Loyolali Iqnati - Wikipedia
İqnati Loyola — Yezuitlər ordeninin banisi
İqnati Loyola | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qipuskoa, İspaniya |
Vəfat tarixi | 31 iyul 1556[1][2][…] |
Təhsili | |
Fəaliyyəti | əsgər |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim".
Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır. Düşdüyü şərait onda mütaliyəyə güclü həvəs yaratmışdır. Lakin qəsrdə cəngavər romanları olmadığından, o, yalnız Həzrət İsanın (ə) və xristian müqəddəslərinin həyatından bəhs edən kitablar oxumaq məcburiyyətində qalmışdır. Məhz bu kitabların təsiri altında onun mənəvi dünyasında xeyli dəyişikliklər yaranmışdır. Loyola bunu belə təsvir edir: "Burada qəhrəmanlıq təsvir olunur və bu qəhrəmanlıq mənim rəşadətimdən daha üstündür. Görəsən, mən belə hərəkətlərə qadirəmmi?" Bu dövrdən etibarən o, həyatını dəyişdirmək qərarına gəlmişdir.
Bir ildən sonra o, ziyarət məqsədilə Qüdsə yola düşmüşdür. Lakin yolüstü Barselona yaxınlığındakı benediktçi rahiblərin monastrında qalmışdır. Buradakı həyat onun dünyagörüşünü dəyişdirmişdir və o, rahib olmuş, bütün paltarlarını dilənçilərə paylamışdır. Vaxtının xeyli hissəsini əvvəlki günahlarının bağışlanılması üçün tövbə etməklə keçirmişdir. Burada xəstələnmiş, dominikan monastrında müalicə almışdır. Məhz elə bu zamanlar, dərin mənəvi sarsıntılar keçirmişdir. Həmin sarsıntılar nəticəsində də Loyolanın dini görüşləri tam olaraq təşəkkül tapmışdır. O bu barədə belə xatırlayır: "Çay kənarı ilə gedərkən, dayanıb suya baxdım. Birdən bəsirət gözüm açılmağa başladı və mənə müxtəlif dini və dünyəvi məsələləri anlamaq gücü verildi. Əgər bu anda aldığım elmi və gücü, ömrüm boyu Allahdan aldığım yardımla müqayisə etsəm, üstünlüyün birincidə olacağına heç bir şübhəm yoxdur. Mənə elə gəldi ki, tamamilə başqa insana çevrilmişəm. Bütün bunlar üç dəqiqədən az davam etdi".
Nəhayət Qüdsə ziyarətdən sonra, İspaniyaya qayıtmaq məcburiyyətində qalmış və təhsil almaq qərarına gəlmişdir. Yaşının çox olmasına baxmayaraq, əvvəlcə məktəbdə, sonra isə universitetdə oxumuşdur. Bu dövrdə o, təhsildən əlavə, missionerlik fəaliyyəti ilə də məşğul olmuşdur. Məhz buna görə inkvizisiya tərəfindən problemlə üzləşmiş, nəticədə İspaniyanı tərk edərək, Parisə getmişdir. Burada altı il latın dili, fəlsəfə, qrammatika, həndəsə, astronomiya, riyaziyyat və ilahiyyat elmləri üzrə təhsil almış və doktor diplomuna yiyələnmiş, beləliklə, müəllimlik və elmi mübahisələrdə iştirak etmək hüququ qazanmışdır.
Parisdə təhsil alarkən, o gələcəkdə ona yardım edəcək şəxslərlə — Pyer Lefevr, Fransisk Ksavyer, Yakov Laynez, Salmeron, Bobadilya və Simon Rodrigeslə dostlaşmışdır. Onların hamısı Həzrət İsaya (ə) həsr olunmuş yeni qardaşlıq yaratmaq xəyalına şəxslər idi.
1534-cü ildə Parisin Monmartr məhəlləsinin Müqəddəs Dionisi kilsəsində onlar birlikdə zahidlik, bəkarət və Müqəddəs Torpaqlarda missionerlik andı içmişlər. Şərtə əsasən, dörd il sonra onlar Qüdsə gedə bilməsələr, onda Romaya qayıdıb, Papaya xidmət etməli idilər.
Loyola bundan sonra İspaniyaya qayıtmışdır. Daha sonra piyada İtaliyaya getmiş, orada digər həmkarları ilə bərabər, xəstəxanada təmənnasız işləmişlər. Bir müddət sonra isə hamısı keşişliyə qəbul olunmuşlar. Bu dövrdə Osmanlı dövləti ilə Venesiya arasında müharibə baş verdiyindən, onların Qüdsə getməkləri mümkünsüz olmuşdur. Loyola Papa III Pavellə şəxsi görüşə nail olmuş, onu qardaşlığa kömək etməsinə inandıra bilmişdir. Az sonra bu qardaşlıq yeni rahib ordeni yaratmaq qərarına gəlmişdir. Papa III Pavel həmin qardaşlıq cəmiyyətinin nizamnaməsini təsdiq etmiş, birbaşa və qarşılıqsız Papaya tabe olmaq bəndi salınmışdır. 1541-ci ildə İqnati Loyola yeni yaranmış yezuitlər ordeninin ilk generalı (başçısı) vəzifəsinə seçilmişdir.
Ordenin yaradılmasındakı əsas məqsədlərindən biri də o dövrdə Avropada geniş yayılmış bidətçi (protestant) cərəyanlarla mübarizə aparmaq olmuşdur. Həmçinin, onlar dünyanın bir sıra ərazilərində missioner fəaliyyəti göstərmişlər.
Bundan sonra o, ordenin təşkilati işlərilə məşğul olmuş, habelə öz xatirələrini yazmışdır. Loyola 1556-cı ildə Romada vəfat etmişdir. 1622-ci ildə isə o, yaxın dostu Fransisk Ksavyer ilə birlikdə "müqəddəs" adı almışdır.
İqnati Loyolanın dini görüşlərinə gəlincə, onun fikrincə, insan saflığa çatmaq üçün bir sıra mərhələlərdən keçməlidir. Bu mərhələlərin hər birini şərti olaraq, "həftə" adlandırmışdır. İlk həftədə insan günahlarını yadına salır. Onlardan uzaqlaşmağın yollarını aydınlaşdırır. Bundan sonra isə "təlim" adlanan ikinci həftə gəlir. Bu mərhələdə insan Həzrət İsanın (ə) həyatı haqqında düşüncələrə dalır, bu mövzuda dualar edir. Daha sonra Həzrət İsa (ə) ilə birlikdə özünü çarmıxa çəkilmiş və ölmüş hiss edir. Son mərhələdə isə onunla birlikdə dirilir və göyə yüksəlir. Sonda insan Allahda hər şeyi və hər şeydə də Allahı sevməyə başlayır.
Mənbə
redaktə- Vüqar Əliyev, "İqnati Loyola", "Cəmiyyət və Din" qəzeti, № 33 (033), 17 – 23 dekabr 2009
- ↑ BeWeB.
- ↑ Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.