Mehemmed Fazil Lenkerani - Wikipedia
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931[1], Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah.
Məhəmməd Fazil Lənkərani | |
---|---|
fars. محمد فاضل لنکرانی | |
Doğum tarixi | 1931[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 iyun 2007 |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
lankarani.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi".
Təhsil
redaktəMuhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır. 19 yaşında ikən Ayətullah Bürucerdinin “İstidlali fiqh və üsul” dərslərinin xaricinə gedir. Yaşının az, ağıl və zəkasının kifayət olması ilə ustad və tələbələrin diqqətini cəlb edir. Onun səmimi dostu və elmi müzakirələrdəki yoldaşı, əvvəldə qeyd etdiyimiz kimi, İmam Xomeyninin oğlu şəhid Ayətullah Mustafa Xomeyni olmuşdur.
Cənab Muhəmməd Fazil Lənkərani özünün təhsil illərini bu cür xatırlayır: "Orta məktəbi qurtardıqdan sonra İslami elmləri öyrənməyə son dərəcə rəğbətlə başladım... Ərəb ədəbiyyatının orta və ali səviyyəsinin bütün dövrlərini (kurslarını) yüksək səviyyədə oxudum. “Yüksək səviyyədə” deməkdə məqsədim budur ki, mən hər kitabı dərslərin gedişatında iki dəfə oxuyurdum. Əvvəlcə müəllim dərsi sinifdə tədris edirdi, dərsdən sonra isə həmin kitablarla bağlı dostlarımla yenidən mübahisə edirdim. Elə buna görə də, dərslərimdə irəli getdim və ilk dövrənin dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, 19 yaşım olanda Ayətullah Bürucerdinin xaric dərslərində iştirak edirdim. İlk təhsil günlərimdə elmi mübahisə etdiyim bir dostum var idi. Dərslərimi onunla bəhs edirdim. Qışın soyuq günlərində “mütəhhər hərəmin” eyvanında açıq havada mübahisə etməyə məcbur olurduq. Ayətullah Bürucerdi bir məclisə dəvət olunmuşdu. Mən də atamla birlikdə bu məclisdə idim. Ayətullah Bürucerdi “Mütəvvəl” kitabından bir şer oxudu və bu şer haqqında məndən soruşmağa başladı. Mən dərhal cavab verdim. Bundan sonra o mənə əlli tümən pul hədiyyə etdi. Bu məbləğ o günlərdə çox dəyərə malik idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni daha da ruhlandırdı və bundan sonra öz dərslərimə və əməllərimə daha diqqətlə nəzarət etməyə başladım."
Muhəmməd Fazil Lənkərani 11 il Ayətullahül-üzma Bürucerdinin üsul və fiqhin xaric dərslərində, həmçinin 9 il Ayətullahül-üzma İmam Xomeyninin dərslərində iştirak etmiş, bu iki elm mənbəyindən son dərəcə bəhrələnmişdir.
O, 5 ilə qədər Əllamə Təbatəbainin fəlsəfə və təfsir dərslərində iştirak edərək Səbzəvarinin “Mənzumə” və Molla Sədranın “Əsfar” kitablarını öyrənmişdir. Bunlardan əlavə o müxtəlif ustadların əxlaq və ideoloji bəhslərə aid dərslərində də iştirak etmişdir. Lakin onun əsas ixtisası şiə fiqhi və üsul elmləridir.
19 yaşlı bu cavan oğlan mərhum Ayətullah Bürucerdinin ali fiqh dərslərində iştirak etməyə başlayır. Tələbələr təəccüblə bir-birinə baxır və onun bu sinfə təsadüfən gəldiyini düşünürlər. Lakin o, dərslərdə mütəmadi iştirak edir.
Fatimiyyə günləri (cəmadil-əvvəl ayının 13-dən cəmadis-sani ayının 3-ədək olan 20 gün) imiş. Onların evində əza məclisi qurulubmuş. Bir gün Ayətullah Bürucerdi onu göstərib atasından soruşur: “O da dərsdə iştirak edirmi?” Mərhum Fazil cavab verir: “Muhəmməd nəinki sizin dərsinizdə iştirak edir, hətta buyurduğunuz bütün mətləbləri ərəbcə yazır”. Ayətullah heyrətlənib, onun yazdıqlarını istəyir və yarım saat ərzində diqqətlə oxuyub deyir: “Güman etməzdim ki, o bu yaşında dərslərin bütün incəliklərindən xəbərdar olsun və onları gözəl ibarələrlə, özü də ərəbcə yazsın”.
Həmin yazıların 1957-ci ildə “Nəhayətüt-təqrir” adlı 1-ci cildi, bir neçə ildən sonra isə 2-ci cildi çapdan çıxdı. Bu kitabdan söhbət düşəndə mərhum Ayətullah Bürucerdi deyərmiş: “Cavan tələbə – cavan müctəhid! Mən dünyadan köçəcəyəm, məndən qalan isə bu kitab olacaq”.
Bir müddət sonra Ayətullah İmam Xomeyni üsul elminin ali dərslərinin tədrisinə başlayır və Muhəmməd Fazil Lənkərani 7 il bu dərslərdə də iştirak edir, uyğun elmin bütün sirlərinə yiyələnir. Özü bu barədə deyir: “Ayətullah Bürucerdi ömrünün son 7-8 ilində gündə yalnız bircə saat tədrislə kifayətlənirdi. Təbii ki, tələbə üçün bu çox azdır. Ona görə də mən əlavə dərs yeri axtarırdım. Bir dəfə eşitdim ki, İmam Xomeyni üsul dərslərinə başlayıb. Mən onun necə tədris etdiyini bilmirdim. Amma, çox keçmədi anladım ki, axtardığımı tapmışam.
İmam Xomeyni fəlsəfə, irfan və digər elmlərdə də ustad olduğundan mətləbləri elə bəyan edirdi ki, hər şey gün kimi aydın olurdu”.
İmam Xomeyninin tədris etdiyi dərsləri tələbəlik həyatının ən şirin xatirələri və özünün ən böyük iftixarı adlandıran alim daha sonra deyir: “İmam Xomeyninin dərslərində iştirak etdiyim vaxtlar bir tələbə kimi mənim ən şirinli günlərim sayılır. Onun dərsləri bəzən 90 dəqiqəyə qədər uzanırdı, amma nə özü yorulurdu, nə də tələbələr. O dərslərin şirin xatirəsi hələ də yadımdadır. Mən onlardan ləzzət alırdım. O günlər Allahın mənə bəxş etdiyi ən şərəfli anlar idi”.
Tədris
redaktəMuhəmməd Fazil Lənkərani hövzəyə daxil olduqdan bir neçə il sonra, 16 yaşında ikən təhsillə yanaşı tədrisə də başlamışdır. Uzun illər ərəb dili, məntiq, üsul, fiqh və s. dərsləri tədris etdikdən və yüzlərlə şagird yetişdirdikdən sonra Məkasib, Rəsail və Kifayə kitablarını tədris etməyə başlayır. Onun Kifayə dərslərində 600-700 tələbə iştirak edirdi. Bu dərslər hövzə tələbələri tərəfindən böyük rəğbətlə qarşılanır və hövzənin ən məşhur ustadlarından hesab olunurdu. Həyatının uyğun dövrünü xatırlayan Ayətullah deyir: “Şərhi-lümə” kitabının İrs bölməsini tədris etdiyim vaxt dərsdə təxminən 100 nəfər iştirak edirdi. Bir gün diqqət yetirib gördüm ki, onların hamısı yaşca məndən böyükdür.”
60-cı illərin sonlarında Muhəmməd Fazil Lənkərani, Kifayə dərsində iştirak edən tələbələrinin xahişi ilə ali (xaric) üsul dərsinin tədrisinə başlayır və beləliklə böyük alim və müctəhidlər arasında seçilir.
Nitqinin şirinliyi, şiə dünyasının məşhur fiqh və üsul alimlərinin elmi əsasları barədə dərin məlumatı, əhli-sünnə alimlərinin nəzərləri ilə tanışlığı, güclü tədqiqat və araşdırmaları, habelə, şagirdlərini elmi bəhslərdə yaxından iştirak etməyə çağırıb möhkəm dəlillər və tutarlı cavablarla onların iradlarını aradan qaldırması, elmi hövzənin bu yorulmaz ustadının məziyyətlərindən sayılır. Elə buna görə də səthi dərsləri başa vuran tələbələr onun dərslərinə can atırdılar. Bir müddətdən sonra tələbələrinin xahişi ilə o, ali (xaric) fiqh dərslərinin də tədrisinə başlayır. Bu dərslər də hövzənin ən rövnəqli dərslərinə çevrilir. Bu cür tədrisdən bəhrələnmiş tələbələr indi elmi hövzənin adlı-sanlı ustadlarından və İslam dünyasının sayılıb-seçilən elmi, ictimai və siyasi simalarından hesab olunurlar.
Ayətullahül-üzma Muhəmməd Fazil Lənkərani Qum Elmiyyə Hövzəsində bir müddət səth dərslərini tədris etmişdir. 30 ildən çox üsul və fiqh fənlərini tədris etmişdir.
Arzularından biri Qurana təfsir yazmaq olan Ayətullah Lənkərani, fiqhi bəhslərə görə buna vaxt tapmasa da, cümə axşamı və cümə günləri hövzədə istirahət günləri olmasından istifadə edib Quran təfsiri mövzusunda çıxışlar etmiş və bu çıxışlar “Mədxəlüt-təfsir” adlı kitab şəklində çapdan çıxmışdır.
Elmi hövzədə xidməti
redaktəİmam Xomeyni İslam inqilabının qələbəsindən sonra Qum elmi hövzəsinin idarəsini Ayətullah Muhəmməd Fazil Lənkəraniyə tapşırmışdı. O, hövzənin Müdərrislər Şurasına başçılıq edirdi. On il elmi hövzənin İdarə Heyətinin sədri və Feyziyyə mədrəsəsinin müdiri vəzifəsində çalışmış alim digər məsul şəxslərlə birgə tələbələrin həm elmi, mənəvi və həm də məişət məsələləri ilə ciddi maraqlanırdı.
Tələbələrin elmə yiyələnmələrini sürətləndirmək məqsədilə onları elmi dərəcələr üzrə qruplaşdırmaq, “Məhdiyyə” tələbə şəhərciyinin təsis edilməsi, Feyziyyə mədrəsəsinin böyük iclas zalının tikilməsi və bir çox başqa işlər onun təkliflərindəndir.
Onun tədris sistemində səmərələşdirici təkliflərindən biri də hövzənin ayrı-ayrı ixtisaslara bölünməsidir. Hövzəyə müdiriyyəti dövründə bununla bağlı çox zəhmət çəkmiş, mərceyi-təqlid olduğu zaman isə “Məsum imamlar“ fiqh mərkəzini yaratmışdı.
Əhli-beyt məhəbbəti onun Qum şəhərinin mühüm yerlərində camaat namazına imamlıq etməyə sövq edir. Ayətullah Mərəşi Nəcəfinin vəfatından sonra tələbələr və Qum camaatının təkidi ilə Həzrəti Məsumə ələyhassəlamın hərəmində camaat namazına imaməti öhdəsinə götürdü ki, minlərlə alim, tələbə və ziyarətə gələnlər onun arxasında namaz qılıblar.
İmam Xomeyninin vəfatından sonra hövzənin böyük ustadları Ayətullah Muhəmməd Fazil Lənkəraniyə müraciət etdilər ki, mərceyi-təqlid olsun. Lakin alim qətiyyətlə bildirdi ki, Ayətullah Gülpayqani və Ayətullah Əraki olan yerdə başqalarını, yəni onu önə çəkmək düzgün deyil. Onların hər ikisinin vəfatından sonra, (1994-cü ilin dekabr ayında) Ruhanilər cəmiyyəti və onun ardınca Qum elmi hövzəsinin Müdərrislər Şurası yeddi müctəhidi mərceyi-təqlid kimi elan etdi. Ayətullah Muhəmməd Fazil Lənkəraninin adı bu yeddi nəfərlik siyahının başında dururdu.
Əhli-beyt məhəbbəti
redaktəAyətullah Muhəmməd Fazil Lənkərani peyğəmbərə və Əhli-beytə qurulan əza və bayram məclislərindən əlavə, hər həftə cümə günləri səhər çağı öz dəftərxanasında qurulan rövzə məclislərində də iştirak edir. Həmçinin, Fatimeyi-Zəhra (s.ə)-ın şəhadəti münasibətilə hər ilin 20 günlük Fatimiyyə əyyamında evlərində əza məclisləri təşkil olunur. Mərhum atasının başladığı bu iş 60 ildən artıqdır ki, davam edir.
Ayətullah əzadarlıq və bayram məclislərinin xurafatdan qorunmasına xüsusi diqqət göstərib, özünün bəyanatlarında və şəri suallara verdiyi cavablarda zəif rəvayətlərdən istifadə etməməyə və dinimizə yad olan ahəng və üslublardan çəkinməyə çağırmışdır.
Həyat tərzi
redaktəAyətullah Fazil Lənkərani digər hövzə tələbələri kimi sadə yaşayış tərzi keçirmişdir. O, ailə həyatı qurduqdan xeyli sonra da, hətta, övladlarının sayı beşə çatdıqda belə ikiotaqlı ata evində yaşayırdı. Yalnız bundan sonra qayınatasının hədiyyə etdiyi yeni mənzilə köçmüşdü. Yarıməsrlik tikili olmasına baxmayaraq, ömrünün sonunadək orada yaşamışdır.
O heç zaman şəxsi rifahı üçün çalışmamışdır. Hətta ailədə kimsə zəruri olmayan məişət əşyası almaq istədikdə, onun etirazı ilə üzləşməli olur. Oğlu Şeyx Muhəmməd Cavad Lənkərani deyir: “Bir gün anam təzə pərdə alıb, asmışdı. Atam onu görən kimi dedi: “Bu saat onu burdan aç!” Lakin, sonra anam məndən xahiş etdi ki, atamı razı salım, axı evdə pərdə lazımdır...”
Şeyx Muhəmməd Cavad əlavə edərək deyir: “Atamın mərceyi-təqlid olduğu bu on iki ildən artıq dövrdə bir neçə günlük Məşhəd ziyarətini çıxmaq şərti ilə o, bütün yay tətillərini, havası olduqca isti və ağır olan Qum şəhərində keçirirdi. Halbuki, ətraf kəndlərdə ab-havası yaxşı olan yerlər çox idi. Lakin o, tələbələrin zirzəmilərdə, dar və qaranlıq otaqlarda yaşadığını görəndə, öz rahatlığı barədə düşünə bilmirdi. Buna görə də geyindiyi paltarlar da çox sadə idi. Son 20 ildə əksər vaxtını hətta yay tətillərini də hövzə işlərinə sərf edirdi. Bir dəfə yayda xəstəliyinə görə Tehranda qalmalı oldu. Amma hövzə işlərilə bağlı 52 dəfə Quma gəldi və bəzən gecənin yarısına qədər uzanan iclaslarda iştirak etdi”.
Şahidlərin söylədiyinə görə, Ayətullah Fazil Lənkərani elmi dərəcəsi, alim nüfuzuna baxmayaraq, atasının qulluğunda həmişə bir xidmətçi kimi dururdu. Ayətullah Bocnurdi deyir: “O, ibadətə və misal üçün deyim ki, gecə namazına çox böyük diqqət göstərir. Amma daha çox elmi, savadı və əxlaqı ilə tanınır. Belə məsələləri heç yerdə bəyan etmir və bunu yalnız onun yaxın adamlar bilir. Onunla qohum olduğumdan mənə bəllidir ki, çox sadə həyat tərzi keçirir. Onun mərceyi-təqlid olmazdan qabaqkı və sonrakı yaşayışı arasında heç bir fərq yoxdur”.
Ayətullah Nurmüfidi deyir: “İnsan bəzi dahilərin yanında olanda, özü ilə onun arasında bir pərdə hiss edir, qəriblik duyur. Lakin, Ayətullah Lənkərani o qədər təvazökar insandır ki, onun yanında özünü çox rahat edirsən. Belələri indi çox azdır”.
Şeyx Muhəmməd Cavad: “O, mərceyi-təqlid olduğu vaxtdan bu günədək bir dəfə də soruşmayıb ki, filan yerdə mənə təqlid edənlər nə qədərdir? Və yaxud mənim risaləm çap olundu, ya yox? O, bir neçə il həzrət Məsumənin hərəmində imamlıq etmişdir. Dəfələrlə deyirdi ki, minlərlə tələbənin iqtida etdiyi bu namazla, əvvəllər kiçik məsciddə qıldığım namaz arasında heç bir fərq yoxdur”.
Siyasi səhnədə
redaktəİmam Xomeyni tağut Pəhləvi rejiminin törətdiyi zülm və fəsada qarşı mübarizəyə başlayanda, Ayətullah Fazil Lənkərani ən yaxın dost, sirdaş kimi onunla qədəm-qədəm hərəkət edir. İslam İnqilabının qələbəyə çatması üçün yorulmadan fəaliyyət göstərir, Qum Elmiyyə Hövzəsinin fəal üzvlərindən sayılırdı. Dəfələrlə dövlət məmurları tərəfindən tutularaq həbs edilmiş, axırda isə “Bəndəri Lənge”yə sürgün edilmişdir. Orada dörd ay qalandan sonra Yəzd şəhərinə sürgün olunur və iki il yarım orada qalır.
İmam Xomeyni öz hərakatını başlayan gündən Şeyx Muhəmməd Fazil həm bir sıravi vətəndaş və həm də Qum elmi hövzəsi Müdərrislər Şurasının üzvü kimi fəaliyyətə qoşulmuşdur. Həmin fəallıqlara görə dəfələrlə həbs olunmuş, işgəncəyə məruz qalmış və nəhayət, ab-havası yaxşı olmayan məntəqələrə sürgün edilmişdir. O ilk dəfə yayın qızmar çağında 4 ay müddətinə yandırıcı “Ləngə” limanına göndərilmişdir; elə bir 4 ay ki, öz təbirilə desək, 40 ilə bərabər zəhmət və məşəqqətlə keçmişdir. Onun ardınca isə, iki il yarım Yəzd şəhərində, düzənlik bir rayonda qalmağa məcbur edilmişdir. Oğlu Şeyx Muhəmməd Cavad Lənkərani bu barədə deyir: “Ləngə limanında sürgündə olduğu 4 ay ərzində bədəni xeyli zəiflədi. Hökumət adamları qorxuya düşüb, onu Yəzdə köçürtdülər. Atam, İmam Xomeyninin mərceyi-təqlid olduğunu elan edən 12 müctəhiddən biri idi və məhz buna görə sürgün edilmişdi”.
Onu da qeyd etmək lazımdır ki, İmam Xomeyninin tapşırığı ilə, vəfatından sonra onun ixtiyarında qalan şəri ödənişlər (xüms, zəkat və s.) məhz Ayətullah Fazil Lənkərani və Qum elmi hövzəsinin rəyasət heyəti tərəfindən elə buranın işlərinə xərclənmişdir.
İnsanlara və müsəlmanlara diqqət və qayğıkeşlik, onların problemlərinin həlli üçün səy göstərmək, görkəmli alimin həmişə diqqətdə saxladığı məsələlərdəndir. O, beynəlxalq münasibətləri və dünyada baş verən ictimai-siyasi prosesləri izləməklə İslam və bəşəriyyət düşmənlərinə qarşı həmişə barışmaz mövqe tutmuşdur.
Fələstin, Qarabağ, İraq, Əfqanıstan və digər müsəlmanları müdafiə, habelə, Salman Rüşdinin mürtəd elan edilməsi hökmünü himayə etməsi, bu qətiyyət və barışmazlığa əyani sübutdur.
Özünün sürgün həyatında “Təhrirül-vəsilə” kitabına şərh yazan Ayətullah Muhəmməd Fazil Lənkərani, öz elmi fəaliyyətindən əlavə, insanlara ictimai-siyasi məlumatlar vermiş, onları İslam hərəkatına kömək göstərməyə çağırmışdır.
İslam dininin hələ 1400 il əvvəl terrorizmə qarşı mübarizəyə başladığını bildirən Ayətullah, ABŞ-nin Əfqanıstan və İraqa hücumları ərəfəsində də etiraz bəyanatı ilə çıxış etmişdir.
Gənclərə tövsiyə
redaktəAyətullah Muhəmməd Fazil Lənkəraninin Azərbaycan gənclərinə müraciəti
Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum İmam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. İnsan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. İnsanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta Bütün qəlbindən keçənlər Allahın hüzurundadır.
Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.
İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qur’ani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə İslamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənərək, həmin yolla səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.
İbrətli hadisə
redaktəAllaha xalisanə tapınmağın nəticəsi
İyirmi ildən artıq Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin mühafizəçisi olmuş cənab Ümidi belə nəql edir: Bir gün həddən artıq narahat idim. Maddi vəziyyətin ağırlığı və qarşıya çıxan bir sıra problemlər məni məngənə kimi sıxırdı. Həmin gün çox çalışsam da pərişanlığımı ağadan gizlədə bilmədim. Ayətullah Fazil bunun səbəbini soruşdu. Cavabdan yayınmaq istədim. Amma ağanın cavab gözləyən mənalı baxışları məni danışmağa vadar etdi. Əhvalatı olduğu kimi söylədim. Ağa təmkinlə qulaq asıb məni dua etdi, Allah-Təaladan müşküllərimin tezliklə həll olunmasını dilədi. Daha sonra təsəlli üçün öz başına gəlmiş bir hadisəni xatırladı və dərindən ah çəkib söhbətə başladı:
Şah rejimi dövründə mübariz inqilabçılara, alim və ruhanilərə yönəlmiş amansız rəftarlardan bizə də bir pay düşmüşdü. Məni İran körfəzi rayonlarından biri olan Ləngə limanına sürgün etmişdilər. Bu məntəqədə qışın orta aylarında belə istidən və rütubətdən nəfəs almaq olmur. Səhhətimə münasib olmayan bu ab-həva onsuz da zəif və xəstə cismimi taqətdən salmışdı. Yerləşdiyim daxmanın yaxınlığında kiçik bir çayxana vardı. Orada mömin bir kişi işləyirdi. Səhər, günorta və axşam yemək üçün oraya gedirdim. Həmin mömin kişi bu sadə və kiçik yerdə mənə xüsusi qayğı göstərməyə çalışırdı. Bir gün səhər yeməyi üçün yenə çayxanaya getmək istədim. Əlimi cibimə saldım. Cibimdə bir tümən də olsun pul qalmamışdı. Qayıdıb oturdum. Günorta və axşam da beləcə sovuşdu. Səhəri gün sübh namazından sonra bir tərəfdən havanın ağırlığı, bir tərəfdən xəstəlik və aclığın təsirindən halım pisləşdi. Üzüqibləyə oturub Allahla raz-niyaza məşğul oldum. Əllərimi İlahi dərgaha açıb belə ərz etdim: "İlahi, vücudumun Sənin dininə xeyri varsa, məni bəndələrin yanında xar etmə, ruzi yetir acından ölməyim. Yox, əgər həyatımın Sənin dininə bir faydası yoxdursa, canımı al. Mən kimsəyə əl açmayacaq, kimsədən borc və ya yardım istəməyəcəyəm".Allaha təvəkkül edib gözləməyə başladım. Həmin günü bir təhər yola saldım. Səhəri gün günortadan sonra təmiz hava almaq üçün körfəzin kənarında əyləşib mavi sulara tamaşa edirdim. Bu vaxt yaşlı bir kişinin sürətlə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə onun nəsə istəyəcəyini güman etdim. Özüm möhtac ikən ona nə verə bilərdim?! Xəcalət hissi keçirdim. Nəhayət, həmin şəxs əlində bir bağlama tövşüyə-tövşüyə yaxınlaşıb soruşdu: "Ağa Fazil sizsiniz?" Cavab verdim: "Bəli". "Bu əmanət sizə çatacaq" – deyə əlindəki bağlamanı mənə tərəf uzatdı. Bağlamanı almayıb onun nə olduğunu soruşdum. Cavab verdi: "Mən bir il idi ki, Həccə getməyə hazırlaşırdım. Özüm də balıqçıyam, kiçik bir gəmim var. Səfərə çıxmaq üçün nə lazım idisə tədarük görmüşdüm. Pasport, viza və yol xərcini hazırlamışdım. Bu gün səhər yola düşməli idim. Axşam qəribə bir yuxu gördüm. Həzrət Peyğəmbər yuxuda səfəri təxirə salmağımı əmr edib buyurdu ki, Həcc üçün topladığım pulu sizə verim. O Həzrət buyurdu ki, sənə Həccin savabı yazıldı və o pulları ağa Fazilə çatdır. Bu gün səhərdən sizi axtarıram. Çayçı kişi sizin sahildə olduğunuzu deyən kimi bir başa buraya gəlib sizi tapdım. Şükürlər olsun ki, Həzrət Peyğəmbərın əmrini yerinə yetirdim!"
Ayətullah Muhəmməd Fazil Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Ayətullah Lənkəraninin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində müqəddəs Qum şəhərində keçirilib və mərhum alim 7-ci İmam Museyi-Kazımın qızı Həzrəti Məsumənın müqəddəs hərəmində dəfn edilib.
Əsərləri
redaktəAyətullahül-üzma Şeyx Muhəmməd Fazil Lənkəraninin yalnız çap olunmuş əsərləri:
- “Nəhayətül-təqrir” (Ayətullah Bürucerdinin ali (xaric) dərsləri)
- “Mötəmədül-üsul” (İmam Xomeyninin ali üsul dərsləri)
- "Təfsilüş-şəriə" (Təhrirül-vəsilənin şərhi)
- “Tibyanul-üsul”
- Üsul dərsləri (16 cilddə)
- “Əl-Ürvətül-vüsqa” kitabına haşiyə
- “Misbahul-fəqih” kitabının təharət bölməsinə haşiyə
- “İzahul-Kifayə”
- “Mədxəlüt-təfsir”
- Fiqh qaydaları
- “Əl-İctihad vət-təqlid”
- Müdarat təqiyyəsi
- Fərag və təcavüz qaydalarına dair risalə
- Həcc hökmləri
- Həcc və ümrə risaləsi
- Həcc haqqında sual-cavablar
- “Əl-Əhkamul-vazihə”
- Oruc
- Qəzavət
- Şəriət hökmlərinin izahı
- Şəri suallara cavab (İstiftaat)
- Şübhəli paltarla namaz qılmağa dair risalə
- Yeni fiqhi məsələlər
- Mündəricatlar məcmuəsi (“Biharul-ənvar,” “Əl-Qədir” və “Təfsir-əl-mizan” kitablarının mündəricatı)
- Həmd surəsinin təfsiri
- Əhli-beyt və yaxud Təthir ayəsinin parlaq simaları
- Məsum imamlar və yaxud vəhy keşikçiləri
- Peyğəmbərlərin məsumluğu
- İmam Əli (ə)-ın nəzərində ölkə idarəsi (Həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı məktubun şərhi)
- “Təqriratul-üsul”
- “Mənasikul-Həcc”