Nayveli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nayvəli — Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı.
Nayvəli | |
---|---|
Naib Vəli | |
Doğum yeri | |
Vəfat yeri | |
Uşağı | Hacı |
Atası | Vəli |
Milliyyəti | türk |
Dini | islam |
Həyatı
redaktəBorçalı mahalının Sarvan kəndinə aid olan Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmmədin XVII əsrin ortaları — XVIII əsrin əvvəllərində yaşadığı məlumdur.
Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916–1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.
Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında — XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib.
Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında — Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb.
Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir.
Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub. Bu səfalı yaylaq yeri və Nayvəli bulağı indiyədək Sarvan camaatının sevimli istrahət yerlərindəndir. Nayvəli savadlı adam olub, rus dilini bilib, vergi sistemində işləyib və çar hökumətindən qızıl pulla maaş alıb.
Nayvəli nəslində Məhəmməd, Hacı, Abbas adları irsən təkrarlanır. Məhəmməd Hacı oğlunun və Rüstəm Hacı oğlunun dediyinə görə, Nayvəlidən əvvəl onların Məhəmməd adında ulu babaları olub.
1728-ci ildə Osmanlı dövləti tərəfindən hazırlanmış "Tiflis əyalətinin müfəssəl dəftəri"ndə[1] Sarvanlar ərazisində Sarvan camaatının siyahısında Hacı Məhəmməd oğlu və onun oğlu Vəlinin adları qeyd olunub.
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü, professor Şurəddin Məmmədlinin "Borçalı qarapapaqları: tarixin dolamalarında" kitabında Nayvəlinin adı görkəmli yazıçı Abdulla Şaiqin atası məşhur din xadimi və maarifçi Axund Mustafa Talıbzadə ilə birlikdə XIX əsrin ortalarında Borçalının Sarvandan olan öndər şəxsiyyətləri sırasında qeyd olunur.
Nayvəlinin oğlu Hacı da dövlətli və savadlı adamlar olub. Sovet hökuməti gəldikdən sonra var-dövləti əlindən çıxıb.
Hacı Nayvəli oğlu XIX əsrin axırlarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Hacı kişi imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti, qızılı olub, ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahəsi qalıb. Əmisi oğlu Pirverdinin və onun oğlu Pirqasım ağanın törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.
Hacı Nayvəli oğlunun üç oğlu, iki qızı olub, ortancıl oğlu Abbas tez rəhmətə gedib. Digər oğulları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə adını "Rüstəm Nayvəlioğlu" kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında "Hacı oğlu"nu bərpa edib və "Hacıyev" soyadını götürüb. Məhəmməd kişi şəxsi təsərrüfatında çalışıb. Rüstəm Hacı oğlu ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci dünya müharibəsi iştirakçısıdır, uzun illər Borçalıda müəllim işləyib, bir çox orden və medallarla təltif olunub.
El ağsaqqalları olan Məhəmməd Hacı oğlu (1906 – 1974) və Rüstəm Hacı oğlu (1916–1990) övladlarını öz halal zəhmətləri ilə böyüdüb, savad verib, böyük ailələrinə (Məhəmmədin yeddi oğlu, bir qızı, Rüstəmin altı oğlu olub) ev-eşik qurublar. Onların törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
Hazırda Nayvəlilər (Hacıyevlər) nəslinin bir hissəsi Sarvanda, bir hissəsi isə Bakıda yaşayır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)". Bakı: 2001, s.61–62