Musibeti Fexreddin - Wikipedia
Müsibəti-Fəxrəddin (az.-əski. موصیبت فخرالدین) — Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılan faciə.[1] Bu, Azərbaycan dramaturgiyasında ilk faciədir.[2] Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb.[1] "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır.
Müsibəti-Fəxrəddin | |
---|---|
az.-əski. موصیبت فخرالدین | |
| |
Janr | faciə |
Müəllif | Nəcəf bəy Vəzirov |
Orijinal dili | Azərbaycan |
Yazılma ili | 1896 |
Nəşr ili | 1902 |
Tarixi
redaktə1902-ci ildə Bakıda ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun beş pyesinin, o cümlədən "Fəxrəddinin vahiməsi"nin daxil olduğu toplusu nəşr olundu. Qalan pyeslər "Müasirliyin qəhrəmanları", "Görünməz qadın", "Yağışdan leysana" və "Evdə təhsilin şəkli" əsərləri idi.[3] Həmin ildə faciə Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib.[4]
1916-cı ilin noyabrında Mirzağa Əliyevin iştirakı ilə pyes yenidən tamaşaya hazırlandı. Rejissorların tələbi ilə Vəzirov hər gün gəlib məşqlərin gedişini izləyir, lazımi göstərişlər verirdi. Ancaq Hürü nənə rolunu oynayacaq qadın aktrisa yox idi. Mirzəağa Əliyev Vəzirovdan soruşanda ki, Azərbaycan səhnəsində qadın obrazı olmadığına görə niyə öz pyeslərinə bu qədər qadın təqdim edirsən, Vəzirov cavab verdi ki, "Biz Azərbaycan dramaturqları pyes yazarkən təkcə həyatımızın indiki mərhələsini, indiki mühitimizi nəzərdə tutmuruq. Zaman gələcək, elm, mədəniyyət o qədər irəli gedəcək ki, səhnədə kişilərdən qat-qat çox qadın olacaq".
Nəhayət, 1916-cı il noyabrın 22-də tamaşa səhnəyə qoyuldu. Qadın paltarı geyinmiş, bığ-saqqalını yaylıq altında gizlədən Hürü nənə rolunu isə Nəcəf bəy Vəzirovun özü ifa etmişdir. Mirzə Ağa Əliyev xatırlayırdı ki, Vəzirov bu rolun öhdəsindən bacarıqla gəlib və onu uğurla sona çatdırıb.[4]
Məzmunu
redaktə"Müsibəti-Fəxrəddin" faciəsinin mövzusu iki mülkədar ailəsi arasında gedən qan davasından götürülmüşdür. Faciənin əsas konflikti "zülmət səltənətində" hökm sürən mürtəce köhnəliklə hələ nisbətən zəif olan mütərəqqi yenilik arasındakı mübarizədən ibarətdir. Birincilərin nümayəndəsi mühafizəkar mülkədar olan Rüstəm bəy, ikincilərin nümayəndəsi isə demokratik ruhlu mülkədar ziyalısı Fəxrəddin bəydir.
Əsərin əsas mənfi qəhrəmanı olan Rüstəm bəy "zülmət səltənətində" hökm sürməkdə olan mürtəce qüvvələrin tipik nümayəndəsidir. O, "mənəm- mənəm" deyərək qoluzorluluq göstərən, özündən gücsüzlərə zülm edən, nahaq qanlar tökən, evlər yıxan bir mülkədardır, qan intiqamından doymayan yırtıcı bir canavardır. Rüstəm bəy yaşadığı ərazidə özündən böyük heç bir varlı şəxs görmək istəmir, ona salam verməyən, onu saymayan adamların kökünü kəsir, evlərinə od vurub yandırır, bəzilərini pul gücünə sürgün etdirir, əlaltıları vasitəsilə öldürtdürür. Rüstəm bəyin yırtıcı siması onun ilk monoloqundan aydın şəkildə görünür. Həmin monoloqdan aydın olur ki, Rüstəm bəy oğlu Rəşidin qətlinə görə Fəxrəddin bəyin atası Heydər bəyi öldürtdürmüş, anasını döydürmüş, bacısını zorla gətirib oğlu ilə evləndirib. Lakin bütün bunlarla onun ürəyi soyumamışdır və o, indi də Fəxrəddin bəyi öldürmək, bu ailəyə yenidən dağ çəkmək istəyir. Qan intiqamı hissi Rüstəm bəyin gözünü elə tutmuşdur ki, o, oğlu Mahmud bəyi də bu işə təhrik edir və onun ölümünə səbəb olur.[5]
"Müsibəti-Fəxrəddin" faciəsinin əsas müsbət qəhrəmanı Fəxrəddin bəydir. Fəxrəddin bəy mülkədar ailəsindən çıxmış gənc ziyalıdır. Xaricdə 5 il ali təhsil aldıqdan sonra böyük arzularla vətənə qayıdan bu humanist gənc "zülmət səltənətinə" düşmüşdür, Fəxrəddin elə bir yerə gəlib çıxmışdır ki, burada xalq öz başını güclə saxlayır, heç bir qayda-qanun yoxdur və qoluzorlular özbaşınalıq edir, heç nədən çəkinmirlər. Fəxrəddin bəy gəldiyi gündən düşdüyü qaranlıq mühitə, cəhalətə qarşı çıxır, "zülmət səltənətini" maarif ziyası ilə işıqlandırmağı arzulayır. O, köhnə adətləri dağıtmaq, qan davasına son qoyaraq Rüstəm bəylə barışmaq istəyir. İstəyir ki, əmin-amanlıq şəraitində özünün maarifçilik niyyətlərini həyata keçirsin. Fəxrəddin öz xərcinə bağ saldırır, məktəb və xəstəxana açır. O, öz arzularını belə ifadə edir: "…AIIah qoysa, bir üç-dörd ilin erzində bağ hazır olar və onun mədaxili məktəbxanaya kifayət eylər, məndən artıq xərc istəməz… Sonra Səadət xanım qolları çirməkli, dəstə açar belində gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy özü həm bağban, həm dirrikçi, həm də məktəbdə müəllim. Pis ömür deyil, hərgah qəza bivəfalıq etməsə…"[5]
Belə şirin arzularla yaşayan humanist gəncin ətrafında, özü hiss etmədən, qorxulu hadisələr dolaşır. Lakin yüksək vətənpərvərlik hissləri ilə yaşayan Fəxrəddin özünün maarifçilik ideyalarını həyata keçirmək uğrunda ölümdən də qorxmur. "Bu xaraba vilayətdən çıxıb getmək" barədə Səadət xanımın ona göndərdiyi təklifi qəbul etməyib. Hürü nənəyə deyir: "Mən buradan heç yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan uzaqlaşa bilmərəm".[4]
Fəxrəddin maarifçi surətdir. O, ətrafında baş verən hadisələrin, düşmən münasibətlərin və qisasçılığın başlıca səbəbini adamların savadsızlığında, maarifdən uzaq düşməsində görür və bunu aradan qaldırmağa çalışır. Lakin Fəxrəddin nə qədər ali hisslərlə yaşayıb xalqı irəliyə, inkişafa aparmaq istəsə də, özü "zülmət səltənətində" bir nur kimi parlayıb tez də sönür. Əsərin sonunda o məhz maarifsizliyin gülləsinə tuş gəlir, nadanlığın, qeyri-insani münasibətlərin qurbanı olur. Bu ölüm nə qədər kədərli olsa da, öz mahiyyətinə görə nikbin səciyyə daşıyır. Xüsusən Səadət xanımın onun cənazəsi üzərində dediyi sözlər oxucuda belə qənaət yaradır ki, Fəxrəddinin səpdiyi maarifçilik toxumları davam edəcək, onun arzuları həyata keçəcəkdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 К. Мамедов. Везиров, Наджафбек Фаталибек оглы // Краткая литературная энциклопедия . I. Советская энциклопедия. 1962. 885.
- ↑ Курбанов Ш. Этапы развития азербайджано-русских литературных связей в XIX в. Б.: Издательство Академии наук Азербайджанской ССР. 1964. 221.
- ↑ ru:Азиз Шариф. Рождение Молла Насреддина. Гянджлик. 1968. 269.
- ↑ 1 2 3 4 Касумзаде Ф. Наджаф-бек Везиров. Б.: Азербайджанское государственное издательство. 1958. 18.
- ↑ 1 2 "MÜSİBƏTİ-FƏXRƏDDİN (ixtisarla)". 2018-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-12.