Mikayil Ismayilov - Wikipedia
Mikayıl İsmayıl oğlu İsmayılov (9 iyun 1964, Çiyni, Ağsu rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti (2005–2021), "Neftçi İdman Klubu" İctimai Birliyinin İdarə heyətinin sədri (2013–2021), Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti (2005–2021), Ekol Mühəndis Xidmətləri QSC-nin Direktorlar şurasının sədri (2021-hal-hazırda).
Mikayıl İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1964 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | sahibkar |
Həyatı
redaktəMikayıl İsmayılov 1964-cü il iyun ayının 9-da Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılan Mikayıl İsmayılov, 1985-ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında ali təhsili davam etmişdir.[1] Ali təhsilini başa vurduqdan sonra Mikayıl İsmayılov həyatını Azərbaycan iqtisadiyyatının dirçəlməsinə bağlayaraq mənalı və zəngin həyat yolu keçmişdir. İstehsalat təcrübəsi, təşkilatçılıq və yüksək peşəkarlıq bacarığı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi məsuliyyətli bir vəzifəyə qədər yüksəlməyi bacarmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Karyerası
redaktəMikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə ilk olaraq 1988-ci ildə əfsanəvi Neft Daşlarından başlamışdır. "Azərdənizneftinşaat" Trestinin Neft Daşlarındakı 3 saylı Tikinti Quraşdırma İdarəsində mühasib vəzifəsinə işə qəbul olan Mikayıl İsmayılov peşəsinin bütün incəliklərinə dərindən bələd olmaq istəyi, işinə tələbkarlığı həmişə ətrafındakıların diqqətini cəlb etmişdir. Neft Daşlarında çalışdığı müddətdə verilən tapşırıqların öhdəsindən layiqincə gəlmək bacarığı rəhbərliyi tezliklə onu irəli çəkməyə sövq etmiş və Mikayıl İsmayılov əvvəlcə "Azərdənizneftinşaat" Trestinin Neft Daşlarındakı 3 saylı Tikinti Quraşdırma İdarəsində baş mühasibin müavini, sonra isə, 1992-ci ildən "Xəzərdənizneftqaztikinti" Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində baş mühasib vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Mikayıl İsmayılov Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühasibat uçotu və hesabatı şöbəsi rəisinin – baş mühasibin təftiş məsələləri üzrə müavini vəzifəsinə irəli çəkilmiş, 2003-cü ilədək bu vəzifədə çalışmışdır.
Mikayıl İsmayılovun həyat və fəaliyyətinin bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. Belə ki, Mikayıl İsmayılov 2003–2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində işləmişdir.
2005-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsinə təyin edilmiş[2] və 2021-ci ildə həmin vəzifədən azad olunmuşdur.[3]
Hal-hazırda Mikayıl İsmayılov fəaliyyətini Ekol Mühəndis Xidmətləri Qapalı Səhmdar Cəmiyyətində davam etdirir. Cəmiyyətin Səhmdarlarının ümumi yığıncağının 01.10.2021-ci il tarixli qərarı ilə Mikayıl İsmayılov Direktorlar şurasının sədri təyin olunub. Mikayıl İsmayılov ölkənin idman həyatında da yaxından iştirak etmişdir və bu sahədə öz səmərəli fəaliyyəti ilə yadda qalmışdır. Mikayıl İsmayılov 2015–2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və 2013–2021-ci illərdə "Neftçi İdman Klubu" İctimai Birliyinin İdarə heyətinin sədri vəzifələrində çalışmışdır.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Cüdo Federasiyası. "MİKAYIL İSMAYILOV" ( (az.)). judo.az. 9 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2018.
- ↑ "M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
- ↑ "M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
- ↑ "Mikayil Ismayilov". 2021-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.