Memmed Movsumzade - Wikipedia
Məmməd Mirzə oğlu Mövsümzadə (25 dekabr 1908, Bakı – 7 dekabr 1984, Bakı) — kimya elmləri doktoru (1946), professor (1947), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1967).[1][2]
Məmməd Mövsümzadə | |
---|---|
Məmməd Mirzə oğlu Mövsümzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Atası | Mirzə Baloğlan oğlu Mövsümzadə |
Anası | Ziba Tağı qızı Mövsümzadə |
Elm sahələri | neft kimyası, üzvi kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1946) |
Elmi adı | professor (1947) |
Təhsili | Bakı Dövlət Universiteti (1925-1930) |
Tanınır | alim, pedaqoq |
Üzvlüyü | AMEA (1967) |
Mükafatları |
Həyatı
redaktəMəmməd Mövsümzadə 1908-ci il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olub. O, 1915-ci ildə Bakıda 10 saylı birinci dərəcəli məktəbin birinci sinifinə gedib və 1925-ci ildə 12 saylı ikinci dərəcəli məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra o, elə həmin il Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təbiətşünaslıq bölməsinə qəbul olunub və 1930-cu ildə universiteti bitirib.[3]
Əmək fəaliyyəti
redaktəMəmməd Mövsümzadə 1939-1948-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsində dekan vəzifəsində çalışıb. O, 1940-1960-cı illərdə Azərbaycan Tibb Universitetinin Üzvi kimya kafedrasında dosent, professor, kafedra müdiri vəzifələrini icra edib. 1947-1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Üzvi kimya kafedrasında professor, kafedra müdiri vəzifələrində çalışıb.[4]
1941-1945-ci illərdə
redaktəMəmməd Mövsümzadə 1941-1945 ci illərin Böyük Vətən müharibəsi dövründə Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsi sahəsində məhsuldar işləyib. Müharibə başa çatan ildə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" medalı, 1946-cı ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.[3]
Elmi fəaliyyəti
redaktəMəmməd Mövsümzadə neft məhsullarının pirolizi sahəsində apardığı tədqiqatlar əsasında 1938-ci il sentyabrın 25-də namizədlik dissertasiyası müdafiə edərək kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlılardan biri olub.[4]
Apardığı uğurlu tədqiqatların nəticəsi olaraq M.Mövsümzadə 1945-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1946-cı ildə kimya elmləri doktoru alimlik dərəcəsi və 1947-ci ildə üzvi kimya ixtisası üzrə professor elmi adı alıb. Elmi tədqiqatlarını davam etdirən alim 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasına müxbir üzv seçilib.[4]
Məmməd Mövsumzadənin apardığı elmi-tədqiqatların əsas istiqamətləri üzvi alfa oksidlərin sintezi və onların müxtəlif çevrilmələri və alınmış məhsulların araşdırılmasına aiddir. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirilib.[5]
Alim 258 elmi əsərin, o cümlədən 20-dən çox müəlliflik şəhadətnaməsinin və 9 monoqrafiyanın müəllifidir.[4]
Mükafatları
redaktəProfessor Məmməd Mövsümzadə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Habelə "Əmək veteranı", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə", V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Fədakar əməyə görə" yubiley medalı ilə təltif olunub. Kimya Sənayesi Nazirliyinin Kollegiyası və Kimya və Neft Kimyası Sənayesi Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Fəxri kimyaçı" fəxri adına layiq görülüb. O cümlədən "Şərəf nişanı" ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.[3][4]
Vəfatı
redaktəMəmməd Mövsümzadə 1984-cü il dekabrın 7-də Bakı şəhərində vəfat edib.[4]
İstinadlar
redaktə- ↑ AZ, ICA. "Professor Mövsümzadənin 80 yaşı tamam oldu | AŞQARLAR KİMYASI İNSTİTUTU". ica.az (az.). 2019-10-28. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
- ↑ "lib.az - "25 Dekabr" tariximizdə". lib.az. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2014-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
- ↑ 1 2 3 4 5 6 "Mövsümzadə Məhəmməd Mirzə oğlu". science.gov.az. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ "Mövsümzadə Məmməd Mirzə oğlu". chemistry.bsu.edu.az. 07-06-2017. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.06.2024.