Masin Yigimi - Wikipedia
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir.
Təsnifatı
redaktəMaşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür. Yığmada istifadə olunan hissələr yığma sxemində dördbucaqlılar şəklində ardıcıl olaraq göstərilir. Dödbucaqlının üzərində hissənin adı, indeksi və sayı göstərilir. Yığmanın texnoloji sxemi məmulun yığılmasının struktur və ardıcıllığını təsvir edir. Onun tərtibi zamanı lazım olan nəzarət və köməkçi əməliyyatlar da təyin edilir. Bu sxem həm də konstruksiyanın onun yığılması ilə müqayisədə texnolojiliyini analiz etməyə imkan verir. Yığma tempi istehsal şəraitindən asılıdır. Bundan əlavə texnoloji yığma prosesini tipik, qrup və fərdi olaraq səciyyələndirirlər. Tipik proseslər maşınqayırmada mütərəqqi yığma üsulları əsasında müxtəlif birləşmələr və düyümlər üçün işlənirlər. Qrup yığma prosesinin əsas əlaməti konstruktiv-texnoloji göstəricilərinə görə ümumi olan bir neçə düyümün yığılması üçün tətbiq olunmasıdır. Fərdi yığma yalnız bir məmulun yığılmasında istifadə olunur. Yığma prosesi təşkilat formasına görə axın xəttində və axın xəttində olmayaraq həyata keçirilə bilər. Axın xəttində yığılan hissələrin bir işçi yerindən digərinə nəqli avtomatlaşdırılmış şəkildə fasiləsiz olaraq konveyerdə yerinə yetirilir. Axın xəttində reallaşdırılan yığma istehsal dövrünün kiçildilməsinə, yığmada işləyənlərin ixtisaslaşdırılmasını artırmağa, istehsalın avtomatlaşdırma dərəcəsini artırmağa və məmulun əməktutumunu kiçiltməyə şərait yaradır. Axın xəttində aparılmayan yığma əsasən fərdi və kiçik seriyalı istehsalda yer tapır. Yığma prosesinin layihələndirilməsi zamanı verilmiş texniki tapşırığa uyğun olaraq məmulun elementlərinin forma və ölçü dəqiqliyi, qarşılıqlı vəziyyətinə texniki nəzarətin yerinə yetirilməsi üçün obyekt, üsul və vasitə müəyən olunur. Nəzarət aralıq və qəbuledici olur. Aralıq nəzarət əsasən zay məhsulun yaranma ehtimalı yüksək olan çətin yığma əməliyyatından sonra aparılır. Qəbuledici nəzarətdə yığılmış tam məmul və ya məsul düyümlər yoxlanılır.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.