübadilə etmək üçün parça, ayaqqabı, kağız və s. təklif olunurdu) müzakirə edərək, belə bir ticarət müqaviləsi bağlamağı qərara almış və bunu onunla əsaslandırmışdı ki, Azərbaycanın Rusiya ilə ümumi iqtisadi siyasəti var (neft məsələsi ümumi məsələdir, onu birgə həll etmək lazımdır); siyasi məsələ iqtisadi məsələ ilə sıx bağlıdır.
1920-ci il noyabrın 5-də AK(b)P MK Siyasi Bürosu xarici ticarət haqqında məsələni müzakirə edərək qərara aldı: "Azərxarici ticarəti Rusiyanın Azərbaycanda, İranda və Türkiyədəki xarici ticarət idarələri ilə birləşdirmək prinsip etibarilə zəruri sayılsın".[10]
1920-ci ilin dekabrında RSFSR Xalq Poçt və Teleqraf Komissarlığı ilə Azərbaycan SSR Xalq Poçt və Teleqraf Komissarlığı arasında rabitənin bütün növlərinin inkişaf etdirilməsi və istismarı haqqında sazi. təsdiq olundu.[11]
RSFSR ilə Azərbaycan SSR arasında vahid iqtisadi siyasət yeridilməsi haqqında sazişə əsasən, Azərbaycan Xalq Təsərrüfatı Şurası özünün istehsal planını RSFSR-in ümumi istehsal planı ilə uzlaşdırmaqla təsdiq edirdi. "Azərbaycan Xalq Təsərrüfatı Şurası ilə sazişə əsasən Ümum-Rusiya XTŞ Azərbaycanın sənayesini və ayrı-ayrı müəssisələrini maliyyələşdirmək vəzifəsini öz üzərinə götürürdü.[12]
Azərbaycan SSR-in və RSFSR-in hərbi-iqtisadi əməkdaşlığı əhali tərəfindən razılıqla qarşılandı. Xalq bunda öz gələcək iqtisadi və mədəni inkişafı üçün təminat görürdü. O vaxt "Azərbaycan füqərası" qəzeti yazırdı: "Biz öz qardaşlarımızla — Rusiya fəhlələri və kəndliləri ilə birlikdə dünya fəhlələrinin işi uğrunda çarpışacaq və birlikdə, yalnız birlikdə qalib gələcəyik".[13]
1920-ci ilin dekabrında Azərbaycan SSR VIII Ümum-Rusiya Sovetlər qurultayının işində iştirak etmək üçün partiya və dövlət xadimlərindən, fəhlə və kəndlilərin nümayəndələrindən ibarət böyük heyət göndərdi.
Ancaq Azərbaycan zəhmətkeşlərinin ümidləri özünü doğrultmadı. Hətta 1920-ci ildə RSFSR ilə Azərbaycan SSR arasında bağlanmış yarımçıq müqavilə də əslində Mərkəzin Azərbaycana münasibətdə imperiya siyasətini pərdələmək vasitəsi oldu.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 3, s. 1, i. 1999, v. 1
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 3, s. 1, i. 2004, v. 11
- ↑ Rusiya Federasiyasının Dövlət Arxivi (bundan sonra — RFDA), f. 17, s. 3, i. 125, v. 1
- ↑ 1 2 V. İ. Lenin. ƏTK, 44-cü c, səh. 162.
- ↑ 1 2 Газета "Известия ВРК…", 28 мая 1920 г., № 10.
- ↑ Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSİHA), f. 1, s. 74, i. 120, v. 43
- ↑ Газета "Азербайджанская беднота", 1920 г., № 20.
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, s. 1, i. 5 (33), v. 2
- ↑ Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSİHA), f. 1, s. 74, i. 36, v. 5
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, i. 6 (44), v. 1.
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, i. 8 (46), v. 2.
- ↑ 2."Образование СССР". Сб. док. 1917–1924. М., 1949, стр. 247
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 1, s. 74, i. 120, v. 45.