Niyyet - Wikipedia
Niyyət (ərəb. نية) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir.
Niyyətsiz ibadət
redaktəƏksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar.
"Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın. Çünki burada yazılan əməl Mənim rizam üçün edilməyib". Sonra Allah mələklərə deyər: "O biri qulumun əməl dəftərinə filan əməli yazın". Mələklərin: "Ya Rəbb! Axı o, bu əməllərin heç birini etməyib" — cavabına isə Allah buyurar: "Etmədi, lakin etməyə niyyət etdi" (həz. Məhəm-məd).[1]
Niyyət və əməl
redaktəPeyğəmbər (ə)-nin "Möminin niyyəti əməlindən xeyrlidir" kəlamını şərh edən Qəzzaliyə görə, həz. Məhəmməd bu ifadə ilə əməlsiz niyyətin niyyətsiz əməldən üstün olduğunu demək istəməyib. Çünki niyyətsiz əməl ibadət (geniş mənada: Allahın əmrlərini yerinə yetirib, yasaqlarından qaçmaqla Onun rizasına uyğun hərəkət etmək) olmadığı kimi, əməlsiz niyyət də itaət deyil. Hədisdə demək istənilən budur ki, ibadət həm bədən, həm də qəlblə edilir. Və bunlardan qəlblə edilən ibadət bədənlə ediləndən xeyrlidir. Bunun da səbəbi bədənlə edilən əməldə məqsədin qəlbin hallarını, durumunu dəyişdirməkdir. Başqa sözlə, qəlbin niyyətindən məqsəd, bədənin halını dəyişdirmək deyil.
Cəbrayıl(ə)-nin həz. Məhəmmədə söylədiyi rəvayətə (buna hədisi Cəbrail deyilir) görə: "Allah (günah və savabları yazan) mələklərə buyurur: "Qulum pis fikrini əmələ çevirənə qədər həmin pisliyi ona yazmayın. Əgər bunu Mənim üçün etməzsə, ona bir yaxşılıq yazın". Peyğəmbər(ə) isə buyurub: "Allah yazdırdığı yaxşılıq və pisliklərin durumunu belə açıqlayır:
- 1) Kim bir yaxşılıq etməyə qərar verdikdən sonra bunu etməzsə, edə bilməzsə Allah onu həmin şəxs üçün bir yaxşılıq kimi qəbul edər;
- 2) Kim bir yaxşılıq etməyə qərar verdikdən sonra, bunu əmələ çevirərsə, Allah həmin bəndəyə gördüyü işin 700 misli qədər savab verər;
- 3) Kim bir pislik etməyə qərar verdikdən sonra həmin pisliyi etməzsə, Allah onu həmin bəndə üçün bir yaxşılıq kimi qəbul edər;
- 4) Kim bir pislik etməyə qərar verdikdən sonra onu yerinə yetirərsə, Allah bunu həmin bəndə üçün bir pislik kimi qəbul edər". Görəsən bir pis əmələ görə adekvat cəzanı, bir yaxşı əmələ görə isə onun 700 mislini Allahdan başqa kim verə bilər? Haşə! Əlbəttə heç kim! Görəsən insanları yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək naminə kimdə belə səxavət, dəyanət, rəhm, sevgi və məhəbbət ola bilər? Haşə! Əlbəttə, heç kimdə".[1]
Niyyətlərinə görə dirilmək
redaktə"Allah bir cəmiyyətə əzab verdikdə, bu əzab ümumə verilər. Lakin onlar niyyətlərinə görə dirildilərlər". Peyğəmbər(ə)-nin bu kəlamını Buxari (v.e.870) belə açıqlayıb: "Hər hansı bir cəmiyyətdə pislik və haramlar çoxaldıqca, həmin toplumun içindəki yaxşı insanlar şərə qarşı mübarizə aparmağa məsuldurlar. Əgər onlar gücləri çatdıqları halda, həmin mübarizədən vaz keçib, laqeyd mövqe tutsalar, o zaman yaxşı insanlar da pislərlə birlikdə həlak olarlar. Lakin yenidən dirilişdə yaxşı niyyətlərini fani dünyada əmələ çevirə bilməyənlər niyyətlərinə görə diriləcəklər. Yəni, pis insanların yanında olan digər insanlar hansı niyyətdə olublarsa, həmin niyyətlə də diriləcəklər"[1].
Hədislər
redaktə- Peyğəmbər(s) buyurmuşdur: "Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Kim Allaha və Rəsuluna görə hicrət edərsə, Allah və peyğəmbərlərinə tərəf də gedər. Kim qadına görə evlənərsə və ya sərvət, var-dövlət ələ keçirmək xatirinə hicrət edərsə, hicrəti niyyətində tutduğu şey tərəfə də yönələr. Möminin niyyəti əməlindən yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. Hər kəs niyyətinə görə iş görər.
- Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: "Heç bir əməl niyyətsiz qəbul olunmur."
- Peyğəmbər(s) bir hədisdə buyurur: "Qiyamət günü insanlar niyyətinə görə təhrik olunarlar." "Qiyamət günü adamlar niyyətinə görə sorğu-sual olunar."
- İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur: "Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə sorğu-suala çəkər."[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 "NİYYƏT" (Azər.). paralel.az. 20.04.2022 tarixində arxivləşdirilib.
- ↑ Ayətullah Məhəmmədrza Məhdəvi Kəni. "Niyyət" (Azər.). imameli.az. 20.04.2022 tarixində arxivləşdirilib.