Qubadli Rayonu - Wikipedia
Bu məqalə Qubadlı rayonu haqqındadır. Şəhər üçün Qubadlı səhifəsinə baxın. |
Qubadlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir.
Rayon | |
Qubadlı | |
---|---|
39°20′45″ şm. e. 46°35′10″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şərqi Zəngəzur |
İnzibati mərkəz | Qubadlı |
İcra başçısı | Malik İsaqov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 802[1] km² |
Hündürlük | 520 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 78.000 nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-QBI |
Telefon kodu | +994 26 |
Poçt indeksi | AZ 3900 |
Avtomobil nömrəsi | 39 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir.
Tarixi
redaktəQubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.
Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır.
Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.
Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad adlı kənd var.
Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübarizə aparmışlar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi çox böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.
31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 23 oktyabrda Kürd Mahruzlu, Muğanlı, Zilanlı, 25 oktyabrda Qubadlı şəhəri, Çaytumas, Dondarlı, Əfəndilər, Xanlıq, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli, 28 oktyabrda Əbilcə, Qilican, Qiyaslı, 30 oktyabrda Kavdadıq, Məmər, 2 noyabrda İşıqlı, Milanlı, Mollalı, 4 noyabrda Başarat, Qaracallı, Qarakişilər, 2 noyabrda Muradxanlı, 7 noyabrda Balasoltanlı, Diləli Müskənli, Qəzyan, Mərdanlı, 9 noyabrda Abdalanlı, Alaqurşaq, Altınca, Armudlu, Aşağı Cibikli, Aşağı Xocamsaqlı, Aşağı Mollu, Balahəsənli, Ballıqaya, Bəxtiyarlı, Boyunəkər, Cılfır, Çardaqlı, Çərəli, Davudlu, Deşdahat, Dəmirçilər, Eyvazlı, Əliquluuşağı, Əyin, Fərcan, Gödəklər, Göyər Abbas, Göyərcik, Göyyal, Gürcülü, Hal, Hat, Həkəri, Həmzəli, Hərtiz, Hüseynuşağı, Xallava, Xələc, Xəndək, Xıdırlı, Xocahan, Xocik, Qarağac, Qaraimanlı, Qaraqoyunlu, Qaralar, Qundanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Mehrili, Məzrə, Mirlər, Novlu, Poladlı, Saldaş, Saray, Seləli, Seytas, Tarovlu, Tatar, Teymur Müskənli, Tinli, Ulaşlı, Yuxarı Cibikli, Yuxarı Xocamsaqlı, Yuxarı Mollu, Zor, 10 noyabrda Qayalı, Qədili, Məlikəhmədli, kəndləri işğaldan azad olunmuşdur.[2][3] Eyni zamanda 4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı.
Coğrafiyası
redaktəQubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.
Relyefi
redaktəQubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ-1316 m, Amuduq), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1279 m, Qartiz - 1277 m, Qurbantəpə - 1075 m), və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi, Uyuqlu, Bezmindağ, Günbəzdağ maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.
Təbiəti
redaktəRayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
İqlimi
redaktəİqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə – 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400–600 mm-dir.
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qubadlı kəndində əsasən toplam 359 nəfər əhali yaşayırdı.[5]
- 1 yanvar, 2009-cu ilin məlumatları əsasında
ərazi | ||||||
---|---|---|---|---|---|---|
cəmi | kişi | qadın | ||||
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Qubadlı rayonu | 37433 | 100,0 | 15468 | 100,0 | 21965 | 100,0 |
Şəhər əhalisi | 12533 | 33,48 | 5022 | 32,47 | 7511 | 34,20 |
Kənd əhalisi | 24900 | 66,52 | 10446 | 67,53 | 14454 | 65,80 |
Şəxsiyyətləri
redaktə- Mir Sədi ağa — Övliya
- Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı
- Şükür Həmidov — Azərbaycanın Milli Qəhrəmanı
- Mais Bərxudarov — General-mayor
- Qaçaq Nəbi — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.
- Həcər — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı.
- Eldar Baxış — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Bəhlul Behcət — Ədəbiyyatşünas, qazı, Zəngəzur qəzasının sonuncu qazısı
- Mir Mehdi Xəzani — Tarixçi, şair
- Əli Əmiraslanov — Geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü (1953)
- Süleyman Rəhimov — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).
- Əli İldırımoglu - əməkdar jurnalist, Azərbaycan yazıçılar birliyinin üzvü, qızıl qələm mükafatı laureatı, yazıçı , Şöhrət ördenli.
- Ramiz Rövşən — Şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).
- Rafiq Yusifoğlu — Şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1986), Əməkdar mədəniyyət işçisi (2005), filologiya elmləri doktoru (2007), professor (2008).
- Valeh Bərşadlı — General, Azərbaycanın müdafiə naziri.
- Rauf Abdullayev — Azərbaycan Dövlət Simfonik Orkestrinin bаş dirijоru, professor, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "İstiqlal" ordeni (2017), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).
İqtisadiyyatı
redaktəQubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu.
Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
Təhsili, Səhiyyəsi və Mədəniyyəti
redaktəİşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.
Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət, 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.
Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.
Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.
Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Mərkəzləşmə işi Qubadlı rayonunda 1980-ci ildə başa çatıb. Rayon Mərkəzi Kitabxanasında 4 şöbə var: Metodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirilmə, Oxuculara xidmət, İnformasiya-resurs, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərmişdir.
1993-cü ilin 31 avqust Qubadlının işğalı zamanı kitabxananın 82-kənd kitabxana filialında 89-nəfər kənd kitabxana işçisi, 40 nəfər mərkəzi kitabxana işçisi olmuşdur.
1993-cü il hesabatına görə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaq, oxu zalı, 21300 oxucu kontingenti olmuşdur. [6]
Abidələri
redaktəZəngəzur ərazisində ən qədim yaşayış məskəni Qubadlı rayonunun Balahəsənli kəndində aşkar edilmişdir. Xatırladaq ki, IV əsrə aid edilən "Sığınacaq" tipli bu yaşayış yeri Daranlar deyilən ərazidə yerləşir. Qubadlının Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, XVII əsrə aid Gürcülü kəndində olan türbə, XVIII əsrə aid Aşağı Xocamusaxlı kəndində olan türbə ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm mədəniyyət mərkəzləri və ibadət edənlər olub.
Qubadlı rayon Tarix-diyarşünaslıq 5 mindən çox nadir eksponat toplanmışdı. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Balahəsənli kəndindəki "Cicimli ocağı", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağac, Aşağı Xocamusaxlı kəndlərindəki digər tarixi abidələr dövlət əhəmiyyətlidir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Qubadlı rayonu[ölü keçid]
- ↑ "Qubadlı işğaldan azad edilən 4-cü şəhərimizdir". 2023-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
- ↑ "İşğaldan azad edilmiş şəhər və kəndlərimiz". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Qubadlı rayonu[ölü keçid]
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 147
- ↑ http://az.apa.az/xeber_Ermenilerin_Azerbaycanin_Qubadli_rayonunu__162194.html Arxivləşdirilib 2009-09-01 at the Wayback Machine Ermənilərin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən….
Xarici keçidlər
redaktə- Virtual Qarabağ İKTM-də Qubadlı rayonu
- Qubadlının işğalından 16 il keçir (www.anl.az) Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine
- Qubadlının işğalından 15 il keçir (www.xalqcebhesi.az) Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine
- Оккупация Губадлы (www.anl.az) Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine
- Со дня оккупации Губадлы проходит 14 лет (www.mediaforum.az) Arxivləşdirilib 2011-09-08 at the Wayback Machine
Həmçinin bax
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |