Lion Usyani - Wikipedia
Lyon üsyanı (fr. Soulèvement de Lyon contre la Convention nationale) — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar.
İqtisadi böhranla üzləşən bir şəhər
redaktə1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, beləki əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi:
"Bu şəhərdə 20000 nəfərin ac yaşadıqlarına və sadəcə edilən xeyriyyə məqsədli köməklər nəticəsində sağ qaldıqlarına inanıram.[1] |
Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü. Bununla birliktə, seçkilər oktruanı dəstəkləyən yerli hökuməti dəstəklədi və bu da üsyanların başlamasına səbəb oldu. Vergi məsələsindəki qarşılıqlı anlaşılmazlığın davam etməsi problemi müşayiət edən yeni həyəcanlanmalara səbəb oldu, Lyonun ən varlı bir neçə insanının evlərinin axtarılması və ağır vergi şərtlərinin davam etməsi üsyanlara gətirib çıxartdı.[1]
Bu sosial münaqişələr Jak İmbert-Kolomenin rəhbərliyi altındakı keçmiş royalist elit təbəqəni siyasətçi Jan Mari Rolan rəhbərliyindəki yerli sənayeçiləri əhatə edən inqilabçı vətənpərvərlərlə üz-üzə qoydu. Sosial miqyasda dəyişiklik etmək üçün, kiçik miqyaslı iş yerləri ən az maaş alan işçilərinin həyat şəraitlərini çətinləşdirən vergilərə qarşı idilər və beləliklə işçilər özlərini onların mənafelərini qoruyan müdirlərinə daha yaxın hiss edirdilər.[1]
1790–1793-cü illər müxalifəti
redaktə1790-cı il sentyabr ayı ərəfəsində şəhərin işçi sinfi aktivistləri "Konstitusiyanın dostları birliyi" adlanan 32 təşkilat yaratdılar. Onlar "İnqilab dostlarının birliyi" kimi burjua inqilabçı birliklərinə qarşı idilər. "İnqilab dostlarının birliyi"nin üzvləri "aktiv vətəndaşlar", "Konstitusiyanın dostları birliyi"nin üzvləri isə "Konstitusiyanın dostları" adlanırdı və Yakobin klubları ilə əlaqəli idilər. Bu dövrdə "Mərkəzi Klub" adlanan bir komitə yaradılmışdı hansı ki, bütün siyasi kəsimlərdən olan şəxslər buradan toplantı nöqtəsi kimi istifadə edirdilər. "Mərkəz Klubu" əvvəllər jirondistlər tərəfindən idarə edilirdi, lakin sonralar klubun idarəsi montanyarlara keçdi.[2]
Rona və Luara bölgəsinin rəhbərliyi konstitusiyalı kral tərəfdarlarının hakimiyyəti altında idi. Jirondist Vitet Lyon şəhərinin bələdiyyə rəhbəri seçildi. Montanyarların rəhbərlik etdiyi "Mərkəzi Klub" yerli hökumət tərəfindən atılan addımlara ciddi şəkildə qarşı çıxdı.[3]
1792-ci ilin yazında "İnqilabçı könüllülər birliyi" Marseldən Parisə getdilər və bu da Lyondakı ruh halını daha da radikallaşdırdı. Yerli istehsalçı olan Rolandın Parisdə Daxili İşlər Naziri kimi fəaliyyət göstərdiyi dövrdə səkkiz zabit və dörd rahib öldürülür.[3]
1792-ci ildə Vitet Milli Konventə seçilir və onun yerinə Lyon bələdiyyəsinə Nivier - Şol göndərilir. İqtisadi durğunluqla qarşı-qarşıya qalan məclis xalqdan hər kəsin öz sərvətinə uyğun şəkildə ümumi olaraq 3 milyon frank şəklində kredit istədi. Bu burjuaziyanı qəzəbləndirsədə kral tərəfdarları buna razı oldular.[3]
Şalierin "Mərkəzi klubu" 1793-cü ilin fevralında İnqilab Məhkəməsinin yaradılmasına çağırışlara başladı. Bələdiyyə başçısı bu fikri dəstəkləmədi və ordunu səfərbər etdi və beləliklə məşhur bir üsyanın yaranmasına səbəb oldu.[3] Daha çox zaman keçdikcə üst və alt sinif arasında düşmənçilik daha da artdı. Bundan sonra Şalier fanatik olaraq tanınmağa və yuxarı siniflərə qarşı çox radikal siyasətə malik olmağa başladı. Onun ən məşhur ifadəsi "aristokrat, mülayim və kral tərəfdarı ifadələrinin işlənildiyi hər şeyi dağıda bilərəm"dir.[4] Jozef Şalierin həddən artıq radikalizmi və Lyon şəhərinin qarışıq siyasi vəziyyəti yakobinlərin burada gücə malik olmasına mane olurdu. Böhrandan qurtulmaq üçün bələdiyyə başçısı Şol istefa etti və yenidən seçildi. Bundan əlavə Şalierin müttəfiqləri və ona qarşı olanlar "Mərkəz klubu"na müxalif olan "Xalqlar Birliyi"ni yaratdılar. Bələdiyyə başçısı Şol yenidən istefa etdi və onun yerinə seçkilərdə Şalierin müttəfiqi olan Antuan Mari-Bertranda qalib gələn Emmanuel Jiliber seçildi. Lakin Dumurenin xəyanəti barədə xəbərlər yayıldıqdan sonra Jiliber vəzifəsini davam etdirə bilmədi və onun yerinə 1793-cü il 9 martda Bertrand seçildi. Bu şəhər zalının Çarlinin fraksiyası tərəfindən idarə edildiyi 80 günlük müddəti başlatdı. 1793-cü il martın 14-də bələdiyyəyə aid çörəkçinin yaradılması radikal tədbirlərinin genişlənməsinə şərait yaratdı. Burada satılan mallara vergi qoyuldu və işçi kimi könüllü əməyindən istifadə edilməyə başlanıldı. 1793-cü il 8 apreldə 7 nəfərdən ibarət Lion İctimai Təhlükəsizlik Komitəsi yaradıldı. İnqilabi yolda irəliləməyə davam etmək istəyən "Mərkəzi Klub" may 4-də gilyotinin qalıcı olması və "İnqilabi Məhkəmənin" yaradılması barədə yenidən təklif verdi. Onlar həmçinin sabitliyi qorumaq üçün yaradılmış Milli Qvardiyanın yerinə İnqilabi Müşahidə Komitəsi və İnqilabi Ordu Komitəsinin yaradılması ilə bağlı çağırış etdilər və zənginlərdən məcburi pul toplamağa başladılar. Bir neçə gün sonra 1793-cü il 14 mayda bələdiyyə məclisi zənginlərdən yığılacaq pullar vasitəsilə İnqilabi Ordunun və 6 milyon franklıq fondun yaradılması ilə bağlı səs vermə keçirtdi.[5]
Həm də şöbə, rayon və kommuna üzvlərinin yığıncaqlara qatılmaları ilə bağlı hər gün iclas keçirirdilər. Bu son tədbir bir qarşı hücuma səbəb oldu. Nəticədə bu görüşlərdə iştirak edən əksəriyyət 14 may bələdiyyə qanununa qarşı çıxdı. Bu vaxt Parisdə jirondist Şasset, inqilabi hökuməti bölgələrdə yaradılan qeyri-adi məhkəmələrdən qaynaqlanan qanunların ləğv edilməsinə razı sala bildi. Lyonda yaşanan hadisələr Albitt, Dubua Kranse, Qotie və Nioşe kimi dörd millət vəkilini bura göndərən milli hökuməti çox həyəcanlandırırdı. Beləliklə onların bütün şübhələri öz təsdiqini tapdı və 14 may qanunu səs vermə nəticəsində qüvvədən endirildi.[6]
Şalierin məğlubiyyəti
redaktəMayın 29-da Arsenal binasında toplaşan fərqli qruplar ordu tərəfindən zəif mühafizə olunan radikal bələdiyyə idarəçiliyini dəyişmək qərarına gəldilər. Milli hökumətin iki nümayəndələri Qotie və Nioşe gəldilər və mühafizə edildilər. Gecə boyunca Şalierin partizanları həbs edildi və onun yerinə rəhbərliyə müvəqqəti olaraq Benami adlı biri gətirildi. Ertəsi gün Koindr adında bir adam bələdiyyə başçısı oldu və hakim Amper Jozef Şalier və onun yoldaşlarının mühakimə olunmasına dair təlimat aldı.[6]
Bu vaxt paytaxtda hadisələr sürətlə irəliləyirdi. 1793-cü il 31 may — 2 iyun hadisələri Parisdəki ekstremistlərin təzyiqi ilə jirondistlərin hökumətdən çıxarılmaları ilə nəticələndi. Yeni ekstremist milli hökumət Liondakı hadisələri mərkəzi hökuməti təhdid edən daha geniş yayılmış jirondist üsyanının bir hissəsi kimi gördü. 1793-cü ildə Lion bələdiyyə rəhbərlərinin Fransanın cənubundakı Marsel, Bordo və Nim kimi "üsyankar şəhərlər"lə əlaqə qurmaları bu narahatlıqlara əsaslı səbəb oldu. Lion nümayəndələri Milli Konventin Parisdə baş tutacaq iclasına alternativ olaraq potensial bölücü bələdiyyələri və bölgə rəhbərlərini Burjda toplantı keçirməyə razı saldı. Bələdiyyə Presi qrafının rəhbərliyi altındakı kral tərəfdarlarından, Klermon-Tonner qrafı olan Stanislas rəhbərliyindəki aristokratlardan, Virieu qrafı və de Melon rəhbərliyindəki əskərlərdən formalaşan on minlik bir orduya sahib oldu.[6]
Milli Konvent Lion rəhbərliyi ilə razılığa gəlmək üçün Robert Lindeti göndərdi, lakin o Arsenal binasında Lion rəhbərliyinin razılığa gəlməyəcəyini anladı. 1793-cü il 30 iyunda yaxın bölgələrdən göndərilən nümayəndələr "Rona və Luara bölgəsinin ictimai təhlükəsizliyini təmin etmək üçün Respublika Xalq Komissiyası"nı yaratdılar. Milli Konvent 1793-cü ilin 12 – 14 iyulunda onun qəbul etdiyi qanunlara qarşı olan Lion hökuməti barədə bir sıra qərarlar qəbul etdi. Birottonu qanundan kənar elan etdilər, Lion rəhbərliyini vəzifələrindən kənarlaşdırdılar, əmlaklarını müsadirə etdilər və İnqilabi Alp ordusuna Lionda respublika qanunlarını bərqərar etməyi tapşırdılar.
1793-cü il iyulun 16-da Şalier haqqında ölüm hökmü verildi. Ertəsi gün o gilyotin vasitəsilə edam edildi, bundan sonra 1793-cü ilin mayında Kommuna qoşunlarına rəhbərlik edən Ryard Şalierin Higgins adlı partizanı tərəfindən həbsxanada öldürüldü və yerli montanyar liderlərindən biri küçədə sui-qəsd vasitəsilə öldürüldü. Eyni zamanda şəhər rəhbərliyi içərisində orta respublikaçılar getdikcə royalistlər (kral tərəfdarları) tərəfindən əvəzləndilər.[6]
Lionun mühasirəsi
redaktəKellerman rəhbərliyindəki Alp ordusu Lion rəhbərliyinin yenidən qurulması ilə bağlı əmr aldığı vaxtda Savoyada Pyemontlara qarşı mübarizə aparırdı, lakin yeni vəzifəsini yerinə yetirməsi sadəcə bir aydan 1793-cü ilin avqustun 10-dan sonra başladı. İki gün sonra üsyançı dəstələr iki hissəyə ayrıldılar: bunlardan biri çayın qərbində yerləşən və mərkəzi Feurs olan Luar dəstəsi, ikincisi isə şərqdə yeləşən Rona dəstəsi idi. Bir həftə sonra 21 avqustda Paris hökuməti İctimai Təhlükəsizlik Komitəsinin üzvü və Robespyerin yaxın dostu olan Corc Kutonun rəhbərliyi altında xüsusi bir dəstəni Liona göndərdi. Ertəsi gün inqilabi ordu bombardmana başladı. Sentyabrda Lion mühasirəyə alındı və 1793-cü ilin 29 sentyabrında şəhərin cənub-qərb tərəfində Sainte-Foy qalası məhv edildi.[6]
Oktyabrın 3-də Kuton Lion əhalisini təslim olmağa çağırdı və oktyabrın 7-ə qədər atəşkəs imzalandı. Şəhəri idarə edən insanlar müəyyən danışıqlar nəticəsində, Presi müxalifətinin fikirlərinə önəm verməyərək hökumətlə razılığa gəldilər. Eyni zamanda, müdafiə olunanların Saint-İrene və Saint-Just qalaları məğlub edildi.[6]
Ertəsi gün səhər saatlarında Presi Lyonun şimal-qərbindəki Vaise adlı bölgədən qaçdı və İsveçrəyə sığındı. Şəhərin mülki rəhbərləri günorta saatlarında hökumət nümayəndələrinə təslim oldular.[6]
11 oktyabrda hökumət nümayəndələri şəhər divarlarının məhv edilməsi barədə qərar qəbul etdilər. Hökumətin idarə heyətində yer alan Barer Lion şəhərinin adının dəyişdirilib Ville-Affranchie (Azad edilmiş şəhər) qoyulması və şəhərin keçmiş strukturunun ləğv edilməsi barədə qərar ilə çıxış etdi. Zənginlərin bütün mülkləri dağıdılacaqdı, sadəcə olaraq yoxsulların evlərinə, sürgünə göndərilmiş vətənpərvərlərin evlərinə, sənaye müəssisələrinə və abidələrə toxunulmayacaqdı. Lionun qalıqları üzərində şəhərdəki etdiyi günahları və royalistlər tərəfindən verilən cəzaları özündə əks etdirən bir sütun asılacaqdı və burada: "Lion azadlığa qarşı müharibə apardı, Lion artıq yoxdur!" yazılacaqdı. Dağıdılması nəzərdə tutulan 600 evdən sadəcə 50-si həqiqətən məhv edilmişdi.[6]
Repressiya
redaktəHökumət nümayəndələri sürətli şəkildə hərəkət edərək, 9 oktyabrda silahlı əhalinin mühakimə edilməsi üçü "Hərbi Komissiya" və digər əhalinin mühakimə edilməsi üçün "Xalqların Ədalət Komissiyası"nı yaratdılar. Üç gün sonra Milli Konvent "cinayətkar əks-inqilabçılar"a sürətli hərbi cəza verməsi üçün 5 nəfərdən ibarət "Fövqəladə Komissiya" yaradılması barədə qərar qəbul edir.[7]
Hərbi Komissiya 11 oktyabrda fəaliyyətə başladı və üsyançıların rəhbəri Presiyə xidmət edən 106 nəfərin edam edilməsi ilə bağlı qərar qəbul etdi. "Xalqların Ədalət Liqası" nisbətən yavaş fəaliyyət göstərərək, fəaliyyətinə 21 oktyabrda başladı və may ayında aralarında Şalierin yerinə gələn Benami, Koindr və hakim Amperin də yer aldıqları 79 nəfərin gilyotin vasitəsilə edamı barəsində qərar verdi. Hər iki komissiya da dekabrın 9-da ortadan qaldırıldı və mərkəzləşdirilmiş cəzalandırma tədbirləri "Fövqəladə Komissiya"ya tapşırıldı.
Fövqəladə Komissiya 1793-cü ilin 30 noyabrından 1794-cü ilin 6 aprelinə qədər fəaliyyət göstərdi. Bu komissiyaya General Paren rəhbərlik edirdi və əvvəlki komissiyaların həyata keçirdiyi kimi həm kütləvi güllələnmə, həm də gilyotin vasitəsilə edam üsullarından istifadə edirdi. Dekabrın 4-də 60 nəfər, növbəti günlərdə isə 208 və ya 209 nəfər top atəşi vasitəsilə edam edilir. Komissiya tərəfindən həyata keçirilən cinayətlər La-Part Dieu taxıl anbarı yaxınlığındakı Brotto adlanan yerdə baş vermişdir. Lakin, 17 dekabr 1793-cü ildə bu edam metodunun istifadə edilməsi dayandırıldı.[7]
Bu qətliamlardan həm Komissiya rəhbəri Paren, həm də Milli Konvent tərəfindən göndərilən hökumət nümayəndələri olan Jozef Fuşe və Jan Mari Kollot-Derbua cavabdeh bilindilər. Komissiyanın qurbanları şəhərin ali təbəqəsindən idilər. Bunlara keçmiş rəhbər Debrost, İnqilabi Qurucu Məclisin keçmiş üzvü Merle, memar Morand, Şalieri edam edən cəllad, Kanon Roland, Hotel — Dieunun baş cərrahı Pier Buşe, jirondistlər, rahiblər və digər dini qrupların nümayəndələri, tacirlər, istehsalçılar və aristokratlar da daxil idi.[8] Bu siyahıda həmçinin Liona Feurs, Monbrizon, Sent-Etyen və digər qonşu olan bölgələrdən Luar, Ain, Saon və Luar, İzer və Alye şəhərlərindən göndərilən şəxslər də daxildir. Edamların bu şəkildə gerçəkləşdirilməsi hadisələrin obyektiv qiymətləndirilməsində çətinlik yaradır.[9] Komissiyanın 1794-cü il 6 aprildə etdiyi çıxışa əsasən 1684 ölüm əmri və 162 həbs edilmə əmri verilmişdir, lakin bunlardan 1682 nəfərin bəraət qazandığını bildirmişdir.[10]
Nəticə
redaktəÜsyanın nəticələri üç formada üzə çıxdı: ipək ticarəti çox zəiflədi, əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşdü və Lion əhalisi ilə Milli Konvent arasında olan münasibətlər pisləşdi.
Ən çox diqqəti çəkən ipək ticarətinin zəifləməsi idi. Üsyandan öncə Lion Fransanın ən böyük sənaye inqilab şəhərlərindən biri idi. Üsyandan sonra Lion aparıcı sənaye şəhərlərindən biri olaraq qalsa da, şəhərin ipək sənayesi çox böyük zərər görmüşdü, beləki yerli müsəssisələr yenidən inşa edilməli idi. İpək sənayesindəki bu zəiflik normal sənaye qurulmazdan öncə illərlə davam etmişdi. Üsyandan sonra yaranan problemlərdən biri də əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi oldu.[11] İpək sənayesində əmək qabiliyyətinin aşağı düşməsi də yaşayış səviyyəsinin aşağı düşməsində rol oynadı. Baş verən sənayeləşmə ilə artıq hər kəs ipək sənayesində fəaliyyət göstərə biləcək hala gəlmişdi. Bəzi yerlərdə əmək haqqının azalması ictimai ədalətsizlik kimi qəbul edilirdi. Lionda ipək sənayesi yenidən qurulduğunda, mərkəzləşdirilmiş sənaye istehsalına və ənənəvi sənətkarlıq sisteminə daha az diqqət verilmişdi.[11]
Nəhayət üsyan ipək sənayesinin zəifləməsi ilə yanaşı Lion xalqı və Parisin radikal hökuməti arasında qalıcı bir fəsad yaratmışdı.[12] Parisə qarşı olan bu hiddət və nifrət Lionda üsyanın yatırılması zamanı istifadə edilən həddən artıq vasitələrdən qaynaqlanırdı. Lionda başqa heç bir üsyan cəhdi olmadığı halda Paris hökumətində Lion xalqına qarşı, xüsusilə də üsyançıların ailələrinə qarşı bir inamsızlıq var idi.[13] Hələ üsyandanöncə Lion əhalisində formalaşan anti-Paris düşüncəsi üsyanın belə qəddarlıqla yatırılmasından sonra daha da böyüdü və beləliklə Lion əhalisi Paris hökumətini radikal hökumət kimi qəbul etməyə başladı. Lion əhalisinin az bir hissəsi üsyandan sonra şəhərdən uzaqlaşır və onlar da buna səbəb kimi şəhərin dağıntılara məruz qalmasını göstərirlər.[14] Liondan uzaqlaşanlar Marsel və Parisdəndə uzaqlara gedirdilər.[14]
İnqilabi müdaxilə yeni respublika və onun siyasətinə olan inamı artırmağın bir yolu olaraq düşünülsə də, üsyanın şiddətlə yatırılması vastisəsilə sadəcə müəyyən qütbləşmiş çevrələr yarada bildi. Üsyanın yatırılması müxalif düşüncələrə son vermədi, əksinə bu düşüncələri gücləndirdi və respublika əleyhinə olan insanların sayını artırdı. 1794-cü ilin dekabrında Lionda təxminən 2000 nəfər edam edilmişdi.[13] Lion rəhbərliyi siyasi cəhətdən Parislə barışmaq üçün onlara xalq tərəfindən seçilən nümayəndələr vasitəsilə bir təklif göndərmişdilər. Bununla bərabər Jan Mari Kollot bu barışığa mane olmaq üçün Parisə getdi, lakin təklif İctima Təhlükəsizlik Komitəsinə bildirildikdə, Kollot və digər komitə üzvləri bu təklifə qarşı heç bir fəaliyyət göstərmədilər.[13]
Xatirə
redaktəParenin qurbanlarının bir siyahısını Komissiya kütləvi qətllərin həyata keçirildiyi Penitansın Kartusial məbədində saxlayır. Bu siyahı komissiyanın şəxsi siyahısı hesabına yaradılıb. 1793-cü ilin dekabrın 3-də edam edilən 209 lionlunun sümükləri Burbon restavrasiyasından sonra da elə edam edildiklər Brottodakı məbəddə saxlanılmışdır. 1989-cu ildə Fransada Böyük Fransa İnqilabının 200 illik xatirəsini qeyd edərkən Lion 89 və Lion 93 adlanan iki qrup insan Lion üsyanının yatırılması zamanı həlak olan insanları yad etdilər.[15]
Lion müsadirəsi bir neçə mahnının mövzusu olmuşdur.
Əsas mənbə
redaktə- Albert Soboul, Dictionnaire historique de la Révolution française, Quadrige/PUF, 1989, p. 688–696, entrée " Lyon " de Jean-René Suratteau
- Edmonds, W. D. Jacobinism and the Revolt of Lyon, 1789–1793. Oxford: Clarendon, 1990. Print.
- Kafker et al. The French Revolution: Conflicting Interpretations. Malabar, Florida: Krieger Publishing Company, 2002. Print.
- Palmer, R. R. Twelve Who Ruled: The Year of the Terror in the French Revolution. New Jersey: Princeton UP, 2005. Print.
İstinadlar
redaktə- ↑ 1 2 3 Jean-René Suratteau, « Lyon », in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 689.
- ↑ Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 689–690.
- ↑ 1 2 3 4 Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 690.
- ↑ Baron Thugut and Austria's Response to the French Revolution"FRUSTRATIONS, 1795". 1987
- ↑ Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 690–691.
- ↑ 1 2 3 4 5 6 7 8 Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 691.
- ↑ 1 2 Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française,2005, s. 693.
- ↑ Louis-Auguste Rougier (1839). Eloge historique de Claude-Antoine Bouchet, ancien chirurgien-major de l'Hôtel-Dieu de Lyon: lu à la Société de médecine de Lyon, le 30 décembre 1839, par… Rougier Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. Impr. Louis Perrin. Retrieved 22 April 2013.
- ↑ The date is sometimes shown according to the revolutionary calendar, as 17 Germinal
- ↑ Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 693–694.
- ↑ 1 2 William Sewell. Work and revolution in France: The language of labor from the Old Regime to 1848, 1980, s.156–161.
- ↑ Thomas Chantal and David F. Bell. Terror in Lyon, 1998.
- ↑ 1 2 3 Robert Palmer. "Chapter VII Doom at Lyons." Twelve Who Ruled: The Year of the Terror in the French Revolution, 2005, s. 153–176.
- ↑ 1 2 Richard Cobb. Reactions to the French Revolution, 1972. s. 52.
- ↑ Bruno Benoit, L'identité politique de Lyon, entre violences collectives et mémoire des élites (1786–1905), Paris, L'Harmattan, 1999, 239 pages, introduction de Maurice Garden, s. 14