Pusyan Nekropolu - Wikipedia
Püsyan nekropolu — Şərur rayonunda eyniadlı kəndin cənub-şərqində antik dövrə aid arxeoloji abidə.[1]
Haqqında
redaktəO, Püsyan kəndinin cənub-şərqində yerləşir. Hər tərəfdən əkin sahələri ilə əhatə olunub. Nekropolun yaxınlığından torpaq yol keçir. Yerüstü əlamətləri olmadığından sahəsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Dağıdılmış abidələrə əsasən demək olar ki, 1200 kv.m-dən artıq sahəni əhatə edib Nekropol 1981-ci ildə kanal qazılarkən təsadüfən aşkar olunmuş, dağıntı zamanı aşkar edilmiş materiallar Şərur rayon tarix-diyarşünaslıq muzeyinə aparılmışdır. 1987-ci ildə meliorasiya işləri görülərkən nekropolda daha bir neçə qəbir dağıdılmışdır. Dağıntı zamanı aşkar olunmuş abidələr daş qutu və torpaq qəbirlərdən ibarətdir. Onlar tamamilə dağıdıldığından formasını müəyyən etmək mümkün olmamışdır. Skeletlər şərq-qərb istiqamətində bükülü vəziyyətdə olmuşdur. İstər qəbirlərin forması, istərsə də aşkar olunmuş materiallara görə Püsyan nekropolu Qafqaz Albaniyasının qəbir abidələri ilə oxşardır. Belə abidələr Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan şəhəri, Şıxmahmud, Camaldın, Uzunoba, Ağbulaq və başqa yerlərdən məlumdur. Püsyan nekropolundan aşkar edilmiş arxeoloji materiallar gil qablar və onların sınıqlarından ibarətdir. Onlar küpə, dolça, kasa, çaynik tipli qablardan ibarət olub sarı rəngdə bişirilmişdir. Küpə tipli qablar gen ağızlı, qabarıq gövdəli, yastı oturacaqlıdır. Onların ağzının kənarından gövdəsinin yuxarı hissəsinə birləşən lentşəkilli formalı və ortası batıq qulpları var. Küpələrdən bəzisinin üzəri sarı rənglə anqoblanaraq yüngülcə cilalanmışdır. Bəzi küplərin ağzı yanlardan içəriyə doğru əyilib. Çaynik tipli qablar formaca müxtəlifdir. Birinci tip çayniklər küpələrlə eyni formada olub qulpunun əks tərəfində silindrik lüləyi vardır. Lüləyi ağzının kənarından bir qədər yuxarı qalxmışdır. İkinci tip çayniklər lüləyinin formasına görə birincidən fərqlənir. Bu çayniklərin lüləyi Naxçıvanın qədim çayniklərini xatırladır. Lüləyinin arxa hissəsi ağzının kənarı ilə birləşir. Püsyan nekropolundan tapılmış materiallar Azərbaycanın Son Antik dövr abidələri üçün xarakterikdir. Aşkar edilmiş arxeoloji materiallara əsasən nekropolu e.ə. I-b.e.I əsrinə aid etmək olar.[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 226. ISBN 5-8066-1468-9.
- ↑ Baxşəliyev, Vəli. Naxçıvanın arxeoloji abidələri (PDF) (az.). Bakı: "Elm". 2008. səh. 39. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.