Orta Esr Agsu Seheri Arxeoloji Turizm Kompleksi - Wikipedia
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən örtülü arxeoloji turizm kompleksi.
Orta əsr Ağsu şəhəri | |
---|---|
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi | |
Ölkə | Azərbaycan |
Status | arxeoloji turizm kompleksi |
Şəhər | Ağsu |
Yerləşir | Ülgüc kəndi |
Kəşf tarixi | 2010-cu il |
Sahəsi | 40 ha |
Tarixi
redaktəNadir Şah 1735-ci ilin ilin may ayında Ağsu şəhərinin əsasını qoyub. Bəzi tarixi mənbələrdə Ağsu həm də Yeni Şamaxı kimi göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. Şəhər öz adını ərazisindən axan Ağsu çayından götürüb. XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. Şəhər salınanda burada Nadir şah tərəfindən tikdirilən qala uzun müddət bu bölgədə əhəmiyyətli iqamətgah olub. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Fridrix Biberşteyn, Semyon Bronevski və başqaları da bu qala haqqında yazıblar.[1] Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olub. Bu qalaya şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək geri qayıtmışlar.[1] Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət inkişaf edib.[1]
Ərazisi
redaktəOrta əsr Ağsu şəhərinin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir.
Arxeoloji tədqiqatlar
redaktə2010-2012-ci illərdə "Orta əsr Ağsu şəhəri" Arxeoloji Turizm Kompleksi layihəsi çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası burada tədqiqata başlayıb. Əvvəlcə 600 kv/m. sahədə kəşfiyyat səviyyəsində öyrənilmiş şəhər yerinin nisbətən təpə və çuxurların az olduğu hissəsində qazıntı işlərinə start verilib. Tədqiqat nəticəsində məlum olub ki, qazıntı sahəsinin mərkəzindən daş döşəməli şəhər küçələrindən biri keçirmiş. Küçənin 5 metr cənubunda şəhər meydanlarından biri üzə çıxmış, meydanın qərb hissəsində iri bina qalığı aşkar olunmuşdur[2].Orta əsr Ağsu şəhərində ilk arxeoloji kəşfiyyat işləri 1983-cü ildə Fazil Osmanovun rəhbərliyi ilə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar Ağsu şəhərinin birtəbəqəli (XVIII əsr) abidə olduğunu üzə çıxarmış, xanlıqlar dövrünü arxeoloji baxımdan öyrənmək üçün önəmi anlaşılmışdır.
Orta əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara 2010-cu il mart ayından Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu arxeoloji ekspedisiyası başlamış və 2012-ci ilin sonlarına qədər davam etmişdir. 3 illik arxeoloji qazıntılar nəticəsində 1,5 hektar sahə açılmış, Azərbaycan və dünya tarixi üçün maraqlı tapıntılar üzə çıxmışdır.
Sürətlə tikilməsinə baxmayaraq, dövrünün ən mükəmməl şəhər planlaşdırması tətbiq edilmişdir. Qazıntılar zamanı, daş döşənmiş küçə və yollar, su və kanalizasiya xətləri, zibil çeşidləri üçün ayrıca quyular, sənətkarlıq emalatxanaları və s. aşkar edilmişdir.Topoqrafik plan hazırlandıqda məlum olmuşdur ki, düzbucaqlı şəkildə üzü qiblə istiqamətinə tikilmiş şəhərin şimalı ilə cənubu arasında dəniz səviyyəsindən 10 metr hündürlük fərqi var. Şəhərdə arxeoloji tədqiqatlar aparılanda bu fərqin evlərin və məhəllələrin su ilə təchiz edilməsində mühüm rol oynadığı görünmüşdür[3].Tədqiqatçılar ilkin qazıntılar zamanı aşkar edilmiş XII əsrə aid bir sıra maddi-mədəniyyət nümunələrinə istinad edərək “Xaraba şəhər”in daha qədim yaşayış məskəni olması qənaətindədirlər. Şəhərin ərazi cəhətdən böyüklüyü, ticarət əlaqələri üçün əhəmiyyətli mövqedə yerləşməsi də deyilənləri təsdiq edir. “Xaraba şəhər”in adı da hələ mübahisəlidir. Buranı Ağsu, Yeni Şamaxı, hətta Beyləqan adlandıranlar da vardır. Şübhəsiz, arxeoloji tədqiqatlar hələ tariximizin açılmayan çox-çox səhifələrini üzə çıxaracaqdır[4]."Miras" Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası müxtəlif turizm təşkilatlarının təmsilçiləri və KİV nümayəndələrinin iştirakı ilə hər il ənənəvi olaraq Orta əsr Ağsu şəhərinə infotur təşkil edir.
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Xəlilli, Fariz. "Azərbaycanın XVIII Əsr Paytaxt Şəhəri – AĞSU". farizkhalilli.az. 2014-11-22. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
- ↑ "Arxivlənmiş surət". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
- ↑ "Arxivlənmiş surət". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
- ↑ "Arxivlənmiş surət". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.