Mulki Prosessual Huquq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir.
Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir ki, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb.
Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür.
Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir.
Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar:
- ümumi hissə;
- xüsusi hissə.
Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.
Mülki prosessual hüququn xüsusi hissəsində nəzərdə tutulmuş normalar prosesin müvafiq mərhələsini və mülki mühakimə icraatının növlərinə dair münasibətləri tənzimləyir.
Mülki prosessual hüququn mənbələri
redaktəMülki prosessual hüququn mənbələri dedikdə, mülki prosessual hüquq normalarını əks etdirən normativ hüquqi aktlar başa düşülür. Bu normativ hüquqi aktları iki qrupa bölmək olar:
- ümumi;
- xüsusi.
Mülki prosessual hüququn ümumi mənbələrinə ümumi, iqtisadi və münsiflər məhkəməsi tərəfindən hüquqi işlərə baxılması ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktlar aiddir.
Mülki prosessual hüququn xüsusi mənbələrinə isə mülki, iqtisadi və yaxud münsiflər məhkəməsinin mühakimə icraatını nizama salan normativ hüquqi aktlar aid edilir.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Bütün qanunlar və digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyası əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyanın 60, 61, 62, 66 və eləcə də VII fəsli və bir sıra digər normaları bilavasitə mülk prosessual hüququn ümumi mənbəyini təşkil edən konstitusion normalarıdır.
Mülki prosessual hüququn prinsipləri
redaktəMülki prosessual hüququn prinsiplərini müxtəlif əsaslara görə təsnifləşdirmək olar. Hüquqi nizamasalma obyektinə və təsir dairəsinə görə mülki prosessual hüququn prinsiplərini 4 qrupa bölmək olar:
- I qrup prinsiplər: – ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi; – hakimlərin müstəqilliyi; – hüquqi işlərin təkbaşına və kollegial baxılması; – məhkəmə baxışının aşkarlığı; – mühakimə icraatının dövlət dilində aparılması. Bu qrupa daxil olan prinsiplər təşkilati – funksional və ümumhüquqi xarakter daşıyır.
- II qrup prinsiplər: – məhkəmə həqiqəti; – qanunçuluq; – əsaslandırıcılıq. Bu prinsiplər isə funksional və sahələrarası prinsiplərin yaranmasını şərtləndirir.
- III qrup prinsiplər: – şifahilik; – bilavasitəlik; – fasiləsizlik; – prosessual qənaət. Bu qrupa daxil olan funksional sahəlararası prinsiplər mülki mühakimə icraatının xarici xüsusiyyətlərini ifadə edir.
- IV qrup prinsiplər: – dispozitivlik; – çəkişmə; – tərəflərin prosessual bərabərliyi prinsipi. Bu qrup prinsiplər mülki prosessual hüququn funksional sahəvi prinsiplərini yaradır.