Qubadli Xalcalari - Wikipedia
Qubadlı xalçaları — Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça.
Xalça | |
Qubadlı xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Ümumi məlumat
redaktəAzərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı–gəbələr geniş yayılmışdır.[1]
Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Dağlıq Qarabağın bir çox xalçaçılıq məntəqələrində istehsal olunur, lakin "Qubadlı" adı ilə məşhurdur. Qubadlı – Azərbaycan Respublikasında qədim zamanlardan xalçaları və xüsusilə namazlıqları ilə məşhur olan rayonudur. XIX əsrin II yarısında Qubadlıda toxunan xalçalara İstanbul, Təbriz və digər məşhur şəhərlərin bazarlarında böyük qiymət verilirdi. Qubadlıda istehsal olunan xalçalar Yaxın Şərq ölkələrinə, Rusiyaya və hətta bəzi Qərbi Avropa ölkələrinə ixrac olunurdu.
Bədii analiz
redaktə"Qubadlı" xalçalarının orta sahəsinin kompozisiyası, əsas etibarilə, bir – birinin ardınca düzülmüş rombabənzər qellərdən ibarətdir. Bu qellər, formasına görə, çox orijinaldır. Xalçanın yuxarı hissəsində dini xüsusiyyət daşıyan mehrab yerləşir. Haşiyə zolağında daha öncələr bitki naxışlarından – səkkiz ləçəkli çiçək naxışlarından ibarət olan, lakin zaman keçdikcə bu formanı itirən orta haşiyə səkkizbucaqlı elementlə bəzədilmişdir.
Texniki xüsusiyyətlər
redaktəQədim zamanlardan "Qubadlı" xalçaları, ənənəvi olaraq, 100X150 sm-lik ölçüdə toxunur. Nadir hallarda uzun formalı gəvələrə rast gəlinir. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 40X40-dək düyün yerləşir (hər kvadrat metrdə 120 000-dən 160 000-dək düyün). Xovun uzunluğu 7–9 mm-dir. "Qubadlı" xalçaları xalq arasında yüksək keyfiyyətli xalçalar hesab olunur.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Qarabağ xalçaları". www.virtualkarabakh.az (az.). 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.