Qiz Qalasi Kurqanlari - Wikipedia
Qız qalası kurqanları | |
---|---|
Şəhər | Naxçıvan |
Yerləşir | Oğlanqala kəndi |
Üslubu | Arxeoloji abidə |
Kateqoriya | Kurqan |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktəOrta Tunc dövrünə aid Qızqalası kurqanları Arpaçayın sağ və sol sahilində çox geniş əraziyə yayılmışdır. Qızqalası yaşayış yerinin ətrafındakı kurqanlar 2014-2016-cı illərdə V.B.Baxşəliyev, L.Ristvet, H.Gopnikin rəhbərliyi ilə araşdırılmışdır.[1]. Tədqiqat müddətində 10-dan çox kurqan öyrənilmişdir. Bu kurqanların ətrafı əsasən kromlexlə əhatə olunmuşdur. Daş qarışıq torpaqla örtülən qəbirlər yerdə qazılmış, küncləri dəyirmi dördkünc çalalardan ibarətdir.
Kurqanlardan ilk olaraq CR2 kurqanı tədqiq edilmişdir. Burada 7x7 m ölçüdə qazıntı sahəsi açılmışdır. Daş layları götürülərkən 3 kiçik gil çölmək aşkar olunmuşdur. Qəbir kamerasından daha sonra 5 küpə və 11 kasadan ibarət gil qablar tapılmışdır. Kameranın şimal tərəfində sağ yanı üstə, bükülü və qərb-şərq istiqamətində bir skeletə rast gəlindi. İkinci skelet qəbir kamerasının cənub tərəfində sağ yanı üstə, bükülü vəziyyətdə və şərq-qərb istiqamətində yerləşdirilmişdir. İkinci skeletin yaxınlığında quzu skeletinin qalıqlarına təsadüf olunmuşdur. Formalarına görə fərqlənən kurqanlar vardır. Bu fərqlər onların dövrü ilə bağlı ola bilərdi. Tədqiqat zamanı CR7 kurqanı ənənəvi kromlexlərdən fərqli olaraq yarımdairəvi şəkildə olan kromlexlə əhatələnmişdir. İri daşlardan inşa edilən kromlexin bir divarı CR8 kromlexi ilə ortaq idi. CR8 kurqanının kromlexi də yarımdairəvi formada idi. Ümumiyyətlə isə kromlexin mərkəzi hissəsində dairəvi formada iri daş yığınlarına rast gəlinirdi. Bu daş yığınları bir neçə qatdan ibarət ola bilərdi. Daşlar təmizləndikdən sonra isə oval formalı çuxurdan ibarət qəbir kamerası aşkar olunurdu.
Kurqanlardan obsidian ox ucluqları, obsidian qaşov, gil qablar, tunc nizə ucu, tunc biz, muncuq, heyvan sümükləri aşkar olunmuşdur. Aşkar olunan keramika məmulatının əksəriyyəti boyalı qablardan ibarət idi. Bu qablar bütöv halda aşkar olunduğuna görə naxışlanma, bişirilmə və forması haqqında dəqiq məlumat verir.
Kurqanlarda dəfn adəti
redaktəKurqanlar dəfn adətinin müxtəlifliyi ilə seçilir. Qəbirlərdə müxtəlif istiqamətlərə yönəlmiş sağ və sol böyrü üstə, bükülü vəziyyətdə, tək, cüt və kollektiv dəfn adətlərinə rast gəlinmişdir. Bəzi qəbirlərdə insan skeleti olmamışdır. Qızqalası kurqanlarının qəbir kameralarında zəngin məişət əşyaları heyvan sümüklərinin qalıqları aşkar olunmuşdur. Qızqalası kurqanları üçün dəyişilməyən bir qayda onların kromlexlə əhatə olunmasıdır. Kurqan tipli qəbir abidələrinin çox geniş ərazidə yayılması və müxtəlif dövrü əhatə etməsi burada insanların uzun müddət məskunlaşdığını göstərir.
Boyalı qablar
redaktəQız qalası kurqanları boyalı qablarla zəngindir. Naxçıvanın Orta Tunc dövrü kurqanlarından tapılan boyalı qablarla zəngin olan materiallar qədim tayfaların iqtisadi və mədəni həyatı, dini ideologiyası barədə fikir söyləməyə imkan verir. Qızqalası kurqanlarının tədqiqi də bizə bu dövr dəfn adəti və dini inancları ilə bağlı müəyyən məlumat verir. İnsan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən olunmuşdur ki, Arpaçay vadisində məskənləşən Orta Tunc dövrü tayfaların məskəni Naxçıvan olmuşdur. Onlar yaz və yayda Arpaçay vadisi ilə indiki Ermənistan ərazisinə doğru hərəkət edərək yaylaqlardan istifadə etmiş və geri dönərək bu vadidə - Qızqala yaşayış yerində yaşamışlar. E.ə. III-II minilliklərdə Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalar arası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur etmiş, yaşayış yerində iri daşlardan inşa olunmuş qala divarları inşa olunmuşdur. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir.
İstinadlar
redaktə- ↑ Baxşəliyev V.B. Ristvet L., Gopnik H. 2014-cü ildə Qızqala və onun ətrafında arxeoloji araşdırmalar // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2015, № 3, s. 120-130. Vəli Baxşəliyev, Lauren Ristvet, Hilary Gopnik, Jennifer Swerida, Selin Nugent. Qızqalası yaşayış yerində 2015-ci ildə aparılan arxeoloji araşdırmalar // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası, 2016, 2, s. 178-193.