Osamu Dazai - Wikipedia
Osamu Dazai[1] (太宰 治, Dazai Osamu?, 19 iyun 1909, Kanaqi[d], Aomori – 13 iyun 1948, Mitaka) və ya əsl adı ilə Şuci Tsuşima (津島 修治, Tsuşima Şuci?) – Yaponiya romançısı və müəllifi. XX əsrin ən tanınmış Yaponiya yazıçılarından biridir. Fyodor Dostoyevski və Rünoske Akutaqava kimi yazıçılardan təsirlənmişdir. Etirafla xarakterizə olunan mən-roman janrında olan avtobioqrafik əsərlər yazmışdır. Bədbin və satirik tonda olan əsərləri üçün nihilizm və özünüməhv mövzuları səciyyəvidir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın postmüharibə dövründəki portretini əks etdirən əsərlər yazmışdır. "Tsuqaru" (1946), "Batan günəş" (Şayo, 1947) və "Yarımçıq insanın etirafları" (Ninqen Şikkaku, 1948) ən məşhur əsərləridir.
Osamu Dazai | |
---|---|
yap. 太宰 治 | |
Doğum adı | 津島 修治 |
Təxəllüsləri | 辻島 衆二, 黒木 舜平 |
Doğum tarixi | |
Doğum yeri | Kanaqi, Aomori, Yaponiya |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Mitaka, Tokio, Yaponiya |
Vəfat səbəbi | intihar |
Dəfn yeri | Zenrin məbədi |
Uşaqları | 3 |
Təhsili | Tokio Universiteti |
Fəaliyyəti | yazıçı, romançı, hekayə yazıçısı[d] |
İstiqamət | mən-roman |
Janr | hekayə |
Tanınmış əsərləri | |
Osamu Dazai Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Dazai Yaponiyanın şimalında yaşayan və siyasətlə məşğul olan varlı bir ailədə doğulmuş, yalqız uşaqlıq keçirmişdir. 1933-cü ildə Osamu Dazai təxəllüsü ilə əsərlər yazmağa başlamışdır. Yazıçı Masuci İbuse onun dostu və mentoru olmuşdur. Dazai həyatı boyunca dəfələrlə intihara təşəbbüs etmiş, bir çox qadınla münasibətdə olmuş, içkiyə qurşanmış, özünü xoşbəxt hiss etməmişdir. İki dəfə Akutaqava mükafatına namizəd göstərilsə də, mükafatı qazana bilməmişdir. Əsas əsərlərini həyatının son illərində yazmışdır. 1948-ci ildə sevgilisi Yamazaki Tomie ilə birlikdə özünü Tamaqava kanalına ataraq intihar etmişdir.
İlk illəri
redaktəŞuci Tsuşima 19 iyun 1909-cu ildə Honşunun şimalında yerləşən Aomori prefekturasının Kanaqi qəsəbəsində, varlı sahibkar ailəsində doğulmuşdur.[2] 1912–1923-cü illərdə Yaponiya parlamentinin üzvü olan atası Qenemon Tsuşima tez-tez evdən uzaq olurdu,[3] anası Tane isə xroniki xəstə idi. Şuci doğulanda ailəsi xidmətçilər də daxil olmaqla təxminən 30 nəfərdən ibarət idi: üç qardaşı (iki qardaşı ölmüşdü), dörd bacısı, ulu nənəsi, eləcə də, xalası Kie və xalasının dörd qızı ilə birlikdə yaşayırdı. Kiçik qardaşı Reyci 1912-ci ildə doğulmuşdu və 16 yaşındakı ölümünə qədər Şuci ilə çox yaxın olmuşdur.[4] Şuci doğulan kimi mamaçanın qayğısına verilmiş, daha sonra 8 yaşına kimi xalası Kie və Take tərəfindən böyüdülmüşdür. Take onun təsəvvüründə ana obrazı kimi qalmışdır.[4]
Tsuşima yalqız uşaqlıq keçirdikdən sonra 1923-cü ilin aprelində Aomoridə yerləşən orta məktəbə daxil olmuşdur. Məktəbin ikinci ilində kiçik jurnalları redaktə etmiş, dostlarının publikasiyalarına töhfələr vermişdir.[4][5] 1927-ci ildə Hirosakidə yerləşən liseyə qəbul olunmuşdur.[3] "Şinkiro" (azərb. "Möcüzə") adlı jurnal təsis etsə də, böyük qardaşı Bunci dərslərinə diqqət ayırması üçün onu ciddi yazıçılıq fəaliyyətindən çəkindirmişdir.[3] Hirosaki illəri ərzində marksizm ilə tanış olmuş, Aleksandr Puşkin, Fyodor Dostoyevski, Rünoske Akutaqava kimi yazıçılardan təsirlənmişdir. Xüsusilə, bu dövrdə Akutaqavanın intiharı onda böyük iz buraxmış, intiharı "bir yazıçı üçün yeganə düzgün ölüm" hesab etmişdir.[6] Tsuşima bu dövrdə "Dibsiz cəhənnəm" (1928), "Yazıq ağcaqanad" (1928), "Bir sahibkarın həyatı" (1929–1930) adlı əsərlər yazmışdır.[3]
Tsuşima solçu aktivistlərin təsiri altına düşmüş və səhv təbəqədə doğulduğu üçün özünü günahkar hiss edərək 1929-cu ildə ilk intihar cəhdini gerçəkləşdirmişdir.[5] 1930-cu ildə heç bir imtahan vermədən, fransız dilində bir söz belə bilmədən Tokio Universitetinin fransız dili ixtisasına qəbul olunmuşdur.[3] Fransız dilinin əsaslarını belə öyrənə bilməmiş, 5 il sonra universiteti buraxmışdır. Kommunistlərlə əlaqəsi 1932-ci ilə qədər davam etmiş, hökumət tərəfindən tenko icra etməyə məcbur edilmişdir. 1930-cu ildə ikinci intihar cəhdini etmişdir. Aomoridən olan bir geyşa olan Oyama Hatsuyo ilə evlənmək istəsə də, ailəsi buna qarşı çıxmışdır.[5] Nəticədə, Qinzada yerləşən "Hollywood" barında xidmətçi kimi işləyən Şimeko Tanabe adlı qızla birlikdə özünü Kamakura yaxınlığında dənizə atmışdır.[7] Tanabe ölsə də, Dazai sağ qalmışdır.[5] Buncinin müdaxiləsindən sonra Dazai cinayət məsuliyyətindən xilas olmuşdur.[8] İnsidentdən sonra Bunci onun Hatsuyo ilə evlənməsinə razılıq vermişdir.[7]
Yazıçılıq dövrü
redaktə1932-ci ildə Hatsuyonun geyşa həyatı haqqında öyrəndiyi gizli faktlar Tsuşimanı dərindən sarsıtmışdır. O, yaşadığı təcrübələr əsasında 1933-cü ildə "Xatirələr" əsərini nəşr etdirmişdir. Bu əsər yazıçının avtobioqrafik hekayə nəqletmə metodunun ilk nümunəsi hesab olunur.[8]
1933-cü il Dazainin ədəbi karyerasının əsl başlanğıc ili hesab olunur. Tokioda fəaliyyət göstərən "Kaihyo" jurnalının yazıçıları ilə əlaqələr qurmaqla yanaşı, "Qatar" adlı hekayəsinə görə Aomoridə keçirilmiş bir hekayə müsabiqəsinda birinci yerə layiq görülmüşdür. Bu, onun Osamu Dazai təxəllüsü ilə nəşr olunmuş ilk əsəri olmuşdur. 1933-cü ildə nəşr olunmuş "Çevrilmə" əsəri bəyənilmiş, bir neçə jurnal üçün yazmağa başlamışdır. 15 mart 1935-ci ildə "Miyako Shimbun" qəzetində işə düzəlmək üçün keçirilmiş imtahanda uğursuz olduqdan sonra Kamakurada özünü asmağa çalışaraq üçüncü intihar cəhdini gerçəkləşdirmişdir.[8][9] 1935-ci ildə Tatsuzo İşikavaya uduzaraq Akutaqava mükafatını qazana bilməmişdir.[8] Tokioya qayıtdıqdan sonra onda vərəmin simptomları müəyyən edilmiş, göndərildiyi bir neçə xəstəxanada morfindən asılılığı yaranmışdır.[9] 1937-ci ilin aprelində Dazai morfin asılılığından qurtulmaq üçün göndərildiyi xəstəxanada müalicə alarkən Oyama Hatsuyo onun yaxın dostlarından biri ilə münasibətdə olmuşdur. 1937-ci ildə bir müddət barışaraq sevgi intiharına cəhd etsələr də, uğursuz olaraq yenə ayrılmışdırlar.[10]
1937-ci ilin aprelindən 1938-ci ilin sentyabrına qədər Dazai tamamilə fəaliyyətsiz dövr keçirmişdir. Tək yaşamış, az insanla görüşmüş, içkiyə qurşanmışdır.[11] Tsuşima ailəsi Dazainin dostu İbuse Masuci ilə əlaqə saxlayaraq çətin dövrdən keçən yazıçı üçün evlilik təşkil etməsini xahiş etmişdir. Dazai və 26 yaşlı orta məktəb müəllimi Miçika İşihara 8 yanvar 1939-cu ildə İbusenin evində evlənmişdirlər. Evlilik Dazainin yaradıcılığına müsbət təsir göstərmişdir. 1939-cu ildə "Qızıl şəkil" əsərinə görə ilk ədəbi mükafatını, "Məktəbli qız" əsərinə görə Kitamura Tohoku mükafatını qazanmışdır. 1939-cu ildə yazdığı "Fuci dağının 100 görünüşü" əsəri "Shinchosha" nəşriyyatı tərəfindən Şova dövrü ədəbiyyatının ən yaxşı əsərlərindən biri seçilmişdir. Dazai səyahət etməyə və mühazirələr verməyə başlamış, İzu səyahətindən sonra 1941-ci ildə "Tokionun 8 görünüşü" adlı avtobioqrafik xülasəsi nəşr olunmuşdur.[12]
Postmüharibə
redaktəİkinci Dünya müharibəsi illərində yazıları hökumətin senzurasına məruz qalsa da, yazmağa davam etmişdir.[5] Müharibə müxbiri olmaq istəsə də, sağlamlığına görə istəyi qəbul edilməmişdir.[11] Senzuraya məruz qalmamaq üçün tarixi materiallara əsaslanan "Udaycin Sanetemo" (1943) və "Əyalətlərin yeni hekəyələri" kimi əsərlər yazmışdır. 1944-cü ildə nəşriyyatlardan biri anadan olduğu Tsuqaru yarımadası haqqında səyahət kitabçası yazmağı təklif etmişdir. Masuci İbuse ona bu səyahətnaməni özünüifadə vasitəsi kimi yazmağı məsləhət görmüşdür. Beləliklə, ailəsini ziyarət etmək üçün vətəninə yollanan Dazai anekdotlar, xatirələr, müşahidələr və şərhlərlə zəngin olan "Tsuqaru" əsərini ortaya çıxarmışdır.[12]
10 mart 1945-ci ildə Tokio ABŞ tərəfindən bombardmana məruz qalmış və Dazai Miçiko ilə iki uşağını Miçikonun Kofudakı evinə göndərmişdir. 2 apreldə onların Tokiodakı evi məhv olmuşdur. 7 iyulda Kofudakı evləri də yanmış və Dazai ailəsini Kanaqidəki evinə aparmışdır.[7] Həm müharibə, həm çox işləmək Dazainin nihilist üsluba qayıtmasına səbəb olmuşdur. Dazai 1946-cı ilin noyabrında Tokioya qayıtmış və yazıçılıq fəaliyyətinin ən məhsuldar dövrü başlamışdır.[11] Əsərləri yapon oxucular tərəfindən bəyənilmiş və Yaponiyada məşhur şəxsə çevrilmişdir.[5] İçkiyə qurşanan Dazai vərəmə yaxalanmış və sağlamlığı getdikcə pisləşməyə başlamışdır. Əsərlərinin fanatları çox olsa da, özünü xoşbəxt hiss edə bilməmişdir.[13] 1947-ci ildə Ota Şizuko və Yamazaki Tomie adlı iki evli qadınla münasibət yaşamağa başlamışdır. Ərini müharibədə itirdikdən sonra gözəllik salonunda işləyən, Dazainin "ölüm mələyi" adlandırılan Tomie yazıçının 1947-ci ildə nəşr olunmuş məşhur əsəri "Batan günəş" romanındakı Kazuko personajı üçün ilham mənbəyi olmuşdur.[14][15]
1948-ci ildə Dazainin növbəti əsas əsəri olan "Yarımçıq insanın etirafları" nəşr olunmuşdur. Dazai bu əsəri tamamladıqdan sonra 1948-ci ilin yazında "Asahi Shimbun" qəzeti üçün "Əlvida" adlı novella üzərində işləməyə başlasa da, əsəri heç vaxt tamamlaya bilməmişdir. 13 iyun 1948-ci ildə Yamazaki Tomie ilə birlikdə özünü Tamaqava kanalına ataraq intihar etmişdir. Cansız bədənləri 19 iyunda – Dazainin 39-cu ad günündə kanaldan çıxarılmışdır.[14]
Əsərləri
redaktəBir çox müasir yapon nəsr yazıçısı kimi Dazai də bir çox forma və üslubda əsərlər yazmışdır. Yaponiya və Qərbdə romançı kimi tanınsa da, ancaq iki əsəri roman kimi qəbul olunur. Həyat təcrübələri əsasında bir çox memuar tipli avtobioqrafik əsər yazmışdır. "Xatirələr" (1933) və "Tokionun səkkiz görünüşü" (1941) kimi əsərləri həyatı haqqında uzun hesabatlar olsa da, "Andın tamamlanması" (満願, Manqan?, 1938) və "İçkisizliyin ürəyi" (禁酒の心, Kinşu no kokoro?, 1943) kimi əsərləri qısa və anekdot xarakterlidir.[16]
Dazay öz təcrübələri ilə yanaşı tarixi və ədəbi materiallardan da istifadə etmişdir. İki ən məşhur hekayələr toplusu klassik yapon ədəbiyyatına əsaslanır: 1945-ci ildə nəşr olunmuş "Nağıllar" (お伽草紙, Otoqi zoşi?) əsərində orta əsrlərə aid dörd yapon hekayəsini, 1945-ci ildə nəşr olunmuş "Əyalət hekayələrinin yeni təfsiri" (新釈諸国噺, Şinşaku şokoku banaşi?) əsərində isə XVI əsrdə İhara Saykaku tərəfindən yazılmış 12 hekayəni öz dili ilə yenidən nəql etmişdir.[16]
Dazai bəzi əsərlərində Qərb yazıçılarının əsərlərindən ilham mənbəyi kimi istifadə etmişdir. Vilyam Şekspirin "Hamlet" əsəri əsasında 1941-ci ildə "Yeni Hamlet" (新ハムレット, Şin Hamuretu?) əsərini yazmışdır. Fridrix Şillerin "Əhd" şeiri əsasında ən məşhur əsərlərindən biri hesab olunan "Qaç, Melos!" (走れメロス, Haşire Merosu?, 1940) novellasını ortaya çıxarmışdır. "Qadınların dueli" (女の決闘, Onna no ketto?, 1940) isə alman yazıçısı Herbert Oylenberqin bir əsərinin yenidən işlənmiş versiyasıdır.[16]
"Batan günəş" (斜陽, Şayo?, 1947) və "Yarımçıq insanın etirafları" (人間失格, Ninqen Şikkaku?, 1948) Dazainin başlıca əsərləri hesab olunur. İkinci dünya müharibəsindən sonra Yaponiyada aristokratiyanın çöküşündən bəhs edən "Batan günəş" əsəri cəmi 3 nəfərdən ibarət olan bir ailə haqqındadır. Romanın xaos tərzində olan yazılış üslubu həm müharibədən sonrakı Yaponiyanın vəziyyətini, həm də yazıçının daxilində hökm sürən emosional böhranı əks etdirmişdir.[16] "Batan günəş" nəşr olunduqdan dərhal sonra populyar olmuş və Yaponiyada postmüharibə ədəbiyyatının ilk vacib əsərlərindən biri hesab olunmuşdur.[14] Dazainin digər ən əhəmiyyətli əsəri olan "Yarımçıq insanın etirafları" yazıçının həyatını əks etdirən avtobioqrafik əsərdir. Baş qəhrəman Oba Yozonun adı daha əvvəl yazıçının 1935-ci ildə nəşr olunmuş "Təlxəklik çiçəkləri" (道化の華, Doke no hana?) əsərində istifadə olunmuşdur. Romanın əsas mətnini Yozo tərəfindən yazılmış və hekayəni nəql edən şəxs tərəfindən aşkarlanmış üç gündəlik təşkil edir. Gündəliklər Yozonun cəmiyyətə uyğunlaşa bilməyib sağ qalmaq üçün təlxəklik kimi vasitələrdən istifadə etməsini, Yoşiko adlı bir qızla evlənməsini aydınlaşdırır.[16]
İstinadlar
redaktə- ↑ "Yarımçıq insanın etirafları". Qanun.az. 30 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2024.
- ↑ Lewell. səh. 64
- ↑ 1 2 3 4 5 Lewell. səh. 65
- ↑ 1 2 3 Wolfe. səh. 5
- ↑ 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan. səh. 79
- ↑ Wolfe. səh. 6
- ↑ 1 2 3 Wolfe. səh. 8
- ↑ 1 2 3 4 Lewell. səh. 66
- ↑ 1 2 Wolfe. səh. 9
- ↑ Wolfe. səh. 10
- ↑ 1 2 3 Wolfe. səh. 11
- ↑ 1 2 Lewell. səh. 67
- ↑ Kodansha Encyclopedia of Japan. səh. 80
- ↑ 1 2 3 Lewell. səh. 68
- ↑ Wolfe. səh. 12
- ↑ 1 2 3 4 5 O'Brien, James. "Osamu Dazai". Critical Survey of World Literature (ingiliscə). dekabr 2017: 747–752. İstifadə tarixi: 1 iyul 2024.
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 79–80. ISBN 0-87011-622-3. İstifadə tarixi: 30 iyun 2024.
- Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 65–68. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 30 iyun 2024.
- Wolfe, Alan Stephen. Suicidal Narrative in Modern Japan: The Case of Dazai Osamu (ingiliscə). Princeton University Press. 2014. ISBN 9781400861002. İstifadə tarixi: 30 iyun 2024.