Rovsen Yerfi - Wikipedia
Rövşən Yerfi (tam adı: Həsənli Rövşən Həsənbaba oğlu) — Azərbaycan nasiri, esseçi, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru.
Rövşən Yerfi | |
---|---|
Rövşən Həsənbaba oğlu Həsənli | |
Doğum tarixi | |
Doğum yeri | Yerfi, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəRövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972–1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında (indiki "Azərpoçt") əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə orduda qulluq etmişdir.
1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991–1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib, "Millət" qəzetində (1993–1994) məsul katib müavini işləmişdir.
1995–2012-ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim və tərbiyə işləri sahələri üzrə böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmişdir.
2014–2015-ci illərdə "Hədəf nəşrləri"ndə redaktor fəaliyyəti ilə altmışdan çox kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir. 2015-ci ildən milli arxiv xidməti işçisidir.
1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Fəaliyyəti
redaktə1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. Ədəbi orqanlarda isə ilk dərc edilən əsəri "Sel" ("Azərbaycan" jurnalı, 2006) povestidir. Esse yaradıcılığına "Azadlıq eşqi, yoxsa İlahi sevgisi" ("Ulduz" jurnalı, 2007) essesi ilə başlamışdır. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Bakı Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. 2010 və 2012-ci illərdə hekayələri Azadlıq Radiosunun "Ədəbi Azadlıq" müsabiqəsinin "Seçmə hekayələr" siyahısına düşmüşdür.
Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri, "Qanunda olmayan dövlət" oçerki, "Penitensiar – tövbə etmək, peşmanlamaq" essesi və doqquz hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. "Məhbəs" 2 cildliyi – müasir Azərbaycan ədəbiyyatı nəsrində məhbəs mövzusunda kəmiyyət baxımından həcm (560s.) və janr çoxluğu (6 janrda) etibari ilə ən böyüyüdür.
Əsərlərinin ikinci böyük mövzusu – qadın mövzusunda "Müqəssir" romanı, "Günahsız qatil" detektivi, "Sel" povesti, beş esse və altı hekayə yazmışdır. "Lənətə gələnlər", "HİV qasırğası", "Ziyarət", "Baba yurdu" povestləri, qırx səkkiz hekayəsi, altmışdan çox kiçik esseləri və mənsur şeirləri isə digər müxtəlif mövzuları əhatə edir. "Mənim gündəliklərim" adlı memuarında 1987–1991-ci illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri işıqlandırmışdır.
Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı kimi "Residivist" (1996) povesti, "Üzdəniraq ada" (2003) romanı, "Ruzi" (2012) hekayəsi ilə başlanan yeni nümunələrlə məhbəs nəsrini zənginləşdirmişdir. Ümumən isə ilk dəfə bu mövzuda pyeslər ("Həbsxana bənövşəsi" (2013), "Sanitarlar" (2017)), oçerk ("Qanunda olmayan dövlət" (2012)), esse ("Penitensiar – tövbə etmək, peşmanlamaq" (2022)), qadın həbsxanası haqqında povest ("Qadın düşərgəsi" (2006)), həbsdəki üzdəniraqlara dair povest ("Qazamat sanitarları" (2013)) və hiv təhlükəsi barədə kiçik povest ("Hiv qasırgası" (2007)) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.
Publisist olaraq yüz əlliyə yaxın esse və ədəbi məqalələrin müəllifidir. Beş kitab redaktorudur. Bədii mətnləri "525-ci qəzet", "Ədalət", "Türküstan", "Kaspi" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter", "Ədəbi ovqat" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 6 topluda çap olunmuşdur. Esse, memuar, pyes, hekayə və povestləri onlarla saytda, o cümlədən, Kitabxana.net və Mədəniyyət Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 15 elektron kitabı yayımlanır.
YouTube kanallarında "Müqəssir" romanı, "Ziyarət", "Residivist" povestləri, "Rekviyem", "Axır nəfəs", "Qeyri-adi "köç" hekayələri və "Qubalı qız"lar", "Qubanın ağ alması", "Yerfi silsiləsi" kiçik esseləri səsləndirilmişdir.
Kitabları
redaktə- "Üzdəniraq ada" Bakı, Şirvannəşr, 2004, 260 səh.
- "Qadın düşərgəsi. Sel" Bakı, Kitab Klubu, 2008, 152 səh.
- "Residivist" Bakı, Kitab Klubu, 2009, 224 səh.
- "Qadın düşərgəsi" Bakı, Kitab Klubu, 2010, 152 səh.
- "Günahsız qatil" Bakı, Qanun, 2010, 140 səh.
- "Üzdəniraq ada" Bakı, Kitab Klubu, 2012 (təkrar nəşr), 184 səh.
- "Penitensiar lövhələr" Bakı, Zero, 2013, 96 səh.
- "Lənətə gələnlər" Bakı, Kitab Klubu, 2014, 150 səh.
- "Şanssız" Bakı, Xan, 2014, 120 səh.
- "Qazamat sanitarları" Bakı, Zero, 2015, 126 səh.
- "Müqəssir" Bakı, Elm və Təhsil, 2017, 108 səh.
- "Yerfi silsiləsi" Bakı, Kitab Klubu, 2018, 120 səh.
- "Həyat etüdləri" Bakı, Mücrü, 2020, 106 səh.
- "Qanadı sınmış mələklər" Bakı, Mücrü, 2020, 236 səh.
- "Məhbəs" Bakı, Mücrü, 2022, 312 səh.
- "Məhbəs" (ikinci kitab) Bakı, "Mücrü", 2023, 248 səh.
- "Çiçək" Bakı, "Mücrü", 2024, 88 səh.
Yalnız PDF versiyası olan kitablar
redaktəBu kitablar sadəcə PDF formatında işıq üzü görüb:
- "40 hekayə" Bakı, 2022, 213 səh.
- "Mənim gündəliklərim" Bakı, 2022, 75 səh.
- "Məhbəs pyesləri" Bakı, 2022, 82 səh.
- "Baba yurdu" Bakı, 2022, 50 səh.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Rövşən Yerfinin Facebook profili
- Rövşən Yerfinin şəxsi bloqu
- Rövşən Yerfi. Nəsr (Azadlıq Radiosu)
- "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir"
- Doğum günün mübarək, Cənab Mayor!
- Rövşən Yerfi: "Son 10 ildə özümü yazıçı hesab edirəm"
- Rövşən Yerfi: "Qadınlar ən çox qayğısızlıqdan məhbəsə düşürlər" (Kulis.az saytında canlı yayım)
- Yazıçı Rövşən Yerfinin "Müqəssir" əsərinin müzakirəsi
- "QARŞINIZA ÇIXARSA, ALIN OXUYUN" — Fazil Mustafa
- Həbsxanada işləmiş yazıçı: "Məhkum mənə dedi ki…" – Müsahibə