Mir Celal Pasayevin Ev Muzeyi - Wikipedia
Mir Cəlal Paşayevin ev-muzeyi — Azərbaycanın yazıçı-alimi, Əməkdar Elm xadimi (1969) Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış ev-muzeyi.[1]
Mir Cəlal Paşayevin ev-muzeyi | |
---|---|
Açılış tarixi | 29 sentyabr, 2007 |
Yerləşir | Gəncə, Azərbaycan |
Ünvan | Gəncə şəhəri, Bayan küçəsi, 83 |
Direktor | İbayeva İradə |
Muzey haqqında
redaktəMuzeyin rəsmi açılışı 2007-ci ilin sentyabr ayının 29-da baş tutmuşdur.[1] Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır.[2]
Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150 olmuş, hal-hazırda isə eksponatların sayı 300-dən artıqdır.[1] Ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib.[3] Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, onun ailə üzvləri, onun davamçıları xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır.[2] Həmçinin buraya ədibin şəxsi əşyaları, ona həsr edilmiş incəsənət nümunələri, öz əsərləri, muzeyə hədiyyə edilmiş kitablar, qəzet məqalələri, 5 ədəd disk və 122 ədəd ailə şəkli də daxildir.[4]
Şəxsi əşyalar kolleksiyasına ədibin orden və medalları, döş nişanları, ailəsinə yazdığı məktublar, Mir Cəlala həsr edilmiş incəsənət nümunələrinə onun yağlı boya ilə işlənmiş portretləri, büstləri, xalça üzərində əl ilə toxunmuş portretləri, tablolar və başqa eksponatlar daxildir.[4]
Muzeydə ədibin Azərbaycan, rus, gürcü, ingilis, qırğız, ispan, rus dillərində həm seçilmiş əsərləri, həm də ayrıca kitab şəklində çap olunmuş hekayələri, romanları, povest və dərslikləri vardır.[4]
Muzeyə hədiyyə edilən kitablar sırasına isə Nəriman Həsənzadə, Elçin Əfəndiyev, Hidayət Orucov, Xalid Əlimirzəyev, Pənah Gülxani, Həcər Hüseynova, İlham Rəhimli, Dildar Vəkilova, Abbas Səmədov və digər müəlliflərin ədib haqqında elmi, bədii əsərləri, esse-araşdırmaları, xatirə-esseləri daxildir. Həmçinin, bu kitablar arasında Quran, ədibin biblioqrafiyası, "Qabusnamə", professor Yusif Seyidovun, Xalq şairi Səməd Vurğunun, professor Hafiz Paşayevin əsərləri yer alıb.[4]
Qəzet məqalələrinə isə müxtəlif illərdə "Gəncənin səsi", "Mədəniyyət", "Ədəbiyyat", "Haqq naminə", "Azərbaycan" və digər qəzetlərdə onun haqqında çap olunmuş materiallar daxildir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 www.ganja.az. "Mir Cəlal Paşayev Ev Muzeyi və onun nəzdində Elmi Ədəbi Tədqiqat şöbəsi" (az.). 2019-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ 1 2 ganja.mctgov.az. "Gəncə şəhər Mir Cəlal Paşayev Muzeyi" (az.). 2018-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ www.realtv.az. "Mehriban Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində" (az.). 14 Fevral, 2019. 2019-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ 1 2 3 4 5 525.az. "Görkəmli ədib və alim Mir Cəlal Paşayevin mənzil muzeyləri: sənədli materiallar" (az.). Aygün Hacıyeva. 07.12.2018. 2018-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.