Meherrem Mahi - Wikipedia
Alıyev Məhərrəm Rzaqulu oğlu (Məhərrəm Mahi) - şair.
MƏHƏRRƏM MAHİ | |
---|---|
Alıyev Məhərrəm Rzaqulu oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Quyudərə Xəştab, Zəngilan rayonu |
Fəaliyyəti | şair |
Həyatı
redaktəMəhərrəm Mahi 1924-cü ildə Zəngilan rayonunun Quyudərə Xəştab kəndində anadan olub.
Gilətağ 7 illik və Xocahan orta məktəbini bitirib. Elə həmin il ehtiyac olduğu üçün (Böyük Vətən müharibəsi getdiyinə görə müəllimə ehtiyac var idı) oxuduğu orta məktəbdə dil-ədəbiyyat müəllimi təyin edilib.
1952-ci ildə ali məktəbi bitirib. Qubadlı və Zəngilan rayonlarında müəllim, direktor müavini, direktor və təhsil şöbəsində inspektor işləyib.
Uşaqlıqdan şerə maraq göstərib. İlk şeri məktəb divar qəzetində verilib. Və o vaxtdan şeirlər yazmağa başlayıb. Müəllim işləyəndən sonra şeirləri rayon və respublika qəzet və jurnallarında çap olunub.
Zəngilan rayonunda 1963-cü ildən yayıma başlayan "Kənd həyatı" qəzetinin şeir şöbəsinə, "Kəlbətin" satirik guşəsinə və ictimai əsaslarla yaradılmış "Süsənin səsi" ədəbi birliyinə rəhbərlik edib.
Məhərrəm Mahinin şeirləri "Sizə qalanım budur", "Əsgülümüm Süsənim mənim", "Azərbaycan elimdi, dili mənə şirindi" adlı kitablarında oxuculara təqdim olunub.
Kitabları
redaktə- "Sizə qalanım budur",
- "Əsgülümüm Süsənim mənim",
- "Azərbaycan elimdi, dili mənə şirindi"
Yaradıcılığı
redaktəZəngilanda olasan
Könül quşum qanadlanıb yerindən,
Deyir bu dəm Zəngilanda olasan.
Baxıb yurda, bir ah çəkib dərindən,
Ağlayasan, boşalasan,dolasan.
Görən kimi Ağ Oyuğun düzünü,
Yoxlayasan torpağının nəbzini.
Qucaqlayıb söykəyəsən üzünü,
Əcəl gəlsə, elə orda öləsən.
Dolanasan Əsgülümün başına,
İzin düşə Süsəninin daşına.
Yenidən dönərsən cənnət quşuna,
Vurularsan oçəmənə çölə sən.
Soruşasan çinarların halını,
Seyr edəsən maralların xalını.
Meşələrin can dərmanı balını,
Yeyib dərdi urəyindən siləsən.
Kişi bilib öz yurdunda özünü,
Qaşıyasan murdarların izini.
Təmizləyib bulaqların gözünü,
Zümzüməsin qaldırasan zilə sən.
Orta evdə qalayasan ocağı,
İstiləşə divarların bucağı.
Dönəndə behiştə doğma bucağı,
Yatasan qoynunda dadın biləsən.
Dağlarda əks ola durnanın səsi,
Canalana Yaloba, Xüveyr dərəsi,
Nurlana insanın qəmli çöhrəsi,
Dostlar deyə, - çox mübarək, beləsən.
Bu anda prezident ola qonağın,
Sanca Zəngilana sülhün bayrağın,
Başlana həyatın, yeni növrağın,
Bir ildə çatasan yeddi ilə sən.
Hamı dura, işə gücə-alışa,
Torpaq cana gələ, məhsul bollaşa,
Oğul-uşaq yan-yörəndə oynaşa,
Mahi, baxıb bir ürəkdən güləsən.
Zəngilanlıyıq
Toxum tək səpildik Azərbaycana,
Harda yaşasaq da zəngilanlıyıq.
Elə bir doğubdur bizi bir ana,
Ayrıla bilmirik, istiqanlıyıq,
Harda yaşasaq da zəngilanlıyıq.
Düşdük alovlara, atıldıq oda,
Verdik igidlərin neçəsin bada,
Yenə də həsrətik o doğma yurda,
Ona görə kinli, həyəcanlıyıq,
Harda yaşasaq da zəngilanlıyıq.
Vətəndə qaçqınıq, dana bilmərik,
Yurddan ayrı biz dayana bilmərik,
Unudub hər şeyi yana bilmərik,
Düşmənlə düşmənik, köhnəqanlıyıq,
Harda yaşasaq da zəngilanlıyıq.
İllər saysaq da gecə-gündüzü,
Ancaq itirmərik ümidimizi,
Bir gün Zəngilanda görərlər bizi,
Qibləmiz ordadır, biz o yanlıyıq,
Harda yaşasaq da zəngilanlıyıq.
Birdi şöhrətimiz, birdi adımız,
Yoxdu içimizdə bircə yadımız,
Məhərrəm Mahi tək var ustadımız,
Açıqdı süfrəmiz, qohumcanlıyıq,
Harda yaşasaq da zəngilanlıyıq.
Bura Ana yurdum Azərbaycandı
Qalxıb Qoşqarımın yəhər belinə
İstərəm dolaşım eli, obanı.
Bir bayram günündə bir oğul kimi
Sıxam sinəm üstə Azərbaycanı.
Şairlər diyarı Qazağı gəzim,
Vurğun bağçasından bir çiçək üzüm.
Gəlim Şamaxıya, Ağsudan keçim,
Sabir bulağındam doyunca içim.
Gəl, dedi, könlümü aldı Qarabağ,
"Koroğlu" cəngini çaldı Qarabağ.
Bərdə bədirləndi bir ay sayağı,
Nurlandı şöhrətdən Tərlan torpağı.
Gördüm al geyinmiş qədim Gəncəni,
Böyük Nizaminin şer vətəni.
Kəpəzə boylanır bir maral kimi,
Göy-göl yanağında mavi xal kimi.
Axşama şəfəqindən alışdı-yandı,
Dedim ana yurdum Azərbaycandı.
Keçdim Kür üstündən varlı Muğana,
Baxdım Astaraya, baxdım Salyana,
Gəldim Lənkəranda bir çay dəmlədim,
Talış ellərini dolandım, gəzdim.
Buz bulaq istədim dağlara qalxdım,
Hərlənib Şuşanı, doyunca baxdım.
Gördüm dağ üstündə dayanıb Laçın,
Sərin meh darayır şəlalə saçın.
Çağırdı İstisu, Kəlbəcər məni,
Şəmşir qoşmasını sevənlər məni.
Naxçıvan saz tutdu, Ordubad dindi,
Yatmış duyğularım ilhama gəldi.
Yenə Səngər dağı məğrur dayandı,
Dedim ana yurdum Azərbaycandı.
Sağında Əsgülüm, solunda Süsən,
Çinar meşələri dillərə düşən.
Oxçu çay kəmərli, Araz nəğməli,
Çəməni gəzməli, düzü görməli.
Dağüstü parkıdır başının tacı,
Həkəri bir saçı, Bəsit bir saçı.
Hüsnünə yaraşan yaşıldan donu,
Üzüm bağlarının görünməz sonu.
Binalar ucaldan, saraylar tikən,
Ağ Oyuq düzünə kanallar çəkən,
Hünər meydanında bərkiyən, duran,
Qızıl şöhrətini geri qaytaran,
Igidlər ünvanlı o Zəngilandı,
Bura ana yurdum Azərbaycandı.
Gəlin birləşib gedək
Cavabsız sualların önündə xəyaldayam,
Gecə-gündüz gedirəm, elə yenə yoldayam,
Niyə mən bu dərdimə çarə edə bilmirəm,
Öz doğmaca kəndimə durub gedə bilmirəm?
Niyə gedib içmirəm bulaqların suyundan,
Baxıb ləzzət almıram çinarların boyundan,
Niyə yaşayım ayrı aranımdan, dağımdan,
Dərib meyvə yeməyim öz saldığım bağımdan?
Sobunun, Nəcəflərin havasını udmayım,
Şayıflının, Canbarın səmtinə üz tutmayım,
Çöpədərə, Bartazı həvəslənib gəzməyim,
Rəzdərənin, Genliyin çaylarında üzməyim?
Məmmədbəyli, Babaylı, Alıbəyli, Ağalı,
Oxşamasın könlümü onların cah-calalı,
Sazımla, avazımla oyanmasın Mincivan,
Hacallı, Sarıl, Tiri, qədim Şəhri-Şərifan,
Vənətli, Gilətağlar, Sarallı, Yeməzdilər,
Nə sayım ki, hamısı canımdan əzizdilər.
Sizə qurban olum mən, ay yaşlılar, cavanlar,
Elinin, obasının həsrətilə yananlar,
Gəlin birləşib gedək, şəhid olaq hamımız,
Düşməndən azad olsun təki Zəngilanımız.
Zəngilandadır
Dostum, gəl dolaşaq bu doğma yurdu,
Elin xoş baharı Zəngilandadır.
Həcər dəyanəti, Nəbi qeyrəti,
Koroğlu Nigarı Zəngilandadır.
Dünyanın ən böyük çinar meçəsi,
Hər çinar dibində könül nəşəsi,
Turac pırıltısı, qırqovul səsi,
Kəkliyin xumarı Zəngilandadır.
Əsgülüm dağında oyansan səhər,
Səni məst eləyər tər bənövşələr,
Nəcəflər, Dərəli dilbər guşələr,
Çayların axarı Zəngilandadır.
Barlı-bərəkətli Ağ Oyuq düzü,
Atalar hikməti Şıx Məmməd düzü,
Elin iftixarı, şahı-şahbazı,
Sayılov vüqarı Zəngilandadır.
Qədim məskənidir Şəhri-Şərifan,
Min illik tarixdən o verir nişan,
Ötən əsrlərdən yadigar qalan,
Babəkin hasarı Zəngilandadır.
Dumanlı-çənlidir uca dağları,
Dərdlərə dərmandı buz bulaqları,
Silən qəlbimizdən qəmi-qubarı,
Şəfa qaynaqları Zəngilandadır.
Durur zirvəsində qartal Süsənin,
Hürküşür qoynunda maral Süsənin,
Baxıram aparır xəyal, Süsənin,
Səngər qayaları Zəngilandadır.
Mətləbim-məramım sözümün canı,
Mahiyəm, deyirəm qəlbim duyanı,
Əgər dolaşsanız Azərbaycanı,
Gözəllik diyarı Zəngilandadır.