Mirze Memmedveli Qemerlinski - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirzə Məmmədvəli Qəmərlinski (1871, İrəvan – 1916, Yelizavetpol) — İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndəsi.[1]
Mirzə Məmmədvəli Qəmərlinski | |
---|---|
| |
Doğum tarixi | 1871 |
Doğum yeri | |
Vəfat tarixi | 1916 |
Vəfat yeri | |
Vəfat səbəbi | qətl |
Həyat yoldaşı | Leylan Qəmərlinskaya |
Uşaqları | Hüseynəli Qəmərlinski, Əli Qəmərli, Paşa Qəmərlinski, Adil Qəmərlinski, Mahmud Qəmərli |
Atası | Əli Qəmərlinski |
Fəaliyyəti | maarifçi, müəllim, folklorşünas |
Həyatı
redaktəMirzə Məmmədvəli Əli oğlu Qəmərlinski 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində dünyaya göz açmışdır. Əvvəlcə mollaxanada dini dərs alan Məmmədvəli Qəmərli sonradan gimnaziyaya girmiş , təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və iki sinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898-ci idə İrəvanda rus-tatar məktəbini bitirib , 1900-cü il martın 13- də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdı.1901–1911-ci illərdə İrəvan rus-tatar gimnaziyasında işləmişdi.
Məmmədvəli Əli oğlu Qəmərlinski İrəvan ədəbi-mədəni mühütinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o , müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra kitabların, o cümlədən "Atalar sözü", "Vətən dili", " İrəvan Quberniyası haqqında xatirələr " eləcə də birinci , ikinci və üçüncü sinifər üçün " Ana dili " dərsliklərinin müəllifi olmuşdur.
Həsən bəy Zərdabi ilk "Atalar sözü" kitabının nəşr olunmasının əks səda doğurduğunu , bir ədəbi-mədəni hadisə olduğunu təqdir etmiş, hətta bu onəmli hadisəyə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində yer ayırmışdır.[mənbə göstərin]
Mirzə Məmmədvəli bir neçə şəxs ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda "Kaspi"qəzeti, bir qədər sonra "Şərqi-rus" qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi. Burada deyilirdi:
Bir neçə illərdən bəri şəhərimizdə iqdamət edən Məmmədqulu bəy Kərim Soltani cənabları zükur məktəbi açıb, hər il beş-on müsəlman uşağı gimnaziyaya verməkdən başqa bir xüsusi qız məktəbi dəxi təsis etmişdi ki,milyonlar ocağı Bakıdan başqa Qafqaz və Azərbaycanın heç bir yerində belə xeyirli və lazımlı işə əqdəm olunmayıbdır.Hansı ki, bu saətdə18 nəfər müsəlman qız uşağı məktəbdə öz dilində oxuyub yazmaq və ehkami diniyəsini öyrənməkdən əlavə rusca dəxi kəmali-intizam və tərəqqi ilə təhsil etməkdədirlər. |
Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir ilə tanışlığını belə xatırlayır:
Mən Sabirlə 1906-cı ildə Bakıda müəllimlər qurultayında tanış ola bildim. Bizi doktor Nəriman Nərimanov tanış etdi və Sabirə belə dedi:"Mirzə Məmmədvəli də İrəvan çuxurunun görkəmli maarifpərvərlərindəndir.İrəvanda bir qrup müəllim heyəti vardır ki,onlar kasıb balalarının təhsili üçün fədakarcasına və yorulmadan çalışırlar.Onların səyi və təlaşı ilə hətta İrəvanda qızlar məktəbi də açılmışdır. Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyi,rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana qonaq dəvət etdim.Lakin biz ikimiz də bir dərddə və bir vəziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultaydan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Nəriman bəy Nərimanbəyov, Həmid bəy Şaxtaxtinski, Sultanov, Qazıyevlər və başqaları ilə tanış olarkən dedi: "Mirzə, Sizin bu müəllimlər, məktəblər,dərs üsulunuz xüsusən də müsəlman qız məktəbi məni valeh etdi.Yaxın gələcəkdə bizim millətin də ön sıralarda olacağına əmin olmaq olar. |
Məmmədvəli Qəmərli 1916-cı ildə ermənilər qırğınlar törədəndə ailəsi ilə Gəncə şəhərinə köçmüşdür. O, burada məktəb direktoru işləmişdir. Direktoru olduğu məktəbdə Qərbi Azərbaycandan (Ermənistandan) məcburi köçürülən qadınları və uşaqları erməni daşnaqlarından gizlədən Mirzə Məmmədvəli ermənilər tərəfindən elə məktəbdəcə vəhşicəsinə qətlə yetirilir.
Ailəsi
redaktə- Atası Əli Qəmərli uzun müddət çar ordusunda xidmət etmişdir. Rusiya-İran və Krım müharibələrində xüsusi şücaət göstərdiyinə görə general rütbəsinə yüksəlmişdir. İstefaya çıxdıqdan sonra çar hökuməti ona Ağrı dağı vadisində məhsuldar bir torpaq sahəsi ayırmış və o, orada evlər tikdirərək kənd saldırmışdır. Camaat tərəfindən həmin kənd onun soyadı ilə adlandırılmışdır. "Qəmərli" kəndi (qədim adı Küzülü olmuşdur) ərazicə professor C.Xəndanın ata-baba yurdu Cəbəcəli və Uluxanlı kəndlərinə yaxın olmuşdur.
Məmmədvəli Qəmərlinin 5 övladı olmuşdur. Təəssüf ki, ilk övladı Hüseynəli Qəmərlinski ilə bağlı rəsmi məlumat əldə olunmamışdır. Yeganə məlumat ondan ibarətdir ki, o, türk ordusunun generalı rütbəsinə yüksəlmişdir. Ailənin ikinci övladı Əli Qəmərlinski Qori müəllimlər seminariyasını və Marksizm- Leninizm Universitetini bitirmiş , həm də ali təhsil almışdır. O, müəllimliyə Qəmərli kəndindən başlamış, sonralar Gəncədə orta, orta ixtisas və ali məktəblərdə dərs demişdir. Xalq maarifi sahəsində xidmətlərinə görə o, "Azərbaycan SSR-in Əməkdar müəllimi" adına layiq görülmüşdür. Paşa və Adil gimnaziyanı bitirib müəllim işləmişdir. Ailənin kiçik oğlu Mahmud Qəmərli M. F. Axundov adina Gəncə Türk Pedaqoji Texnikumunu bitirib, Gədəbəy rayonunda müəllim , direktor və rayon təhsil şöbəsində inspektor və müdir vəzifəsində işləmişdir.
Adilin övladı olmamışdır. Əli Qəmərlinskinin iki övladı (Zəkiyyə və Firudin), Paşanın 7 övladı (Rəfiqə, Arif, Aydın , Validə, Zəlimxan, Zakir və Zaur. Rəfiqə, Zəlimxan), Mahmudun 6 övladı (Zərifə, Rafiq, Tofiq, Ləzifə, Nəzifə və Faiq) olmuşdur.
Əsərləri
redaktəAzərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun professoru İsrafil Abbaslı Məmmədvəli Qəmərlinin tərtibi ilə işıq üzü görmüş "Atalar sözü" kitabının nəşrindən (1899) 115 ildən artıq vaxt keçsə də, bu kitabı transliterasiya edərək 2003-cü ildə " Səda" nəşriyyatında yenidən çapına nail olmuşdur. Bu əsərə daxil edilən 750-yə yaxın atalar sözü, məsəlləri linqfonetik və mövzu cəhətdən zənginliyini müəllif öz dövründə diqqət mərkəzində saxlaya bilmişdir.
- Atalar sözü (naşir Xəlilov). İrəvan: Edelson mətbəəxanası, 1899.
- Ana dili. Üçüncü kitab (Mirzə Qəmərlinski, Nərimanbəyov, Şaxtaxtinski, Rəcəbov, Qazıyev, Cəfərbəyov, Mirzə Ələkbər Mirzə Abdulla oğlu; mühərriri Mirzə Şəfi Rəfizadə Təbrizi). Tiflis: [s. n.], 1906 (həmmüəllif).
- Ana dili. Birinci kitab (M. Qəmərlinski, Nərimanbəyov, Şaxtaxtinski, Rəcəbov, Qazıbəyovlar, Şəfibəyov, M. Ə. A. Cəfərbəyov; rəssam Rotter). Tiflis: [s. n.], 1911 (həmmüəllif).
- Atalar sözü (transliterasiya və sözlüyün müəllifi Rza Xəlilov). Bakı: Səda, 2003.
Mənbə
redaktə- Nəvəsi Faiq Qəmərlinin verdiyi məlumatlar "Palitra" qəzeti. 10 iyun 2015-ci il
İstinadlar
redaktə- ↑ Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 141. ISBN 978-9952-5455-010.