Qobu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qobu — Azərbaycan Respublikasının Abşeron rayonunun Qobu qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[2]
Qobu qəsəbəsi | |
---|---|
40°24′17″ şm. e. 49°42′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 54 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 22000 [1] nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQobu Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı "çökəklik, müvəqqəti su axarı olan dərə, düzən" mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub[3].
XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil idi. Bu kəndlərdən biri də Qobu kəndi idi. 1747–1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806–1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olmuşdur.
1870-ci ildə Tiflis şəhərində Qafqaz Canişinliyinin Baş İdarəsi yanında Qafqaz Statistika Komitəsinin nəşr etdirdiyi "Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı" adlı statistik məlumatın Bakı quberniyasına aid olan 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilmişdir[4]. Kitabın tərtibatçısı Qafqaz Statistika Komitəsinin baş redaktoru rus statistiki Nikolay Karloviç Zeydliç olmuşdur[5]. Bu statistik məlumat 1859-cu ildən 1864-cü ilədək olan məlumatlar əsasında nəşr edilmişdir. Burada göstərilmişdir ki, Qobu kəndi Şubanı dağlarının ətəyində yerləşir və quberniya şəhəri olan Bakı şəhərindən 15 verst (təxminən 16 kilometr) məsafədə yerləşir və kənddə 183 ev vardır. Bu kənddə 499 nəfər kişi və 475 nəfər qadın yaşayır. Bu isə kəndin bütün əhalisinin 974 nəfər olması deməkdir. Burada Qobu kəndində 1 məscidin olması və dini təriqətin şiə təriqəti olması göstərilmişdir və 41 qəza kəndi içərisində evlərinin say çoxluğuna görə 12-ci yerdə olması qeyd edilmişdir.
1892-ci ildə Sankt-Peterburq şəhərində çapdan çıxmış Rusiya imperiyası Daxili İşlər Nazirliyinin Mərkəzi Statistika Komitəsinin "ВОЛОСТИ И ГМИНЫ 1890 ГОДА" adlı statistik nəşrinin Bakı quberniyasına həsr edilmiş 61-ci cildində Bakı quberniyasının Bakı qəzasına aid olan kəndlərin siyahısında 41 kənd adı qeyd edilmişdir. Həmin siyahıda 22-ci yerdə Qobu kəndi göstərilmişdir. Statistik məlumatda qeyd edilir ki, Qobu kəndi üzrə kəndli torpaqlarının sahəsi 4550 desyatindir. Bu isə müasir sahə ölçü vahidlərində təqribən 4960 hektardır. Burada kənddəki evlərin sayının 256 olması, əhalinin 794 nəfər kişi və 717 nəfər qadın olması göstərilmişdir[6]. Bu isə cəmi 1511 nəfər əhali deməkdir. Statistik nəşrdən görünür ki, Novxanı, Keşlə və Qala kəndlərindən sonra ən çox kəndli torpağı məhz Qobu kəndində olmuşdur.
8 aprel 1929-cu ildə qəzalar birləşdirilərək dairələr yaradılmışdır. Bu zaman Qobu kəndi Bakı dairəsinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü[7]. Bu zaman Qobu qəsəbəsi Bakı şəhərinin Molotov rayonuna daxil edilmişdir. 1937-ci ildə Qobu kəndi şəhər tipli qəsəbə statusu almışdır. 26 iyul 1957-ci il tarixinə qədər Bakı şəhərinin Molotov rayonunun tərkibində olmuşdur. 26 iyul 1957-ci ildə Bakı şəhərinin Molotov rayonu Qaradağ rayonu adlandırılmışdır[8]. 15 mart 1963-cü ildə Bakı şəhərinin Qaradağ rayonu Əzizbəyov rayonu adlandırılmışdır[9]. 22 iyun 1964-cü ildə Qobu qəsəbəsi müstəqil kənd rayonu olan Abşeron rayonunun tərkibinə verilmişdir[10].
Ümumi məlumat
redaktəQobu qəbiristanlığının yaxınlığında "Pil-pilə" deyilən şəfalı su çıxır. Qobuda "Qırx qızlar" piri var. Qayalar elə düzülüb ki, sankı qırx adam sıra ilə düzülüb. Hər cümə günü bu qayalardan qadın naləsinin səsi gəlir. Qobu-Lökbatan yolunda "Səfər körpüsü" deyilən yer vardır. Səfər adlı Qobulu sel sularını ötürmək üçün yolda körpü tikdirib.
"Bakıda küləklər əsir", "Mən vulkana doğru gedirəm", "Mehman" kimi filmlər məhz bu qəsəbədə çəkilib.
Kənddə qədimi qəbiristanlıq var ki, oradan aparılan bəzi daşlar indi İçərişəhərdəki karvansarada saxlanılır. Daşların üstündəki yazılar isə şikəstə xətlə yazılıb.
Qobu xalçası öz çeşidinə və öz toxunuşuna görə həmişə Azərbaycanda tanınıb. Burada xalçanı dəvə yunundan hazırlanan, təbii otlarla rənglənən iplərlə toxuyurmuşlar. Vaxtilə Qobu xalçası hətta xaricə də satılırmış. Hazırda da qobulular bu sənətlə məşğul olurlar. Qobuluları Abşeronun başqa kəndlərinin əhalisindən fərqləndirən bir sıra xüsiyyətlər var. Əsas fərqli xüsusiyyət isə danışıq ləhcəsindəki fərqdir, həmin ləhcə Abşeronda yalnız qobululara məxsusdur.
Hazırda Azərbaycanda ən böyük dəvəçilik təsərrüfatı da Qobuda yerləşir. Hazırda kənd əhalisinin bir qismi Qaradağ rayonunda neft sənayesində çalışır. Qobuda II Dünya Müharibəsində iştirak edən 400-dən artıq müharibə iştirakçısının xatirəsinə abidə qoyulub. Müharibədə iştirak edənlərdən 4 kişi 1 qadın sağ qalıb. Qarabağ savaşında isə Qobu kəndindən 170 nəfər iştirak edib, 7 qobulu şəhid, 6-sı əlil olub.
Coğrafi mövqeyi
redaktəBu kənd dəniz səviyyəsindən bir qədər yüksəklikdə olan böyük bir çökəklikdə yerləşir. Qəsəbə hər tərəfdən Şubanı dağları ilə əhatə olunmuşdur. Bakı metropoliteninin "Avtovağzal" stansiyasından 11 kilometr məsafədə yerləşir. Lökbatan, Güzdək Hökməli və Atyalı] qəsəbələri ilə qonşudur.
İqlimi
redaktəGöstərici | Yan. | Fev. | Mart | Apr. | May | İyun | İyul | Avq. | Sen. | Okt. | Noy. | Dek. | İl |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Orta maksimum, °C | 5,9 | 5,7 | 9,1 | 16,2 | 21,8 | 26,8 | 30,0 | 29,9 | 25,3 | 18,8 | 15,5 | 8,7 | 19,0 |
Orta temperatur, °C | 3,2 | 3,1 | 5,9 | 12,0 | 17,4 | 22,4 | 25,4 | 25,4 | 21,4 | 15,2 | 12,6 | 5,8 | 14,2 |
Orta minimum, °C | 0,6 | 0,5 | 2,8 | 7,9 | 13,1 | 18,0 | 20,9 | 21,0 | 17,5 | 11,7 | 9,7 | 3,0 | 9,4 |
Yağıntıların miqdarı, mm | 23 | 20 | 26 | 35 | 30 | 22 | 11 | 11 | 20 | 32 | 32 | 26 | 288 |
Qobuda havanın illik temperaturu +14,2 °C təşkil edir. Qəsəbənin iqlimi yarımsəhradır.
Əhalisi
redaktə18.05.1933 tarixində Puta-Şubanı mədənindəki 45 saylı neft quyusunun fontanı ilə əlaqədar neftçilər qəsəbəsi olan Lökbatan qəsəbəsi yaradılanda Qobudan xeyli əhali mədənlərdə işlədiyinə görə Lökbatana köçmüşlər. Hazırda Lökbatan qəsəbəsində əhalisi Qobulular olan böyük yaşayış massivi vardır. Digər Bakı kəndlərindəki qəbiristanlıqlarla müqayisədə Qobu qəbirstanlığı daha böyükdür. Bu isə tarixən Qobu qəsəbəsində əhalinin daha sıx məskunlaşmağı ilə əlaqədardır.
1886 | 1959 | 1970 | 1979 | 1989 | 1999 | 2009 |
1526 | ↗2818 | ↗4517 | ↗5485 | ↗6386 | ↗6762 | ↗9225 |
Tanınmış şəxsləri
redaktəBu kənddən bir çox üləmalar, dərvişlər, ruhanilər, ziyalılar, alimlər çıxıb. Şeyx Əbdülhüseyn, Şeyx Əliməmməd, Şeyx Məmmədkərim, Molla Murad, Molla İmanqulu, Mirzə Abdulla, Mirzə Hacı, Mirzə Cəbrayıl, Mirzə Mirzəbala, Yusif Bayramov, xalq rəssamı Qəzənfər Xalıqov kimi tanınmışlar Qobuda doğulub, boya-başa çatıblar.
Maraqlı faktlar
redaktəQobu haqqında maraqlı hadisələrin sayı-hesabı yoxdur. Kənddə hər kəsin yaxşı tanıdığı məşhur bir ev var. Bu, Kərbəlayi Qasımın evidir. Bu həmin şəxsdir ki, hələ 1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa onun evini özünə qərargah kimi seçib. Ordunun yüksəkrütbəli məmurları evin ikinci mərtəbəsində, Kərbəlayi Qasım isə ailəsi ilə birgə birinci mərtəbədə yaşayıblar. Deyilənlərə görə, ingilislərin nəzərindən yayınmaq üçün Nuru Paşa gecələr evdə çıraq, lampa yandırmağa icazə vermirmiş. Nuru Paşanın Qobuda yaşadığı müddətdə evin gəlinlərindən birinin körpəsi dünyaya gəlir. Nuru Paşa aşağı mərtəbədəki səs-küyün səbəbini öyrənib, heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Kərbəlayi Qasım Paşanın bu hərəkətinə təəccüblənir. Lampanı gətirən şəxs "Paşam dedi ki, qoy körpə gözlərini işıqlı dünyaya açsın"- deyir.
Beləliklə, Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz Islam Ordusu bir müddət Qobu kəndində təlim keçib. 1918-ci ildə kənd erməni-daşnak qüvvələrinin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. O vaxtlar xilaskar türk ordusu kəndlilərə köməyə çatana qədər kəndin say-seçmə kişiləri Məşədi Hilalın, Qoçu Adilin rəhbərliyi altında daşnak-bolşevik, ingilis hərbi dəstələrinin qabağını almağa müvəffəq olublar. Sonra Qoçu Adilin qəhrəmanlığından xəbər tutan Nuru Paşa ona silah bağışlayıb.
Kəndin adıyla bağlı nə qəribə əhvalatlar, nə də tarixi hadisələr bitib-tükənmir. Deyilənə görə, Stalin bir zamanlar bu kəndin sakini Molla Niftəlinin evində gizlənib. Bu məsələnin rəvayət olduğunu söyləyənlər, "dahi rəhbər"in başqa kənddə gizləndiyini deyənlər də var. Amma Stalinin vaxtilə həbs təhlükəsindən Bakıya qaçdığını nəzərə alsaq, onun bura "sığınma" ehtimalı həqiqətə daha yaxın görünür.
Tarixi abidələri
redaktəQobuda hicri-qəmər təqviminin 1300-cü ilində (miladi tarixi ilə 1882-ci il) inşa edilmiş hamam vardir. Hamam Mirzə Abdulla tərəfindən inşa etdirilmişdir. Hamam şərq memarlıq üslubunda tikilmişdir. Bu hamamının suyunun nə cür axıdılması indi də bəlli deyildir.
Şəkillər
redaktəMənbə
redaktə1. Azərbaycan SSR Ali Soveti Qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanlarının, Azərbaycan SSR Nazirlər Sovetinin Qərar və Sərəncamlarının külliyyatı, № 12, 1957, maddə 79.
2. Azərbaycan SSR Ali Sovetinin Məlumatı, № 8, 1963, maddə 63.
3. Azərbaycan SSR Ali Sovetinin Məlumatı, № 19, 1964, maddə 99.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Qobu bələdiyyəsinin rəsmi internet saytı". 2011-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
- ↑ "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
- ↑ "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
- ↑ http://files.preslib.az/projects/azerbaijan/gl2.pdf Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- ↑ 5
- ↑ 6
- ↑ 7
1.↑ Qobu bələdiyyəsinin rəsmi internet saytı
3.↑ http://elib.shpl.ru/ru/nodes/11492#page/1/mode/grid/zoom/1