Necibe Melikova - Wikipedia
Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974)[1]
Nəcibə Məlikova | |
---|---|
Nəcibə Haşımbəy qızı Məlikova | |
Doğum tarixi | |
Doğum yeri | Buzovna, Bakı qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr və kino aktrisası |
Fəaliyyət illəri | 1943–1992 |
Təhsili |
Bakı Teatr Məktəbi; Azərbaycan Dövlət Teatr İnstitutu |
Teatr |
Gəncə Dövlət Dram Teatrı (1943–1946); Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1952–1992) |
Mükafatları |
Həyatı
redaktəİlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.
Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib.
Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.[2]
Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.
Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.[3]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 iyun 1974[1]
Ailəsi
redaktə- Haşım bəy Sağibin qızıdır.
- Ruhulla Axundovun bacısı qızıdır.
Filmoqrafiya
redaktə- Arşın mal alan (film, 1965)
- Axşam konserti (film, 1948)
- Aygün (film, 1960)-Aygün
- Bakının işıqları (film, 1950)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Böyük ömrün anları (film, 2006)
- Doğma xalqıma (film, 1954)
- Əhməd haradadır? (film, 1963)
- Fətəli xan (film, 1947)
- Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
- Qanun naminə (film, 1968)
- Qüdsi (film, 2007)
- Leyli və Məcnun (film, 1961)
- Ögey ana (film, 1958)
- Prima (film, 1994)
- Tikdim ki, izim qala (film, 1997)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Topal Teymur (film, 1983)
- Üzeyir ömrü (film, 1981)
- Yollar görüşəndə... (film, 1979)
İstinadlar
redaktə- ↑ 1 2 Respublikanın incəsənət işçilərinə Azərbaycan SSR-in fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Nəzərli, E. “Doğma “ögey ana”: [Xalq artisti Nəcibə Məlikova haqqında] //Qobustan: sənət toplusu.- 2015.- № 3.- S.22 - 26.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-25.