Naturalizm Edebiyyat - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan.
Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir.
Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 1880-ci ildə Emil Zolya "Eksperimental roman" adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı müşahidəni əks etdirirdi. Belə müşahidə konkret və fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan Avropanın digər ölkələrində də özünə tərəfdarlar tapdı. E. Zolya müəyyən tibbi və genetik fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər də yazmışdır.
Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında idilər. Onlar da obrazın, xüsusilə insan obrazlarının dəqiq təsvirini, müşahidə vasitəsilə göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına gələn natura sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi ilə müqayisə olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi.
Naturalizmin əsas prinsipindən – həyati konkret müşahidə ilə öyrənmək və göstərmək prinsipindən Balzak da istifadə etmişdi və bu yolla böyük məhsuldarlığa nail olub doxsandan artıq roman yazmışdı. Lakin Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu daha əsas idi. O konkret müşahidələrdəki ən fərdi, ünvanlı cəhətləri atırdı. Lakin Emil Zolya və onun davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların həyatını öyrənib ən yaxşı romanlarından birini " Jerminal" əsərini yazmışdı.
Əlbəttə, naturalizmin proqramında və təcrübəsində ədəbiyyatın inkişaf tarixi üçün mütləq yenilik yox idi, bu realizmin ümumi inkişaf məcrası daxilində olan bir hadisə idi. Emil Zolya sadəcə öz zəmanəsində coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin nəticələrindən ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə əslində onun həyata qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq üçün idi. Bu mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və yollarından biridir və öz proqramı və prinsipi ilə dünyanı ədəbi təsvirin əsas fundamental əlamətinə – dünyanı fərdi görümdə təsvir prinsipinə bir qədər zidd idi. Aydındır ki, naturalistlər elmin nailiyyətlərindən istifadə yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini fərdiləşdirmək üçün istifadə edirdilər.
Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalistlərdən əvvəl də, onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii publisistikada, sənədli kinoda, foto sənətində, neorealist kinoda naturadan təsvir prinsipindən geniş istifadə edilmişdir və edilir. Müasir bədii kinoda müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino janrı da naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E. Zolya öz naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu təbliğatda aktual məntiq görmədilər.
Tarixi
redaktəƏdəbiyyatda naturalizm XIX əsrin ikinci yarısında Fransada yaranmışdır. Bu cərəyanın nəzəri əsasını fransız Hippolyte Taine yaratmışdır. Tainin düşüncələrindən təsirlənən Goncourt qardaşları ilk naturalist romanı Germinie Lacerteux (1864) yazdı. Lakin ədəbiyyatdakı naturalizm orjinal ifadəsini Emil Zolyanın Le Roman experimental (1880; "Eksperimental roman") adlı esselərində tapdı. Goncourt Qardaşlarından təsirlənən Zolya iddia edir ki, yazıçı təkcə faktları müəyyənləşdirmək və yazmaq üçün kifayət edən bir müşahidəçi deyil, həm də roman personajlarının daxili aləmlərini, emosional və ictimai hadisələrini aparan bir eksperimentordur. Naturalizm metodlarını Zolya kimi yaxından izləyən müəlliflər çox azdır. Lakin bir müddət sonra məşhur hekayəçi Guy de Maupassant, romançı Joris-Karl Huysmans, alman dramaturqu Gerhart Hauptmann, portuqal yazıçısı Xose Maria Eça de Queiros bu cərəyandan təsirlənərək naturalist əsərlər yazdılar.
Naturalist yazıçılar obyektiv həqiqətlər yazdılar və idealizasiyaya qarşı çıxdılar. Həyatın qəddar və kobud tərəflərini də əks etdirdilər. Naturalist yazarlar mühitin insana həddən artıq təsir etdiyinə inanırdılar. Buna görə də, əsərlərində məzlum boşluqlar, gecəqondu ərazilərini və yeraltı dünyanı sənədli bir dil ilə insanlara çatdırdılar. Stiven Kran, Frank Norris və Cek London ABŞ-də naturalizmin Avropa ədəbiyyatındakı təsiri zəifləməyə başladığı bir dövrdə bu anlayışla yazdılar. Teodor Dreiser, ABŞ-də naturalizmi zirvəyə qaldırdı. James T. Farrellin Studs Lonigan (1932-35) trilogiyası, ən son naturalist əsəri idi.
Naturalizm Türkiyə ədəbiyyatına eksperimental elmlərin cəlbedici tərəfdarı Beşir Fuadın təsiri ilə daxil oldu. Türkiyə ədəbiyyatının ilk naturalist romanı 1891-ci ildə Əhməd Midhat Əfəndi tərəfindən yazılmış Müşahedat ("Müşahidələr") idi.
Naturalizm qısa müddətli bir cərəyan olsa da, realizmin inkişafına, yeni mövzuların kəşf edilməsinə və formaya üstünlük verməyən və həyata yaxın olan bir hərəkatın inkişafına təkan verdi.
Dilçilikdə naturalizm cərəyanı
redaktəXIX əsrin ortalarında meydana çıxan başlıca dilçilik cərəyanlarından biri naturalizm adlanırdı. Almaniyada yaranmış bu cərəyana eyni zamanda bioloji cərəyan da deyilirdi. Naturalizmin dilçilikdə təşəkkül tapmasına səbəb XIX əsrdə təbiətşünaslığın çox sürətlə inkişaf edib yayılması olmuşdur. Təbiətşünaslığın nailiyyətləri təsirində dilçilər dilə naturalizm baxımından yanaşmışlar və bunun da nəticəsində dilçilik elmində naturalizm formalaşmışdır. Bu cərəyanın da əsasını Darvin təlimi təşkil edirdi.[1]
Mənbə
redaktə- ↑ Afad Qurbanov. Ümumi dilçilik. I cild. Bakı, 2004, s.86
- Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı: 2008