Pitaya - Wikipedia
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir.[1]
Coğrafiyası
redaktə100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir.
Adlandırılması
redaktəKaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır.
Növləri
redaktəƏsasən üç növ Əjdaha meyvəsi vardır:
- Qırmızı ətli qırmızı qabıqlı
- Ağ ətli qırmızı qabıqlı
- Ağ ətli sarı qabıqlı.
İstehlakı
redaktəƏdədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir. Hazırda bu meyvəyə qərb ölkələrində - xüsusilə də Almaniya, İngiltərə, Fransa, İsveçrə və Hollandiyada böyük maraq və ehtiyac var. Bu meyvədən müxtəlif istiqamətlərdə istifadə edilməsi mümkündür. Əsasən, dondurma istehsalında, meyvə suyunun, şərabların və salatların hazırlanmasında, dərman sanayesində istifadə olunan bu qəribə meyvənin çəkisi 300 qramdan bir kiloqrama qədər ola bilir. Tropik, sitrus meyvələri və eləcə də tərəvəz istehsalına alternativ məhsul olaraq seçilir.
Sanki sərt dırnaqlara malik olan qabıq hissəsi qətiyyən yeyilmir. Qabığından sənayedə rəng maddəsi kimi istifadə edirlər. Meyvələri müxtəlif rəngdə olur. Bu fərqlər, əsasən, meyvə kəsildiyi zaman ortaya çıxan iç rəngindən bilinir. Onu həm də sıxaraq suyunu içmək olar. İçərisi təxminən kivi meyvəsində olduğu kimidir. Belə ki, əjdaha meyvəsinin içərisində kivi çəyirdəyinə bənzəyən çox kiçik qara tumları var. Dadı da çox vaxt kivinin dadına bənzəyir. Şəkərli, lakin azacıq turştəhər dadı var. Sərinləşdirici effektə malik və nahardan və ya yüngül şam yeməyindən sonra bu meyvə desert kimi süfrəyə verilir.
Meyvənin qida üstünlüklərindən savayı, müalicəvi təsirləri də onu çox dəyərli edir. Yüksək antioksidant və liposom tərkibli bu meyvə lif baxımından da çox zəngindir. Tərkibində olan qida və minerallar gözlərin görmə qüvvəsini artırır, təzyiqi nizamlayır, cild quruluğunun qarşısını almağa kömək edir. Əjdaha meyvəsi C vitamini, kalium, kalsium, maqnezium və lif ilə zəngindir. Tərkibindəki kalsium insanın sümükləri üçün çox faydalıdır. Orqanizmin rütubət nisbətini nizamlayır. Diabet xəstələri üçün də olduqca xeyirli bir meyvədir.
Əjdaha meyvəsinin əsas üstünlüklərindən biri də onun əkilib-becərilməsi ilə bağlıdır. Əjdaha meyvəsinin bitdiyi pitaya ağacı kaktuskimilərdən olub yetişdirilməsi zəhmət və diqqət tələb edir. Tələbatdan asılı olaraq, qiyməti kifayət qədər yüksək olan bu meyvə o qədər də çox gübrə istəmir, suya da çox ehtiyacı yoxdur. Demək olar ki, heç bir xəstəliyə yoluxmur. Lakin isti hava şəraitini çox sevdiyi üçün temperaturun mənfi 2 dərəcədən aşağı düşməsi və ya çoxlu yağıntıya məruz qalması onun üçün ziyanlıdır. Adətən may ayından noyabrın sonuna qədər ildə 5 dəfə pitayadan məhsul götürmək olur. Ev şəraitində dibçəkdə də yetişdirilməsi mümkündür.
Əjdaha meyvəsini xroniki xəstəlikləri olanların və hamilə qadınların mütləq həkim məsləhəti ilə istehlak etmələri tövsiyə olunur.
Qalereya
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Dragon meyvə nədir?". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.