Lekit Mebedi - Wikipedia
Dairəvi məbəd — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi.
Ləkit məbədi | |
---|---|
41°28′42″ şm. e. 46°50′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Ləkit |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | VII əsr |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
İstinad nöm. | 8 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.[1] Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir.
Məbədin tikilmə tarixi haqqında müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə[2] aid edir. K. M. Məmmədzadə isə Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edilməsini qeyd edir.[3] Bu kilsə haqqında aparılmış araşdırmaları analiz edib, onun Cənubi Qafqaz ölkələrinin memarlığındaki yerini müəyyən etməyə çalışan A.Y. Kazaryan isə məsələyə daha detallı yanaşdığı üçün məbədin nəticə olaraq VII əsrin 70-80-ci illərində inşa edildiyini [4]açıqlayır ki, məntiqlə ən doğru tarixləndirilmə də budur.
V–VII əsrlər Albaniya ilə Ermənistan arasında sıx dostluq münasibətləri olan bir dövrdür. Moisey Kalankatlının "Alban tarixi"nə əsasən, bu ərəfədə alban çarı Cavanşirin (637-680) Ermənistana 2 tarixi səfəri baş tutmuşdur. Bunlardan ilki 652-ci ildə onun Dəbil şəhərinə gedən zaman Vağarşapatda (Üçkilsə) Bizans imperatoru II Konstant ilə görüşü, ikincisi isə onun Bağdadda Ərəb xəlifəsi ilə danışıqlardan sonra, Erməni katolikosu İnşaatçı Nersesin dəvəti ilə yenə Üçiklsədə tikilmiş Maarifçi Qriqorun martiriumu hesab edilən Zvartnots (Göy Mələkləri) kafedralının təqdis olunma mərasimində iştirakı üçün idi. Məhz bu mərasimdə Zvartnotsun təmtəraqından ilhamlanan Cavanşirin, "imperatorun paytaxtda buna bənzər kilsənin inşası üçün inşaatçılarının ardınca gəlməsini əmr etdiyi"[5] kimi, öz dövlətində də buna bənzər bir məbədin inşası üçün Nersesdən bir neçə usta istədiyi mümkünsüz bir ehtimal deyil[6]. Bu səfər ərəfəsində Cavanşir, kürəkəni, erməni işxanı Qriqor Mamikonyan və onun həyat yoldaşı, erməni knyaginyası (və əslən alban şahzadəsi) Yelena Mehrani tərəfindən özlərinin təzəcə tikilmiş Aruç sarayında qəbul edilmişdi[5]. Məlumdur ki, bütün ermənilərin vəftizçisi, Müqəddəs Maarifçi Qriqorun qalıqları Zvartnots kafedralında məhz Qriqor Mamikonyanın təşəbbüsü ilə yerləşdirilmişdi. Bu səbəblə, Ermənistanla yanaşı, Albaniyaya da xristianlığı gətirdiyi üçün albanlar tərəfindən dərin hörmət və ehtiramla anılan bu müqəddəsin qalıqlarından bir hissə almaq üçün Cavanşirin varisi, onun qardaşı oğlu Varaz Trdat Qarabağ yepiskopu İsraili Qriqor Mmaikonyana göndərtmişdir. Erməni işxanı bu istəyi qəbul etməsə də, məsələyə zövcəsi Yelenanın müdaxiləsi nəticəsində Müqəddəs Qriqorun çənə sümüyünün bir parçası Albaniyaya göndərilmiş və onun adına ucaldılan kafedralda yerləşdirilmişdir.
Beləliklə, Maarifçi Qriqor adına Ləkit kafedralının inşası üçün əmri Cavanşir versə də, məbədin tikintisi alban knyazı Varaz Trdatın dövründə, birbaşa Alban katolikosu Yeliazarın iştirakı ilə həyata keçirilmişdir. Tikinti yeri olaraq Ləkit kəndinin seçilməsi o dövrdə katolikosluq kürsüsündə əyləşən Yeliazarın vəzifəyə təyin olunmadan əvvəl Şəki yepiskopu olmağı və Ləkitin həmin yepiskopluğun hüdudları daxilində yerləşməsi ilə əsaslandırılır[7][5].
Memarlıq xüsusiyyətləri
redaktəTəsvir
redaktəLəkit məbədinin gürcü Bana və erməni Zvartnots dairəvi məbədləri ilə eyni dönəmdə inşa olunmasına baxmayaraq, Qafqaz Albaniyasında ondan əvvəl də artıq dairəvi məbədlərin inşa ənənəsi var idi. Həmin dövrd inşa edilmiş dairəvi kilsələrdən ikisi – Kilsədağ və Mamrux kilsələri xaraba formasında dövrümüzə çatmışdır. Bunlar 10.40 və 10.70 m daxili diametrə malik məbədlər idi. Lakin, xristianlığın geniş yayılması daha böyük məbədlərin inşasını tələb edirdi. Çoxsaylı dini abidələrlə zənginliyinə görə Qafqaz Albaniyasının şimal-qərb hissəsində xüsusi əhəmiyyətli ərazi olması güman olunan Ləkitdə kilsə inşa edən memarın qarşısında da belə bir tələb qoyulmuşdu.[8]
Ərazinin seysmik aktivliyə malik olması tikilinin günbəzinin diametrinin genişləndirilməsi imkanını məhdudlaşdırmaqla, daxili həcmin genişləndirilməsi imkanlarını daha da çətinləşdirirdi. Buna görə də daxili strukturun xaçvari həlli, məbədin konstruktiv və kompozisiya quruluşuna daha uyğun gəlirdi. Tağvari örtüyün tətbiq edilməsi ilə məbədin mərkəz hissəsində daha əlverişli konstruktiv imkan yaradılmış və bu da lazımi ölçüdə günbəzin inşa edilməsində böyük rol oynamışdır. Bununla yanaşı, xaçvari quruluşun xristianlıq üçün ideya-məna və simvolik əhəmiyyətini də nəzərə almaq lazımdır.[8]
Ləkit dairəvi məbədi Qax rayonunun Ləkit kəndinin cənubunda, fındıq ağacları ilə zəngin yüksəkliyin kənarında yerləşir. Xarabalıqlar, bir zamanlar əzəməti ilə diqqət çəkmiş məbədin plan quruluşunu dəqiq müəyyənləşdirməyə imkan versə də, onun yuxarı mərtəbələrinin quruluşunu haqqında bu və ya digər dərəcədə əsaslandırılmış nəzəriyyələr mövcuddur. Digər dairəvi alban məbədləri kimi, Ləkit kilsəsi də xaricdən dairəvi formaya malik divarlara malikdir. Lakin, sələflərindən fərqli olaraq, onun diametri daha böyük olmaqla 18.8 metrə bərabərdir.[9]
Struktur quruluşu
redaktəMəbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. 1.4 metr enə malik divarlar daxildən bir-birindən 3 metr məsafədə yerləşdirilmiş 20 yarımdairəvi sütun vasitəsiylə dəstəklənir. Kilsənin şərq tərəfində iki kiçik yan otağı yerləşir. Digər dairəvi alban kilsələrində olduğu kimi, Ləkit kilsəsində də yan otaqlar kilsənin əsas binasına kənardan birləşən strukturlar kimi inşa edilmişdir. Kilsədağ və Mamrux kilsələrində kiçik yan otaqlar məbədin əsas binasının formasını təkrarlasalar da, Ləkit kilsəsində onlar daha yetkin forma alaraq, müstəqil apsidaya malik tikililər şəklində inşa edilmişdir. Həmçinin onların binanın ümumi konstruksiyasında oynadıqları rol da dəyişmişdir.[9]
Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Ümumilikdə həcmlərin ətrafında qruplaşan bütün kompozisiya mili, Mamrux məbədində olduğu kimi, planda daxilləri kəsilmiş dördkünc formaya malik olan və yarımdairəvi profillərlə tərtib edilən dörd ədəd pilonun köməyi ilə yaradılmışdır. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. Digər Cənubi Qafqaz və Bizans dairəvi tetrakoxlarından fərqli olaraq Ləkit kilsəsində eksedraların cüt olmayan stun sayı da diqqət cəlb edir. Bununla yanaşı orta sütun düz əsas giriş qapısının qarşısında yerləşməklə qapı qədər enə malikdir.[9] D.D.Axundov məbədin bu xüsusiyyətini mərkəzi ibadətgah hissəsinin xaricdən görünməməli olmasına əsaslanan qədim politeist ənənəsi ilə izah edir.[10] G.Məmmədova isə qeyd edir ki, ola bilsin ki, binada cüt olmayan sütun sayı tələb edən konstruktiv tələblər də olmuşdur.[9]
Tetrakonxun dairəvi məbəd kompozisiyasına uyğunlaşdırılması dairəvi məbədlər üçün yeni bir problem – qeyri-ənənəvi genişlik əldə etmiş dolama hissənin dam örtüyünün həll edilməsi – yaratmışdır. Bu problemin həll edilməsi üçün hər pilonun raxasında bir sütun yerləşdirilmişdir. Ekserin sütunları ilə birlikdə onlar səxxizbucaqlı fiqur formalaşdırırdılar ki, bu fiqur üzərində də dolama hissənin çatmatağ tavanı dayanırdı.[9]
-
Ləkit dairəvi kilsəsinin dövrümüzə çatmış hissəsi xarici divarları
-
Ləkit dairəvi kilsəsinin şərq qapısının daxildən görünüşü
-
Ləkit dairəvi kilsəsinin daxili sütunlarından birinin dövrümüzə çatmış hissəsi
-
Ləkit dairəvi kilsəsinin yaxşı yonulmuş daşdan hazırlanmış qapı çərçivəsinin qalığı
-
Ləkit dairəvi kilsəsinin qərb yan otağının qalıqları
İstinadlar
redaktə- ↑ Гияси, Д.А. Архитектура Азербайджана. Эпоха Низами. Москва - Баку: Государственное архитектурное издательство Академии архитектуры СССР. 1947. (#accessdate_missing_url)
- ↑ Барановский, П. Памятники в селениях Кум и Лекит. М – Б: ААЭН. 1947. səh. 33.
- ↑ Məmmədzadə, K. M. Azərbaycanda inşaat sənəti. Bakı: Elm. 1978. səh. 31.
- ↑ Ələkbər K. Ələkbərov, Murtuzəli S. Hacıyev. А.Ю.Казарян - "Албанская церковь в Леките и ее место в архитектуре стран Закавказья" (Религия и культура) // Albania Caucasica (məqalələr toplusu) (PDF) (rus) (1). Moskva: Институт востоковедения РАН. 2015. 238–251. ISBN ISBN 978-5-89282-642-6. 2020-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-22.
- ↑ 1 2 3 "Мовсес Каланкатуаци (Мовсес Каганкатваци), "ИСТОРИЯ СТРАНЫ АЛУАНК". В 3-х книгах. Перевод с древнеармянского Ш.В.Смбатяна - КНИГА ВТОРАЯ". www.vehi.net. İstifadə tarixi: 2024-12-10.
- ↑ Токарский, Николай Михайлович. Архитектура Армении IV—XIV вв (rus). Ереван: Армгосиздат. 1961. 140–141. ISBN ISBN 978-5-02-037563-5.
- ↑ Степан Хачатурович, Мнацаканян. Звартноц: памятник армянского зодчества VII века (PDF) (rus). Москва: Искусство. 1971. 62–65.
- ↑ 1 2 Мамедова, 2004. səh. 70
- ↑ 1 2 3 4 5 Мамедова, 2004. səh. 71
- ↑ Ахундов, Д.А. Пути развития круглых храмов Азербайджана. Баку: Уч. зап. АИСИ, сер. 10, №1. 1976. səh. 12.
Ədəbiyyat
redaktə- Караахмедова, А.А., Христианские памятники Кавказской Албании (Алазаньская долина), ИАН АзССР, серия истории, философии и права, 1975
- Караахмедова, А.А., О некоторых памятниках митраизма на территории Кавказской Албании, 1986
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985