Montro Bogazlar Konvensiyasi - Wikipedia
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası[1] — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür.[2]
Montrö boğazlar konvensiyası | |
---|---|
İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası | |
İmzalanma tarixi | 20 iyul 1936-cı il |
İmzalanma yeri | Montrö, İsveçrə |
Qüvvəyə minməsi | 9 noyabr 1936-cı il |
• şərtləri | Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyinin bərpa edilməsi |
İmzalayanlar |
Bolqarıstan İngiltərə Fransa Yunanıstan Yaponiya Rumıniya Yuqoslaviya Türkiyə SSRİ |
Status | beynəlxalq |
Dili | fransız |
Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur.
1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan[3] konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır.[4] Konvensiya hazırda qüvvədə qalmaqda davam edir.
Tarixi
redaktəKonvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi. Müqavilə Millətlər İttifaqı Beynəlxalq Boğazlar Komissiyasının nəzarəti altında boğazları mülki və hərbi gəmilərin məhdudiyyətsiz və sərbəst hərəkəti üçün açdı.
1930-cu illərin sonlarında, Türkiyənin qərb sahillərində yunanların yaşadığı Dodecanese adalarına nəzarət edən və Rodos, Leros və Kosda istehkamlar inşa edən Faşist İtaliyasının güclənməsi ilə Aralıq dənizindəki strateji vəziyyət dəyişdi. Türklər İtaliyanın Anadolu və Qara dəniz bölgəsi üzərindəki təsirini genişləndirmək üçün boğazlara girişdən istifadə etməyə çalışacağından qorxurdular. Üstəlik, Bolqarıstanın yenidən silahlanmasına dair narahatlıqlar da var idi.[5]
Türkiyəyə boğazları möhkəmləndirməsinə icazə verilməsə də, o bunu gizli şəkildə edirdi.[6]
1935-ci ilin aprelində Türkiyə hökuməti Lozanna Müqaviləsini imzalayanlara uzun diplomatik nota göndərdi. Notada boğazlar üçün yeni razılaşmaya dair konfrans çağırılmasını təklif etdi və Millətlər Birliyindən Dardanell istehkamlarının yenidən qurulmasına icazə verilməsini istədi. Türkiyənin xarici işlər naziri Tefik Rüştü Aras bu notada beynəlxalq vəziyyətin 1923-cü ildən bəri kəskin şəkildə dəyişdiyini izah etmışdi. O dövrdə Avropa silahsızlanmaya və boğazların qorunmasının beynəlxalq zəmanətinə doğru irəliləyirdi. 1934–35-ci illərdə Efiopiya böhranı, Almaniyanın Versal sülh müqaviləsini və beynəlxalq silahlanma addımlarını denonsasiya etməsi “Boğazların tam qorunması üçün olan yeganə zəmanətin öz növbəsində qüvvədən düşməsi" demək idi. Əslində Aras, "bu işdə ən çox maraqlı olan beynəlxalq güclər ümumi bir həyəcan təhlükəsini elan edirlər" deyirdi. Mövcud rejimin əsas zəif tərəfləri kollektiv zəmanət mexanizminin çox ləng və təsirsiz olması, ümumi müharibə təhlükəsi zamanı hər hansı bir müdafiə ehtimalının olmaması və Türkiyəni müdafiə etməyin bir yolunun mövcud olmaması idi. Buna görə də Türkiyənin əsas təklifi:
Yaxın gələcəkdə Türkiyə ərazilərinin toxunulmazlığı üçün, ən liberal ruhda, davamlılığı üçün lazım olan təhlükəsizlik şərtlərində boğazların rejiminin tənzimlənməsinə dair razılaşmalara gəlmək məqsədi ilə danışıqlara başlamaq. Aralıq dənizi ilə Qara dənizlər arasında ticarət gəmiçiliyinin inkişafı. |
Konfransın çağırılması və gedişi
redaktəTürkiyənin təklifi qəbul edildi və 1936-cı ildə bu məsələyə dair beynəlxalq konfransın çağırılması qərara alındı. Qara dəniz boğazları rejimi konfransı 22 iyun - 21 iyul 1936-cı ildə SSRİ, Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Yuqoslaviya, Avstraliya və Yaponiyanın iştirakı ilə İsveçrənin Montrö şəhərində keçirilməsi qərara alındı.[7] Konfransın gedişində iki böyük ölkə iştirakdan imtina etdi. Belə ki, iştirakçı ölkələr, Efiopiyadakı vəziyyətlə əlaqədar olaraq İtaliyaya qarşı beynəlxalq sanksiyaları dəstəklədiyindən, İtaliya konfransa qatılmaqdan imtina etdi.[2] ABŞ isə ümumiyyətlə konfransa nümayəndə göndərmədi.[8]
Montrö konfransında Türkiyə, Britaniya və Sovet İttifaqı hər biri əsasən öz maraqlarını qorumağa yönəlmiş təkliflərini irəli sürdülər. İngilislər nisbətən məhdudlaşdırıcı yanaşmanın davam etdirilməsini müdafiə edirdilər, türklər isə boğazlar üzərində öz nəzarətlərini bərpa edəcək daha liberal bir rejim təklif edirdilər, SSRİ isə mütləq keçid azadlığını təmin edəcək bir rejimin tətbiqini istəyirdilər. Böyük Britaniyanın təklifinin əsasını Qara dəniz və Qara dəniz xaricindəki dövlətlərin hərbi gəmilərinin boğazlardan keçməsi hüquqlarının bərabərləşdirilməsi təşkil edirdi. İngilislər, Fransanın dəstəyi ilə Sovet donanmasını Hindistan, Misir və Uzaq Şərqə gedən gəmi yollarını təhdid edə biləcəyi Aralıq dənizindən uzaq tutmağa çalışırdılar.[9] Nəticədə ingilislərin bəzi tələbləri yerinə yetirildi, Sovetlər isə SSRİ də daxil olmaqla Qara dəniz ölkələrini Qara dəniz olmayan ölkələrə tətbiq olunan hərbi məhdudiyyətlərdən bəzi azadlıqlar almağa müvəffəq oldular. Beləliklə, konfransın işi pozulmadı və razılaşdırılmış qərarların hazırlanmasına gətirib çıxardı. İyulun 20-də iştirakçı ölkələr, boğaz rejimi ilə əlaqədar yeni bir konvensiyanı imzaladılar və bunun əsasında Türkiyə boğaz bölgəsini yenidən hərbi vəziyyətə gətirmə haqqını aldı.
Saziş Lozanna müqaviləsini imzalamayan Almaniya xaricində və Yaponiyanın qeyd-şərtləri ilə bütün konfrans iştirakçıları tərəfindən təsdiq edildi. 1936-cı il noyabrın 9-dan isə qüvvəyə mindi.[10]
İngiltərənin güzəştə getmək istəyi, Türkiyənin Adolf Hitler və ya Benito Mussolini ilə ittifaqa girməməsi və ya onların təsiri altına düşməməsi istəyi ilə izah olunur.[11][12] Beləliklə, gələcəkdə Berlin-Roma-Tokio oxu ilə hər hansı bir qarşıdurma olması halında Türkiyənin ya bitərəf qalmasını, ya da Qərb müttəfiqlərinə tərəf tutmasını təmin etmək üçün İngiltərə və Fransa tərəfindən edilən bir sıra addımların ilki idi.[8]
Konvensiyanın əsas maddələri
redaktəKonvensiyanın girişində qeyd olunurdu ki, Konvensiya Dardanel, Mərmərə dənizi və Bosfor boğazı ilə yanaşı Türkiyənin Gökçeada, Bozcaada və Tavşan adaları, Yunanıstanın Lemnos və Samotrak adalarının silahsızlaşdırılmasından bəhs edən əvvəlki Lozanna boğazlar müqaviləsini ləğv edir.
Konvensiya 29 maddədən, dörd əlavədən və bir protokoldan ibarətdir. 2-7-ci maddələr ticarət gəmilərinin keçməsini nəzərdə tutur. 8-22-ci maddələr döyüş gəmilərinin boğazlardan keçidinin qaydalarını əhatə edir. Keçid və naviqasiya azadlığının əsas prinsipi 1 və 2-ci maddələrdə ifadə edilmişdir. 1-ci maddədə deyilir: "Razılığa gələn Tərəflər boğazlarda dəniz yolu ilə keçmə və gəzinti azadlığı prinsipini tanıyır və təsdiqləyirlər." Maddə 2-də "Sülh dövründə ticarət gəmiləri, hər hansı bir yüklə hər hansı bir bayraq altında gecə və gündüz Boğazlarda tam keçid və gəzinti azadlığından istifadə edəcəklər" deyilir.
Beynəlxalq Boğazlar Komissiyası ləğv edildi, bu da Türkiyəyə boğazlar üzərindəki hərbi nəzarətinin tamamilə bərpa etməsinə və Dardanel boğazının yenidən qurulmasına icazə verilirdi. Türkiyə müharibə dövründə və ya təhlükə təhdidində olduqda boğazları bütün xarici hərbi gəmilərə bağlamaq səlahiyyətinə sahib oldu. Həmçinin Türkiyəyə onunla müharibə vəziyyətində olan ölkələrə məxsus ticarət gəmilərinə tranzit imtina etmək səlahiyyəti verildi.
Qara dəniz ölkəsi olmayan dövlətlərə hərbi gəmiləri üçün əhəmiyyətli çəki (tonaj) məhdudiyyətləri tətbiq edildi (yalnız kiçik səth gəmiləri keçə bilər). Qara dəniz ölkəsi olmayan dövlətlərin Qara dənizdəki döyüş gəmilərinin ümumi tonajı 30 min tonu keçməməlidir və dənizdə 21 gündən artıq qalmamalıdır. Yalnız Qara dəniz ölkələrinin dəniz qüvvələrinin sayı artırıldığı halında bu maksimumu 45 min tona çatdırıla bilər. Hərbi gəmilərin keçə biləcəyi növlərə bir sıra yüksək dərəcədə məhdudiyyətlər qoyuldu. Gəmi göndərmək istəyən Qara dəniz ölkəsi olmayan dövlətlər, keçiddən keçmək istədikdə 8 gün əvvəl Türkiyəni xəbərdar etməlidirlər. Əlavə olaraq, ümumi həcmi 15.000 ton olan doqquzdan çox xarici hərbi gəmi eyni vaxtda boğazlardan keçə bilməz. Bundan əlavə, 10.000 tondan ağır gəminin keçidi qadağandır.[13]
12-ci maddəyə görə, Qara dəniz dövlətlərinə, Qara dəniz xaricində düzəldilmiş, alınmış və ya təmir üçün göndərilmiş sualtı qayıqların əvvəlcədən xəbərdarlıq edərək onların boğazlara girməsinə icazə verilir. Qara dəniz dövlətləri üçün tətbiq olunan daha az məhdudlaşdırıcı qaydalar, əslində, Türkiyə xaricindəki yeganə Qara dəniz dövləti olan SSRİ-yə güzəşt olaraq qəbul edilmişdi. Çünki heç bir Qara dəniz ölkəsinin bu sayda böyük gəmi və ya sualtı qayığı yox idi.[12][14] Mülki təyyarələrin də Aralıq dənizi ilə Qara dənizlər arasından keçməsinə, ancaq Türkiyə hökuməti tərəfindən icazə verilən marşrutlar boyunca icazə verilir.[15]
Beləliklə, bu konvensiya ilə Beynəlxalq Boğazlar Komissiyası ləğv edildi. Bu da Türkiyənin boğazlar üzərindəki hərbi nəzarətinin yenidən bərpasına və Çanaqqala boyunca möhkəmlənməsinə imkan verdi. Türkiyə müharibə vaxtı və ya təcavüz təhlükəsi ilə üzləşdiyi zamanı boğazları bütün xarici hərbi gəmilərin üzünə bağlamaq səlahiyyətinə sahib oldu. Konvensiya Lozanna müqaviləsində nəzərdə tutulmuş boğazlar üzrə beynəlxalq komissiyanı ləğv etdi və funksiyalarını Türkiyə hökumətinə verdi.
Konvensiyanın əhəmiyyəti
redaktəKonvensiyanın şərtləri böyük ölçüdə 1930-cu illərin ortalarındakı beynəlxalq vəziyyətin əks olunması idi. Montrödəki konfransda verilən qərarlar, boğazların statusu məsələsində Qara dəniz ölkələrinin hüquqlarının tanınmasına doğru bir addım idi. Böyük ölçüdə isə Türkiyə və SSRİ mənafelərinə xidmət edir, Türkiyənin boğazlara hərbi nəzarəti bərpa etməsinə imkan verir və Sovet İttifaqının Qara dənizdə üstünlüyünü təmin edirdi.[15]
İtaliya 1938-ci ildə Montrö konvensiyasına qoşuldu.[2] Konvensiyanın qəbulu II Dünya müharibəsi dövründə Qara dənizdəki hərbi əməliyyatlara əhəmiyyətli dərəcədə böyük təsir göstərdi. Belə ki, Montrö rejiminin Berlin-Roma-Tokio oxu üzvlərinin Sovet İttifaqına hücum etmək üçün boğazlar vasitəsilə hərbi-dəniz qüvvələrini göndərməsinin qarşısını aldı. Beləliklə, Berlin-Roma-Tokio oxu ölkələri Qara dənizdəki əməliyyatlarında dənizdə manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Onlar buna görə əsasən dəmir yolu və kanal şəbəkələri ilə qurudan daşınan kiçik gəmilərə güvənmək məcburiyyətində qaldılar. Dəstək gəmiləri və silahlı ticarət gəmiləri keçməkdə davam edirdi, lakin bu cür gəmilərin boğazlardan keçməsi Müttəfiqlər ilə Türkiyə arasında narazılığa səbəb olurdu. Moskva və Londonun təkrar etirazları və bir sıra Alman dəstək gəmilərinin boğazlardan keçməsinə icazə verildikdən sonra, Türkiyə hökumətinin 1944-cü ilin iyunundan etibarən Almanların "şübhəli" gəmilərin hərəkətini qadağan etməsinə gətirib çıxardı.[16][17]
1945-ci ildə Potsdam konfransında SSRİ, Çanaqqalada dəniz bazası və boğazlardan keçmək üçün əlverişli bir rejim tələb edərək Montrö konvensiyasının şərtlərinə yenidən baxılmasına çalışdı. Eyni zamanda, SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldü.[18] Trumen doktrinası çərçivəsində Türkiyənin 1952-ci ildə NATO-ya daxil olması[19] və 1953-cü ildə İosif Stalinin ölümündən sonra, Nikita Xruşşovun hakimiyyətə gəlməsi ilə bu tələblərdən imtina edildi.
Konvensiyanın kontekstində baş vermiş əhəmiyyətli hadisələr
redaktəMontrö konvensiyasında Türkiyə hökuməti tərəfindən aviadaşıyıcı gəmilərin boğazlardan keçməsini qadağan etdiyi kimi göstərilsə də,[20] müqavilədə aviadaşıyıcılara qarşı açıq bir qadağa yoxdur. Konvensiyada təyyarələrin başqa bir gəmiyə daxil edilməsi onu təyyarə daşıyıcısı kimi təsnif etmir.[21]
SSRİ "Kiyev" və "Kuznetsov" tipli gəmilərini "təyyarə daşıyan kreyserlər" adlandırmışdı, çünki bu gəmilər "Slava" tipli kreyser və xətt tipli "Kirov" kreyserinin əsas silahlanmasını təşkil edən P-500 və P-700 qanadlı raketlərlə təchiz olunmuşdu. silahlanmışdı. Nəticədə, SSRİ Hərbi Dəniz Qüvvələri Konvensiyaya uyğun olaraq təyyarə daşıyan kreyserlərini boğazlara göndərə bilərdi, lakin eyni zamanda Konvensiya 15.000 ton həddini aşan NATO aviadaşıyıcılarına Qara dənizə girişi qadağan edirdi.[22][23][24][25] Türkiyə SSRİ təyyarə daşıyan kreyserlərin təyyarə daşıyan kreyser kimi qeyd olunmasını seçdi, çünki Konvensiyanın hər hansı yenidən baxılması Türkiyənin boğazları üzərində daha az nəzarət almasına səbəb ola bilərdi. Hazırda BMT-nin Dəniz Qanunu Konvensiyası daha liberaldır digər boğazlardan keçməyi asanlaşdırır. Sovet təyyarəsi daşıyan kreyserlərin boğazdan keçməsinə icazə verməklə, Türkiyə daha məhdudlaşdırıcı Montrö konvensiyasına riayət edə bilər.[25]
- 2008: Rusiya-Gürcüstan müharibəsi (2008) zamanı, əhəmiyyətli dərəcədə tonnaja malik bir ABŞ hərbi gəmisi Qara dənizə girdi. Bu baxımdan Montrö konvensiyasının tətbiq oluna biləcəyi ilə bağlı sual ortaya çıxmışdı.[26]
- 5 Fevral 2014: Krımdakı hadisələrlə əlaqədar olaraq ABŞ Donanması Taylor freqatı Qara dənizə daxil oldu. Gəmi, 9 marta qədər Montrö konvensiyası çərçivəsində icazə verilən maksimum müddətdən 11 gün artıq Qara dəniz akvatoriyasında qalmışdı.[27]
Boğazdan yan keçərək kanalın inşası üçün planlar
redaktəKanal İstanbul layihəsi 2011-ci ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi. Layihə üçün ilk tender 26 mart 2020-ci ildə keçirilib.[28] Layihə Boğazın alternativ kanalına çevrildikdə, hüquqşünaslar arasında kanalın hüquqi statusu ilə bağlı müzakirələr başlamışdır. Xüsusən Qara dəniz ölkələri yeni kanalın Montrö boğazlar konvensiyasına zidd bir vəziyyət yaratmağı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Rusiyanın əsas narazılığı isə hərbi gəmilərlə bağlı vəziyyətin dəyişmək təhlükəsidir.[29]
Lakin bir çox hüquqşünas konvensiyanın boğazlara yox, məhz iki dənizi birləşdirən yol və ya yollara aid olduğunu bildirir. Bu səbəbdən yeni kanalın təhlükəli yük keçidi üçün yaxşı alternativ olmasını və hərbi-gəmilərin keçidinin dəyişməyəcəyini, Qara dənizdə mövcud olan qaydaların dəyişməyəcəyi də qeyd edilir.[30]
İstinadlar
redaktə- ↑ Konvensiyanın mətni Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine (ing.)
- ↑ 1 2 3 Türk boğazları problemi. Montrö konvensiyası Arxivləşdirilib 2009-01-25 at the Wayback Machine (rus.)
- ↑ "Le Montreux Palace over the years". Fairmont.com. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
- ↑ League of Nations Treaty Series, vol. 173, pp. 214–241.
- ↑ Christos L. Rozakis, Petros N. Stagos, The Turkish Straits, p. 101. Martinus Nijhoff, 1987. ISBN 90-247-3464-9
- ↑ "Dardanelles or Çanakkale Bogazi." The Columbia Encyclopedia, 2004.
- ↑ "Большая советская энциклопедия. МОНТРЁ КОНФЕРЕНЦИЯ 1936". 2015-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
- ↑ 1 2 Christos L. Rozakis, Petros N. Stagos, The Turkish Straits, p. 123. Martinus Nijhoff Publishers, 1987. ISBN 90-247-3464-9
- ↑ James C. F. Wang, Handbook on Ocean Politics and Law, p. 88. Greenwood Publishing Group, 1992. ISBN 0-313-26434-1
- ↑ "Montreux Convention (1936)." The Columbia Encyclopedia, 2004
- ↑ "Montreux Convention." Chambers Dictionary of World History, 2005.
- ↑ 1 2 Dilek Barlas, Etatism and Diplomacy in Turkey, pp. 166–170. BRILL, 1998. ISBN 90-04-10855-6
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-08.
- ↑ Robin Rolf Churchill, Alan Vaughan Lowe, The law of the sea, p. 115. Manchester University Press, 1999. ISBN 0-7190-4382-4
- ↑ 1 2 Jozef Goldblat, Arms control: the new guide to negotiations and agreements, pp. 175–177.
- ↑ Christos L. Rozakis, Petros N. Stagos, The Turkish Straits, p. 125. Martinus Nijhoff Publishers, 1987. ISBN 90-247-3464-9
- ↑ Selim Deringil, Turkish Foreign Policy During the Second World War: An 'Active' Neutrality, pp. 169–171. Cambridge University Press, 2004. ISBN 0-521-52329-X
- ↑ "Montreux Convention (1936)." The Companion to British History, Routledge. 2001.
- ↑ "Turkey 1." The Columbia Encyclopedia, 2004.
- ↑ "Implementation of the Montreux Convention". Republic of Turkey Ministry of Foreign Affairs. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
Aircraft carriers whether belonging to riparian states or not, can in no way pass through the Turkish Straits.
- ↑ Wikisource. Montreux Convention (text)
- ↑ 14 San Diego L. Rev. 681 (1976–1977) Kiev and the Montreux Convention: The Aircraft Carrier That Became a Cruiser to Squeeze through the Turkish Straits; Froman, F. David
- ↑ [1] Arxiv surəti 1 iyun 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 1, 2012, at the Wayback Machine
- ↑ John Pike. "Montreux Convention 1936". Globalsecurity.org. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
- ↑ 1 2 Miller, David V.; Hine, Jr., Jonathan T. Soviet Carriers in the Turkish Straits (PDF). Newport, Rhode Island: Naval War College. 31 January 1990. 14 November 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 April 2021.
- ↑ Илья Азар. "Молоковоз угрожает России". 05.09.2008, 17:11. Газета.Ru. 2008-09-05. 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
- ↑ Шестой флот США готов порвать конвенцию Монтрё Arxivləşdirilib 2016-12-09 at the Wayback Machine РИА Новости, 8 декабря 2016 года
- ↑ "Başbakan'dan bir "Çılgın" proje ki." 2011-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ "Эрдоган продвигает «альтернативный Босфор»: Россия насторожилась // EurAsia Daily, 16 января 2020". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ "Посол России прокомментировал строительство канала "Стамбул" в Турции" (rus). РИА Новости. 20191227T1539+0300. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- An English translation of the convention Arxivləşdirilib 2020-02-11 at the Wayback Machine (ing.)
- Anthony Rocco De Luca, The Montreux Conference of 1936: A Diplomatic Study of Anglo-Soviet Rivalry. Stanford University, 1973. (ing.)
- Nihan Ünlü, The Legal Regime of the Turkish Straits, Martinus Nijhoff Publishers, 2002. ISBN 90-411-1904-3 (ing.)
- The Timebomb in the Heart of Istanbul (ing.)
- Yücel, Kurtuluş. The Legal Regime of the Turkish Straits: Regulation of the Montreux Convention and its Importance on the International Relations after the Conflict of Ukraine (PDF) (Ph.D.). Johann Wolfgang Goethe-University Frankfurt am Main. 2019. İstifadə tarixi: 10 October 2019. (ing.)
- Официальный текст конвенции на русском и украинском языках (rus.)
- Текст конвенции (fr.)