Nusret Fetullayev - Wikipedia
Nüsrət Möhsün oğlu Fətullayev (29 may 1913, Lənkəran, Lənkəran qəzası – 31 avqust 1987, Bakı) — teatr xadimi, rəssam, Azərbaycan SSR xalq artisti (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).
Nüsrət Fətullayev | |
---|---|
1944 – 1946 | |
Əvvəlki | İsmayıl Axundov |
Sonrakı | Mürsəl Nəcəfov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1987 (74 yaşında) |
Vəfat yeri | |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1930–1934) |
Fəaliyyəti | rəssam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olmuşdur. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır.[1]
Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947), "Rəqs müəllimi" (Lope de Veqa, 1949), "Müfəttiş" (Nikolay Qoqol, 1952), "Qış nağılı" (Vilyam Şekspir, 1955), "Səyavuş" (Hüseyn Cavid, 1963), "Xanuma" (Avksenti Saqareli, 1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə, 1978), "Cehizsiz qız" (Aleksandr Ostrovski, 1979), "Yad adam" (Leonqard Frank, 1980), "Təhminə və Zaur" (Anar, 1985) kimi əllidən çox tamaşanın rəssamı olub.[2]
Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılmışdır.[2] Hökümə Qurbanovanın həyat yoldaşı və Vəfa Fətullayevanın atasıdır
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyul 1949
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1948
- Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1972 (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasının rəssamlığına görə)
- "Qırmızı əmək bayrağı" ordeni — 22 iyul 1949
- 2 dəfə "Şərəf nişanı" ordeni — 25 fevral 1946, 9 iyun 1959
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ ФӘТУЛЛАЈЕВ Нүсрәт Мөһсүн оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 539–540.
- ↑ 1 2 İlham Rəhimli. Nüsrət Fətullayev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 74–76. ISBN 5-86874-179-X.