Maku Xanligi - Wikipedia
Maku xanlığı — Nadir şahın ölümündən sonra Cənubi Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.[3]
Xanlıq | |
Maku xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Maku |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam |
Ərazisi | 3600 kv.km[2] |
Əhalisi | azərbaycanlılar, kürdlər |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Bayat eli |
Xan | |
• (1747-1778) | Əhməd Sultan (ilk) |
• (1922) | Murtuzaqulu xan Bayat |
Tarixi
redaktəMaku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.[4] Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.
Xanlığın banisi Bayat tayfasındanƏhməd Sultan idi. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə Təbrizə oradan da Makuya gəlir. Əhməd Sultan atası İbrahimin yerinə xanlıq taxtına oturur. Həmin andan özünü müstəqil elan edən Əhməd Sultan Makunu 340-400 kəndi əhatə edən 14 mahaldan ibarət xanlığa çevirir. O İrəvanda yaşayan Bayat türkləri və qacarların köməyi ilə Çörs sultanlığını da xanlığa tabe edir. Çörs sultanlığı 1747-ci ilə qədər Makudan daha güclü bir vilayət idi. Əhməd xan Bayat xanlığın idarəsi və möhkəmləndirilməsi üçün də bəzi tədbirlər gördü. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü.[5]
Maku xanı Hüseyn xan 1778-ci ildə xanlıq taxtına oturdu. Hüseyn xan Xoylu Cəfərqulu xan, İrəvan xanı Məhəmməd xan və Naxçıvan xanı Kəlbəli xanla Fəthəli şaha və vəliəhdi Abbas Mirzəyə qarşı birləşmişdi. Ağa Məhəmməd şah qardaşı Hüseynqulu xanın oğlu Fəthəli xanı öz vəliəhdi elan etmişdi həmçinin Sərab xanı Sadiq xan, Urmiya xanı Məhəmmədqulu xan Əfşarla da ittifaqa girmişdi. 1798-ci ildə Fəthəli xanın Azərbaycan səfəri zamanı Sadiq xan Təbriz ətrafını, Məhəmmədqulu xan isə Urmiya qalasını gücləndirib onu gözləyirdi. Lakin Maku xanlığının da daxil olduğu ittifaq çox tezliklə dağıldı. Belə ki, Cəfərqulu xan əvvəl Rusiyaya sığınsa da onlardan yardım ala bilməyib Osmanlının sərhəddindəki hakimlərdən kömək istədi.[6] 1800-cü ildə Cəfərqulu xan Anadolu sərhəddində yaşayan kürdlərin köməyi ilə Makuya hücum edir. Lakim bu hücum uğursuzluqla nəticələnir. Maku xanının Rusiyaya meyl etməməsi nəticəsində rus məmurları xanlıqda yaşayan erməniləri xana qarşı təhrik etməyə başladı. 1805-ci ildə Makuda yaşayan erməniləri bildirmişdi ki, ruslar İrəvanı işğal edəndə Makunu öz əlləri ilə ruslara təslim edəcəklər. Hüseyn xanın hakimiyyətinin son illərində Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Mahalların geri qaytarılmasında Naxçıvan əhalisinin rolu böyük olmuşdur.[6]
1822-ci ildə hakimiyyətə Hüseyn xanın oğlu Əli xan keçdi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Maku xanlığının 4 erməni kəndinin sakinləri İrəvana köçürüldü. Müqavilə ilə Maku xanlığı Qacar imperiyasının hakimiyyətinə keçdi. 1829-cu ildə Maku xanı Əli xan Osmanlı dövləti ilə razılığa gəlir. Belə ki, 1829-cu ilin iyununda Van hakimi Rusiya sərhəddinə hərəkət edəndə əsgərlərini ərzaqla təmin etməsi üçün Maku xanından kömək istəyir. Əli xan onun istəyini yerinə yetirir.[7]
Əli xan, xüsusilə Krım müharibəsi (1853-1856) dövründə izlədiyi bitərəflik siyasəti ilə xanlığını böyük dövlətlər arasında əzilməkdən qorudu.[8]
Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi.
Teymur Paşa xan 1877-1878-ci illərdə xanlığı gücləndirdi. 1881-ci ildə Şeyx Übeydulla Kürdistan yaratmaq ideyasını irəli sürərək Azərbaycana hücum edir. Bu zaman Teymur Paşa xan, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq "Azərbaycan Padşahı" ləqəbi vermişdi.[8] Onun hakimiyyəti dövründə xanlığın siyasi nüfuzu artdı.
Xanlığın son nümayəndəsi Murtuzaqulu xan oldu. Teymur Paşa xanın ölümündən sonra 5 qardaşı Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. Hakimiyyət uğrunda başlayan bu mübarizə xanlığı nisbətən zəiflətdi.[8] Buna baxmayaraq Əli xanın dövründə Maku ərazisi 60-70 kənddən ibarəti idisə Murtuzaqulu xanın dövründə Maku ərazisində 300-dən çox kənd varidi. Murtuzaqulu xan "İqbal-us-Sultanə" titulu daşıyırdı. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi. 1917-ci ildə bolşevik inqilabı nəticəsində Azərbaycanda çar qüvvələrinin dağılması ilə Murtuzaqulu xan yenidən öz taxtına qayıtsa da, 1923-cü ildə İranda Rza xan Pəhləvinin hakimiyyəti ələ alması ilə Murtuzaqulu xan yenidən həbs edildi və həbsdə olarkən vəfat etdi. Maku xanlığı ləğv edilərək İranın vilayətinə çevrildi.[9]
İnzibati quruluşu
redaktəMaku xanlığı Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Xanlığın mərkəzi olan Maku şəhəri təbii istehkam şəklində idi. Şəhər ətrafındakı divarların möhkəm olması, Maku qalası daxilində bulaqların, təbii suların olması şəhəri uzun müddətli müdafiəyə əlverişli edirdi. Bunun nəticəsidir ki, Əmir Teymur və I Şah Abbas Maku qalasını mühasirəyə alsalarda, ələ keçirə bilməmişdilər. Xanlığın şimal-qərbində dərin və dolama mağaralar yerləşirdi.[10]
Maku xanlığının ərazisi 18 mahala bölünürdü. Xanlığın tərkibinə daxil olan mahallar aşağıdakılar idi:[11]
- Qaradərə - Maku şəhərinin məskunlaşdığı vadini əhatə edirdi.
- Avacıq - Bu bölgə Osmanlı sultanları tərəfindən Mahmudi kürdlərinə verilən ərazi idi və "ev ocağı" mənasını daşıyırdı. Avacıq tərəkəmələri Maku bayatlarının mütəffiqi olduğu üçün Maku xanı bu ərazini heç bir silah istifadə etmədən xanlığa birləşdirmişdi. N.İshaqinin fikrincə, Avacıq bölgəsi əslində Maku xanlarına bağlı vassal xanlıq idi. Avacıq hakimləri xan rütbəsinə malik idilər, onların öz hərbi dəstələri var idi. Hətta rus səyyahı və hərbi nümayəndəsi E. İ. Çirikov və V. F. Minorski yanlış olaraq Avacıqı ayrıca xanlıq kimi qeyd etmişlər.[11]
- Qaraqoyun - Eyni bölgənin əhalisi məşhur Qaraqoyunlu tayfasının davamçıları idi. Onların məzhəbləri də digər bölgələrdən fərqli idi. Hz. Əlini Allah hesab edirdilər. Qaraqoyunluların imamı Kirmanşah seyidləri arasından göndərildi. İmamın nüfuzu böyük idi.[11]
- Çaldıran - Məşhur Çaldıran döyüşü bu ərazidə baş verib. I Şah Abbas bölgənin bir hissəsini Osmanlılardan geri ala bilmişdi. Çaldıran şəhəri də daxil olmaqla ərazinin digər hissəsi isə türklərin əlində idi.[11]
- Arazkənarı - Adından da göründüyü kimi, Araz çayı və onun ətrafındakı torpaqları da əhatə edirdi.[11]
- Çaybasar - Xanlığın Arran hissəsində Zəngimar çayının ətrafında yerləşirdi.[11]
- Çaypara - Ağçay bu bölgədə suvarma kanallarına bölündüyü üçün belə adlandırılıb. Onun mərkəzi Çors şəhəri idi.[11]
- Bəbəcik - Xanlığın mühüm iqtisadi əhəmiyyətə malik vilayəti idi.[11]
- Cəlalı və Milan obaları - Bayat əyanlarından biri olan eləcə də, xandan asılı kürd feodalları tərəfindən idarə olunurdu.
- Kəklərat - Xanlığın ən kiçik mahallarındandır.[11]
- Daşkəndlər - Bu bölgə Qaladərəsi və ya Çaldıran bölgəsinə daxil edilmişdir.[11]
- Abaqiyə və ya Əbaqiyə - Bu mahalın adının Abaqa xandan gəldiyi düşünülür.[11]
- Sökmənabad
- Tamasas
- Ələnd
- Hoşap
- Mahmudi
- Şərur
Hoşap, Mahmudi və Abaqiyə mahalları XIX əsrin əvvəllərində Osmanlı torpaqlarına qatıldı. Şərur mahalı isə XIX əsrdə Türkmənçay müqaviləsinə görə Rusiyaya tabe idi. Əsrin əvvəllərində son dörd bölgə istisna olmaqla, Maku xanlığının tərkibində 400 kənd və qəsəbədən ibarət 14 mahal var idi.[11]
İdarəetmə sistemi
redaktəXanlığın mərkəzi idarəetmə orqanı divanxana idi. Xanın özünün başçılıq etdiyi idarə heyəti 7-8 nəfərdən ibarət idi. Xandan sonra el xan (il xan) səlahiyyət baxımından ikinci şəxs sayılırdı. Şəhər idarəsində kələntər (farsca böyük deməkdir) və qala ağası kimi vəzifələr var idi.[12]
Kəndlər muxtar adlanan şəxs tərəfindən idarə olunurdu. Onun köməkçisi isə gizir adlanırdı. Vergi yığan məmurlara mübaşir deyilirdi. Torpaq sahibinin mülkündə vergilər darğalar tərəfindən toplanırdı.
Xanlıqda məhkəmə işləri şəriət qanunlarına (fiqh) əsaslanırdı. Din xadimləri bu məhkəmə və dini işlərin aparılması üçün muzd (əcir) və ya pul alırdılar. Digər xanlıqlardan fərqli olaraq Maku xanlığında ruhanilərin təsiri az idi. Buna səbəb xanlıq ərazisində etiqad və inancların çoxluğu idi. Bu da ruhanilər arasında çəkişmələrə gətirib çıxarırdı. Bu cür çəkişmələr onları xalq kütlələri arasında rüsvay edir, nüfuzlarını azaldır və mahal hakimləri ilə rəqabət aparmağa imkan vermirdi. Divanxanada mühakimə olunanlar ağır cəzalara məhkum edildi. Məhbusların qulaqları və burunları kəsilirdi. Camaatı qorxutmaq üçün cəzalar çox vaxt ictimai yerlərdə həyata keçirilirdi.[13]
Xan sarayında tüfəngçi, ambardar, xəzinədar, lələ, taya, aşpaz, bağban, qatırçı, çıraqbaşı, dərzibaşı, qaravulbaşı, saray müəllimi və başqa vəzifələr var idi.[12]
XVIII əsrin əvvəllərində Maku xanlığında döyüşə çağrılan əskərlərə sərbaz (başından keçən) və ya canbaz (canından keçən) deyilirdi. On sərbazın başçısı onbaşı və dehbaşı adlanırdı. 50 nəfərin başçısına əllibaşı, 100 nəfərin başçısına yüzbaşı və ya sultan, 800-1000 nəfər əskərə başçılıq edənə isə xan deyilirdi. Sərbazlara ildə 30 tümən, gündəlik isə 1/4 batman çörək verilirdi. Sərbazlar uzun lüləli tüfəng işlədirdi.
Xanlığın toplarından ikisi təkərli araba tərəfindən daşınırdı və mərmilər 2,5 girvəngə (təxminən 1 kq) ağırlığında idi. Digər üç top isə dəvə üzərində daşınırdı və zənburəkçilər tərəfindən atılırdı. Bu toplar qalanın müdafiəsi zamanı istifadə edildiyi üçün qalada saxlanırdı.[12]
Sosial-iqtisadi həyat
redaktəTicarət əlaqələri
XVIII əsrdə Maku xanlığında ticarət daha çox əmtəə mübadiləsi formasında aparılırdı. Pulun qıtlığı onun geniş miqyasda mübadilə vasitəsinə və bazarda əsas alqı-satqı vasitəsinə çevrilməsinə imkan vermirdi. Türk tacirləri Azərbaycanda gümüşün az olması fürsətindən istifadə edərək Azərbaycanın sərhəd şəhərlərinə külçə və akçe şəklində pul gətirir, mallar alır, Türkiyə və Şərqi Avropada satır və böyük gəlirlər əldə edirdilər. Hələ XVIII əsrin əvvəllərindən türk tacirləri yüzlərlə dəvə karvanı ilə Azərbaycanın sərhəd şəhərlərinə gəlir, Təbriz sənətkarlarının köməyi ilə gətirdikləri gümüşdən yerli sikkələr zərb edir, əldə etdikləri pullarla mal alırdılar.[14]
Maki tacirləri İstanbul, Qars, İrəvan, Gəncə, Bakı, Tiflis, Xoy və Təbrizə xammal aparır, bu şəhərlərdən xanlıq əhalisinin istehlakı üçün zəruri sənaye və sənətkarlıq malları gətirirdilər. Xanlığın ilk yarandığı dövrdə əsas ticarət Osmanlı şəhərləri ilə idi. Türk tacirləri isə yüzlərlə dəvədən ibarət karvanlarla Azərbaycanın sərhəd şəhərlərinə, Makuya gəlir, alış-veriş edirdilər. Çox vaxt Anadoludan mal əvəzinə külçə, gümüş və ya sikkə gətirirdilər.[14]
Makunun sərhəddində məskunlaşan Milan, Hayadaranlı və Cəlali tayfalarının Anadoludan gəlib oraya gedən tacirləri qarət etməsi Anadolu ilə ticarətin azalmasına səbəb oldu. Lakin Anadolu və Maku xanlığının sərhəd elləri ilə kəndliləri arasında bazar mübadiləsi genişlənirdi.[15] Anadolu və Maku xanlığının əhalisi hər iki ölkədə sərbəst səyahət edir, mal mübadiləsi aparırdılar. Bu səbəbdən Maku xanlığı ilə Türkiyənin sərhəd bölgələri arasındakı ticarət bir növ daxili ticarət idi. A. Coberə görə, sərhəd camaatı orta hesabla 1 milyona yaxın qoyunu satmaq üçün İstanbula aparırdılar.[14]
Azərbaycanın cənub-qərb xanlıqlarının, eləcə də Maku xanlığının Gürcüstanla ticarət əlaqələri güclənirdi. Gürcü çarlarının himayəsi nəticəsində gömrük rüsumundan azad edilən gürcü tacirləri Gürcüstanda, Rusiyada və Avropada istehsal olunan malları Azərbaycan şəhərlərinə, həmçinin Makuya gətirir, əvəzində isə xammal alırdılar. Azərbaycanda gümüşə böyük ehtiyac olduğundan gürcü tacirləri Azərbaycana mal və məmulat əvəzinə tez-tez gümüş sikkələr gətirirdilər.[6]
XVIII əsrin sonlarında Cənubi Azərbaycan xanlıqlarının və Maku xanlığının Rusiya ilə ticarət əlaqələri genişlənirdi. Rusiya hökuməti xanlıqlardan rus tacirlərinə rüsumsuz ticarətə icazə verilməsini tələb edirdi. Maku xanlığında Hüseyn xan Bayat Rusiyanın himayəsi altına keçmək istədiyi üçün Rusiyanın bu istəyini qəbul etdi. Hüseyn xandan sonra hakimiyyətə gələn Əli xan da Rusiya ilə rüsumsuz ticarətin tərəfdarı idi. Xanlığın pambıq və yun məhsullarının çoxu Rusiyaya ixrac olunurdu.[16]
Kənd təsərrüfatı və maldarlıq
Makunun 5 əsas mahalı Çaypara, Çaybasar, Azarkənarı, Kəclərat xanlığın təsərrüfat ərazisi idi. Çaypara mahalının mərkəzi olan Qaraziyyəəddin kəndi pambıqçılığın inkişafı ilə şəhərə və ticarət mərkəzinə çevrilmişdi. Çaypara mahalında çoxlu pambıq yetişdirilirdi. Mahal həm də geniş meyvə bağları və üzüm bağları ilə məşhur idi. Burada bitki yağı hazırlamaq üçün zeyrək kimi yağlı toxumlar yetişdirilirdi. Hazırlanmış bitki yağlarından qida məhsulu kimi deyil, yanacaq kimi istifadə olunurdu. Belə ki, hərbi kazarma və qalalar bu yağlardan əldə edilən yanacaqlar vasitəsilə işıqlandırılırdı.[17]
Çaypara bölgəsi geniş meşələrə malik idi. Çayparada texniki bitkilərdən başqa çoxlu miqdarda ağ, sarı buğda və çovdar becərilirdi. Bu buğda qaba dənəli və gözəl olsa da, keyfiyyətcə kənd yerlərində yetişdirilən buğda növündən aşağı idi. Dağ kəndlərinin yay qırmızı və ağ buğdası kiçik, uzun, şəffaf və dolğun idi. Pişirmə zamanı onların artımı kifayət qədər yüksək, çörəkləri isə şirin və dadlı idi. Çayparada torpaqlar həddən artıq münbit olduğundan mülkədarlar torpağı kəndlilərə verməklə yanaşı, qızıl pula rəiyyət olmaq hüququnu da satırdılar. Ona görə də bu bölgədəki əkin sahələrini “zər hərid” adlandırırdılar. Bu torpağı becərən kəndli və ya əkinçi bütün vergilərlə birlikdə zərhərid vergisini ödəyirdi.[17]
Çaybasar bölgəsinin torpağı çınqıllı, suyu Çaypara ilə müqayisədə az olduğu üçün çox münbit deyil. Bu rayonda pambıq, buğda, arpa, qarğıdalı əkilirdi. Rayonun mərkəzi Ərəblər kəndi idi. Sarısubasar bölgəsi Sarısu çayı ətrafında Türkiyə sərhədində yarı qayalıq təpələrdə yerləşirdi. Onların kəndlərinin bir qismi düzənlikdə, bir qismi isə dağlıq ərazidə idi.[17]
Maku xanlığında üzümçülüyün çox inkişaf etdiyi yerlər Qaraqoyunlu və Maku şəhərinin ətrafı idi. Maku şəhərində yaşayan 250 erməni ailəsi şərabçılıqla məşğul olurdu. Qaraqoyunluda yaşayan Qaraqoyunlu türkləri Əli Allahı təriqətinə mənsub olduqları üçün şərabı haram saymırdılar.[18]
Maku xanlığının dağ kəndlərində, Sökmənabad və Qaradərədə isə çovdar, arpa və bir növ qırmızı buğda yetişdirilirdi ki, bu da yerli əhalinin tələbatını ödəyirdi.[19] Mənbələrin verdiyi məlumata görə, Makuda hər il 10 min hektar sahədən 8 min ton taxıl, 5 min hektar sahədən 5 min ton arpa, 1120 ton noxud və mərcimək, 750 hektar sahədən 2850 top pambıq toplanırdı.[18]
Maku xanlığında heyvandarlıq digər xanlıqlara nisbətən daha çox inkişaf etmişdir. Xanlıq ərazisində Şeyx Şilə, Sədəlli, Nəvir, Nalçılar, Abbas bulağı, Ağa Molla İsmayıl, Kürəsin, Əbaqiyə kimi gözəl yaylalar və yaylaqlar var idi. Bir vaxtlar Monqol xanları yay aylarını Maku yaylasında keçirirdilər.[19] Bundan başqa xanlığın Təlimxan, Dambat, Ağgöl, Qarabulaq, Divəç, Sarıç kimi çoxlu qışlaqları var idi. Böyük yaylaq və qışlaqların olması heyvanların yetişdirilməsi, xüsusilə qoyunçuluğun inkişafı üçün əlverişli şərait yaradırdı. Qoyunlarla yanaşı inək, camış, at, dəvə və s. yetişdirilirdi. Vergiyığanlarının dəftərlərinə görə, xanlıqda 160 min xırdabuynuzlu mal-qara, 15 min inək və öküz, 1200 camış, 500 qatır, 8 min at və eşşək varidi. Onu da qeyd etmək lazımdır ki, insanlar daha az vergi ödəmək üçün mal-qaranın sayını bilərəkdən azaldıblar.[18]
Torpaq mülkiyyət formaları
redaktəMaku xanlığında aşağıdakı torpaq mülkiyyət formaları mövcud idi:
- Xalisə və ya xas torpaqları - Xan və оnun ailəsinə bağlı tоrpaqlara xas (şəxsi, özəl) tоrpaqlar dеyilirdi. Xas və xaisə arasında fərq ilkinin xanın özəl mülkü, digərinin isə hakimiyyətə məxsus torpaqlar olması idi. Xas tоrpaqlardan divanın, xəzinənin nəfinə hеç bir vеrgi alınmadığından xalisə də adlanırdı. Xanın ölümündən sonra xas torpaqları onun övladları arasında şəriət qaydalarına əsasən bölünürdü. Xalisə torpaqları isə taxta keçən şəxsin ixtiyarına verilirdi.[20]
- Mülk torpaqları - Feodalın atalarından miras qalmış, heç bir şərtə tabe tutulmayan torpaq sahələri, su kanalları, meşələr, otlaqlar və s. dən ibarət idi.[21]
- Tiyul və ya soyurqal torpaqları - şərtitorpaq mülkiyyət forması olub müəyyən xidmətlərə görə verilirdi. Xan tiyul verərkən onu xüsusi sənədlə təsdiq edirdi.[22] Tiyul tədricən nəsli səciyyə daşıyırdı Tiyulun mülkə şevrilməsi prossesi getdikcə güclənirdi. Maku xanlığı və bir neçə xanlıqda tiyul ilə soyurqal eyni mənanı daşıyırdı.
- Vəqf torpaqları - Məscid, ibadət məkanı, ocaq və s kimi müxtəlif dini qurum və quruluşlara məxsus torpaqlar. Vəqfnaməyə əsasən tоrpaq sahibi öz mülkünün istifadəsi hüququndan kеçirdi. Bu tоrpaqlardan xan xəzinəsinə vеrgilər alınmır, işçilərin bоynuna mükələfəliyyət qоyulmurdu. Vəqf tоrpaqları ziyarətgahların mütəvəlliləri idarə еdirdilər. Vəqf əmlakından gələn gəlirlər dini idarələrin, məktəb və mədrəsələrin nоrmal fəaliyyət göstərməsi üçün sərf оlunurdu.[22]
- Məzbutə torpaqları - Müsadirə olunmuş torpaqlar. Orta əsrlərdə xanlar mərkəzi hakimiyyətə tabe olmayan və hərbi öhdəliklərini yerinə yetirməyən ağaların torpaqlarını zəbt edirdilər. Belə torpaqlar mazbut torpaqları adlanırdı. Sovet tarixçiləri qeydlərində bu torpaqları xalisə ilə birləşdirərək xalisəi-məzbutə torpaqları adlandırıblar.
- Camaat (icma) tоrpaqları – Еl-оba camaatının istifadə еtdikləri tоrpaqlara dеyilirdi.[23]
Maku xanlığının Türkiyə ilə qonşu olması və müəyyən dövrlərdə Osmanlının hökmranlığı altında olması nəticəsində torpaq mülkiyyəti formalarında Osmanlı İmperiyasının müəyyən təsiri də müşahidə olunurdu. Belə ki, Maku xanlığında zeəmet, timar, ev-ocaq və ya “ocaqlıq evcik”, “at-arpa” kimi torpaq mülkiyyət növlərinə rast gəlmək mümkündür.
Vergi və mükəlləfiyyətlər
redaktə- Bəhrə - Farsca fayda deməkdir. Maku xanlığında bəhrə bütün kəndlərdən eyni miqdarda yığılmırdı. Ərəblər kəndində məhsulun 1/10, Qarabulaqda 1/5, Qarazəmidə 1/3-dən toplanırdı. Bəhrə torpağın quru və yaş olmasına görə də fərqli tətbiq edilirdi. Quru torpaqda məhsulun 1/10, yaş torpaqda isə 1/5-dən alınırdı. Xanlığın dağlıq kəndlərinin əksəri məhsulun 1/5 -ni vergi kimi verirdi.[24][21]
- Salyanə - farsca illik deməkdir. Bu vergi məhsulun miqdarından aslı deyildi. Varlılardan ildə 4 lt, orta təbəqədən 2 lt, kasıblardan isə 1 lt yağ şəklində yığılırdı.[25]
- Darğalıq - Darğanın yemək və digər ehtiyacları kəndlilər tərəfindən ödənirdi.[26]
- Gizir haqqı - Kənddə asayişi təmin edən gizirlərə yarım somar buğda, yarım somar arpa gizir haqqı kimi toplanılırdı.[27]
- Bayramlıq - Bayramlarda mülk sahibinə və xana aparılırdı. Hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr - xələtlər, atlar, silahlar bağıĢlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq hədiyyələr gətirirdilər.[26]
- Mövsüm payı - İlin hər mövsümündə kəndli öz məhsulundan xana pay aparırdı.[25]
- Otaq xərci - Xan və köməkçilərə kəndə gələrsə onun xərcləri kəndlilər tərəfindən ödənilirdi.[26]
- Toyluq - Torpaq sahibləri və ya kəndlilər toy olduqda xana toyluq aparırdılar. Toyluğun miqdarı kəndin imkanından asılı idi.[26]
- Otlaq haqqı - Xanlıqda malı artıqlığı olan kəndlilər tövlələri (günortanın istisində heyvan saxlanan damı olan yer) və kəndin örüş yerlərindən kənarda yerləşən torpaq sahələrini müəyyən məbləğdə icarəyə götürməli olurdular. Bu məbləğ hər qoyun üçün 4 şahı olmaqla torpaq sahibinə ödənilirdi.[25]
- Mirzəyana - Kəndlilərin mübahisəli məsələləri həll olunanda və ya müraciətlərinə lazımi cavab verilərkən kəndlidən mirzəyə müəyyən pay verməsi tələb olunurdu. Yeni torpaq alan kəndlilər də mirzəyana vergisi verirdilər. İldə yığılan puldan asılı olaraq Mirzəyə müəyyən pay ayrılmalı idi. Kəndi icarəyə götürən şəxs müqavilənin yazılması üçün mirzəyana vergisi verirdi.
- Ulam - Bu, hökumət postunda çalışan atlı üçün alınan vergi idi. Ulamçı əkinçiliklə məşğul olmurdu. O, kəndlilərdən aldığı “ulam haqqı” ilə yaşayırdı.[28]
- Biyar - Digər xanlıqlarda olduğu kimi, Maku xanlığında da kəndlilərin üzərinə əmək öhdəliyi düşürdü. Feodal mülkündə yaşayan kəndli pulsuz, hökumətin xeyrinə istehkamlar tikməli, yollar və ya kanallar açmalı, taxta daşımalı, suvarma işlərində iştirak etməli idilər.[23]
- Digər müsəlman ölkələrində olduğu kimi Makuda da xüsusi dini vergilər, zəkat, xüms, nəzir, mərsiyyə haqqı kimi vergilər toplanırdı.[23]
Xanları
redaktəSıra | Xan | Hakimiyyət illəri | Haqqında |
---|---|---|---|
Makinskilər
Maku xanı Hüseyn xanın oğlu Əhməd xan 1828-ci ildə İrəvana köçərək, 1830-cu ildə İrəvan xan ailəsindən Lalə xanımla evlənir. İrevanda yaşayan bu soy Rusiyada Makinskilər (rusca "Maku") kimi tanınır. Makinskilər nəslinin tanınmış nümayəndələrindən biri Teymur bəy Makinskidir.[30]
Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, sonra isə Varşava Universitetinin hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdir.[31]
Teymur bəy Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. O, 26 mart 1938-ci ildə güllələnmişdi.[31]
Zülfiqar bəy Məhəmmədqulu bəy oğlu Makinski 1885-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi. (1904-1911). Zülfiqar bəy Makinski 1918-1920-ci illərdə ADR-in mühüm məmurlarından idi. Zülfiqar bəy Makinski 1923-cü ildə Ərzaq nazirliyinin maliyə şöbəsinin rəisi idi.[32]
Bu soyun məşhur nümayəndələrindən biri Aleksandr (İskəndər) xan İmperator hüquq məktəbində oxumuşdu. Rokfeller fondunun Lissabon və Paris filallarında çalışmışdı. Fransanın Almaniya tərəfindən istila edilməsindən sonra ölkədən çıxmaq istəyən alim və dirənişçilərə yardım etmişdi. Ölkə qəhrəmanı Jan Mulanı ölümdən qurtarmışdı. Aleksandr (İskəndər) xan Makinski 1941-ci ildə Amerikaya yollanmışdı. 1964-cü ildə Koka-Kola kompaniyasının vitse-prezidenti olmuşdu. Aleksandr (İskəndər) xan Makinski "Legion Honor" və "Akademik Palm" ordenləri ilə təltif olunmuşdu.[33]
Əhali
redaktəƏhalinin sosial tərkibi mülkədarlar, məaflar, rəiyyət, rəncbərlər olmaqla bir neçə qrupa bölünürdü.[24] Maku xanlığında mülkədar zümrəsinə başda xan оlmaqla, оğulları, qızları, qоhum-əqrəbaları, vəzirlər, ali ruhanilər, məliklər, naiblər, sultanlar, bəylər, ağalar, bir sözlə tiyulu, sоyurqalı оlan bütün fеоdallar daxil idilər.
Vеrgidən azad şəxslərə məaflar dеyirdilər.
Kəndli təbəqəsi rəiyyət adlanırdı. Maku kəndlərinin 80-85 % rəiyyətlərən ibarət idi. Bu kəndlilərin pay torpağı, cütcülük avadanlıqları varidi. Maku xanlığında rəiyyət özü də 3 təbəqəyə bölünürdü - hampa, yarıhampa və dırnaq.
Xanlıq dönəmində maliklərin, mülkədarların mülklərində çalışıb müəyyən pay alan kəndli zümrəsi də vardı ki, оnlar rəncbər adlanırdılar.[24]
Maku kəndlilərinin ən aşağı təbəqəsi qaralar və ya bekarlar adlanırdı. Bu kəndlilər hər şeyini itirən və pul va ya başqa bir şey qarşılığında ağa üçün çalışan kəndlilər idi.
Xanlığın əhalisi Azərbaycan türkləri və çox az sayda da kürdlərdən ibarət idi. Əhalinin 900 ailəsi Əhl-Haqq (Yərsanizm) dininə etiqad edirdi. Xalq arasında sünnilər qaraqoyunlu, şiələr isə ağqoyunlu adlanırdı.
Maku əhalisi 4 elə, hər el isə bir neçə uyruğa bölünürdü. Kürəsinlər (türkdürlər) oturaq həyat yaşayırdılar. Haydaranlı eli yarı köçəri, Milan, Zilan və Cəlali elləri isə köçəri idilər. Kürəsinlər Qaradərə mahalında, Ağbulaq, Muhur, Məlhəmli kəndlərində yaşayırdılar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq idi.[14]
Həmçinin bax
redaktəMənbə
redaktə- N.C. Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı. 1995.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi uzaq keşmişdən 1870-ci ilə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1995.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
- Hüseyn Dəlili. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin ikinci yarısında). Bakı: "Elm". 1979.
- Ənvər Çingizoğlu. Maku xanlığı. Bakı: Mütərcim. 2019. səh. 168. ISBN ISBN 978-9952-28-463-8.
- Ənvər Çingizoğlu. "Makinskilər" (PDF). "Soy" (az.). №3(47) ("Mütərcim"). 2011: səh.3–12. İstifadə tarixi: 2017-05-25.
- Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920. 2004. ISBN 0521522455.
- Ruhangiz Sultanova. "Makı hanlığı". Türkler (türk). №7 (Yeni Türkiye yayınları). 2002: 168–184.
- И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. Ленинград: Ленинградский Государственный Университет. 1949.
İstinadlar
redaktə- ↑ Muriel Atkin. Russia and Iran, 1780—1828. 2nd. ed. Minneapolis:University of Minnesota Press Press. 2008. ISBN 0-521-58336-5.Orijinal mətn (ing.)
«In Safavi times, Azerbaijan was applied to all the muslim-ruled khanates of the eastern Caucasian as well as to the area south of the Araz River as fas as the Qezel Uzan River, the latter region being approximately the same as the modern Iranian ostans of East and West Azerbaijan.»
- ↑ Н. Г. Корсун. Военный обзор Турецкого передового и Причерноморского (на участке Батум-Инеболи) театров с сопредельными районами Закавказья и Персии. Ч.2, вып. 2. Тифлис, 1915. стр. 211
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 380
- ↑ Swietochowski, 2004. səh. 2
- ↑ Çingizoğlu, 2019. səh. 25
- ↑ 1 2 3 Sultanova, 2002. səh. 179
- ↑ Sultanova, 2002. səh. 180
- ↑ 1 2 3 "MÂKÛ". islamansiklopedisi.org.tr (türk). 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
- ↑ (#empty_citation)
- ↑ Çingizoğlu, 2019. səh. 28
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Sultanova, 2002. səh. 177
- ↑ 1 2 3 Sultanova, 2002. səh. 178
- ↑ Çingizoğlu, 2019. səh. 56
- ↑ 1 2 3 4 Sultanova, 2002. səh. 176
- ↑ Çingizoğlu, 2019. səh. 83
- ↑ Çingizoğlu, 2019. səh. 84
- ↑ 1 2 3 Sultanova, 2002. səh. 170
- ↑ 1 2 3 Sultanova, 2002. səh. 171
- ↑ 1 2 Çingizoğlu, 2019. səh. 136
- ↑ Əliyarlı, 1995. səh. 625
- ↑ 1 2 Əliyarlı, 1995. səh. 629
- ↑ 1 2 Əliyarlı, 1995. səh. 626
- ↑ 1 2 3 Mustafayeva, 1995
- ↑ 1 2 3 Azərbaycan tarixi III cild, 2007. səh. 403
- ↑ 1 2 3 Sultanova, 2002. səh. 173
- ↑ 1 2 3 4 Azərbaycan tarixi III cild, 2007. səh. 404
- ↑ Çingizoğlu, 2019. səh. 128
- ↑ Sultanova, 2002. səh. 174
- ↑ "Arxivlənmiş surət". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
- ↑ Çingizoğlu, 2011. səh. 5
- ↑ 1 2 Çingizoğlu, 2011. səh. 9
- ↑ Çingizoğlu, 2011. səh. 10
- ↑ Çingizoğlu, 2011. səh. 7